Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-137/2024 28.06.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil vasitəsi ilə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, 22 iyun 2010-cu ildə doğulmuş X6 və 06 noyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh 09 iyun 2009-cu il tarixində ailə həyatı qurublar, onların birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 dünyaya gəlibdir. Hüquqlarını müdafiə etdiyi İddiaçı bildirdiklərinə əsasən Cavabdeh evə və uşaqlara baxmayaraq laqeyidlik etdiyini, uşaqların və evin bütün xərci Xəyalənin üzərində olduğunu bu səbəbdən uşaqların saxlanılmasında maddi olaraq sıxıntısı olduğunu bildiribdir. Cavabdeh hərbi qulluqçudur, qanunvericiliyin tələbinə əsasən uşaqların saxlanılmasında valideyinlərin hüquq və vəzifələri eynidir. Lakin cavabdeh bu hüquqdan kənarda qalıbdır. Hal-hazırda Cavabdeh N nömrəli hərbi hissədə hərbi qulluqçudur. Bu səbəbdəndə alimenti cavabdehin aldığı əmək haqqına münasibətdə tutulmasını istəyir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı və Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən təmsil edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında iddiaçı ilə cavabdehin 09 iyun 2009-cu ildə ailə həyatı qurduqlarını, onların birgə nikahlarından iki övladlarının dünyaya gəldiyini, cavabdehin iddiaçıdan ayrı başqa yerdə ev kirayələrək orada yaşadığını, cavabdehin uşaqların saxlanılmasında iştirak etmədiyini, İddiaçı cavabdehlə aralarında bağlanmış nikahın pozulmasını istəmədiyini, sadəcə olaraq aliment təyin edilməsini istədiyini, iddiaçının hal-hazırda işləmədiyini, evdar qadın olduğunu, məhkəmədən iddialarının təmin edilməsini xahiş etdiyini bildirdi. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı, 419416 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah 09 iyun 2009-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmiş və nikah bağlandıqdan sonra arvada “Məmiyeva” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin övladı olan X6 22 iyun 2010-cu ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iş üzrə tərəflərin övladı olan X4 06 noyabr 2011-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan Cavabdeh qohumluq məlumatları sorğusundan cavabdehin həyat yoldaşının İddiaçı, uşaqlarının xx.xx.2010-cu il doğumlu X6 və xx.xx.2011-ci il doğumlu X4 olmaları müəyyən olunur. İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə Cavabdeh Şahbuz rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı tərəflərin 09 iyun 2009-cu ildə rəsmi nikaha daxil olmaları, onların nikahlarından 22 iyun 2010-cu il təvəllüdlü X6 və 06 noyabr 2011-ci il təvəllüdlü X2 doğulması, tərəflərin ayrı yaşaması, onların birgə nikahlarından doğulmuş Abbas Sadiqov və İbrahim Sadiqovun hazırda anaları iş üzrə İddiaçı yanında qalmaları və Cavabdeh uşaqların saxlanılmalarında iştirak etməmələri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların analarının himayəsində yaşamalarını, onların yaşlarını, gündəlik tələbatlarını nəzərə alınaraq 22 iyun 2010-cu ildə doğulmuş X6 və 06 noyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. X6 və X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “17” may 2024-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, məhkəmə tutulmalı dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, iddianın qiyməti tutulmalı alimentin bir illik ödəmə məcmusu ilə hesablanmalı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 iyun 2010-cu ildə doğulmuş X6 və 06 noyabr 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “17” may 2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddianın qiyməti tutulmalı alimentin bir illik ödəmə məcmusu ilə hesablansın və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən qaydada dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-137/2024
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-137/2024
28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver