Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-142/2020 28.10.2020 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi səlahiyyətlərini müvəqqəti icra edən Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı “30” sentyabr 2020-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, xx xxx 2019-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq qeyd etmişdir ki, Cavabdeh ilə xx xxxx 2018-ci il tarixdə Şahbuz rayon qeydiyyat şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşuq. Birgə nikahımızdan xx xxx 2019-cu il təvəllüdlü X3 adlı övladımız dünyaya gəlmişdir. Evliliyimizin ilk günlərində bir-birimizi başa düşsək də, fərqli xarakterə malik olduğumuz üçün cavabdehlə yola gedə bilmirik. Bir müddət Cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini ümid etsəm də, onun xarakter və davranışında heç bir dəyişiklik baş verməmiş və artıq günü-gündən övladına, mənə qarşı laqeyd olmağa başlamış və bir ildən artıqdır ki biz ayrı yaşayırıq. Körpə övladımla birlikdə anamın yanına Şərur rayonuna qayıtmışam, övladımın səhhəti ilə əlaqədar olaraq müalicəyə ehtiyacı vardır. Lakin mən heç bir yerdə işləmirəm, maddi cəhətdən çox sıxıntılar çəkirəm. Bu keçən zaman ərzində cavabdeh övladı ilə maraqlanmamış, maddi cəhətdən heç bir köməklik göstərməmişdir. Cavabdeh övladına bir ata kimi öz üzərinə düşən öhdəlikləri götürməkdən boyun qaçırır və mən onun bir ata kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməyəcəyi qənaətinə gəldiyim və övladımın tələbatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkdiyim üçün məcbur qalıb məhkəməyə müraciət etdim. Məhkəmədə izahat verən İddiaçı iddiasını müdafiə edərək cavabdehlə 2018ci ilin mart ayında cavabdehlə nikahlarını rəsmiləşdirsələr də, həmin ilin iyul ayında el adətinə uyğun olaraq toy etdiklərini, birgə nikahlarından X3 adlı uşağın dünyaya gəldiyini, Cavabdeh ilə evləndikdən sonra onunla normal yola getdiklərini, demək olar ki, cavabdehlə aralarında elə də ciddi mübahisə yaranmadığını, kənar şəxslərin müdaxiləsi nəticəsində 2019-cu ilin may ayının 17-dən ayrı yaşadıqlarını, İsmayılla ayrı yaşasalar da 2020-ci ilin iyul ayınadək uşağın saxlanılmasında cavabdehin ona köməklik etdiyini, lakin qeyd edilən vaxtdan sonra cavabdehin uşağın saxlanılmasında iştirak etmədiyini, Cavabdeh ilə aralarında bağlanmış nikaha hazırda xitam verilmədiyini, özünün hazırda işsiz olduğunu, bu səbəbdən də uşağın saxlanılmasında çətinlik çəkdiyini qeyd edərək yekunda məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iş üzrə cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş rəsmi qayada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 172.2 və 185-ci maddələrinə əsaslanaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını tədqiq edərək məhkəmə müəyyən edir ki, tərəflərin xx xxxx 2018-ci il tarixdə nikaha daxil olması, onların birgə nikahından X3 adlı uşağın dünyaya gəlməsi, tərəflərin hazırda ayrı yaşaması və onların birgə nikahından olan övladlarının iddiaçının yanında qalması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların işin mübahisəsiz halları olması aşağıdakılarla təsdiq olunur: -iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 067344 nömrəli akt qeydindən çıxarışdan Cavabdeh ilə X4 xx xxxx 2018-ci il tarixdə nikaha daxil olması və nikaha daxil olan zaman iddiaçının özünə cavabdehin soyadını, yəni “Fətəlixanlı” soyadını seçməsi; -iş materiallarına əlavə edilmiş Şahbuz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, AZ-İV seriyalı, 169371 nömrəli akt qeydindən çıxarışdan iş üzrə tərəflərin xx xxx 2019-cu il tarixdə X3 adlı uşağının dünyaya gəlməsi; -iddia tələbindən tərəflərin hazırda ayrı yaşaması və birgə nikahlarından olan uşağın İddiaçı ilə birlikdə yaşaması aydın olur. İşin mübahisəli halı isə iddiaçının cavabdehlə birgə nikahından olan övladı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 170 (bir yüz yetmiş) manat miqdarında aliment tutulmasını tələb etməsidir. İşin bu mübahisəli halını həlli ilə bağlı məhkəmə istinad etdiyi maddi və prosessual hüquq normaları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasının əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq, müəyyən edilir. İddiaçı X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 (bir yüz yetmiş) manat miqdarında aliment tələb etsə də, bu məbləğlə bağlı öz tələbini əsaslandıran faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi xx xxxx 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarı ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq belə hesab edir ki, alimentin miqdarının qanunvericiliyin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, həmin Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2020-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını, 2020-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməsini, uşağın iddiaçının yanında qalması, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, aliment ödənilməli olan uşağın sayını, saxlanılması üçün aliment təyin edilməsi tələb edilən uşağın yaşını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli və yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün hər ay cavabdehdən 100 (bir yüz) manat məbləğində aliment tutulmalıdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanması üçün aliment tələb edən iş üzrə iddiaçı isə alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından aydın olur ki, İddiaçı Şahbuz Rayon Məhkəməsinə “30” sentyabr 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən, iddianın (12x170=2040) təmin edilmiş hissəsinə (12x100=1200) münasib olan 17,70 manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq, cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin olunmalı; -tərəflərin birgə nikahından olan xx xxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün “30” sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 100 (bir yüz) manat miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilməli; - iddia digər hissədə əsaslı sayılmadığından rədd olunmalı; -Cavabdeh 17,70 (on yeddi manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli; - qətnamə alimentə dair hissədə dərhal icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx xxx 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün “30” sentyabr 2020-ci il tarixdən hesablanmaqla, hər ay Cavabdeh 100 (bir yüz) manat miqdarında aliment tutularaq, uşağın anası İddiaçı ödənilsin. İddia digər hissədə əsaslı sayılmadığından rədd olunsun. Cavabdeh 17,70 (on yeddi manat, yetmiş qəpik) manat miqdarında rüsum tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə alimentə dair hissədə dərhal icra olunsun. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.
Məhkəmə qərarları › İş №2(090)-142/2020
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-142/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver