Məhkəmə qərarları › İş №2(090)-149/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-149/2025

24.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-149/2025 24.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “05” iyun 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək 29 iyul 2009-cu il təvəllüdlü X11 və 26 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X2 məbləğdə hər ay 246 manat alimentin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçı iddia ərizəsini əsaslandıraraq bildirmişdir ki, cavabdeh X8 ilə 28 noyabr 2008-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşuq. Bizim həmin nikahdan 2 övladımız doğulub: 1. X11 xx.xx.2009-cu il təvəllüdlü; 2. X9 xx.xx.2012-ci il təvəllüdlü. Lakin aramızda olan nikah mənim iddiam əsasında Şahbuz rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2(090)-198/2023 saylı qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən bizim birgə nikahımızdan doğulmuş övladlarımız Zeyni ilə Fatimə mənim yanımda saxlanılmışdır. Həmin vaxt sosial yardım aldığım üçün cavabdehdən aliment tələb etmədim. Lakin indi oğlum X18 Musiqi Kollecində oxuduğuna və sosial yardım kəsilib, verilmədiyinə görə maddi vəziyyətim daha da çətinləşib. Özüm İ qrup əliləm, bu səbəbdən də işləyə bilmirəm. Baxmayaraq ki, uşaqları saxlamaq hər iki valideynin borcudur, lakin cavabdeh nəinki uşaqların saxlanılmasında iştirak edir, boşanandan sonra bir dəfə də olsun nə uşaqla maraqlanıb, nə bir dəfə zəng edib, nə də ki, hər hansısa bir maddi yardım göstərib. Artıq uşaqlar böyüdüklərindən onların saxlanılması üçün təlabatları da çoxalmışdır. Ona görə də övladlarımızın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X4 aliment tutulub mənə ödənilməsini xahiş edirəm. X3 alimetlə bağlı keçirilmiş ilkin mediasiya sessiyasında cavabdeh iştirak etsədə orada məsələ öz müsbət həllini tapmadığından məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, cavabdeh ilə 3 ildir ki nikahımız pozulub, özü birinci qrup əlildir, heç yerdə işləmir, cavabdehin maddi vəziyyətini nəzərə alaraq 29 iyul 2009-cu il təvəllüdlü X7 və 26 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X2 məbləğdə hər bir uşaq üçün 80 manat olmaqla, ümumilikdə iki uşaq üçün 160 manat alimentin tutularaq mənə ödənilməsinə etiraz etmirəm. 470 manat əlilliyə görə pensiya alıram, 100 manat isə baxıcı pulu verilir, aliment təyin edilməsini xahiş edir. Məhkəmə iclaslarında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında göstərmişdir ki, aliment ödəməkdən imtina edir, iddiaçı uşaqlara baxa bilmirsə, uşaqları ona versin, iddiaçı uşaqların tərbiyyəsi ilə məşğul olmur, oxumaq adı ilə oğlu Bakı şəhərində siqaret çəkərək sosial şəbəkələrdə “canlı” açır, 15 il iddiaçının evində uşaqlara o baxıb, özü ikinci qrup əlildir, 220 manat pensiya alır, o uşaqlardan imtina etməyibdir, uşaqları öyrədilərək ondan alınıb, uşaqlar onunla danışmırlar, üç ildir ki uşaqlarını görmür, hüquq savadı olmadığı üçün mediasiya prosesində uşaqları tələb edə bilməyibdir, qızı onunla yanında yaşayıbdır, sonra atasını görməyə gedib, lakin qayıtmayıbdır, atası ilə qalmaq istədiyini bildiribdir, işləri məhkəmədə olan vaxtı isə uşaqları onunla qalmaq istəməyiblər, buna görə məhkəmədə də uşaqların yanında qalmasını istəməyibdir, maddi cəhətdən uşaqlara baxmağa imkanı var, aliment ödəməkdən imtina edir, uşaqları onun qalmaq istəmirlər, qızının 14 yaşı var, O uşaqlarına maddi cəhətdən baxa bilər, lakin aliment ödəmək istəmir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 2(090)-198/2023 nömrəli məhkəmə qətnaməsinə əsasən iddianın təmin edilməsi, İddiaçı və X8 arasında 28 noyabr 2008-ci ildə Badamlı kənd icra nümayəndəliyində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir. İş materiallarında olan Badamlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 333577 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 29 iyul 2009-cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X8, ata qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Badamlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən AZ-İİ seriyalı, 670806 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 26 iyun 2012-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında X8, ata qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyəti Badamlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilən “04” iyun 2025-ci il tarixli, 33 nömrəli arayışından görünür ki, İddiaçı Şahbuz rayonu, Badamlı qəsəbəsində qeydiyyatda dayanır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.1-ci və 172.1.1.-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması barədə işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan 2 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarını, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh hər ay 80 (səksən) manat olmaqla, iki uşaq üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın 8.4-1. bəndinə göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlirki hazırki iş üzrə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment ölkə üzrə minimum əmək haqqı məbləğinin 0.2 mislində (80/400=0.2) tutularaq İddiaçı ödənilməlidir. AM-in 55.2-ci maddəsinə əsasən aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Yetkinlik yaşına çatmayanların hazırda atanın (iddiaçının) yanında olmalarını və yuxarıda qeyd edilən normanın mahiyyətini nəzərə alan məhkəmə qeyd edir ki, uşaqların saxlanılması üçün müəyyən edilən aliment məbləği iddiaçının sərəncamına daxil olmalı, aliment uşaqların atasına ödənilməlidir. İddiaçı övladları X11 və X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay 246 manat olmaqla, ümumilikdə 492 manat miqdarında sabit məbləğdə aliment tələb etsə də, cavabdehin gəlirləri barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Alimentin miqdarının ilə bağlı iddiaçı tərəf öz tələbini əsaslandıran halları sübuta yetirə bilmədiyindən məhkəmə belə hesab edir ki, alimentin miqdarı qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” “27” iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Cavabdeh uşaqların saxlamağı barədə öhdəliklərin yerinə yetirilməsinə dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iddaçı İddiaçı 29 iyul 2009-cu il təvəllüdlü X7 və 26 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün anaları X2 məbləğdə hər bir uşaq üçün 80 manat olmaqla, ümumilikdə iki uşaq üçün 160 manat alimentin tutularaq ona ödənilməsinə etiraz olmaması barədə ərizəsini də nəzərə almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “05” iyun 2025-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən 25.70 (iyirmi beş manat, yetmiş qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 29 iyul 2009-cu il təvəllüdlü X11 və 26 iyun 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,2 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli “05” iyun 2025-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 25.70 (iyirmi beş manat, yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemi) vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar