Məhkəmə qərarları › İş №2(090)-176/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-176/2023

08.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-176/2023 08.08.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X5 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızına qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n e t d i : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 03 fevral 2013-cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər birinə 220 manat olmaqla, iki uşağa 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahatında cavabdeh X3 ilə 21 aprel 2012-ci il tarixdə ailə qurduğunu, Fərqanə ilə 22 fevral 2022-ci il tarixdə Babək rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirdiklərini, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X6 doğulduğunu, aralarında olan nikahın F.Babazadənin iddiası əsasında Şahbuz rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(090)-13/2023 nömrəli qətnaməsi ilə pozulduğunu, qətnaməyə əsasən hər iki uşağın onun yanında saxlanıldığını, hal-hazırda uşaqların onun yanında qaldıqlarını, onlar azyaşlı olduğundan onları evdə tək qoyub işləməyə gedə bilmədiyini, maddi imkanının yaxşı olmadığını, 17 mart 2023-cü il tarixdən uşaqların onun yanında qaldıqlarını, hər bir əşyanın qiymətində artım müşahidə olunduğu və bunun da onların ailə büdcələrinə təsir etdiyini, bu səbəbdən də övladlarının saxlanması üçün cavabdehdən aliment tutulmasını istəyir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirmişdir ki, məhkəmənin qətnaməsi ilə uşaqlar onun yanında qalır, onda cavabdehin gəlirləri barədə məhkəməyə təqdim edəcək sübutları yoxdur, buna görə də cavabdehdən hər bir uşaq üçün 130 manat aliment tutulmasına etiraz etmir, bu barədə məhkəməyə ərizə təqdim edibdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızına qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 23 dekabr 2022-ci il tarixli, B-1260 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİ seriyalı, 855040 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 03 fevral 2013-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Cavabdeh, ata qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Babək rayon Qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 305191 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 13 dekabr 2014-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ana qrafasında Cavabdeh, ata qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(090)-13/2023 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair mülki iş üzrə nikahın pozulmasından sonra 03 fevral 2013-cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 ataları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumata əsasən iş üzrə iddiaçı İbrahimova (Babazadə) X4 rayonu, Şahbuzkənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.1.1-ci maddəsinin tələbinə görə işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində 03 fevral 2013-cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 220 manat olmaqla, ümumilikdə iki uşağa görə 440 manat alimentin alınaraq ona verilməsini tələb etsə də cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızının gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, “uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Məhkəmə araşdırılması zamanı cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızının uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilməsinə dair əsaslar, eyni zamanda onun əmək qabiliyyətinin olmaması müəyyən edilməmiş, həmçinin cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızı həmin hallara dair, habelə ona qarşı irəli sürülən iddianı təkzib edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 03 fevral 2013-cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızından alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Eyni zamanda məhkəmə İddiaçı da ərizəsini nəzərə almışdır. Beləliklə, məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşlarına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, 03 fevral 2013-cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 analarının himayəsində yaşamalarını, uşaqların yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu nəzərə aldıqda, Cavabdeh hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “16” iyun 2023-cü il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 43 (qırx üç) manat miqdarında dövlət rüsumu cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızından tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızından 03 fevral 2013cü ildə doğulmuş X8 və 13 dekabr 2014-cü ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə iki uşağa görə 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “16” iyun 2023-cü il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh İbrahimova (Babazadə) Fərqanə Zəngibar qızından iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 43 (qırx üç) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar