Məhkəmə qərarları › İş №2(090)-22/2022

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-22/2022

11.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-22/2022 11.01.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən е t d i: İddiaçı Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək 06 dekabr 2019-cu ildə doğulmuş X12 və 30 iyun 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla, ümumilikdə 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, Cavabdeh ilə 2018-ci ildə nikaha daxil olublar, onların nikahlarından X12 və X11 doğulubdur, 22 iyun 2021-ci ildə Şahbuz rayon məhkəməsində cavabdehə qarşı aliment tələbi ilə iddia qaldırıb və məhkəmənin qərarı ilə oğlu X1 üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq ona verilməsi qət edilibdir, daha sonra 30 iyun 2021-ci ildə X11 doğulubdur, cavabdehin ödədiyi aliment uşaqların tələbatını ödəmir, cavabdeh halhazırda təxminən 125 manat aliment ödəyir, uşaqlarının tələbatlarını o tək qarşılaya bilmir, cavabdeh isə uşaqlarına əlavə maddi yardım etmir, ona görə də o məcbur qalıb məhkəməyə müraciət edibdir, cavabdehin əmək haqqısından tutulan aliment uşaqlarının tələbatını qarşılamır ona görə də alimentin sabit məbləğdə tutulmasını istəyir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəmənin ünvanına 10 yanvar 2022-ci il tarixdə daxil olmuş teleqramında İddiaçı onun barəsində Şahbuz Rayon Məhkəməsində aliment tələbi ilə iddia qaldırdığını və 11.01.2022-ci il, saat 12:00 olan məhkəmə iclasında iştirak edə bilməyəcəyini, onun bu iddianı qəbul etmədiyini, hal-hazırda ailədə tək işlədiyini, onun başqa yerdən gəlirinin olmadığını, anasının xəstə olduğunu, hal-hazırda 488 manat əmək haqqı aldığını, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə uyğun olaraq 2 uşağa görə qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsinin tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə 06 dekabr 2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsinin qət edilməsi müəyyən olunur. İş materiallarında olan AZ-İİ seriyalı, 289416 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah 18 avqust 2018-ci il tarixdə 4 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1945 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Məmmədli” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 393871 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 06 dekabr 2019cu ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qızı qeyd edilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 628348 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 30 iyun 2021-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qızı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin 07 yanvar 2022-ci il tarixli, 01 saylı arayışı ilə müəyyən olunur ki, ədliyyə baş çavuşu Cavabdeh ƏN PX ANT-da 06.03.2019-cu il tarixindən 248 ş/h saylı əmrlə kiçik inspektor növbətçi mexanik vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı 488,36 (dörd yüz səksən səkkiz manat, otuz altı qəpik) manat təşkil edir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı qızı Şahbuz rayonu, Külüs kəndində qeydiyyatdadır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin teleqramını və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, 06 dekabr 2019-cu ildə doğulmuş X12 və 30 iyun 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İddiaçı iddia tələbində övladları X12 və X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün sabit məbləğdə 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat miqdarında aliment tələb etsə də, İddiaçı Cavabdeh aylıq qazancı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş və tələb etdiyi məbləğlə bağlı öz tələbini əsaslandıran faktları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Lakin məhkəmə 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumunun 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyənləşdirilməsi və hər iki valideynin uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla uşağını saxlamağa borclu olmasını nəzərə alaraq onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, 06 dekabr 2019-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilibdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyini Penitensiar Xidmətinin 07 yanvar 2022-ci il tarixli, 01 saylı arayışına əsasən ədliyyə baş çavuşu Cavabdeh ƏN PX ANT-da 06.03.2019-cu il tarixindən 248 ş/h saylı əmrlə kiçik inspektor növbətçi mexanik vəzifəsində xidmət edir və onun aylıq əmək haqqısı 488,36 (dörd yüz səksən səkkiz manat, otuz altı qəpik) manat təşkil edir. Alimentin iş üzrə cavabdehin qazancından tutulması halında iş üzrə cavabdehin aylıq qazancı 488.36 manat olmaqla bu bir uşağa görə 81,40 (səksən bir manat, 40 qəpik) manat (488.36/3=162,78/2=81.40) təşkil edəcək ki, bu məbləğ 2022-ci ildə bir uşaq üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyənlədirildiyi halda azlıq təşkil etməklə uşaqların və uşaqlar himayəsində olan iş üzrə iddiaçının maraqlarını əhəmiyyətli dərəcədə pozar. Ərizənin aliment tələbinə dair hissəsi qismən təmin edilərkən o da nəzərə alınmışdır ki, iş üzrə cavabdeh dövlət müəssisəsində işləməklə aylıq 488.36 manat əmək haqqı alır və iş üzrə onun digər gəlirləri sübuta yetirilməmişdir. Məhkəmə iddianın qismən təmin edilməsi ilə bağlı istinad etdiyi maddi hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmçinin bu Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin sabit pul məbləğdə tutulmasını xahiş etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Eyni zamanda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iş üzrə müəyyən olunmuşdur ki, 15 iyul 2021-ci il tarixli, 2(090)- 121/2021 nömrəli qətnaməsi ilə 06 dekabr 2019-cu ildə doğulmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh aylıq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilibdir. Buna görə də hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği 06 dekabr 2019-cu ildə doğulmuş X9 münasibətdə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, 30 iyun 2021-ci ildə doğulmuş X8 münasibətdə isə bu barədə məhkəməyə müraciət olunan vaxtdan, yəni “07” dekabr 2021-ci il tarixdən tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, (140*2*12= 3360) 53,60 (əlli üç manat, altmış qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur (3360-1000=2360*1%=23.60+30=53.60) manat. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(090)-121/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin, Cavabdeh 06 dekabr 2019-cu ildə doğulmuş X12 və 30 iyun 2021-ci ildə doğulmuş X6 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər bir uşaq üçün sabit məbləğdə 140 (bir yüz qırx) manat miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli 30 iyun 2021-ci ildə doğulmuş X8 münasibətdə “07” dekabr 2021-ci il tarixdən hesablansın və dərhal icra olunsun, 06 dekabr 2019-cu ildə doğulmuş X9 münasibətdə isə alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 53,60 (əlli üç manat, altmış qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar