Məhkəmə qərarları › İş №2(090)-241/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-241/2025

04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-241/2025 04.12.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı nümayəndəsi Nümayəndə “20” oktyabr 2025-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı indeksləşdirilmiş alimentin azaldılaraq 50 (əlli) manat məbləğində müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi İddiaçı adından iddia ərizəsini əsaslandıraraq göstərmişdir ki, mən, İddiaçı Cavabdeh ilə 2011-ci ildə rəsmi nikahda olmuşam. Nikahdan bizim birgə övladımız 10 iyun 2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. 2012-ci ildə N saylı hərbi hissədə MAHHXOH qulluqçu vəzifəsində işləyərək 630 manat əmək haqqı alırdım. Mənim əmək haqqıma uyğun olaraq azyaşlının saxlanılması üçün aylıq 115 (bir yüz on beş) manat məbləğində aliment ödənilməsi barədə məhkəmə qərarı çıxarılmışdır. 23 aprel 2013-cü ildə səhhətim ilə əlaqədar N saylı hərbi hissədən tərxis olunduğum üçün təkrar iddia qaldıraraq alimentin 50 manata endirilmişdir. Cavabdeh Apelyasiya şikayəti verərək alimenti 75 manata qaldırmışdır. Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qərarı ilə X1 üçün 115 manat aliment təyin olunmuşdur. 24 iyul 2025-ci ildə alimentin indeksləşdirilməsi aparılmış və ödəniləcək məbləğ 396 (üç yüz doxsan altı) manat olmuşdur. Hazırda mənim maddi və ailə vəziyyətim xeyli dəyişmişdir: 1. Mən yenidən ailə qurmuşam və ikinci ailəmdə iki məktəbli övladım var; 2. Bakı şəhərində kirayədə yaşayırıq; 3. Ailə üzvlərinin bütün xərcləri mənim üzərimdədir, həyat yoldaşım işləmir; 4. Mənim aylıq əmək haqqım cəmi 400 (dörd yüz) manatdır, bu məbləğ hazırkı aliment miqdarını ödəməyə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112ci maddəsi, 1-ci hissəsinə əsasən, valideynin maddi və ailə vəziyyətində əhəmiyyətli dəyişiklik baş verdikdə, məhkəmə tərəflərin tələbi ilə alimentin miqdarını azalda bilər. Yuxarıda göstərilən hallara əsaslanaraq, mənim maddi imkanlarım və ailə vəziyyətim nəzərə alınmaqla, müəyyən edilmiş aliment məbləğinin azaldılması üçün məhkəməyə müraciət edirəm. İddiaçı məhkəmə hazırlıq iclasında verdiyi izahatında birgə nikahdan dünyaya gələn 10 iyul 2012-ci il təvəllüdlü X1 üçün 200 manat məbləğində aliment ödəməyə etirazının olmadığını, bu səbəbdən də iddia ərizəsinin xahiş etdim hissəsinin dəqiqləşdirilərək Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı indeksləşdirilmiş alimentin azaldılaraq minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı müraciətini nəzərə alaraq Şahbuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(090)-241/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə “Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə minimum əmək haqqının 0.99 misli həddində sabit pul məbləğində indeksləşdirilmiş alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılması” tələbi çərçivəsində baxılması qərara alınmışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaya qarşı etirazı olmadığını, 2012-ci ildə aliment təyin edildiyini, 2017-ci ildə alimentin artırılaraq 115 manat olduğunu, 2025-ci ildə alimentin indeksasiya olunduğunu, indeksasiya görə 396 manat aliment təyin olunduğunu, iddia tələbi ilə razılaşdığını, 396 manatın yüksək olduğunu, qarşı tərəfin vəziyyətini nəzərə alaraq alimentin azaldılmasına və 200 manat aliment təyin edilməsinə etiraz etmədiyini, bu barədə iddiaçının nümayəndəsi ilə də danışdığını, uşağı saxlamaqda çətinlik çəkdiyini, əlavə xərclər çıxdığını, uşağın xəstə olduğunu, buna görə indeksasiya olunması üçün məhkəməyə müraciət etdiyini, üç aydır ki iddiaçının aliment ödəmədiyini, min manatdan artıq aliment borcu olduğunu, 200 manat aliment təyin edilməsinə razı olduğunu, bu barədə ərizəsini məhkəməyə təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada İddiaçı və Cavabdeh məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə İddiaçı və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə etdiyini, qardaşı İddiaçı ikinci nikahından iki uşağı olduğunu, əvvəllər müddətdən artıq xidmət edən hərbi qulluqçu işlədiyini, maddi vəziyyətinin yaxşı olduğunu, hazırda 400 manat əməkhaqqı aldığını, indeksləşdirilmiş aliment məbləğini ödəmək imkanın olmadığını, alimentin minimum əməkhaqqının 0.50 misli məbləğində təyin edilməsini istədiklərini, iddianın təmin edilməsini və alimentin azaldılması barədə qərar qəbul edilməsini xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin “28” iyun 2013-cü il tarixli, 2(090)-83/2013 nömrəli qətnaməsi ilə 07 iyun 2013-cü il tarixdən hesablanmaqla, 10 iyul 2012-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı ayda 50 (əlli) manat alınıb X6 verilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Məhkəməsinin “24” iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsinin təmin olunması, Şahbuz Rayon Məhkəməsinin 2(090)-240/2017 nömrəli, 22 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin indeksləşdirilməsi, 10 iyul 2012-ci il il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu İddiaçı tələbkar Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon İcra Hakimiyyəti Kolanı kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş 15 sentyabr 2025-ci il tarixli, 142 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı ailə tərkibi arvadı: X9, oğlu X10 və qızı X3 ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışdan müəyyən olunur ki, Nəqliyyat və Logistika şõbəsində sürücü, yük avtomobili; əmək müqaviləsi üzrə: sürücü, yük avtomobili olaraq qeyd edilmiş, şəxsin aylıq əmək haqqı məbləği 400 manatdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi iş yerinə dair arayışdan müəyyən olunur ki, X5 mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 691513 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X11 arasında nikahın xx.xx.2014-cü il tarixdə bağlanması, bu barədə 42 nömrəli ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra qadına “Quliyeva” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 532297 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 28 aprel 2017-ci ildə doğulmuş, atası İddiaçı, anası X7r İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 535419 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 yanvar 2016-cı ildə doğulmuş, atası İddiaçı, anası X7r. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şahbuz Rayon Bölməsi tərəfindən verilən “22” sentyabr 2025-ci il tarixli, 189 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.2010-cu tarixdən xx.xx.2013-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. Həmçinin Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə göstərilmişdir ki, İddiaçı tərəfindən mənə qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi ilə bağlı qeyd etmək istəyirəm ki, Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılmasına razıyam. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddəsinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. İddiaçı aliment məbləğinin azaldılması ilə bağlı tələbini qətnamə ilə müəyyən olunmuş aliment məbləğinin indeksasiya olunması nəticəsində bir uşağa görə 396 manat olmaqla, iki uşaq üçün 792 manat aliment ödəməli olması ilə əlaqələndirmiş, bunu isə ikinci dəfə ailə qurması, öhdəliyində daha 2 övladının olması, həyat yoldaşının işsizliyi, əmək haqqı miqdarının az olması, öz şəxsi tələbatlarını ödəyə bilməməsi kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Bununla birlikdə hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcləri ilə təmin edilməsində hər iki valideyn bərabər və eyni öhdəliyə sahibdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Şahbuz Rayon Məhkəməsinin “24” iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə qət edilən aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.99 misli həddində indeksasiya edilməsi iddiaçının ayda bir uşağa görə 396 manat olmaqla, iki uşaq üçün 792 manat aliment öhdəliyinin yaranmasına səbəb olmuşdur. Bütün bunları ümumiləşdirən məhkəmə İddiaçı müəyyən olunan aylıq gəlirlərinin ümumi alimentin miqdarından aşağı olmasını, sübutetmə yükünün bölüşdürülməsinin ümumi qaydasını və cavabdeh tərəfindən iddiaya qarşı etirazın irəli sürülməməsini, alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.99 misli həddində indeksasiya edilməsi nəticəsində bir uşağa görə 396 manat olmaqla, iki uşaq üçün 792 manat aliment öhdəliyinin yaranması nəticəsində iddiaçının özünün şəxsi ehtiyaclarını ödəmək qabiliyyətindən məhrum olmasına gətirib çıxara biləcəyini, hər iki valideynin uşağın saxlanılmasında bərabər öhdəliklərə malik olmasını, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumunun məbləğini, həmçinin indeksasiyanın nəticəsini diqqətəlayiq hal kimi nəzərə alaraq iddianı əsaslı hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı alimentin miqdarı müəyyən olunduqdan sonra onun ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklər müvafiq olaraq alimentin azadılması üçün əsas kimi qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz irəli sürülməmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli ərizədə Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,99 misli həddində sabit pul məbləğində alimentin miqdarının sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində azaldılmasına razı olması məhkəmə tərəfindən diqqətə alınmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8- 2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda göstərilənləri, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, 2025-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun mövcudluğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində müəyyən edilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Məhkəmə iddianın təmin edilməsi nəzərə alınmaqla dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi məsələsinə münasibətdə bildirir ki, alimentin azaldılması ilə bağlı iddianın alimentin indeksasiyasının nəticəsi olaraq irəli sürülməsini və iddianın təmin olunmasının cavabdehin məhkəmə xərcləri ilə bağlı məhrumiyyətlərə məruz qalmağa səbəb olacaq iradəsinin nəticəsi olmadığını nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şahbuz Rayon məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli, 2(090)-240/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və Şahbuz Rayon Məhkəməsinin 24 iyul 2025-ci il tarixli, 8(090)-46/2025 nömrəli qərardadı ilə indeksasiya edilmiş aliment məbləği azaldılaraq sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,50 misli həddində azaldılsın. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar