Məhkəmə qərarları › İş №2(090)-246/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-246/2025

25.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-246/2025 25.11.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun, X5 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim : İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 2(090)-112/2015 nömrəli, 02 iyul 2015-ci il tarixli, qətnaməsi ilə təyin edilmiş 100 manat alimentin daha sonra Şahbuz rayon Məhkəməsinin 8(090)-47/2025 nömrəli, 05 avqust 2025-ci il tarixli qərardadı ilə indeksləşdirilmiş alimentin azaldılaraq 150 manat müəyyən olunaraq 19 sentyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşaına çatanadək saxlanılması üçün X3 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X8 iddiaçı 2011-ci il tarixdə nikahımızı rəsmiləşdirib ailə qurmuşam və həmin nikahdan 1 nəfər övladımız doğulmuşdur. 1.X9:-19 sentyabr 2012-ci il təvəllüdlü. Lakin aramızda olan nikah Naxçıvan MR Şahbuz rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, həmin qətnaməyə əsasən 19 sentyabr 2012-ci il təvəllüdlü X9 anasının yanında saxlanılıb və onun yetkinlik yaşına çatanadək saxlanılması ilə bağlı 50 manat məbləğində alimentin məndən tutularaq anası Samirə Namazovanın xeyrinə ödənilməsi göstərilmişdir. Lakin Samirə üstündən 3 il keçəndən sonra yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciot etdiyindən Şahbuz rayon Məhkəməsinin qətnaməsi ilə aliment artırılaraq 100 manata çatdırılmışdır. İndiyə kimi müəyyən olunmuş aliment həmişə vaxtlı-vaxtında ödənilmişdir. Samirə yenə də alimentin artırılması ilə bağlı ərizə ilə müraciət etdiyindən Şahbuz rayon Məhkəməsinin 2(090)-112/2015 nömrəli, qətnaməsinin dəyişdirilərək sonrakı illərə indeksasiya olunması ilə bağlı Şahbuz rayon Məhkəməsi 05 avqust 2025-ci il tarixli, 8(090)47/25 nömrəli qərardadı ilə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.95 misli həddində sabit pul məbləğində alimentin tutulmasını müəyyən etmişdir ki, bu da 380 manat təşkil edir. Nəzərinizə çatdırmaq istəyirəm ki, özüm hal-hazırda heç bir yerdə işləmirəm. İkinci dəfə 28 iyul 2016-ci il tarixdə X1 ilə ailə qurub nikahlmlzı rəsmiləşdirmişik, Həmin nikahdan da iki nəfər azyaşlı övladım doğulmuşdur. Başqa hər hansı gəlir, qazanc yerim yoxdur. Ona görə də alimenti çatdırıb ödəyə bilmirəm. Ərzağı çox vaxt nisiyə götürməli oluram. Mənə alimentin ödənilməsində valideynlərim köməklik göstərir. Mübahisənin məhkəmədən kənar həlli ilə bağlı X2 müraciət olunmuş, lakin cavabdeh X8 ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə müvafiq arayış alınaraq iddia ərzəsinə əlavə olunmuşdur. Şahbuz Rayon Məhkəməsinin «29» oktyabr 2025-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüş və hazırlıq iclası təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra –“MPM”) 35.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməlidir. MPM-in 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumu qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). Elektron məhkəmə informasiya sistemindən cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları üzrə çıxarışdan belə məlum olur ki, Cavabdeh Naxçıvan şəhəri, 12-ci məhəllə, ev-1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Belə olan halda iddia ərizəsinin aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunmuşdur. Məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan xüsusi təminatlardan biri də aidiyyət institutudur. Məhkəmə təcrübəsində aidiyyət qaydalarına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər. Yuxarıda sadalananları və iş üzrə iddiaçının seçməsinə görə aidiyyət üçün əsasların mövcud olmadığını nəzərə alan məhkəmə belə hesab edir ki, iş aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən ərazi aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. MPM-in: - 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. - 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. - 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. İş üzrə tərəflərin rəsmi qeydə alındığı yer Naxçıvan şəhəri ərazisində olduğu üçün İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 45.2, 45.3, 263, 264, 267 və 268- ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki iş Naxçıvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar