Məhkəmə qərarları › İş №2(090)-50/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-50/2021

18.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-50/2021 18.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı “01” mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “21” sentyabr 2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə alimentin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə xx xxxx 2017-ci il tarixdə nikaha daxil olubdur, birgə nikahlarından xx xxxxxxxx 2018-ci il təvəllüdlü Xədicə adlı qız övladı doğulubdur, cavabdeh ilə evləndikdən sonra onların münasibətləri yaxşı olubdur, daha sonra cavabdehin ona və övladına qarşı laqeyd olması səbəbindən münasibətləri pisləşibdir, onlar arasında teztez mübahisələr olubdur, Cavabdeh ilə aralarında olan mübahisədən sonra o övladı ilə birlikdə atasının evinə gəlibdir, hal-hazırda o övladı ilə birlikdə Şahbuz rayonu, Nursu kəndində yaşayır, cavabdeh isə Bakı şəhərində yaşayır, qızı Xədicə azyaşlı olduğundan o işləmir, cavabdeh ona və övladı ilə maraqlanmır, onlara maddi yardım etmir, o övladının tələbatlarını tək başına qarşılaya bilmir, Cavabdeh bir ata kimi qızını saxlamağa borcludur, o maddi cəhətdən çətinlik çəkir, ona görə də o məcbur olub cavabdehdən qızının saxlanılması üçün aliment ödəməsi barədə iddia qaldırıbdır, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, cavabdeh halhazırda Bakı şəhərində yaşayır və onlara heç bir maddi yardım etmir, qızı azyaşlı olduğu üçün işləmir, qohumlarının yardımı ilə tələbatlarını qarşılayır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ilə müraciət edərək məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə prosesini onun iştirakı olmadan təmin edilməsini xahiş etdiyini və heç bir etirazının olmamasını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Ağazadə X3 şəhəri, İstiqlal küçəsi, bina 93, ev 25 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Şahbuz rayonu, Nursu kəndində qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 067232 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah “05” iyun 2017-ci il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 29 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Ağazadə” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 965424 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 “21” sentyabr 2018-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşaqların öhdəliklərində hər iki valideynin iştirak etdiyini, “21” sentyabr 2018-ci il tarixdə doğulmuş X6 anasının himayəsində yaşamasını, uşağın yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu vaxt ərzində anasının üzərinə düşməsini nəzərə aldıqda, Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Məhkəmə bununla da hesab edir ki, iddia təmin edilməli, “21” sentyabr 2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə iddianı təmin edərkən həmçinin Cavabdeh tərəfindən “18” mart 2021-ci il tarixdə məhkəmənin ünvanına daxil olmuş məhkəmə prosesində üzürlü səbəbdən iştirak edə bilməyəcəyi, məhkəmə prosesinin onun iştirakı olmadan təmin edilməsi və heç bir etirazının olmaması barədə teleqramını nəzərə almışdır. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “01” mart 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia təmin edildiyindən, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “21” sentyabr 2018-ci il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “01” mart 2021-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 30 (otuz) manat miqdarında dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar