Məhkəmə qərarları › İş №2(090)-53/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-53/2021

30.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-53/2021 30.03.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “02” mart 2021-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “23” sentyabr 2011-ci il təvəllüdlü X6 və “23” may 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək iki uşağın saxlanılmaları üçün aylıq qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsinin xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə xx xxxxxxx 2014-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, birgə nikahlarından onların iki övladları xx xxxxxxxx 2011-ci il təvəllüdlü X6 və xx xxx 2017-ci il təvəllüdlü X9 doğulubdur, Evliliklərinin ilk vaxtlarında cavabdeh ilə yaxşı yola gediblər, bir müddətdən sonra Cavabdeh bəzi xoşagəlməz hərəkətlərinə görə aralarındakı nikahın pozulması üçün Şahbuz Rayon Məhkəməsində iddia qaldırmaq məcburiyyətində qalıbdır, həmin vaxt cavabdeh yaxşı ailə başçısı olmasına söz verdiyi üçün, o övladlarının xatirinə cavabdeh ilə barışıbdır. Lakin barışıqdan bir müddət sonra Cavabdeh verdiyi sözə əməl etməyibdir və hal-hazırda ailə-uşağını atıb gedibdir, harada qaldığı və yaşaması barədə də heç bir məlumatı yoxdur, O, cavabdehdən uşaqlarının haqqını istəyir, onlar arasında əvvəllər də mübahisələr olubdur, buna səbəb isə onun qısqanclığı olubdur. Cavabdeh birgə yaşadıqları müddətdə onları yaxşı dolandırıbdır, heç nəyə ehtiyacları olmayıbdır. Cavabdeh evi tərk edib getdikdən sonra ailəsinə baxacağına söz vermişdir. Evi tərk edib getdikdən sonra cavabdehə ərzaq siyahısı göndəribdir və o, da alıb göndəribdir, lakin ikinci dəfə uşaqlarına lazım olan bəzi şeylərin alınmasını cavabdehə bildirəndə Cavabdeh ona “bəsti abrınız olsun” deyə cavab veribdir, cavabdeh uşaqlarına maddi yardım etsə də, bəzən uşaqlarına lazım əşyaların alınması lazım olur, cavabdeh isə hər dəfə onlara lazım olan əşyaların alıb vermir, buna görə də o məcbur qalıb aliment tələbinə dair iddia qaldırıbdır, O işləmir və uşaqlarını saxlamaqda çətinlik çəkir, sonda İddiaçı göstərilənlərin nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qismində iştirak edən Cavabdeh izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi kimi 2010-cu ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurublar, birgə nikahlarından 2 övladları dünyaya gəlibdir, onlar artıq 10 ildir ki, evlidirlər, onların ailəsində heç bir cəhətdən sıxıntıları olmayıbdır, evi o dolandırıbdır, son mübahisələrində o İddiaçı ilə dava-dalaşları olubdur, buna səbəb isə guya o İddiaçı xəyanət edibdir, o heç vaxt iddiaçıya xəyanət etməyibdir, onlar arasında mübahisəyə görə iddiaçının atası onu şikayət edibdir, araşdırılma zamanı onun xəyanət etməsi yalan çıxıbdır, onlar əvvəllər Naxçıvan şəhərində kirayədə yaşayıblar, sonra iddiaçının atasının həyətində özləri üçün ev tikiblər, onun pulu ilə evi tikiblər, evin hər tələbatını o qarşılayıbdır, mübahisəyə əsas səbəb iddiaçının və atasının tamahından qaynaqlanır, onlar arasında mübahisə oldu və ayrıldılar, ayrıldıqdan sonra iddiaçı ona zəng vuraraq evə ərzaq lazım olduğunu bildiribdir, o da 200 manatlıq ərzaq alıb göndəribdir, o hər zaman ailəsinə daha yaxşı baxıbdır və onların hər ehtiyaclarını qarşılayıbdır, iddiaçı hər bir şeyə görə onun iş yerinə zəng vurur, buda ona pis təsir edir, bütün bunlar onu təngə gətiribdir, sonda Cavabdeh alimentin təyin edilməsinə etiraz etmədiyini, qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 514469 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X2 arasında nikah “14” oktyabr 2010-cu il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 49 nömrə ilə qeyd edilmiş, nikahdan sonra qadına “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 664659 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 “23” sentyabr 2011-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ seriyalı, 966458 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 “23” may 2017-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə uşağın valideynlərindən qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Beləliklə məhkəmə hesab edir ki, uşaqların analarının himayəsində yaşamalarını, onların yaşlarını, gündəlik tələbatları nəzərə alınaraq “23” sentyabr 2011-ci il tarixdə doğulmuş X6 və “23” may 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. “23” sentyabr 2011-ci il tarixdə doğulmuş X6 və “23” may 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün aliment tutulması ilə əlaqədar nəticəyə gələrkən məhkəmə onu nəzərə almışdır ki, iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “02” mart 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “23” sentyabr 2011-ci il tarixdə doğulmuş X6 və “23” may 2017-ci il tarixdə doğulmuş X7 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Alimentin tutulmasının əvvəli “02” mart 2021-ci il tarixdən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar