Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-53/2022 30.03.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y yə n etdi: İddiaçı 09 fevral 2022-ci il tarixdə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28 iyul 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında izahat verən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh ilə 21 fevral 2012-ci il tarixdə Şahbuz rayon Keçili kənd İcra Nümayəndəliyində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar, onların birgə nikahlarından birgə yaşadıqları dövrdə 28 iyul 2008-ci il təvəllüdlü X4 adlı övladları doğulmuşdur. Cavabdeh ilə 2013-cü il tarixdə məhkəmə qaydasında nikahları pozulub, məhkəmənin qərarı ilə oğlunun saxlanması üçün 60 manat aliment verilibdir, lakin 2015-ci ildə maddi yardım ala bilməsi üçün o həmin alimentdən imtina edibdir. Bir müddət bundan əvvəl ona ödənilən yardım da verilmir, o da məcbur qalıb yenidən aliment tələbi ilə məhkəməyə müraciət edibdir. O, hal-hazırda heç yerdə işləmir. Övladının tələbatlarını qarşılamaqda maddi cəhətdən çətinlik çəkir. Bunun üçün də Cavabdeh aliment tutulmasını istəyir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, hal-hazırda o uşağının saxlanılması üçün aliment almır, 2013-cü il tarixdə məhkəmənin müəyyən etdiyi alimentdən o imtina etdiyi üçün 2015-ci ildə məhkəmənin qərarı ilə alimentin ödənilməsinə xitam verilibdir, bu barədə məhkəməyə müvafiq sənədləri də təqdim edibdir, cavabdehin gəlirləri barədə onda hər hansı bir sübut yoxdur, onun bildiyinə görə cavabdeh Naxçıvan şəhərində fəhlə işləyir, sonda İddiaçı göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemində şəxsiyyət vəsiqəsi haqqında məlumatdan görünür ki, İddiaçı Şahbuz rayonu, Keçili kəndində qeydiyyatdadır. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli, AZ-İ seriyalı, 174063 nömrəli nikah pozulması haqqında çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 01 avqust 2014-cü il tarixdə Şahbuz rayon Qeydiyyat şöbəsində pozulmuş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 19 nömrə ilə qeyd edilmiş, nikahın pozulmasından sonra qadına “Məlikova” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 fevral 2012-ci il tarixli, AZ-İİ seriyalı, 664768 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 28 iyul 2008-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 2(090)-19/2015 saylı, 19 fevral 2015-ci il tarixli qərardadı ilə Şahbuz rayon məhkəməsi tərəfindən verilmiş 31 may 2013-cü il tarixli, 2(090)-52/2013 saylı icra sənədi üzrə icraata xitam verilməsi müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.1.1-ci maddəsinin tələbinə görə işə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətindən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə ölkədə uşaqlar üçün yaşayış minimumu 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk olaraq qeyd etmək istəyir ki, İddiaçı iddia ərizəsində 28 iyul 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat alimentin alınaraq ona verilməsini tələb etsə də Cavabdeh gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 28 iyul 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Beləliklə məhkəmə hesab edir ki, bir uşaq üçün yaşayış minimumunun ölkə üzrə 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən olunduğunu və Ailə qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayan uşağın öhdəliklərində hər iki valideynin iştirak etdiyini, 28 iyul 2008-ci ildə doğulmuş X1 anasının himayəsində yaşamasını, uşağın yaş həddinə uyğun olaraq gündəlik tələbatlarının olduğunu nəzərə aldıqda, Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit məbləğdə alimentin müəyyən olunmasını ağlabatan hesab etmək olar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “09” fevral 2022-ci il tarixdən tutulmalıdır. Məhkəmə bu nəticəyə gələrkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “28” mart 2016-cı il tarixli qərarını da nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2-ci maddəsinə əsasən qətnamə dərhal icra olunmalıdır. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən və iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq (120*12=1440-1000=440*1%=4,40+30=34,40 (otuz dörd manat, qırx qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Çünki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 28 iyul 2008-ci ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli “09” fevral 2022-ci il tarixdən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. İddia qalmış hissədə təmin edilməsin. Cavabdeh 34,40 (otuz dörd manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-53/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-53/2022
30.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver