Məhkəmə qərarları › İş №2(090)-70/2021

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-70/2021

07.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-70/2021 07.05.2021 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızı, iddiaçının vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İsmayılova (Əliyeva) Gövhər Vüqar qızının Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızı “08” aprel 2021-ci ildə iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “23” iyun 2015ci il təvəllüdlü X5 və “05” mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda bir uşağa 175 (bir yüz yetmiş beş) olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızı “29” aprel 2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etmiş, ərizə məhkəmə iclasında müzakirə edilmiş, iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun olduğundan qəbul edilmiş, mülki işə iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızının Cavabdeh “23” iyun 2015-ci il təvəllüdlü X5 və “03” mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün ayda bir uşağa 175 (bir yüz yetmiş beş) olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi tələbi çərçivəsində baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızı bildirdi ki, Cavabdeh ilə 19 avqust 2014-cü il tarixində nikaha girərək ailə həyatı qurmuş, birgə nikahlarından 23.06.2015-ci il təvəllüdlü X5 və 03.03.2017-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2019cu il tarixli, 2(090)- 205/2019 nömrəli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 19 avqust 2014-cü il tarixində Şahbuz Rayon VVAQ şöbəsində bağlanmış 25 nömrəli nikah qeydi pozulmuşdur. Həmin qətnamə ilə övladları 23.06.2015-ci il təvəllüdlü X4 və 03.03.2017-ci il təvəllüdlü X3 onun yanında saxlanması qət edilmişdir. Cavabdehdən uşaqlarının saxlanması üçün məhkəmə qətnaməsi ilə aliment kəsilsə də Cavabdeh aliment ödəmirdi. Həmin dövr o, hərbi hissədə işləyərək qazanc əldə etdiyindən, uşaqlarının saxlanması üçün Cavabdeh tərəfindən ödənilməli olan hər ay bir uşaq üçün 130 manat olmaqla, 260 manat sabit pul məbləğində alimentin ona verilməsindən imtina etmişdir. Hal-hazırda işdən çıxmış, heç bir yerdə işləmir, heç bir qazancı yoxdur və maddi imkanı yaxşı deyil. O, cavabdehlə nikahları pozulandan bu günədək uşaqlarını təkbaşına böyüdür, Cavabdeh uşaqlarına heç bir maddi köməklik göstərməmiş, övladlarının saxlanılması üçün bu günədək heç bir köməklik etməmiş və uşaqlarının saxlanması üçün aliment ödəməmişdir. Uşaqlarına yalnız o baxır, amma uşaqlarının maddi təminatını artıq ödəməkdə çətinliklər çəkir. Artıq işsizdir, habelə uşaqlar elə yaş həddindədir ki, onların təhsilinə və digər xərclərinə, müalicəsinə də pul lazım olur. Tək qadın olaraq o, bunların öhdəsindən yalnız başına gəlməkdə əziyyət çəkir. Hal-hazırda uşaqlarının saxlanmasında maddi cəhətdən çətinliklər çəkir. Bu səbəbdən də övladlarının saxlanması üçün maddi köməkliyə ehtiyacı vardır. Cavabdeh hazırda Naxçıvan şəhərində avtomobil təmir sexi işlədərək eyni zamanda avtomobil alqı-satqısı ilə də məşğul olur. İddiaçı hesab edir ki, cavabdeh 1000 (bir min) manatdan çox aylıq qazanc əldə edir. Bu səbəbdən də bu günkü gün ayda hər bir uşağın saxlanması üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, iki uşaq üçün 350 (üç yüz əlli) manat aliment yetərli olar və cavabdehin də bu məbləği ödəmək imkanı vardır. Məhkəmə iclasında sualları cavablandıran İddiaçı bildirdi ki, Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(090)-205/2019 nömrəli qətnaməsi ilə Cavabdeh hər ay bir uşaq üçün 130 manat olmaqla, 260 manat sabit pul məbləğində alimentin ona verilməsi qət edilmişdir, o hərbi hissədə işləyibdir və əmək haqqısı uşaqları saxlamasına kifayət etdiyindən Cavabdeh təyin edilən alimentdən imtina edibdir, bu barədə 27 iyul 2020-ci il tarixdə o Şahbuz Rayon İcra və Probasiya bölməsinə ərizə ilə müraciət edərək təyin edilən alimentdən imtina edibdir, lakin o hal-hazırda işsizdir və uşaqlarını saxlamaqda çətinlik çəkir, Cavabdeh qazancı barədə onda məhkəməyə təqdim edəcək hər hansı bir sübut olmasa da, cavabdeh maddi imkanı yaxşıdır və ən azından cavabdeh əvvəlki kimi 130 manat aliment ödəyə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında hüquqlarını müdafiə etdiyi İddiaçı istər iddia ərizəsində istərsə də məhkəməyə verdiyi izahatında işin mahiyyəti barədə ətraflı məlumat verdiyini bildirərək məhkəmədən iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında cavabdeh qismində izahat verən Cavabdeh bildirdi ki, İddiaçı 19 avqust 2014-cü il tarixində ailə qurub, birgə nikahlarından Arif və Səma adlı uşaqları doğulubdur, Şahbuz Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulubdur, qətnamə ilə birgə övladları X5 və X6 analarının yanında saxlanılıbdır, o övladlarına aliment ödəməyə etiraz etmir, lakin onun maddi vəziyyəti aliment ödəmək imkanında deyil, o Babək rayonu, Şıxmahmud kəndində avtomobil sexində usta işləyir, bir aydan çoxdur onun təmir sexi bağlanıbdır və o hal-hazırda işsizdir, anası rəhmətə gedibdir, atası isə şəkər xəstəsidir, atasının aldığı pensiya 300 manatdır, o işsiz olduğu üçün atasının pensiyasından 100 manat aliment ödəməyə hazırdır, sonda Cavabdeh göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında sualları cavablandıran Cavabdeh bildirdi ki, onların nikahları pozulan zaman məhkəmə hər bir uşaq üçün 130 manat aliment müəyyən etmişdir, o hal-hazırda işsiz olduğu üçün iddiaçının tələb etdiyi alimenti ödəmək imkanı yoxdur, onun işlədiyi avtomobil təmiri sexi sənədsiz olduğu üçün və onun usta kimi işləməsi üçün iki aylıq kurs keçməsi tələb olunduğundan təmir sexi bağlanıbdır, təmir sexinin sənədləri düzəldikdən, eyni zamanda iki aylıq kursu bitirdikdən sonra o işləyə biləcəkdir, hal-hazırda o 100 manat aliment ödəmək imkanındadır. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 530649 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 “23” iyun 2015-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 748524 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 “03” mart 2017-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 221086 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah “17” fevral 2020-ci ildə ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 № ilə qeyd edilmişdir. Nikahın pozulmasından sonra qadına “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyətinin Aşağı Qışlaq kənd İƏDN-nin verdiyi “23” fevral 2021-ci il tarixli, 96 nömrəli arayışından görünür ki, İddiaçı Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda dayanır. İş materiallarında olan Şahbuz Rayon İcra Hakimiyyətinin Aşağı Qışlaq kənd İƏDN-nin verdiyi “05” mart 2021-ci il tarixli, 115 nömrəli arayışından görünür ki, Cavabdeh Şahbuz rayonu, Aşağı Qışlaq kəndində qeydiyyatda dayanır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddələrində isə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Həmin Məcəllənin 172.2-ci maddəsinin tələbinə görə işə bərpa, aliment tutulması, övladlığa götürmə, dövlət orqanlarının, ictimai birliklərin, vəzifəli şəxslərin qərarlarının, hərəkətlərinin (və ya hərəkətsizliklərinin) düzgün olmaması barədə işlərə 1 ay müddətində baxılır və həll edilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci hissəsində qeyd olunur ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsində uşağın saxlanılması üçün alimentin sabit pul məbləğində tutulmasını əsası kimi şəxsin bu barədə olan xahişi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd olunan maddi hüquq normalarını mülki iş materialları ilə qarşılıqlı şəkildə əlaqələndirən məhkəmə belə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Alimentin miqdarının müəyyən edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. İsmayılova (Əliyeva) Gövhər Vüqar qızı övladları X5 və X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər bir uşaq üçün hər ay 175 manat olmaqla, ümumilikdə 350 manat miqdarında sabit məbləğdə aliment tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Аzərbаycаn Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” “27” iyul 2016-cı il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən isə məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Şahbuz Rayon Məhkəməsinin “23” sentyabr 2019-cu il tarixli, 2(090)- 205/2019 nömrəli qətnaməsi ilə 20 sentyabr 2019-cu il tarixdən hesablanmaqla azyaşlılar X7 və X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün ayda 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat aliment pulunun alınıb İddiaçı verilməsinin qət edildiyi müəyyən olunur. İş materiallarına əlavə olunmuş Şahbuz Rayon İcra və Probasiya bölməsinin “29” iyul 2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə İddiaçı könüllü olaraq aliment tələbindən imtina etdiyindən Şahbuz Rayon Məhkəməsinin “24” sentyabr 2019-cu il tarixli, 2(090)-205/2019 nömrəli icra sənədinə xitam verilməsi müəyyən olunur. Məhkəmə yuxarıda göstərilənləri, uşaqlar barəsində valideynlərin bərabər hüquq və vəzifələrə malik olmasını, uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, 2021-ci ildə ölkədə yaşayış minimumunun uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilməsini, uşaqların iddiaçının yanında qalması, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu vaxt ərzində onun üzərinə düşməsini, eyni zamanda uşaqların əvvəlki təminatlarının səviyyəsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən təmin edilməli “23” iyun 2015-ci ildə doğulmuş X5 və “03” mart 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130(bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında alimentin Cavabdeh alınıb iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızına verilməlidir. Aliment sabit pul məbləğində müəyyənləşdirilərkən o nəzərə alınmışdır ki, uşaqların saxlanılmaları üçün aliment tələb edən iş üzrə iddiaçı alimentin sabit pul məbləğində müəyyənləşdirilməsini xahiş etmişdir. Məhkəmə iddianı qismən təmin edərkən həmçinin onu nəzərə alır ki, valideynlər uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olmaqla, hər iki valideyn uşaqlarını saxlamağa borcludur. Məhkəmə bu nəticəyə gələrkən onu da nəzərə almışdır ki, İddiaçı iddia ərizəsində “23” iyun 2015-ci ildə doğulmuş X5 və “03” mart 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 175 manat olmaqla, iki uşaq üçün cəmi 350 manat alimentin alınaraq ona verilməsi tələb etsə də Cavabdeh gəlirləri barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, hazırki qətnamə ilə müəyyən edilən aliment məbləği iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan, yəni “08” aprel 2021-ci il tarixdən tutulmalıdır. Məhkəmə bununla da hesab edir ki, iddia qismən təmin edilməli, “23” iyun 2015-ci ildə doğulmuş X5 və “03” mart 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla, ümumilikdə 260 manat sabit pul məbləğində aliment Cavabdeh alınıb İddiaçı verilməldir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.2.-ci bəndində göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsində dərhal icra olunmalı qətnamələrdən biri kimi şəxsin saxlanılması üçün vəsaitlərin o cümlədən alimentlərin alınması qeyd olunduğundan qətnamə dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyindən (2x12x130)=3120) və iddia qismən təmin edildiyindən 22,30 (iyirmi iki manat, 30 qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki işə baxılması zamanı isə cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsinə əsas olan hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, məhkəmə belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “23” iyun 2015-ci ildə doğulmuş X5 və “03” mart 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşaq üçün hər ay sabit məbləğdə 130 (bir yüz otuz) manat olmaqla, ümumilikdə 260 (iki yüz altmış) manat miqdarında aliment alınıb iddiaçı İsmayılova (Əliyeva) Gövhər Vüqar qızına verilsin. Alimentin tutulmasının əvvəli “08” aprel 2021-ci ildən hesablansın. Qətnamənin alimentə dair hissəsi dərhal icra olunsun. Cavabdeh 22,30 (iyirmi iki manat, 30 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar