Məhkəmə qərarları › İş №2(090)-97/2024

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №2(090)-97/2024

29.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 2(090)-97/2024 29.03.2024 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Mən, Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlu, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinə, ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh hər aylıq qazanc və gəlirlərinin dörddə bir hissəsi xeyrinə tutulmaqla azyaşlı övladı X1 yetkinlik yaşına çatanadək, aliment şəklində ödənilməsini təmin edən qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, aşağıda göstərilənlərə görə iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələbinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. İddia ərizəsini nəzərdə keçirilən zaman onun yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməsi zəruri olan məlumatlardan biridir. İddiaçı isə sözü gedən prosessual sənəddə öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Həmçinin iddiaçının nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir ((149.2, 149.2.3, 149.2.4-1 və 149.2.5-ci maddələr) 09 iyul 2021-ci il tarixli, 363-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qəbul edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş əlavəyə əsasən). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələblərinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152 və 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı iddia ərizəsində yaşayış yerini Şahbuz rayonu, Mahmudoba kəndi göstərsə də, iş materialına əlavə edilmiş “Elektron Məhkəmə” İnformasiya Sistemində olan şəxsiyyət vəsiqəsi haqqında məlumatlara əsasən İddiaçı və Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvanları ünvan 1ri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi iddiaçı və cavabdehin yaşadığı yer üzrə verilmədiyi üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrində bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumunun geri qaytarılmalı olması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən "xxxx" ASCnin Şahbuz filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılılmalıdır. Eyni zamanda iddiaçının diqqətinə çatdırılır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Şərh olunanları əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə İddiaçı geri qaytarılsın. İddiaçı özünün və ya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Şahbuz filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə ödənilmiş 20 (iyirmi) manat miqdarında dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar