Azərbaycan Respublikası adından QƏTNAMƏ Şahbuz şəhəri İş № 2(090)-99/2022 06.07.2022 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı vəkalətli nümayəndəsi Nümayəndə1 və Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n е t d i: İddiaçı “10” may 2022-ci ildə Şahbuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)- 190/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək 12 sentyabr 2007-ci ildə doğulmuş X5 və 18 yanvar 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında uşağının xəstəliyi ilə əlaqədar iştirak edə bilməyəcəyini, mülki işin məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını, mülki işə atası Nümayəndə1 iştirakı ilə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Bunu nəzərə alan məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı atası-nümayəndəsi Nümayəndə1 tərəfindən təmsil edilmişdir. Məhkəmə baxışı iclasında iddiaçının vəkalətli nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, İddiaçı onun qızıdır, qızı ilə Cavabdeh 30 avqust 2005-ci il tarixdə rəsmi nikaha daxil olublar, onların nikahlarından 12 sentyabr 2007-ci il təvəllüdlü X5 və 18 yanvar 2014-cü il təvəllüdlü X6 doğulubdur, daha sonra Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsi ilə cavabdehlə onun qızı arasında olan nikah pozulubdur, uşaqları X5 və X3 qızı İddiaçı yanında qalıblar və hər uşağın saxlanılmasına 100 (bir yüz) manat miqdarında aliment pulu təyin edilibdir, nəvələri böyüyür qızı isə uşaqların artan tələbatlarını qarşılaya bilmir, tərəflərin böyük oğlu Rövşənin “serebral iflic xəstəliyindən əziyyət çəkir”, aldığı aliment pulunun uşağın müalicəsini qarşılamır, qızı isə uşağa baxdığı üçün heç bir yerdə işləmir, qızının aldığı aliment uşaqlarının tələbatlarını ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət ediblər, sonda Nümayəndə1 göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, nəvəsi Rövşən “iflic” xəstəsi olduğu üçün anası İddiaçı uşağa baxdığından məhkəmə iclasında iştirak edə bilmir, cavabdeh tərəf aliment artırılması əvəzinə arı ailəsi və bir neçə mal-qara vermələrini onlar qəbul etmirlər ona görə ki, onun nəvələri azyaşlıdırlar, nəvəsinin biri isə xəstədir, qızı isə onlara baxır və təsərrüfatla məşğul ola bilmir, əgər qızı təsərrüfatla məşğul ola bilsəydi onun özünün də təsərrüfatı vardır ona baxardı, aliment cavabdehin əmək haqqısından tutulacağı təqdirdə isə cavabdehin digər gəlirlərindən, məzuniyyət pulu, mükafatlarından da tutulacaqdır və hazırda ödədiyi alimentdən artıq aliment ödəyəcəkdir, sonda Nümayəndə1 göstərilənləri nəzərə alaraq iddiaların təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunvericiliklə müəyyən olunmuş rəsmi qaydada dəfələrlə məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinin məzmununa görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə Cavabdeh iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə Cavabdeh atası-nümayəndəsi Nümayəndə2 tərəfindən təmsil edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkalətli nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Cavabdeh onun oğludur, İddiaçı isə onun qardaşı qızıdır, oğlu ilə iddiaçı 2005-ci ildə ailə qurublar, onların Rövşən və İdris adlı uşaqları vardır, məhkəmənin qərarı ilə iddiaçıya hər ay 200 manat aliment ödəyir, oğlu Tofiq polis işləyir, aldığı maaşı özünü və alimenti ödəməyə ancaq ödəyir, onlar əvvəl də iddiaçı tərəfə təsərrüfatlarında olan arı ailəsi və bir neçə iribuynuzlu mal-qara vermələrini təklif ediblər, lakin iddiaçı tərəf qəbul etməyibdir, hal-hazırda da təklif edirlər, məhkəmə tərəfindən təyin edilən alimentin miqdarının dəyişdirilməsinə razı deyillər, sonda Nümayəndə2 göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 25 aprel 2022-ci il tarixli, M-214 nömrəli arayışa əsasən İddiaçı nümayəndəsi Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsi ilə 26 iyul 2018-ci il tarixdən hesablanmaqla 12 sentyabr 2007-ci il tarixdə anadan olmuş X2 və 18 yanvar 2014cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda hər uşağın saxlanılmasına 100 (bir yüz) manat miqdarında aliment pulunun alınıb İddiaçı verilməsi, qətnamənin alimentə aid hissədə dərhal icra olunması qət edilmişdir. İş materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 202693 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 14 may 2019-cu il tarixdə ləğv edilmiş, bu barədə nikahın ləğvi edilməsi haqqında akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ seriyalı, 163563 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 12 sentyabr 2007-ci ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon Keçili kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı, 168801 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 18 yanvar 2014-cü ildə doğulmuş, doğum haqqında şəhadətnamənin ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Şahbuz rayon İcra Hakimiyyəti Keçili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 25 aprel 2022-ci il tarixli, 239 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şahbuz rayonunun Keçili kəndində pasport qeydiyyatında dayanmaqla həmin ünvanda yaşayır. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumata əsasən Cavabdeh Şahbuz rayonu Keçili kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi Maliyyə və Təminat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, 8/2080 nömrəli məktubu ilə müəyyən olunur ki, Cavabdeh 2016-cı ildən daxili işlər orqanlarında xidmət edir və hal-hazırda X4 Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis nəfəri vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği isə vergilər çıxdıqdan sonra 620.82 (altı yüz iyirmi manat, 82 qəpik) manat təşkil edir. Məhkəmə iddiaçı və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iddiaçının ərizəsini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını və toplanmış sübutları tədqiq edib, onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 12 sentyabr 2007-ci ildə doğulmuş X5 və 18 yanvar 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarına əlavə edilmiş Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, 26 iyul 2018-ci il tarixdən hesablanmaqla 12 sentyabr 2007-ci il tarixdə anadan olmuş X2 və 18 yanvar 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh ayda hər uşağın saxlanılmasına 100 (bir yüz) manat miqdarında aliment pulunun alınıb İddiaçı verilməsi, qətnamənin alimentə aid hissədə dərhal icra olunması qət edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19cu maddəsində əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Odur ki, qazancının olub-olmamasından və ya qazancının məbləğindən asılı olmayaraq cavabdeh uşağın yaşayışı üçün zəruri olan xərclərinin minimum səviyyədə ödənilməsi üçün məsuliyyət daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitinin təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir: - aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Məhkəmə, alimenti qazancın (gəlirin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. Qanunvericinin yuxarıda göstərilən maddədə müəyyən etdiyi əsas şərtlərdən biri də ondan ibarətdir ki, alimentin sabit məbləğində tutulması yalnız uşaqların saxlanılması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət edən şəxsin tələbi əsasında mümkündür. Yəni qanunverici məhkəməyə alimentin sabit pul məbləğində tutulmasını öz təşəbbüsü əsasında, yaxud cavabdehin vəsatəti əsasında həll etmək hüququnu verməmişdir. Göründüyü kimi, Ailə Məcəlləsinin qeyd olunan normaları alimentin tutulması qaydasını imperativ formada müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, 12 sentyabr 2007-ci ildə doğulmuş X5 və 18 yanvar 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı iddia tələbində alimentin cavabdehin aylıq qazancının müəyyən bir hissəsi kimi tutulmasını xahiş etmişdir. Cavabdeh isə hal-hazırda X4 Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis nəfəri vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği isə vergilər çıxdıqdan sonra 620.82 (altı yüz iyirmi manat, 82 qəpik) manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 12 sentyabr 2007-ci ildə doğulmuş X5 və 18 yanvar 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tutulacaq dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə müvafiq olaraq, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olduqlarına görə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə müvafiq olaraq, iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmələrin məcmusu ilə müəyyən edildiyinə görə və Cavabdeh aylıq gəlirlərinin 620.82 manat təşkil etdiyini nəzərə alınaraq (620.82/3*12=2483,30 manat, (24xx.xx- 1000=1488,3*1%=14.83+30=44.83)) 44,83 manat (qırx dörd manat, səksən üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Şahbuz Rayon Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli, 2(090)-190/2018 nömrəli qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarı dəyişdirilərək, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, 12 sentyabr 2007-ci ildə doğulmuş X5 və 18 yanvar 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 44,83 manat (qırx dörd manat, səksən üç qəpik) manat miqdarında dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.
Məhkəmə qərarları › İş №2(090)-99/2022
Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qətnamə — İş №2(090)-99/2022
06.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver