Məhkəmə qərarları › İş №2(094)-139/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-139/2025

13.05.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-139/2025 13.05.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış 16 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən tam mülkiyyət hüququ ilə onun mülkiyyətində olmuşdur. Həmin mənzili 16 mart 2022-ci il tarixdə 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh bağışlamışdır. Bağışlama müqaviləsinin bağlanmasına səbəb isə oğlu Cavabdeh ona dəfələrlə təzyiq göstərməsi, ona qarşı zorakılıq edərək əl qaldırması, mənzili ona bağışlamağa məcbur etməsi olmuşdur. Aralarında yaranmış münaqişələrə və mübahisələrə son qoymaq məqsədi ilə ünvan 1 ünvanında yerləşən mənzili oğlu Cavabdeh bağışlamışdır. Lakin ünvan 1 ünvanında yerləşən mənzilə dair bağışlama müqaviləsi bağlandıqdan bir müddət sonra, cavabdehin və ailə üzvlərinin ona qarşı münasibəti dəyişmiş, onu yaşadığı, cavabdehə bağışladığı ünvan 2 ünvanında yerləşən mənzildən qovmağa başlamışdır. Cavabdeh və arvadı dini mənsubiyyəti vəhabi təriqətinə aid olduğundan, yaşadığı evdə mütəmadi olaraq dini məclislər təşkil edir, evə tanımadığı insanları, müxtəlif vaxtlarda qadınlar və kişiləri dəvət edərək, ona məlum olmayan işlərlə məşğul olurlar. O isə tanımadığı insanların onların yaşadığı evə gəlməsinə etirazını bildirdikdə, evin ona məxsus olduğunu bildirərək, onu evdən qovur. O, öz evində yaşadığı otaqdan çölə çıxa bilmir. Mətbəxdən sərbəst şəkildə istifadə edə bilmir. Cavabdeh və ailə üzvləri, gəlini və nəvələri onu nəlayiq sözlərlə söyüb təhqir edərək, onu yaşadığı evdən qovur. ünvan 1 ünvanında yerləşən mənzilə dair bağışlama müqaviləsi bağlandıqdan sonra, cavabdeh öz istəyinə nail olmuş və onu evdən qovaraq, hal-hazırda yaşadığı evə buraxmır. Onun isə yaşamağa başqa heç bir yaşayış sahəsi yoxdur. Mülkiyyətində olan yeganə mənzili cavabdehə bağışlamağı nəticəsində ağır vəziyyətə düşmüşdür. Onun isə yaşamağa başqa yaşayış sahəsi yoxdur. Hazırda mənzilin bağışlama müqaviləsi əsasında bağışlanması onun hüquqlarını pozur. Belə ki, onun hal-hazırda mənzilə daha çox ehtiyacı vardır. Bağışlama müqaviləsi bağlanmazdan əvvəl Cavabdeh ilə ailə münasibətlərinin normallaşacağını düşündüyündən, xüsusi mülkiyyətində olan mənzilini oğluna bağışlamışdır. Lakin Cavabdeh həmin evi və mənzili ələ keçirərək, onu da evdən qovmaq niyyətinin olması səbəbindən vəd verildikdən sonra onun hədiyyə verən olaraq əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdirdiyindən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Qeyd olunanlara əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanmasına dair 5 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Ofisində bağlanmış 16 mart 2022-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsi etibarsız hesab edilməli və ünvan 1 ünvanında yerləşən mənzilin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, əvvəllər Cavabdehla münasibəti yaxşı olduğuna görə bağışlama müqaviləsini imzalamışdır. Hazırda cavabdehlə münasibəti pozulmuş, bu səbəbdən də bağışlama müqaviləsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 tam hissə, 39,17 kv/m, 2 otaq oğlu Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı ******* N-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı 5 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi, ev 58, 2 saylı mənzili bağəşlamaq istədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* N-li xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, X4, X3, X2 ünvan 3 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməmişlər. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh Notariat ofisinə müraciət edərək, 16 03 2022-ci il tarixli, 4Ə-473 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsi əsasında əldə etdiyi BAKİ ŞƏHƏRİ, PİRALLAHİ RAYONU, PİRALLAHİ QƏSƏBƏSİ, ƏZİZBƏYOV KÜÇƏSİ, EV 58, MƏNZİL 2 ÜNVANİNDA yerləşən mənzilə dair sənədi 10 (on ) iş günü ərzində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakına dövlət reyestrindən elektron çıxarış əldə etməyi üçün sistem vasitəsi ilə ərizənin DƏDRX-ə otürülməsini təmin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh “bağışlama müqaviləsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilərək, fərdi yaşayış evinin onun mülkiyyətinə geri qaytarılması” barədə bildiriş göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Əsas Azadlıqların müdafiəsi haqqında X1 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla Beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.2-ci maddəsinə görə Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 346.1-ci maddəsinə görə Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən Müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Həmin Məcəllənin 673.3-ci maddəsinə əsasən İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 3 İddiaçı mülkiyyətində olmuşdur. Bağışlanma müqaviləsinə əsasən İddiaçı ünvan 3 oğlu Cavabdeh bağışlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına əsasən

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Plenumun Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 346.1-ci maddəsi fiziki şəxslərin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi vəziyyəti ilə bağlıdır. Belə ki, fiziki şəxsin anlaqlılığını müvəqqəti, keçici olaraq itirməsi həmin şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab olunmasına hüquqi əsas vermir. Lakin anlaqlılığını müvəqqəti itirən şəxs fəaliyyət qabiliyyətli hesab olunsa da, Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, əqdin bağlanması zaman anlaqlılığın olmamasının sübuta yetirilməsi ilə həmin əqdin etibarsızlığının məhkəmə qərarı ilə təsdiq edilməsi imkanı nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, əqd iradəvi akt olduğundan etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığını müəyyən edən 346.1-ci maddəsi də məhz bu mövqedən şərh edilməlidir. Qeyd olunan maddə ilə fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsızlığının onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin tələbi ilə məhkəmə qaydasında təsdiq oluna bilməsi nəzərdə tutulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, anlaqlılığın itməsinin daimi və ya müvəqqəti xarakter daşımasından asılı olmayaraq, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd iradəyə əsaslanmadığından, bağlandığı andan etibarsızdır. Əks yanaşma əqd anlayışının hüquqi mahiyyətinə zidd olmaqla, əqd əsasında yaranan münasibətləri tənzimləyən mülki hüquq norma və prinsiplərinin pozulmasına səbəb olar. Bundan başqa Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsi bağışlama müqaviləsinin etibarsızlığından ibarətdir. İddia ərizəsinin məzmunundan, habelə məhkəmə iclasında iddiaçı ifadə vermiş çıxışında gətirdiyi dəllilərdən müəyyən olunmuşdur ki, iddiaçı notariat orqanına gedərkən aldadılmamış, o, həmin vaxt öz hərəkətlərinin mənasını başa düşmüş və onlara rəhbərlik edə bilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, MM-in 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir vəbu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır.Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır. Mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminatəldə edilməsi ilə bağlı olmamalıdır. MM-in 670.1-ci maddəsinə görə bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Yəni bu növ müqavilələr müəyyən öhdəliklə şərtləndirildiyi halda belə, hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığının mövcud olması müqavilənin bağlanmış hesab olunması üçün vacibdir. Bağışlama müqaviləsi üzrə öhdəlik hədiyyə verəndə yaranır və hədiyyə predmetinin hədiyyə alana verilməsində ifadə olunur. Müqavilə üzrə hüquq və vəzifələrin icra edilməsi halları qeyri-müəyyənlik əlamətinə malik olduqda bağışlama müqaviləsi şərtlərlə bağlanmış müqavilə hesab edilir. Əgər şərt kimi qaçılmaz (labüd) olaraq yaranacaq hal göstərilmişsə, belə müqavilə şərtli bağışlama müqaviləsi hesab edilə bilməz. Bu əvvəlcədən bəlli olan, müəyyən vaxtdan hədiyyəni bağışlamaq vədini özündə əks etdirən sadə şərtsiz bağışlama müqaviləsidir. MM-in 670.3-cü maddəsinə əsasən bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. MM-in 673.1-ci maddəsində qeyd edilən“bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Məhkəmə iddiaçının dəlillərinə qiymət verərək qeyd edir ki, xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666- 667-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr notarius tərəfindən tərəflərə izah edilmişdir və iddiaçı bununla bağlı qeyd etməklə imza etmişdir. Həmçinin bağışlanma müqaviləsindən görünür ki, bağışlanma müqaviləsi bağlanarkən hədiyə alan tərəfindən hər hansı bir öhdəliklərin icrası ilə məhdudlaşdırılmamışdır. Bundan başqa mülki işin materiallarından göründüyü kimi ünvan 3 İddiaçı tərəfindən Cavabdeh bağışlanmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi bağışlamadan imtina ilə bağlı mübahisələr üzrə xüsusi iddia müddəti, yəni bir illik iddia müddəti tətbiq edilir. İşin faktiki hallarından da görünür ki, bağışlanma müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Hazırkı tələblə iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. Bu da öz növbəsində iddiaçı tərəfindən imtina ilə bağlı məhkəməyə müraciət etmək üçün nəzərədə tutulmuş xüsusi iddia müddətini ötürmüşdür. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı İddiaçı Cavabdeh qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi” barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar