Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-209/2023 25.07.2023 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərə cəlb edilmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment və əlavə xərclərə cəlb edilmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında xx.xx.2003-cü ildə nikah qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2004-cü il tarixli X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İlk başda cavabdehlə aralarında normal ailə münasibətləri mövcud olsa da, sonradan pisləşmişdir. Cavabdeh bir ailə başçısı, ər və ata kimi üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməməkdədir. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrı yaşamaqdadırlar. Aralarındakı münasibətlərin kəskin pisləşməsi səbəbindən cavabdeh övladlarının maddi və mənəvi təminatını da qarşılamaqdan imtina etməkdədir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Böyüdükcə uşaqlarda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh heç bir diqqət və qayğı göstərmir. Övladlarından biri orta məktəbdə, digəri isə ali məktəbdə ödənişli əsaslarla təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Eyni zamanda, övladı X5 orta məktəbdə 10-cu sinifdə oxumaqdadır. Hazırda ali məktəbə hazırlaşır və 5 fənn üzrə təxminən 300 manat məbləğində repetitor xərclərini o qarşılamaqdadır. Göründüyü kimi, övladının yaşamaq üçün minimum dolanacaq xərci hesab edilən 220,0 manat onun təhsil xərcini belə tam qarşılamır. Hesab edir ki, övladı X3 tam təminatlı böyüməsi üçün 600,0 manat məbləğində aliment cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. Birgə nikahdan olan digər övladı X2 Universitetində ödənişli əsasla təhsil alır və illik 600,0 manat məbləğində təhsil haqqını o qarşılamaqdadır. Aylıq əmək haqqından 500,0 manat hazırda faktiki olaraq ayrı yaşadığı kirayə mənzilə kirayə haqqı olaraq ödəməkdədir. Göründüyü kimi tək ana olaraq aylıq əmək haqqı ilə övladlarının təhsil xərcini, eləcə də övladlarının yaşadığı mənzilin kirayə haqqını və digər zəruri xərclərini qarşılamaq iqtidarında deyil. Bu səbəbdən də, cavabdehdən övladının təhsil xərci və digər zəruri xərclərinin ödənilməsi üçün əlavə xərclərə cəlb edilməsini və ondan aylıq 200,0 manat məbləğində əlavə xərcə dair vəsaitin onun xeyrinə tutulmasının təmin edilməsini xahiş edir. İddiaçı sonradan tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlə birgə nikahından dünyaya gələn X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 600,0 manat aliment və əlavə xərclərə görə 220,0 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, iddiaçı ilə birgə nikahlarından xx.xx.2004-cü il tarixli X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Xədicə yetkinlik yaşına çatmışdır. xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 600,0 manat aliment və əlavə xərclərə görə 200,0 manat ödəməyə razıdır. Bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2004-cü il tarixli X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə birgə nikahından xx.xx.2004-cü il tarixli X4 və xx.xx.2007-ci il təvəllüdlü X5 adlı övladları olmuşdur. X4 yetkinlik yaşına çatmışdır. Tərəflərin birgə nikahından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqları X5 hal-hazırda iddiaçının himayəsindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanmaları üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Həmçinin, cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, iddiaçıdan uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, cavabdehin iddianı qəbul etməsini və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay 600,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddia tələbinin xx.xx.2007-ci il təvəllüdlü X3 əlavə xərcləri ilə əlaqədar 200,0 manat sabit pul məbləğində alimentin tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdeh həmin hissədə iddianı qəbul edərək, ondan azyaşlı uşağının əlavə xərclərinə görə pul vəsaitinin tutulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.3-ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni vəəsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnaməçıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 600,0 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 200,0 manat tutulub İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 600,0 manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 200,0 manat tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov
Məhkəmə qərarları › İş №2(094)-209/2023
Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-209/2023
25.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver