Məhkəmə qərarları › İş №2(094)-374/2025

Pirallahı Rayon Məhkəməsi Qətnamə — İş №2(094)-374/2025

18.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(094)-374/2025 18.12.2025 PİRALLAHI RAYON MƏHKƏMƏSİ X6 Adil oğlunun sədrliyi, Əbilov Ülvi Adişirin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavanbdeh Cavabdeh hər ay 246,0 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Son vaxtlar cavabdehlə münasibətləri pisləşmişdir. O, ailəsinin qayğısna qalmır, uşağı ilə maraqlanmır. 2 ay olar ki, ayrı yaşayırlar. O özü evdar qadındır, təkbaşına uşağın ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Daha sonra Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə xx.xx.2019-cu ildə faktiki nikaha daxil olaraq ailə qurmuşdurlar. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X4 anadan olmuşdur. Son vaxtlar cavabdehlə münasibətləri pisləşmişdir. O, ailəsinin qayğısna qalmır, uşağı ilə maraqlanmır. 2 ay olar ki, ayrı yaşayırlar. O özü evdar qadındır, təkbaşına uşağın ehtiyaclarını ödəmək onun üçün çox çətindir. Övladının atası Cavabdeh SOCAR-da çalışırdı. 1500,0 manata yaxın əmək haqqı alırdı. Təminatı yüksək səviyyədə idi. Son zamanlar münasibətləri kəskin pisləşmişdir. Boşanacaqlarını eşidəndə gedib işdən çıxıb ki, o ondan çox aliment ala bilməsin. Övladının nənəsinin özünün 5 evi var. Təminatları yüksək səviyyədədir. Övladının atasının adına evi vardır. Yuxarıda göstərilənlərəə əsasən, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Niyaxz oğlundan hər ay 500,0 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinin qismən təmin olunmasına etiraz etmədi. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı 22 saylı Mediasiya təşkilatı ilkin İMS-dan iştirak edilməməsi barədə MŞB/22/2025-00030 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Kərimov X3 prosesində iştirak etməmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladı olmuşdur. Birgə nikahlarından anadan olmuş uşaq hal-hazırda iddiaçının himayəsindədir və o, uşağa tək başına qulluq edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Lakin tələb edilən alimentin məbləği iddia tələbində qeyd edilən məbləğdə müəyyən edilməməlidir. Belə ki, iddiaçı uşağın saxlanılması üçün bir uşaq üçün 500,0 manat aliment tələb etsə də, cavabdehin bunun ödənilməsi üçün zəruri vəsaitə malik olmasına dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Uşağın saxlanmasının hər iki valideynin borcu olmasını nəzərə almaqla məhkəmə hesab edir ki, göstərilənlər ümumilikdə cavabdehin uşağının saxlanılmasında, dəyişən şərait və istehlak qiymətlərinin mövcud vəziyyəti, uşağın böyüdükcə artan tələbatları nəzərə alınmaqla getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etməsə də, bütün qeyd edilənlərə əsasən cavabdehdən hər ay bir uşağın saxlanılması üçün 246,0 manat sabit pul məbləğində alimentin tutulması ədalətli və ağlabatandır. Belə ki, Azərbaycan Respublikası AM-nin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli 15 nömrəli Qərarı ilə "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: "8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir)." Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə tərəflərin nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay bir uşaq üçün 246,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246,0 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay bir uşaq üçün 246,0 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400,0 manatdır. Qeyd olunan 246,0 manat məbləğ göstərilən 400,0 manat minimum əmək haqqı məbləğinin (246:400) 0,61 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2025-ci il tarixdən başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,61 misli həddində sabit pul mələğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən,“Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1). Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır” (maddə 218.3). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,61 misli həddində sabit pul mələğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş əmək haqqının 0,61 misli (246:400=0,61) həddində sabit pul mələğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Faiq Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar