Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1020/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: şəxsiyyət hüququnun müdafiəsi, mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Iddiaçı * saylı Vəkil Bürosunda vəkil köməkçisi vəzifəsində işləyir, cavabdeh iddiaçının bacısının əri olmuşdur.
2. Cavabdeh 2024-cü ildə iddiaçı barəsində Azərbaycan Respublikası DIN-in “102” xidmətinə Vəkillər Kollegiyasına və hüquq-mühafizə orqanlarına şikayətlər göndərmiş, şikayət ərizələrində iddiaçının “marixuana istifadəçisi” və “evində odlu silah saxlayan şəxs” olduğuna dair ifadələr işlətmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh onun barəsində həqiqətə uyğun olmayan, şər və böhtan xarakterli məlumatlar yaymaqla işgüzar nüfuzuna və reputasiyasına xələl gətirmiş, ona mənəvi iztirablar yaşatmışdır; buna görə də 10000 manat mənəvi ziyanın və ödənilmiş 120 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddiaçı işin faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə cavabdeh onun bacısının işlədiyi klinikaya gələrək əsassız mübahisələr yaratmış, AR DIN-in “102” xidmətinə zəng edərək onun barəsində şikayət etmiş, polis əməkdaşlarının klinikaya gəlməsi nəticəsində iddiaçı şöbəyə aparılmış, cavabdeh isə polis şöbəsində onu narkotik istifadəçisi kimi şər-böhtanla ittiham etmiş və əsassız olaraq narkoloji müayinəyə göndərilməsinə nail olmuşdur; müxtəlif tibb müəssisələrinin fərqli nəticələri olmasına baxmayaraq iddiaçı barəsində inzibati xəta protokolu tərtib edilmiş, daha sonra məhkəmə tərəfindən iş üzrə icraata bəraətverici əsasla xitam verilmişdir. Bundan əlavə, cavabdeh iddiaçı barədə Vəkillər Kollegiyasına və hüquq-mühafizə orqanlarına əsassız şikayətlər etmiş, onu narkotik istifadəçisi və silah saxlayan şəxs kimi təqdim etməklə işgüzar nüfuzuna xələl gətirmiş, nəticədə iddiaçıya intizam tənbehi verilmiş, iş yerində təzyiqlərlə üzləşmiş və mənəvi zərərə məruz qalmışdır.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Əfəndizadə Mehriban) iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin materialları və toplanmış sübutların məcmusu ilə cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı barəsində müxtəlif dövlət orqanlarına, məhkəmələrə və digər təşkilatlara ünvanlanmış şikayət ərizələrində “marixuana istifadəçisi” və “evində odlu silah saxlayan şəxs” kimi iddiaların irəli sürüldüyü, həmin məlumatların isə məhkəmə baxışı zamanı öz təsdiqini tapmadığı müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən yayılmış bu məlumatlar iddiaçının şərəf və ləyaqətinə, işgüzar nüfuzuna mənfi təsir göstərmiş, nəticə etibarilə onun mənəvi sarsıntı keçirməsinə səbəb olmuşdur.
7. Eyni zamanda məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehin müraciətləri hüquqlarının müdafiəsi məqsədindən kənara çıxaraq hüquqdan sui-istifadə xarakteri daşımış, iddiaçıya zərər vurmaq niyyəti ilə həyata keçirilmişdir. Buna görə də iddia tələbi qismən əsaslı hesab edilərək cavabdehdən 1000 manat məbləğində mənəvi zərərin əvəzi və 30 manat dövlət rüsumunun tutulmasına dair, iddianın qalan hissəsində isə təmin edilməməsinə dair qətnamə qəbul olunmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci və 77.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü və 57-ci maddələrində təsbit olunmuş hüquq və vəzifələr balansına istinad etmiş, həmçinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli * saylı Qərarını və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” # ###### 2008-ci il tarixli Qərarı, eləcə də delikt öhdəliklərini tənzimləyən ümumi normalara istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Iddiaçı İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə qarşı verilən etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, cavabdehin hərəkətləri nəticəsində o ciddi psixoloji stress, mənəvi sarsıntı keçirmiş, iş yerində nüfuz itirmiş, cəmiyyət qarşısında reputasiyası zədələnmişdir. Bu hallar məhkəmədə təqdim edilmiş sübutlarla təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətlərinin davamlılığını, mənəvi ziyanın ağırlığını və doğurduğu nəticələri yetərincə qiymətləndirməmiş, nəticədə mənəvi zərərin məbləğini həddindən artıq az – cəmi 1000 manat müəyyən etmişdir. Bu məbləğ çəkdiyi mənəvi ziyana uyğun deyil.
11. Cavabdeh də həmçinin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı təqdim etdiyi etirazın məzmununa uyğun əsaslandıraraq bildirmişdir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verməmiş və tətbiq edilməli olan prosessual hüquq normasını tətbiq etməmişdir. Onun fikrincə, məhkəmə şəxsin narkotik vasitə istifadəçisi olmaması barədə nəticəyə mövcud sübutlar əsasında deyil, ehtimal və mülahizələrə əsaslanaraq gəlmişdir. Belə ki, Respublika Narkoloji Mərkəzinin ##.##.2024-cü il tarixli **** nömrəli rəyi və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2024-cü il tarixli ****/K nömrəli ekspert rəyi onun narkotik vasitə istifadəçisi olduğunu təsdiq etdiyi halda, ##.##.2024-cü il tarixdə “Sağlam Ailə” Tibb Mərkəzində və ##.##.2024-cü il tarixdə “Referans” Klinikasında aparılmış analizlərdə THC və digər göstəricilərin neqativ olması məhkəmənin gəldiyi nəticənin əsaslılığına şübhə yaratmışdır. Cavabdeh qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi əlavə məhkəmə-tibbi ekspertizanın nəticəsində də İddiaçı narkotik vasitə istifadəçisi olduğu müəyyən edilmiş, lakin buna baxmayaraq məhkəmə ekspertiza rəyinə deyil, özəl tibb müəssisələrinin rəylərinə üstünlük verərək qərar qəbul etmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Bəhrəmzadə Sabit (sədrlik edən və məruzəçi), Səmədov Rəşid və Mərdanova Xumar) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddianın təmin edilməməsi qət edilmişdir.
14. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə sübutlara tam və obyektiv qiymət verməmişdir.
15. Kollegiya qeyd etmişdir ki, iddiaçı mənəvi zərərin əvəzinin ödənilməsini cavabdehin onun barəsində müxtəlif dövlət orqanlarına və təşkilatlara “marixuana istifadəçisi” olması barədə həqiqətə uyğun olmayan məlumatlar yayması ilə əsaslandırsa da, cavabdeh həmin məlumatları şəxsi mülahizələrinə deyil, səlahiyyətli tibb müəssisələri tərəfindən verilmiş ekspert rəylərinə əsaslanaraq yaydığını bildirmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan Respublika Narkoloji Mərkəzinin ##.##.2024-cü il tarixli rəyi və Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ##.##.2024-cü il tarixli ekspert rəyinə istinad edərək müəyyən etmişdir ki, iddiaçının bioloji nümunələrində kannabinoidlər və THC aşkar edilmiş, bu hallar müvafiq ekspertiza sənədləri ilə təsdiq olunmuşdur.
17. Kollegiya vurğulamışdır ki, şərəf və ləyaqətin müdafiəsi ilə bağlı mübahisələrdə yayılan məlumatların həqiqətə uyğun olub-olmaması mühüm əhəmiyyət daşıyır və cavabdeh tərəfindən yayılmış məlumatların doğruluğu iş materiallarındakı ekspert rəyləri ilə təsdiq edildiyindən həmin məlumatların böhtan və ya həqiqətə uyğun olmayan məlumat kimi qiymətləndirilməsi mümkün deyildir.
18. Bu səbəbdən apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehin hüquqmühafizə orqanlarına və digər qurumlara etdiyi müraciətlər mövcud rəsmi ekspert rəylərinə əsaslandığından onun hərəkətlərində iddiaçının şərəf və ləyaqətini qanunsuz şəkildə ləkələmək niyyəti müəyyən edilməmişdir. Nəticə etibarilə, cavabdehdən mənəvi zərərin tutulması üçün hüquqi əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, cavabdehin apellyasiya şikayəti təmin olunaraq iddia rədd edilmişdir.
19. Məhkəmə öz mövqeyini şərəf və ləyaqətin müdafiəsinə dair qanunvericiliyin müddəalarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Qərarında verilmiş hüquqi izahlara, Mülki Məcəllənin 23.1, 23.2, 23.4, 1096.1, 1096.2, 1097.1 maddələrinə, həmçinin Inzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə və iş materiallarında olan ekspert rəylərinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar 2.7.2. Vəkillik qurumu tərkibində nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyulur.
22. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarı: 2.2.5. Şəxsin şərəfinin və işgüzar nüfuzunun ləkələnməsi onun barəsində həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, təhqiramiz ifadə və hərəkətlərin yayılması ilə şərtləndirildiyi halda, ləyaqətin alçaldılması üçün belə məlumatların, ifadələrin və hərəkətlərin üçüncü şəxslərin iştirakı olmadan da bilavasitə həmin şəxsə bildirilməsi və ya edilməsi yetərli hesab edilir. Odur ki, yayılma halı olmadıqda da, həqiqətə uyğun olmayan alçaldıcı məlumatların, habelə təhqiramiz ifadələrin ünvanlandığı şəxsə bildirilməsinin və ya hərəkətlərin edilməsinin sübuta yetirilməsi, sonuncunun ləyaqətinin alçaldılması qənaətinə gəlinməsi üçün yetərlidir. 2.2.6. Bu baxımdan məhkəmələr şərəfin və işgüzar nüfuzun müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalıdırlar: məlumatın, ifadənin və ya hərəkətin şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsi; məlumatın doğru olmaması; yayılmanın mövcudluğu. Ləyaqətin alçaldılması ilə bağlı işlərə baxılarkən isə yayılmanın mövcudluğunun araşdırılması istisna edilir. Bununla yanaşı, qiymətləndirmə həyata keçirilərkən bu qərarın 4.24-cü bəndində qeyd edilən əməlin hüquqazidliyini aradan qaldıran halların mövcudluğu da araşdırılmalıdır. 2.2.7. Odur ki, şərəfin və işgüzar nüfuzun müdafiəsini tələb edən iddiaçı məlumatların, ifadələrin və ya hərəkətlərin cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə yalnız məlumatlara münasibətdə onların həqiqətə uyğun olduğunu sübut etməlidir. 2.2.8. Şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatlar dedikdə, şəxsiyyətini alçaldan və həqiqətə uyğun olmayan yazılı (mətn, şəkil, karikatura, audio, video və s.), habelə şifahi informasiyalar başa düşülür. Işgüzar nüfuzu ləkələyən məlumatlar dedikdə isə bu qərarın 2.3.5-ci bəndində göstərilən məlumatlar başa düşülür. Hər hansı məlumatın şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün sadalanan iki şərt birlikdə mövcud olmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmadan və təqdim olunan sübutlara səthi qiymət verərək yanlış nəticəyə gəlmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamə maddi hüquq normalarının düzgün tətbiq edilməməsi və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinin, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarının hüquqi mövqelərini nəzərə almamışdır. Qərarın 2.3.1-ci bəndinə əsasən vəkillər və digər peşə fəaliyyəti ilə məşğul olan şəxslər işgüzar nüfuzlarının ləkələnməsi halında mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. Hazırkı işdə iddiaçı vəkil köməkçisi vəzifəsində çalışmışdır və cavabdeh tərəfindən yayılmış məlumatlar nəticəsində onun barəsində Vəkillər Kollegiyasına şikayət edilmiş, iş yerində mənfi rəy formalaşmış, nəticədə ona intizam tənbehi verilmiş və iş yerini itirmişdir. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçı barəsində müxtəlif dövlət orqanlarına və qurumlara həqiqətə uyğun olmayan və onun işgüzar nüfuzuna xələl gətirən məlumatlar yayılmışdır. Bu məlumatlar iddiaçının peşə fəaliyyəti ilə bağlı reputasiyasına birbaşa təsir göstərmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmin halları lazımi hüquqi qiymətləndirmədən keçirməmiş və nəticədə şəxsiyyət hüquqlarının müdafiəsinə dair hüquqi prinsipləri düzgün tətbiq etməmişdir. Bu hallar iddiaçın ın işgüzar nüfuzuna ciddi zərər vurulduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi bu faktları nəzərə almamışdır və nəticədə mülki prosessual qanunvericiliyin də qeyd edilən normaları pozulmuşdur
24. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” qərarının 2.2.5, 2.2.6, 2.2.7, 2.2.8-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki prosessual məcəlləsinin 76.1-ci, 76.2, 87.1, 87.2, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı cavabdeh Cavabdeh tərəfindən etiraz daxil olmuş, iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar verilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
“Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası
26. Maddə 10. Fikri ifadə etmək azadlığı 1.Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
Azərbaycan Respublikası Konstitusiyası
27. Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
28. Maddə 47. İ. Hər kəsin fikir və söz azadlığı vardır.
29. Maddə 71. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin; 23.4-ci maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Şəxsiyyət hüquqlarinin müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli Qərarı
2.2.4. Işgüzar nüfuz – fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. 2.3.3. Hüquqi şəxslərdən fərqli olaraq, fərdi sahibkarlar, habelə vəkillər, notariuslar, auditorlar, qiymətləndiricilər, elm, tədris və sair peşə sahibləri də işgüzar nüfuzlarını ləkələyən məlumatların yayılmasına görə mənəvi zərərin kompensasiyasını tələb etmək hüququna malikdirlər. 2.3.4. Işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı, sahibkar statusunu əldə etdiyi və ya hüquqi şəxs kimi dövlət qeydiyyatına alındığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır. Belə ki, hər hansı subyektin müəyyən müddət ərzində müxtəlif sahələrdə biznes və ya digər peşəkar fəaliyyətlə məşğul olması, yerli və xarici bazarlarda tanınması, ticarət dövriyyəsinə malik olması, müvafiq əmtəə nişanları adı altında məhsullar istehsal etməsi, işlər görməsi, xidmətlər göstərməsi, biznes reytinqlərində yer tutması, həmin subyekt barədə çoxsaylı müsbət xarakterli tərəfdaş və müştəri rəylərinin, nəşrlərin mövcudluğu onun işgüzar nüfuzunu formalaşdırmış olur. 2.3.5. Işgüzar nüfuzu ləkələyən məlumatlar - üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlmiş və həqiqətə uyğun olmayan məlumatlardır. Bu baxımdan qeyd edilməlidir ki, hər hansı məlumatın işgüzar nüfuzu ləkələyən hesab edilməsi üçün sadalanan bu iki şərt birlikdə mövcud olmalıdır. 2.3.6. Bu məlumatlar bir qayda olaraq aid olduğu fiziki və ya hüquqi şəxs tərəfindən qanunvericiliyi pozmasına, sui-istifadə hallarına, haqsız rəqabətə yol verməsi, sahibkarlıq fəaliyyəti ilə əlaqədar biznes tərəfdaşlarının və istehlakçıların hüquqlarının və maraqlarının, işgüzar davranış qaydalarını pozması kimi mənfi xarakterli informasiya hesab olunur. 2.3.10. Işgüzar nüfuzun pozulması sahibkarlıq subyektinin rəqabət səviyyəsinin aşağı enməsi, investisiyaların, ticarət dövriyyəsinin, müştərilərin və (və ya) istehlakçıların sayının azalması, biznes tərəfdaşları tərəfindən bağlanılması nəzərdə tutulan əqdlərin rəsmiləşdirilməsindən, yaxud bağlanılmış müqavilələrin icrasından imtina olunması, maliyyətəsərrüfat göstəricilərinin pisləşməsi, tenderlərdən kənarlaşdırılma və maddi zərərlə səciyyələnən digər mənfi nəticələrə səbəb ola bilər. 2.3.11. Vurulmuş maddi zərərin qiymətləndirilməsi baxımından iddiaçı öz tələblərini əsaslandırmaq üçün məlumatların yayılmasını və bunun nəticəsində iddiaçının işgüzar nüfuzunun ləkələnməsini təsdiq edən sübutlarla yanaşı, bu məlumatların yayılması səbəbindən onun real zərər və ya əldən çıxmış fayda formasında maliyyə itkilərinə məruz qaldığını təsdiq edən sübutları da (müxtəlif illər üzrə olan göstəriciləri müqayisə etməyə imkan verən maliyyə-mühasibatlıq sənədləri, vergi hesabatları, audit rəyləri, biznes tərəfdaşları və müştərilərlə yazışmalar və s.) işə baxan məhkəməyə təqdim etməlidir. 2.3.12. Həqiqətə uyğun olan məlumatların yayılması isə işgüzar nüfuzun ləkələnməsinə səbəb olmasa da, bu hal qanunla qorunan kommersiya və peşə sirri kimi digər qeyri-əmlak hüquqlarına hüquqazidd müdaxilə hesab olunduğu və ya haqsız rəqabətlə nəticələndiyi halda, həmin hüquqların müdafiəsi ilə bağlı məlumatların silinməsi, reklam yayımının qadağan edilməsi, maddi zərərin tutulması, habelə fiziki şəxslərə münasibətdə mənəvi təzminat tələbindən istifadə oluna bilər.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
33. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
34. Azərbaycan Respublikasının Konstitusiyası və qoşulduğu beynəlxalq müqavilələrlə hər bir kəsin fikir və söz azadlığı, o cümlədən hər bir şəxsin şərəf və ləyaqəti, işgüzar nüfuzu dövlət tərəfindən eyni dərəcədə müdafiə olunaraq nəzərdə tutulur ki, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün ifadə azadlığı məhdudlaşdırıla bilər. ( Insan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi)
35. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehin şikayət ərizələrində iddiaçı barəsində onun narkotik vasitə istifadəçisi olduğuna dair qeyd etdiyi fikirlər ekspert rəylərinə əsaslandığı üçün şər və böhtan xarakteri daşımır. Buna görə də iddia rədd edilməlidir.
36. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq cavabdeh tərəfindən onun işgüzar nüfuzuna ziyan vurulduğuna dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli Qərarında da qeyd edildiyi kimi, işgüzar nüfuz fiziki və ya hüquqi şəxsin sahibkarlıq və ya digər sahədə peşəkar fəaliyyətinə görə cəmiyyətdə barəsində formalaşmış rəydir. Qərarın 2.3.4-cü bəndində qeyd edilmişdir ki, işgüzar nüfuz fiziki şəxsin peşəkar fəaliyyətə başladığı andan deyil, yalnız müəyyən dövr ərzində həyata keçirdiyi fəaliyyətlə bağlı etimad qazanmasından sonra yaranır. Qərarın 2.3.5-ci bəndinə əsasən isə məlumatın işgüzar nüfuzu ləkələyən məlumat hesab edilməsi üçün aşağıdakı 2 şərt birlikdə mövcud olmalıdır: 1) üçüncü şəxslərdə şəxsin işgüzar fəaliyyəti və bu fəaliyyətin keyfiyyəti barədə mənfi rəyin yaradılmasına yönəlməli, 2) həqiqətə uyğun olmamalıdır.
37. Hazırkı halda məhkəmənin iddiaçının işgüzar nüfuzuna zərər vurulduğuna dair qənaətə gəlməsi üçün Qərarın məzmununda qeyd edilmiş şərtlərin mövcudluğu sübut edilmədiyindən mübahisələndirilən qətnamənin ləğv edilmsi üçün əsaslar müəyyən edilmir.
38. Kassasiya şikayətinin sübutlara düzgün qiymət verilmədiyinə dair dəlilləri kassasiya baxışının predmeti olmadığından həmin dəlillərə baxılmır.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.