Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1039/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçının cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələblər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı mənəvi zərərə görə pulun tutulması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli hökmü ilə Əliyev Adil Ramiz oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.
2. Hökmdən həmçinin müəyyən olunmuşdur ki, Əliyev Adil Ramiz oğlu ## ### 2024-cü il tarixdə, saat 15:29-da "BI", “B”, “CI”, “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi, “xxxx” ASC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “UAZ” markalı, 77-JC954 dövlət qeydiyyat nişanlı avtomobillə “Koroğlu” metrostansiyasından Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi istiqamətində saatda 40-50 km/sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamaqla bağlı tədbirləri görməli olduğu halda həmin tələbləri yerinə yetirməyərək, yol hərəkəti qaydalarını pozub, ünvan 1 ünvanında yerləşən “Altun Saray” şadlıq evi ilə üzbəüz, yolun kənarında, parklanma yerində saxlanılaraq hərəkətsiz vəziyyətdə olan “Mercedes Benz 270” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsindən idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan “Mercedes Benz 270” markalı avtomobilin sükan arxasında əyləşmiş sürücü X1 aldığı ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid aorta, ürək və sol ağciyərin zədələnməsi, sol tərəfli körpücük sümüyünün və l,ll, III, IV qabırğaların yerdəyişmiş sınıqları, döş qəfəsinin ön səthinin şişkinlik və qançırları, təpə-ənsə sərhəddinin əzilmiş yarası və sıyrıqları, sol çiyin qurşağının, sol kürək və bazu oynağının sıyrıqlarından ibarət xəsarətlərdən sol tərəfli körpücük sümüyünün, l, ll, III, IV qabırğaların yerdəyişmiş sınıqları ilə müşayiət olunan aortanın, ürək və sol ağciyərin zədələnməsi nəticəsində daxili qanaxma X1 ölümünə səbəb olmuşdur. 3.Hazırki iş üzrə iddiaçı İddiaçı atasının ölümündə cavabdehin əməkdaşının təqsiri olmasına əsaslanaraq, mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə müraciət etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı cavabdehdən onun xeyrinə 45.000 manat məbləğində mənəvi zərərə görə pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı hökmü ilə Əliyev Adil Ramiz oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Əliyev Adil Ramiz oğlunun təqsirli hərəkətləri nəticəsində atası – X1 ölmüşdür. Atasının ölümünə səbəb olan Əliyev Adil Ramiz oğlunun “xxxx” ASC-nin Nərimanov rayon Şəbəkəsində sürücü vəzifəsində işləməsi işin mübahisəsiz halıdır. Əliyev Adil Ramiz oğlunun təqsiri nəticəsində atası aldığı ağır xəsarətlərdən həyatından məhrum olub və buna görə də o, bir övlad olaraq çox dərin mənəvi sarsıntı keçirmişdir. Atası uzun müddət Cəlilabad-Bakı istiqamətində sürücü işləməklə onları dolandırmışdır. Lakin, bu bədbəxt hadisə nəticəsində o, nəinki ailə dolandıranından, həm də ailəsinin başçısından məhrum olmuşdur. Onun ölümü ilə əlaqədar mənəvi sarsıntıları davamlı olaraq bütün ömür boyu onun həyatını müşayət edəcəkdir. Dəfələrlə, xxxx ASC-nin səlahiyyətli şəxslərinə mənəvi zərərin ödənilməsi barədə müraciətlər etməsinə baxmayaraq, hər dəfə yaxın zamanda rəhbərliklə görüşüb həll edəcəkləri barədə vədlər verilərək bu günədək uzadılır. Cavabdeh təşkilatın əməkdaşlarının təqsirindən atasının ölməsi işin mübahisəsiz halıdır. Yuxarıda qeyd olunan faktlar və təqsir qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunur və hazırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır. Mərhum atasının faciəvi şəkildə ölməsindən bu günədək davam edən stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. bu kimi halları nəzərə alaraq ona vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 45.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi ədalətli olardı. Məhkəmə mənəvi zərərin miqdarını müəyyən edərkən cavabdehin hüquqi şəxs olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmaması, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını nəzərə almalıdır. Keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da, unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ailə üzvləri və o, ömür boyu çəkəcəkdir. Işin hallarına əsasən cavabdehin hüquqazidd hərəkəti nəticəsində onun mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində atasının faciəvi şəkildə ölməsindən çox sarsılmışdır. Atasının ölümündən sonra o və ailə üzvlərinin cavabdeh təşkilatın işçisinin işinə məsuliyyətsiz yanaşmasına görə faciəvi şəkildə itirməyi onları mənəvi cəhətdən çox sarsıdıb. Atasının faciəvi ölməsi bu vəziyyətdən aciz vəziyyətə düşən övlad kimi onun mənəvi sarsıntılar çəkməsinə səbəb olmuşdur. Bu səbəbdən hər gün davam edən mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır və qanunun tələbi baxımından da buna hüququ vardır.
6. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iddia tələbini etiraf etməyərək, onun təmin edilməməsini xahiş etmiş, iddiaçının atasının vəfatı ilə əlaqədar təqsirli bilinən şəxs və cavabdeh tərəfindən 13000 manata yaxın yardım edildiyini bildirmişdir.
7. Qeyd olunan hala münasibətdə, iddiaçının nümayəndəsi iştirak etdiyi əvvəlki məhkəmə iclaslarında edilmiş yardımın mahiyyətinə münasibətdə vurğulamışdır ki, həmin yardım ibtidai araşdırma mərhələsində edilmiş və törədilmiş hadisə nəticəsində yaranmış xərclərin ödənilməsinə yönəlmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” ASC-dən mənəvi zərərə görə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, “xxxx” ASC-dən 150 manat məbləğində dövlət rüsumunun alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən Nail Abbasov).
9. Məhkəmə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli hökmü ilə müəyyən edilən işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının atası ölmüş, iddiaçı onun ölümü nəticəsində mənəvi sarsıntı keçirmişdir. Belə ki, iddiaçı hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının atasının ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 45.000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20000 manat məbləğində müəyyən edilməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097.1, 1099-cu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il # ###### tarixli qərarına, Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 1999-cu il tarixli * saylı qərarının 6-cı bəndinə, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı ##.##.2009-cu il tarixli Aralıq qətnaməsinə; «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.3 və 9.1.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4, 14.2, 77.1-ci, maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətləri vermişlər.
13. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Iddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin işçisinin təqsiri üzündən iddiaçının atasının ölümü nəticəsində iddiaçı mənəvi və fiziki iztirablar keçirdiyindən və bununla da, ona mənəvi zərər dəydiyindən, dəymiş mənəvi ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Lakin, mənəvi zərərin həcmi 45000 manat məbləğində deyil, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi halları nəzərə alınaraq 20000 manat məbləğində müəyyən edilməlidir. Lakin, iddia olunan məbləğin hansı mötəbər əsaslara görə tam şəkildə təmin edilməməsi ilə bağlı məhkəmə hər hansı sübut gətirməmişdir. Sözügedən qətnamədə məhkəmə nəzərə almamışdır ki, cavabdehin hüquqi şəxs olmaqla işçisinin əmək funksiyasını icra edərkən işinə məsuliyyətlə yanaşmaması, zərərin baş verməsinə səbəb olmuş hadisənin ağırlığını, yəni ölüm ilə nəticələnməsini, iddiaçının keçirdiyi mənəvi iztirabların ağır və davamlılığını hər hansı müddətlə məhdudlaşmır. Mənəvi təzminatın həcmi (miqdarı,məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi və s. amillər də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin, məhkəmə hazırkı iddia tələbi ilə bağlı olan maddi hüquq normalarına istinad etmiş olsa da, iddianın qismən təmin edilməsi olması qənaətinə gələrkən nəzərə almamışdır ki, iddiaçı ilə onun mərhum atası arasında olan sıx qohumluq əlaqələrinin olması, onlar arasında sevgi bağları ilə yanaşı mütəmadi sıx əlaqələrin olması və həmin əlaqə və bağların məhz cavabdehin əməkdaşının hüquqa zidd əməli nəticəsində qopması ciddi təsir edici amillərdən biri kimi çıxış edir və bu öz növbəsində iddianın tam şəkildə təmin olunması üçün əlavə amillərdən biridir. Məhz bu əsaslara görə, qətnamə ləğv edilməli, iddia tələbi tam şəkildə təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməli olması qənaətinə gələrkən istinad olunan Mülki Məcəllənin 23-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Qərarının təsviri hissəsində qeyd edilən “mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır” ifadəsinə səthi yanaşaraq iddianı qismən təmin etməklə haqlı olmamışdır. Çünki, həmin qohumluq bağlarının möhkəmliyi, ölmüş şəxsin bir ata olmaqla ailənin yeganə dolandıranı, oğlunun onun itkisindən etibarən ciddi sarsıntılar keçirməklə artıq atasını faciəvi şəkildə itirməsi amilini nəzərə almamışdır. Qətnamədə hansı faktiki halların məhkəmədə araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Qətnamə qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələbinə dair edilmiş sübutların dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən, eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217.1217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
15. Cavabdeh “xxxx” ASC apellyasiya şikayətində iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Lakin, qanunvericilikdə dəymiş mənəvi zərərin konkret qiymət meyarı nəzərdə tutulmadığından, məhkəmə mənəvi zərər müəyyən edilərkən ilk növbədə hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “xxxx” ASC-nin əsas missiyası ölkəni fasiləsiz, keyfiyyətli elektrik enerjisi ilə təmin etmək və abonentlərə yüksək səviyyəli xidmət göstərməkdir. “xxxx” ASC bu prinsipləri əldə rəhbər tutaraq, bütün ölkə ərazisində xüsusən də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb etdiyindən, qətnamə ilə təmin edilmiş pul məbləği həddindən artıq çox olmaqla “xxxx” ASC-yə ölkə miqyasınada strateji layihlərin həyata keçirməsinə maneçilik törətmiş olur. Lakin, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 20.000 manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını qeyd edilən məbləğdə olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır. Digər tərəfdən iş materiallarında olan ##.##.2024-cü il tarixli hökmdə zərəçəkmiş şəxsin hüququ varisi və hazırki mülki iş üzrə iddiaçı İddiaçı məhkəmə istintaqı zamanı verdiyi ifaədəsində təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən zərərin ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığı müəyyən edilmişdir. Lakin, məhkəmə dəymiş ziyanın məbləğini müəyyən edərkən bu hallara qiymət verməmişdir. Iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 20.000 manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi nümayəndə1 şikayətin dəlillərini müdafiə edərək izahatında qeyd etmişdir ki, onların şikayətinin əsası məbləğlə bağlıdır. Əsasən onlarda bu işlərin nəticəsi barışıqla olur, 10000-14000 manatla razılığa gəlinir. 20000 manat çoxdur, buna görə də məbləğin azaldılmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə, iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Günay Axundova sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasıvov).
19. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, qətnamə ilə razılaşmayan tərəflərin apellyasiya şikayəti üzrə dəlilləri kompensasiyanın məbləği ilə bağlıdır.
20. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, atası ona arxa olmuş, ailəsini dolandıran şəxs olmuşdur.
21. Cavabdehin dəlili isə ondan ibarət olmuşdur ki, baş vermiş ölüm hadisəsi ilə əlaqədar zərər ödənilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hökmdən görünür ki, Adil Əliyev idarə etdiyi UAZ markalı avtomobillə Mersedes Benz markalı avtomobili vurmuş və nəticədə sükan arxasında əyləşmiş Asif Ismayılov aldığı xəsarətdən ölmüşdür...##.##.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən, İddiaçı X5 əvəzinə təqsirləndirilən şəxs Əliyev Adil Ramiz oğluna qarşı ona dəymiş zərər tam ödənildiyindən şikayətinin olmadığını qeyd etmişdir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, adətən cinayət işinin istintaqı, araşdırılması zamanı maddi zərər, məsələn, yas mərasimin keçirilməsi ilə əlaqədar xərclər, xəstəxana xərcləri, avtomobilə dəymiş zərər kimi xərclər qarşılanır. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi isə maddi zərərin ödənilməsi tələbindən fərqləndirilir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə, 20.000 manat məbləğində mənəvi zərərin tutulması hazırki işin halları baxımından ədalətlidir. Belə ki, iddiaçı valideynini itirmişdir. Iddiaçının atası 2024-cü ilin may ayında vəfat etmişdir. Iddiaçı hazırki tələblə 2025-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçının atasının ölümündən qısa müddət vaxt keçmişdir.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki halları - hüquqizidd əməlin ağırlıq dərəcəsi və onun nəticəsinin, insan ölümünün xüsusi ağır xarakter daşıması, iddiaçı ilə ölmüş şəxs arasında mənəvi bağlılıq nəzərə alınmaqla təyin edilmiş məbləğ ədalətli hesab edilməlidir. Bu məbləğ bir tərəfdən iddiaçının atasının - ən yaxın ailə üzvünün ölümü nəticəsində çəkdiyi dərin mənəvi iztirabın hüquqi qiymətləndirilməsini ifadə edir, digər tərəfdən isə kompensasiyanın cəzalandırıcı deyil, bərpaedici, təsəlliverici xarakter daşıması prinsipinə uyğun olaraq həddən artıq olmamaqla ədalətli balansı təmin edir.
26. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1, 1099.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hazırki iş üzrə iddiaçıya vurulmuş mənəvi ziyanın miqdarını 20.000 (iyirmi min) manat məbləğində müəyyən etməklə məhkəmə kompensasiyanın həcmini kifayət qədər əsaslandırmamış və baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmamışdır. Bundan başqa, Ali Məhkəmənin analoji işlər üzrə zərərçəkənə ödənilməli kompensasiya məbləğinin 10.000 manat və daha az miqdarda müəyyən edilməsi ilə bağlı kifayət qədər qərarları mövcuddur. Apellyasiya instansiya məhkəməsi qeyd edilən xüsusatları kifayət qədər araşdırmamış, kompensasiyanın məbləğini müəyyən edərkən cavabdehin maliyyə vəziyyətini nəzərə almamış və dəymiş zərərə görə 20.000 (iyirmi min) manat məbləğində kompensasiyanın ödənilməli olduğu qənaətinə gəlsə də, konkret hansı meyarlara əsasən dəymiş zərərin miqdarını 20.000 (iyirmi min) manat olmasını hər hansı dəlillərlə əsaslandırmamışdır.
29. Kassator şikayətini mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun # ###### 2008-ci il tarixli * nömrəli Qərarırının 10-cu bəndinə, MPM-in 392.2, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
31. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
32. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
33. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
34. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, cavabdehin apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi apelyasiya şikayətinin dəlillərinə və cavabdehin dəlillərinə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
47. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində şərh olunmuş məsələləri irəli sürülmüş dəlillər baxımından qiymətləndirərkən müəyyən olunur ki, hüquqizidd əməlin ağırlıq dərəcəsi və onun nəticəsinin, insan ölümünün xüsusi ağır xarakter daşıması, iddiaçı ilə ölmüş şəxs arasında mənəvi bağlılıq nəzərə alınmaqla təyin edilmiş məbləğ ədalətlidir. Bu məbləğ bir tərəfdən iddiaçının atasının - ən yaxın ailə üzvünün ölümü nəticəsində çəkdiyi dərin mənəvi iztirabın hüquqi qiymətləndirilməsini ifadə edir, digər tərəfdən isə kompensasiyanın cəzalandırıcı deyil, bərpaedici, təsəlliverici xarakter daşıması prinsipinə uyğun olaraq həddən artıq olmamaqla ədalətli balansı təmin edir.
48. Məbləğin çox olması, məhkəmə təcrübəsində eyni hadisə ilə bağlı hallarda daha az məbləğin tutulması, hadisədən dərhal sonra zərərçəkmiş tərəfə 13.000 manat həddində yardım göstərilməsi, cinayət icraatı zamanı təqsirləndirilən şəxsə qarşı şikayət və tələbin olmamasının bəyan edilməsinə dair dəlillərə münasibətdə qeyd edilməlidir ki, müəyyən olunmuş məbləğ ədalətli məbləğdir, hadisə nəticəsində vəfat edən şəxsin iddiaçının atası olduğu nəzərə alındıqda keçirilən sarsıntının, yəni iztirab, stress, kədər və ruhi ağrının həcmi təsəvvürə gəlməz dərəcədədir. Istintaq zamanı verilən məbləğə münasibətdə isə qeyd edilməlidir ki, həmin məbləğin baş vermiş hadisə ilə bağlı anidən yaranmış xərclərin ödənilməsinə yönəlməsi ilə bağlı iddiaçı tərəfin göstərdiklərini daha ağlabatan edir. Qərarın vahid məhkəmə təcrübəsinə uyğun olmaması ilə bağlı isə qeyd edilməlidir ki, baxılan iş üzrə irəli sürülən tələb və onun əsasları, nəticələri bütün hallarda eyni olmur, işin halları bir-birindən əhəmiyyətli dərəcə fərqlənir. Bu iş üzrə də işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr məhz bu konteksdə araşdırma apararaq mənəvi zərərin məbləğini müəyyən etmişlər.
49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
50. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
4.