Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1091/2026 04.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: hüquqi şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntuna görə vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. XXX Ağcabədi rayonu X4 * saylı yaşayış yerlərində qaz xətlərinə və məişət qaz cihazlarına nəzarət xidmətinə beşinci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləyərkən “Qaz təsərrüfatı təhlükəsizliyi qaydaları”nın 3.84, 3.102, 9.239cu bəndlərini və “Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə Təlimat”ın 1.3, 1.11-ci bəndlərinin və peşə təlimatının tələblərini pozaraq Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, *** nömrəli ünvanda X1 məxsus təsərrüfat evində tüstü borusunun damın 0,5 metr hündürlükdə olmadığını aşkarladığı halda həmin nasazlığı aradan qaldıraraq bu barədə rəsmi qaydada xidmət rəisinə və ya sahə ustasına məlumat verməmiş, qeyd edilən ünvanda qızdırıcı sobalarda alov söndükdə və tüstü bacasında lazımi seyrəlmə olmadıqda odluqların söndürülməsini təmin edəcək avtomatik qurğu ilə təchiz edilməsini təmin etməmiş, qaz avadanlıqlarına texniki xidmət zamanı nasazlıqlar aşkar etsə də qaz cihazı istismar olunan qaz şəbəkəsindən açmamış, plomblamamış və bu barədə xidmət rəisinə və ya xidmət ustasına rəsmi məlumat təqdim etməmiş, texniki baxış zamanı qaz sobasının qeyri-standart olmasını aşkarladığı halda evə daxil olan ümumi xətdə qaz təminatını dayandırmamış və müvafiq akt tərtib etməmiş, daxili qaz avadanlığına texniki baxış və xidmətin əsas məqsədi bina daxilində istismar olunan qaz kəmərlərinin və məişət qaz cihazlarının istismara yararlığını təyin olunması və qaz cihazlarından təhlükəsiz istifadə qaydaları üzrə mənzil sahibini təlimatlandırmamış, işinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi üzündən ## ###### 2013-cü il tarixdə 17 radələrində X1 məxsus Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, *** nömrəli ünvanda yerləşən evin həyətində tikilmiş təsərrüfat evində yanan qaz sobası külək olduğu üçün sönmüş, nəticədə qaz axını açıq qaldığı üçün evə dolmuş və orada kirayəşin yaşayan Iddiaçı qazın kəsildiyini görərək yenidən həmin qaz sobasını yandırmaq istəyərkən yanğınla müşayiət olunmayan partlayış baş vermiş, hadisə zamanı Iddiaçı yanıq xəstəliyi, sifətin, hər iki qulağın, boyunun, hər iki said və əllərin, sol ayağın ikinci, üçüncü “a”, üçüncü “b” dərəcəli termiki yanığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almış, bununla da Iddiaçı qanuni mənafeyinə mühüm zərər vurmuşdur.
2. Həmin əmələ görə XXX Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir.
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi haqqında ## ###### 2025-ci il tarixli arayışa əsasən Iddiaçı üçüncü dərəcəli əlildir, qiymətləndirmə ## ######## 2016-cı ildə aparılmışdır, diaqnoz “baş və boynun üçüncü dərəcəli termiki yanığı, sifətin, hər iki qulağın, boyunda, hər iki said və əllərində, sol ayağında II-IIIA-IIIB dərəcəli termiki yanığı. Bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, bədən səthinin 20-29% sahəsinin termiki yanığı” qeyd edilmiş, əlilliyinin səbəbi ümumi xəstəlik olmuşdur, həmçinin o, qismən əmək qabiliyyətsizdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı Iddiaçı cavabdeh “Azəriqaz” IB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 200.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və “Ekol” Vəkil Bürosu ilə bağlanmış müqaviləyə görə ödənilən 300 manatın alınıb, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonundan məcburi köçkün olmaqla, Biləsuvar rayonunda məskunlaşmışdır. 2012-ci ilin sentyabr ayından Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, *** nömrəli evdə kirayədə yaşamağa başlamışdır. Həmin ilin sentyabr ayından etibarən sinif yoldaşları XXX, XXX və XXX onunla birlikdə orada qalmağa başlamışlar. ## ###### 2013-cü il tarixdə saat 13 radələrində dərsdən çıxıb kirayə qaldığı evə gəlmişdir. Evdə olan qazla işləyən sobanı yandırmış və yatmışdır. Oyananda soyuq olmasını görüb sobanı yandırmaq üçün dəftər vərəqini alışdırmaq üçün sobaya yaxınlaşanda, kibritlə sobaya yaxınlaşmağa təxminən bir metr qalmış yandıranda təzyiqlə alov çıxmışdır. Alov onun üzünü və əllərini yandırmışdır. Tez üzünü tutub sobanın yanında olan çarpayıların arasına yıxılmışdır. Anidən partlayış baş vermiş və evin tavanı qoparaq divardan ayrılmış, evin pəncərələri sınmışdır. Bütün bunlar təxminən 3-4 saniyə içərisində baş vermişdir. Həmin vaxtı çölə çıxmış, qonşu otaqda olan uşaqlar onun paltarlarının yanmasını görüb əynindən çıxartmışlar. Saçları yanırdı kimsə onun başına alovu söndürmək üçün su tökmüşdür. Bundan sonra uşaqlar yolda dayanan taksilərdən birini çağırdılar və onu xəstəxanaya apardılar. Bir gün Ağcabədi Rayon Xəstəxanasında qalmışdır. Yanıqları ağır olduğundan sonra onu təcili tibi yardım ilə Bakı şəhərində yerləşən * nömrəli Xəstəxanaya apardılar. 51 gün Bakı şəhərində xəstəxanada qaldıqdan sonra evə buraxılmışdır. Mütəmadi olaraq yanıqları ilə bağlı müalicələr almışdır. Hətta 2022-ci il tarixdə yenidən Bakı şəhərində yerləşən * nömrəli Xəstəxananın yanıq şöbəsində yenidən 10 gün müalicə olunmuşdur. Əlində yanıq çapıqları hələ də durmuşdur. Hətta sol və sağ əlinin sonuncu barmaqları yarımçıq açılır. Sağ əlinin şəhadət və orta barmağı geriyə qatlanmış vəziyyətdədir. Bağlanmır, hava soyuq olanda barmaqları qatlanmır. Hava isti olanda da yanığın təsirindən sifətinin sol hissəsində göynəmələr olurdu. Əlləri həddindən soyuq olur. Bu səbəbdən də əlcəklə işləyir. Məsuliyyətsiz qurumun əməkdaşlarının səhlənkarlığının ağrısını hələ də çəkir. Ona dəyən zərərin nə qədər ağır olmasını, aldığı bu xəsarətlərdən nə dərəcədə əziyyət çəkdiyini, mənəvi olaraq nələr yaşadığını, hansı duyğular keçirdiyini kəlmələrlə ifadə edə bilmir. Əlinin və bədəninin yanmış nahiyələrinin görüntüsü onun çəkdiyi iztirabları yenidən canlandırır. Ən böyük arzusu müəllim olmaq idi, indi isə nəinki müəllim olmaq, heç qələm belə tuta bilmir, indi isə ancaq birtəhər fəhləlik edib ağır işlərdə işləyərək ailəsini dolandırır, bu vəziyyətdə yaşamaq, həyatını davam etdirmək çox çətindir. O, ömür boyu yeni tanış olduğu insanlara həmin cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərini yenidən anlatmaq məcburiyyətində qalır və buna da davam etməli olacaq. Əlində və üzündəki yanıq izləri hələ də getməyib və getməyəcəkdir. Bu izlər silinməzdir. Bu hadisəni hər dəfə anlatmağa çalışanda baş verən partlayış anı və ondan sonrakı dəhşətlər gözünün önündə canlanır. Hadisə nəticəsində baş boyunun üçüncü dərəcəli termiki yanığı, sifətin hər iki qulağın, boyunda, hər iki said və əllərdə, sol ayaqda II- IIIA-IIIB dərəcəli termiki yanıq, bədənin bir neçə nahiyəsinin heç olmasa bir nahiyədə üçüncü dərəcəli yanıq göstərilməklə termiki yanıqları, bədən səthinin 20-29% sahəsinin termiki yanığı xəsarətləri almışdır. Buna görə 3-cü dərəcəli əlillik belə verilmişdir. Bütün bunlar Tibbi-Sosial Ekspert Komissiyasının verdiyi Forma 88 arayışından da görünür. Partlayış nəticəsində xəsarət almağına görə Ağcabədi Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə cinayət işi başlanmış və “Azəriqaz” IB-nin X2 Idarəsinin çilingəri işləyən XXX məhkəmə məsuliyyətinə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2013-cü il tarixli hökmü ilə XXX Azərbaycan Respublikası CM-in 314.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Hökm qanuni qüvvəyə minmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ağır xəsarətlər almağı nəticəsində fiziki xəsarətlər almağının paralelində mənəvi sarsıntı və bundakı sonrakı proseslər nəticəsində mənəvi iztirablar keçirməyi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan stresslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Hiss etdiyi ağrıları ifadə etmək çətindir, lakin mənəvi zərər tələbi bu faciəli hadisənin buraxdığı yaraların sağalmasına bir az da olsa kömək edə bilər. Hazıra kimi ona aldığı ağır xəsarətlər nəticəsində çəkdiyi iztirablar, stresslərə görə çəkdiyi mənəvi zərərə görə hər hansı bir səlahiyyətli orqan və ya şəxs tərəfindən heç bir müraciət belə edilməmişdir. Məhkəmə XXXnu təqsirli bilib cəza versə də, bu cinayət hadisəsinin baş verməsinə tək səbəb XXX deyil, həm də, onun işlədiyi olduğu “Azəriqaz” IB-dir. “Azəriqaz” IB səhlənkar əməkdaşlarının vurduğu zərəri ödəməlidir.
6. Məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş “X3” PHŞ tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş Iddiaçı sorğusuna cavab məktubuna əsasən vətəndaş Iddiaçı ## ###### 2013-cü il tarixində X3 Yanıq mərkəzinə daxil olmuşdur. Diaqnoz: Sifətin, hər iki qulağın, boyunu, hər iki said əlin, sol ayağın II-IIIA-IIIB dərəcəli termiki (alov) yanığı. S=24-25%. Xəstəyə ## #### 2013-cü il tarixində autodermoplastika əməliyyatı olmuşdur. Xəstənin sağ budundan hər iki said, əl və barmaqlarına sərbəst dəri köçürülmüşdür. Xəstə ## ##### 2013-cü il tarixində kafi vəziyyətdə evə yazılmışdır. Xəstə ## ##### 2021-ci il tarixində yenidən müayinə və müalicə üçün Yanıq mərkəzinə müraciət etmişdir. Diaqnoz: Yanıq sonrakı vəziyyəti: Sifətin, hər iki said, bilək və əllərin, barmaqların, hər iki qulağın, sol ayağın IIIA-IIIB dərəcəli termiki yanıqdan sonrakı hipertrofik kelloid dartıcı çapıqları, barmaqlarda bitişmələr, sağ əlin II-III barmaqlarının mürəkkəb konturakturası. Xəstə ## ### 2021-ci il tarixində evə yazılmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Əliyev) iddia qismən təmin edilərək, “Azəriqaz” IBdən mənəvi ziyanın əvəzi qismində 20.000 manat və hüquqi yardıma görə ödənilmiş 300 manat tutularaq Iddiaçı ödənilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hadisənin baş verməsində cavabdehin təqsirli, hüquqazidd əməlini istisna edən, hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
9. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır.
10. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçı, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması və ona dəymiş mənəvi zərərin əvəzi qismində pozuntunun adekvat şəkildə aradan qaldırılması məqsədi ilə kompensasiya ödənilməsi tələbi ilə məhkəmə müraciət etməkdə haqlı olmuşdur.
11. Məhkəmə, mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə hesab etmişdir ki, baş vermiş hadisə nəticəsində iddiaçının birbaşa zərər çəkən olaraq keçirdiyi stress, narahatlıq, məyusluq, mənəvi sarsıntı və digər diqqətəlayiq hallar nəzərə almaqla, vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi məqsədilə 20.000 manat məbləğində kompensasiyanın tutulması əsaslıdır.
12. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 300 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 300 manat pul məbləğini hazırkı iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirmiş və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün saymışdır.
13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1099, 1115-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * №-li ## ###### 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi, mənəvi zərərin məbləğinin 2.000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağcabədi Rayon Məhkəməsinin ## ######## 2013-cü il tarixli hökmünə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Iddiaçı bildirmişdir ki, aldığı müalicə ilə əlaqədar aldığı yanıq xəsarətləri qurtarmış və səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs XXXna qarşı heç bir şikayət və tələbi yoxdur. Iddianın həlli zamanı işə baxmış məhkəmə işin diqqətəlayiq və konkret hallarını nəzərə almamışdır. Belə ki, baş vermiş partlayış hadisəsi ilə əlaqədar iddiaçının səhhətində heç bir xəsarət izi qalmamış, hazırda da səhhətindən şikayətçi deyildir. Bununla yanaşı o, cavabdeh Birliyin məhkəmədə təqsirləndirilmiş işçisinə qarşı şikayətçi olmadığından, hazırda həmin işçinin işəgötürəni “Azəriqaz” IB-yə qarşı mənəvi zərər tələb etmə iddiası da özü-özlüyündə əsassız kimi başa düşülməlidir. Yuxarıda qeyd olunanlar səbəbindən iddia tələbinin təmin olunan həcmi apellyasiya məhkəməsi tərəfindən ağlabatan və ədalətli hesab olunmamalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Ali Məhkəmə Plenumunun ## ###### 2008-ci il tarixli qərarının 10-cu bəndinə əsasən məhkəmə qətnamə qəbul edən zamanı zərərvuran “Azəriqaz” IB işçisinin təqsirinin ehtiyatsızlıqdan baş verdiyini nəzərə almamış, təqsirin qəsd və ehtiyatsızlıq növləri arasında fərqi düzgün müəyyən edə bilmədiyi üçün iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir. Nəzərə alınsa ki, iddiaçı tərəfin 12 il əvvəl Ağcabədi rayonunda kirayə yaşadığı evdə yanıq xəsarətləri alması “Azəriqaz” IB-nin işçisinin səhlənkarlığı nəticəsində baş vermişdir, Bakı şəhəri Xətai Rayon Məhkəməsi zərərvuran “Azəriqaz” IB-nin işçisinin təqsirinin ehtiyatsızlıqdan baş verməsi kimi işin diqqətəlayiq halını nəzərə almamışdır. Ehtiyatsızlıqdan baş vermiş cinayət hadisəsi zamanı vurulan zərərin məbləği, qəsdən törədilmiş cinayət hadisələri zamanı vurulan zərər məbləğindən düzgün fərqləndirilməlidir. Məhkəmə öz mövqeyində bu halı nəzərə almadan əsaslandırılmamış qətnamə qəbul etmiş, iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.225-ci bəndinə əsasən bildirmişdir ki, (qaz təsərrüfatında təhlükəsizlik qaydalarının zərərçəkmiş şəxs tərəfindən pozulmasına münasibətdə) hökmün 5-ci vərəqəsinin 2-ci abzasında göstərilmişdir ki, işdə olan məhkəmə-texniki ekspertizasının ## ##### 2013-cü il tarixli rəyindən görünür ki, Qaz təsərrüfatında təhlükəsizlik qaydalarının 9.225-ci bəndinin tələbi zərərçəkmiş şəxs tərəfindən pozulmuşdur. Hökmdə qeyd olunanlar onu düşünməyə və söyləməyə əsas vermişdir ki, iddiaçının Ağcabədi rayonunda kirayə yaşadığı evdə partlayış hadisəsinin baş verməsində bilavasitə özünün də təqsiri olmuş və qaz təsərrüfatında təhlükəsizlik qaydalarının tələbini pozmuşdur. Hazırkı işə baxmış məhkəmə iddianın həlli zamanı qeyd olunan konkret halı nəzərə almamışdır. Hadisədən ötən 12 il zaman ərzində iddiaçı tərəfin məhkəməyə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı Iddiaçı hadisənin ilk vaxtlarında keçirdiyi arzuolunmaz mənəvi-psixoloji stressin səviyyəsi ilə hazırkı vaxtda keçirdiyi stressin səviyyəsi eyni deyil və eyni də qala bilməzdi. Hadisədən uzun müddətin keçməsi, baş vermiş mənəvi zərər həcminin azalmasına dəlalət verir. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntı və əzabların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyasıdır. Bu kimi hal heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Məhkəmə tərəfindən təmin olunan mənəvi zərər məbləğinin əvəzi iddiaçı tərəfi həddən artıq zənginləşdirməməli, eyni zamanda cavabdeh tərəfin iqtisadi və maddi vəziyyətini də pisləşdirməməlidir. MPM-in 115.0.6-cı maddəsinə əsasən qeyd edilmişdir ki, hüquqi yardıma görə 300 manat məbləğində pulun cavabdeh “Azəriqaz IB-dən tutularaq iddiaçı tərəfə ödənilməsi hissəsində məhkəmə araşdırma aparmamış, həmin hissədə də qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Belə ki, mülki işə əlavə olunmuş ## ###### 2025-ci il tarixli “M-Pay” qəbzi əsasında “Ekol” Vəkil Bürosuna ödənilmiş 300 manat məbləğində pulun məhz iddiaçı Iddiaçı tərəfindən ödənilmiş olması təsdiq və müəyyən olunmur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim S.Səlimovanın sədrliyi və məruzəsi ilə, hakimlər A.Isgəndərov və A.Imanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, törədilmiş cinayət əməli nəticəsində cavabdehin işçisi təqsirli bilinərək məhkum edilmişdir. Hadisə zamanı iddiaçının yanıq xəstəliyi, sifətin, hər iki qulağın, boyunun, hər iki said və əllərin, sol ayağın ikinci, üçüncü “a”, üçüncü “b” dərəcəli termiki yanığı ilə müşayiət edilən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti alması, nəticədə iddiaçının qanuni mənafeyinə mühüm zərər vurulması işin mübahisə edilməyən hallarıdır.
18. Cavabdehin əməkdaşı tərəfindən törədilmiş cinayət əməli nəticəsində dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti almış iddiaçının mənəvi məhrumiyyətlərə məruz qalması labüddür və işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə kollegiyası da müəyyən etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında iddiaçının vizual görünüşündən də aydın görünmüşdür ki, onun bədənin müxtəlif hissələrində yanıq izləri hələ də qalmaqdadır. Bundan başqa baş vermiş hadisədə iddiaçının hər iki əlinin yanması səbəbindən aldığı xəsarətlərə görə bu gündə cüzi qazanc gətirən, yüngül işlərdə işləməyə məcbur olması onun ailə başçısı, ailəsinin qazanc gətirəni kimi ailə üzvləri qarşısında da öz vəzifələrini yerinə yetirə bilməməsi səbəbindən mənəvi iztirab və sarsıntılara məruz qalmasını bir daha təsdiq edən amildir. Ona görə də iddiaçının iddia ərizəsində qeyd etdiyi mənəvi sarsıntı və iztiraba məruz qaldığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yaranmışdır.
19. Apellyasiya kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi hazırkı işin spesifik halları baxımından, mənəvi zərərin vurulmasına səbəb olmuş hərəkətin dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi sarsıntıların xarakterini və ağırlığını, baş vermiş hadisə nəticəsində əmək qabiliyyətini itirməsini, hazırda himayəsində iki azyaşlı övladı olan, ailəsinin qazanc gətirəni olan, əmək qabiliyyəti bərpa olunmayan iddiaçının mənəvi iztirab, sarsıntı keçirməkdə davam etməsini, cavabdehin işçisinin törətdiyi cinayət əməlinin subyektiv cəhətini, yəni cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini nəzərə alıb iddiaçının xeyrinə vurulmuş mənəvi ziyana görə 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını ağlabatan və ədalətli məbləğ hesab edib iddiaçının mənəvi ziyanla bağlı tələbinin bu hissədə təmin, qalan hissədə isə təmin edilməməsi qənaətinə gələrkən düzgün qərar qəbul etmişdir.
20. Apellyasiya kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 68-ci, Mülki Məcəllənin 21, 1096, 1097, 1099, 1115-ci, Cinayət Prosessual Məcəllənin 12, 65, 180-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
21. Cavabdeh “Azəriqaz” Istehsalat Birliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mənəvi zərərin məbləğinin 2.000 manat müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.225-ci bəndinin, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun * №-li ## ###### 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarının, Mülki Prosessual Məcəllənin 115.0.6-cı maddəsinin tələbləri pozulmuşdur.
23. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri:
25. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
26. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən vurulmuş mənəvi zərərə görə tutulan məbləğ hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
27. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin II hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.2-ci maddəsinə əsasən kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normalarına düzgün istinad olunsa da, cavabdehdən iddiaçının xeyrinə tutulan mənəvi zərərin məbləği düzgün müəyyən olunmadığından, qətnamə dəyişdirilməlidir.
32. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, cavabdehin işçisinin törətdiyi cinayət hadisəsi nəticəsində iddiaçıya mənəvi zərərin vurulması və həmin zərərin kompensasiya edilməli olması cavabdeh tərəfindən mübahisələndirilmir və kassasiya baxışının predmetini təşkil etmir. Cavabdeh yalnız iddiaçının xeyrinə tutulan məbləğin yüksək olmasından şikayət vermişdir.
33. Kassasiya şikayətinin bu dəlilləri ilə məhkəmə kollegiyası razılaşır.
34. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının ona vurulmuş mənəvi zərərin səbəbi kimi göstərdiyi hadisə - təbii qazın partlayışı nəticəsində yanğın xəsarəti alması ## ###### 2013-cü il tarixdə baş vermişdir.
35. Həmçinin, iş materiallarında olan Ağcəbədi Rayon Məhkəməsinin ## ######## 2013-cü il tarixli hökmünün məzmunundan görünür ki, həmin məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Iddiaçı ifadəsində göstərmişdir ki, “Aldığı müalicə ilə əlaqədar aldığı yanıq xəsarətləri qurtarmış və səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Təqsirləndirilən şəxs XXXna qarşı heç bir şikayət və tələbi yoxdur.”
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli qərarında izah etmişdir ki, mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir (bənd 5.4).
37. Qərarın 5.11 və 5.12-ci bəndlərində məhkəmələrə izah olunmuşdur ki, zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan mənəvi zərər tələb etmək hüququnu istisna etmir. Bununla belə, cinayət prosesində təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərərin ödənilməsi və ona qarşı hər hansı şikayət və tələbinin olmaması barədə zərərçəkən şəxsin məhkəməyə təqdim etdiyi və qanuni qüvvəyə minmiş hökmdə nəzərə alınan ərizəsi bu şəxslər arasında həmin vaxta qədər mövcud olmuş maddi və mənəvi zərərlə bağlı tələblərin ödənilməsini təsdiq edən hal kimi nəzərə alınmalıdır.
38. Mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır (Qərarın 7.1-ci bəndi).
39. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır (Qərarın 7.6-cı bəndi).
40. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarına görə məhkəmələr mənəvi zərərin kompensasiyasının həcmini müəyyən edərkən hüquqazidd əməlin xarakterini, onun törədildiyi şəraiti, cinayət icraatı zamanı zərərçəkən şəxsə vurulmuş ziyanın ödənilib-ödənilməməsini, mənəvi sarsıntıya səbəb olan hadisənin baş verdiyi tarixdən iddia verildiyi tarixədək keçmiş müddəti və s. amilləri nəzərə almalı olduqları halda, hazırkı işdə apellyasiya məhkəməsi tərəfindən bununla bağlı qiymətləndirmə aparılmamışdır.
41. Halbuki, kassasiya şikayətində də göstərildiyi kimi, iddiaçının aldığı xəsarətə görə cavabdeh təşkilatın işçisi məhkum olunsa da, iddiaçı cinayət icraatı zamanı səhhəti ilə bağlı şikayətinin olmamasını, təqsirləndirilən şəxsə qarşı isə tələbinin olmamasını bildirmişdir.
42. Həmçinin nəzərə alınmalıdır ki, yanğın hadisəsi ## ###### 2013-cü ildə baş vermiş, iddiaçı isə hazırkı iddia ilə ## ###### 2025-ci ildə, yəni 12 il ötəndən sonra birinci instansiya məhkəməsinə müraciət etmişdir. Hadisədən sonra iddiaçının kəskin mənəvi sarsıntıya məruz qalması, iztirablar çəkməsi mübahisəsiz olduğu halda, 12 il sonra onun şüurunda mənfi psixoloji reaksiyanın eyni həcmdə qalması mümkün deyil.
43. Qeyd olunmalıdır ki, iddiaçı göstərilən hadisə nəticəsində hazırda səhhətində yeni mənfi dəyişikliklərin olmasını və bunun nəticəsində təkrarən mənəvi iztirablara məruz qalmasını da iddia etməmişdir.
44. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər hallar nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi 20.000 manat məbləğində mənəvi ziyanın kompensasiyası ədalətli və işin hallarına uyğun hesab oluna bilməz.
45. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsaslı hesab olunmalı, mənəvi zərərin məbləği hissəsində qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə tutulan məbləğ azaldılmaqla, mənəvi ziyanın əvəzi kimi 2.000 manat müəyyən edilməlidir.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh “Azəriqaz” Istehsalat Birliyinin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilsin. “Azəriqaz” IB-dən Iddiaçı xeyrinə mənəvi ziyanın əvəzi qismində tutulan məbləğ 2.000 (iki min) manat müəyyən edilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.