Məhkəmə qərarları › İş №2(1-8)-1095/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1095/2026

03.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1095/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı “Idrak” liseyinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə tələbləri üzrə iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı “Idrak” liseyinin cavabdeh Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı (təhsil müəssisəsi) ilə cavabdehin (valideynin) arasında “Təhsil xidmətlərinin göstərilməsi barədə” ##.##.2014-cü il tarixli *** nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçı cavabdehin iki övladına keyfiyyətli təhsil xidməti göstərməyi, cavabdeh isə həmin xidmətə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə görə, 1 tədris ili üçün təhsil haqqı 5.500 manat təşkil edir. Daha sonra təhsil haqqı artırılaraq 6.000 manat müəyyən edilmişdir. Müqavilənin 7.2-ci bəndinə görə, valideyn təhsil haqqının ödənilməsini gecikdirdiyi hər gün üçün gecikdirilmiş məbləğin 0,5 faizi məbləgində dəbbə pulu ödəyir.

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı “Idrak” liseyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-2020-ci təhsil ili üzrə ödənilməmiş 4.400 manat təhsil haqqı və 14.000 manat dəbbə pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında X2 və X1 “Təhsil xidmətlərinin göstərilməsinə dair” ## ######## 2014-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı şagirdlərə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 5.500 manat təşkil edir. Lisey tərəfindən öhdəliklər tam yerinə yetirilsə də, Valideyn tərəfindən Liseyə yaranmış borc ödənməmişdir. Valideyn müqavilə bağlandıqdan sonra ilk təhsil ili üzrə ödənişi 5.500 manat olaraq həyata keçirmişdir. Sonradan 2015-ci ildə baş tutmuş və Mərkəzi Bank tərəfindən açıqlanmış iki kəskin devalvasiyadan sonra təhsil haqqı əldə olunmuş şifahi razılıqla 6.000 manat olaraq müəyyən edilmiş və valideyn tərəfindən hər iki şagird üçün təhsil haqqı 2015-16, 2016-17, 2017-18 və 2018-19-cu illər üzrə 6000 manat olaraq ödənilmişdir. Təhsil haqındakı bu artım müvafiq əmrlə də rəsmiləşdirilmişdir. Lakin cavabdeh 2019-2020-ci təhsil ili üzrə öhdəliklərini tam yerinə yetirməmiş, hər şagird üçün 2200 manat məbləğində vəsaiti ödəməmişdir. Beləliklə Valideynin təhsil xidmətlərinə görə əsas təhsil haqqı borcu 4.400 manat təşkil edir. Müqavilənin 7.2-ci maddəsinə əsasən, Valideyn borcun ödənişinə görə hər gecikdirilmiş gün üçün 0.5 faiz dəbbə pulu ödəyir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim P.Zamanlı).

5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Iddia müddətinin axımının başlanması vaxtına münasibətdə məhkəmə qeyd etmişdir ki, bu müddətin axımı təhsil ilinin son günü olan 2020-ci ilin ## ### tarixindən başlanmışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilələrin 2.1-ci bəndində bir təhsil ilinin 9 aydan ibarət olduğu və təhsil ilinin sentyabr ayının ilk günündən, may ayının son gününədək olan dövrü əhatə etdiyi qeyd edilmişdir. Iddiaçının təhsil haqqı borcunun ödənilməsini tələb etdiyi 2019-2020-ci təhsil ilinin son günü ##.##.2020-ci il tarixi olmuşdur. Iddiaçı hüququnun pozulduğunu da müvafiq olaraq elə həmin vaxtdan bilmişdir. Bu halda iddiaçı, müvafiq olaraq ##.##.2023-cü ilədək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, ##.##.2024-cü il tarixdə müraciət etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 372.1, 373.2, 375.2, 377.1, 377.2, 378-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

7. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ##.##.2024 və ##.##.2024-cü il tarixlərində yekun məhkəmə aktı çıxarılmış, tamamilə fərqli işə - 2(011)- ****/**** saylı, ##.##.2024-cü il tarixli mülki işə etiraz və məlumat əlavə etmişdir. Hakim tərəfindən isə icraatında olan *(***)-****/**** saylı iş üzrə qətnamə qəbul edilərkən digər hakimin – Ilahə Abbasovanın icraatında olan *(***)-****/**** saylı işin materialları – etiraz və məlumat əsas alınaraq işə iddia müddəti tətbiq olunmuşdur. Işə mahiyyəti üzrə baxıldığı və qətnamənin çıxarıldığı *(***)-****/**** saylı iş üzrə hər-hansı etiraz, məlumat və s. olmamışdır. Aydındır ki, hakim icraatında olan iş materialları arasında iddia müddətinin tətbiqi barədə ərizə olmadan iddia müddətini öz təşəbbüsü ilə tətbiq etmişdir. Hakim Pərviz Zamanlının icraatında olan *(***)- ****/**** saylı işin materiallarında iddia müddətinin tətbiq olunması barədə ərizə olmadığı halda iddia müddətini tətbiq etməsi çox kobud maddi hüquq normasının pozuntusudur.

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər - sədrlik edən N.Cəfərov, İ.Şirinov və E.Kazımov).

10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, müqavilənin birtərəfli qaydada ləğv edildiyi müəyyən olunmur. Müqavilənin 6.2-ci bəndinə görə, valideyn liseyi azı 30 gün qabaqcadan yazılı şəkildə xəbərdar etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər. Müqaviləyə göstərilən qaydada xitam verilməyib. Müqavilə öhdəliyinin icra edildiyini sübut etmə yükü borclunun üzərinə düşür, lakin cavabdeh 2019-2020ci təhsil ili üçün müqavilə öhdəliyini icra etdiyini, yəni təhsil haqqını tam ödədiyini təsdiq edən sübut təqdim etməyib.

11. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, müqavilənin məzmunundan görünür ki, hər təhsil ili üçün təhsil haqqı müvafiq təhsil ilində ödənilməlidir. AR Mülki Məcəlləsinin 373.2- ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırkı iddia ərizəsi müvafiq təhsil ilinin bitməsindən 3 il keçdikdən sonra – ##.##.2024-cü ildə verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (iş v. 70).

12. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı eyni iddia ilə iki dəfə məhkəməyə müraciət edib və Xətai Rayon Məhkəməsinin icraatında iki mülki iş olub: *(***)- ****/**** nömrəli 1-ci mülki iş və *(***)-****/**** nömrəli 2-ci mülki iş, yəni hazırkı iş. “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, 1-ci mülki iş üzrə iddia ərizəsi ##.##.2024-cü ildə verilib, lakin iddiaçı mübahisənin məhkəməyə qədər nizamlanma qaydasında əməl etmədiyinə görə, Xətai Rayon Məhkəməsində iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edib. 1-ci iş üzrə iddia ərizəsinin verilməsindən 6 gün sonra – ##.##.2024-cü ildə 2-ci mülki iş üzrə iddia ərizəsi verilib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəni 2ci mülki iş üzrə versə də, səhvən elektron sistemə 1-ci mülki iş üzrə yükləyib. Ərizənin başlığında 1-ci mülki işin nömrəsi olan 2(011)-4926/2024 qeyd olunsa da, elektron sistemin qaydalarına görə, ərizənin başlığını elektron sistem avtomatik tərtib edir, yəni ərizə elektron sistemdə hansı işə aid bölməyə yüklənirsə, sistem özü ərizənin başlığına həmin işin nömrəsini daxil edir. Beləliklə, iddia müddətinin tətbiqi barədə ərizənin mətnində (birinci cümləsində) hazırkı işin nömrəsi qeyd olunduğuna görə, hesab olunur ki, ərizə hazırkı işə aiddir.

13. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 375.2-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Iddiaçı “Idrak” liseyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qərarı (hakimlər: Z.Əliyev – məruzəçi, Z.Babayev və V.Baxışova) ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehin başqa işin elektron sisteminə yüklədiyi etirazın çəkişmə prinsipinə uyğun şəkildə hazırkı işin “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsi təmin edilmədən və qarşı tərəfin münasibəti öyrənilmədən həmin sənəd əsasında qətnamə çıxarılması bu sistemin əsas məqsədinin, Mülki Prosessual Məcəllənin 9.3-cü, 217.5-ci maddələrinin və nəticə etibarilə Mülki Məcəllənin 375.2-ci maddəsinin pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi də göstərilən normalara və hüquqi mövqelərə zidd olan yanaşması ilə rayon məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır.

17. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci, Mülki Prosessual Məcəlləsinin 9, 10, 77.1, 217.5, 416, 418-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Idrak” liseyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddia ərizəsi birinci dəfə müraciət olunan zaman geri qaytarılmışdır. Ikinci dəfə müraciət olunan zaman mülki iş yenidən eyni hakimin icraatına daxil olmuşdur. Daha sonra hakim məzuniyyətə getdikdən sonra iş başqa hakimin icraatında daxil olmuş və işə yeni nömrə verilmişdir. Işin birinci nömrəsi 4926, başqa hakimin icraatına daxil olan zaman isə 5032 nömrə verildi. Iş ikinci hakimin icraatında olan zaman məhkəmə baxışının gedişatında hakim ona qarşı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinin daxil olduğunu bildirdi. Halbuki o, iş materiallarında həmin ərizəni görməmişdi. **** saylı mahiyyəti üzrə baxılan iş idi, lakin həmin iş üzrə ərizə yerləşdirilməmişdir. Əvvəlki iş elektron məhkəmə sistemində qalmışdır, qarşı tərəf isə texniki xəta nəticəsində ərizəni başqa iş üzrə yerləşdirmişdir. **** saylı mülki işə daxil edilmiş ərizə başqa hakimin icraatında olmuşdur. Iddia müddətinin tətbiqi barədə ərizənin başlıq hissəsində başqa işə aid olan nömrə qeyd edilmişdir. O, həmin ərizə ilə faktiki olaraq tanış ola bilməmiş və münasibət bildirə bilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir. Ərizənin müzakirə olunması üçün həmin ərizə həmin iş materiallarına əlavə edilməlidir. Məhkəmədə bildirmişdir ki, həmin ərizə iş materiallarına əlavə edilmədiyi üçün müzakirə oluna bilməz. Sorğuda da qeyd edildiyi kimi ərizə yanlışlıqla cavabdeh tərəfindən əvvəlki işə əlavə edilmiş və işə baxan hakim tərəfindən fiziki olaraq **** saylı işə əlavə edilmişdir. O, məhkəmə iclasında bu ərizə ilə tanış olmuşdur, lakin məhkəmə qərar qəbul edən zaman yalnız iş materiallarına əlavə edilmiş sənədlərə istinad etməlidir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun qeyd olunan qədər borcu yoxdur. Iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə elektron qaydada təqdim etmişdir. O, iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə etmişdir.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilmişdir (hakimlər – C.Musayeva (məruzəçi), F.Babayev və F.Abdıyev).

21. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia müddətinin tətbiqi barədə ərizənin özündən də müəyyən edilir ki, başlığında birinci işin nömrəsi qeyd olunsa da, araşdırma predmetini təşkil edən bu ərizənin məzmununda cavabdeh məhz hazırki iş üzrə iddia müddətinin tətbiqini xahiş etmişdir. Yaranmış bu hal elektron məhkəmə informasiya sisteminin qaydaları ilə izah olunur. Belə ki, ərizənin məzmununda ikinci mülki işin nömrəsi olan 2(011)-5032/2024 qeyd olunsa da, elektron sistem qaydalarına əsasən ərizə elektron sistemdə hansı işə aid olunmaqla bölməyə yüklənmişdirsə, sistem avtomatik olaraq həmin işin nömrəsini ərizənin başlığına daxil edir.

22. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, işdə olan iclas protokollarında iddia müddətinin tətbiq edilməsi barədə ərizənin qanunla müəyyən edilmiş qaydada məhkəməyə təqdim edilməsi, həmin ərizənin çəkişmə prinsipinə uyğun olaraq iddiaçı tərəflə müzakirə edilməsi, eləcə də iddiaçıya ərizəyə qarşı münasibət bildirmək üçün imkan yaradılmasına dair prosessual hərəkətlərin edilməsi faktı öz əksini tapmasa da, # ###### 2024-cü il tarixli məhkəmə iclasının fasiləsiz audio-video yazısından müəyyən olunur ki, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən iddiaçının nümayəndəsinin məlumatlı olub-olmadığı aydınlaşdırılmış, məlumatlı olduğu müəyyən edildikdən sonra ərizəyə qarşı etirazı dinlənilmiş, ərizənin hansı iş üzrə verildiyi, araşdırmanın hansı mərhələsində təqdim edildiyi məsələləri müzakirə olunmuşdur.

23. Məhkəmə kollegiyası nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 21, 372, 373, 375, 377, 385, 386, 389, 390, 425, 442, 448-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli qərarlarına istinad etmişdir.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti apelyasiya şikayəti və əvvəlki kassasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hüquqi mövqeyini nəzərə almamışdır.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 13 (İ. II hissələr) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

31. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

32. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

33. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

34. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədənəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

37. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

38. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

40. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

41. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

43. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissəhissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.

44. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il ## ######, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il # #### tarixli qərarları

45. Konstitusiya Məhkəməsi Plenumunun iddia müddəti ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

46. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir.

48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırkı şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrar apellyasiya baxışı zamanı mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya instansiyası məhkəməsinin əvvəlki qərarında yer almış göstərişlər nəzərə alınmış, mübahisə doğuran iddia müddətinin tətbiq edilməsi barədə ərizənin birinci instansiya məhkəməsi tərəfindən mübahisə tərəflərinin iştirakı ilə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müzakirə edildiyi müəyyən edilmiş, bununla da, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələblərinə riayət olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

56. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

57. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

58. Məhkəmə aktlarının qanuniliyi, ənənəvi olaraq, məhkəmə aktının maddi və prosessual hüquq normalarına uyğunluğu kimi qəbul olunur. Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” ## ###### 2012-ci il tarixli qərarı).

59. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar