Məhkəmə qərarları › İş №2(1-8)-1362/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1362/2026

08.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1362/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ər-arvadın ümumi əmlakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Tərəflər 2009-cu ildə nikaha daxil olmuşlar.

3. Onlar arasındakı nikah ##.##.2024-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

4. ##.##.2024-cü il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə, X2, X4 və X5 ümumi mülkiyyətlərində olan – Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,30947 ha torpaq sahəsini (bundan sonra – mübahisəli torpaq sahəsi) 5.400 manata cavabdehə satmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh birgə təsərrüfat fəaliyyəti nəticəsində əldə etdikləri mübahisəli torpaq sahəsi üzərində ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahı formal olaraq pozulsa da, faktiki ər-arvad münasibətləri davam etmiş, birgə yaşamış və təsərrüfat aparmışlar.Belə olduğu təqdirdə, mübahisəli torpaq sahəsi onların birgə təsərüffatı hesabına əldə olunmuş hesab olunaraq yarı bölünməlidir.

7. Iddiaçı məhkəməyə mülahizə adlı sənəd ünvanlayaraq, qoşma kimi cavabdehlə birgə fotoşəkillərini əlavə etmişdir. Sənədin məzmununu isə belə əsaslandırılmışdır ki, həmin fotolar tərəflərin boşanmasından sonrakı dövrdə çəkilmişdir. Bu isə, nikahın pozulmasının formal olduğunu göstərir.

8. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, hərbiçidir, uşaqları atasızlıq hiss etməsin deyə bəzi tədbirlərdə keçmiş arvadı ilə birgə iştirak etmişdir.Onlar nikah pozulduqdan sonra birgə təsərrüfat aparmamışlar.

9. Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir (hakim: K.Əsədov).

10. Məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi tərəflərin nikahı ##.##.2024-cü il tarixdə məhkəmə qaydasında pozulduqdan sonra, ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən əldə edilmişdir. Bu səbəbdən həmin əmlak birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz.

11. Belə ki, iddiaçı tərəflərin nikah münasibətlərinin faktiki davam etməsinə və birgə təsərrüfat aparmalarına istinad etsə də, torpaq sahəsinin birgə vəsait hesabına əldə edilməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Təqdim olunmuş sübutlar da bu halı təsdiq etmir.

12. Həmçinin məhkəmə tərəflərin “formal boşanma” barədə arqumentləri əsassız hesab etmişdir. Çünki, nikah mediasiya mərhələsinin nəticəsiz qalmasından sonra məhkəmə qaydasında pozulmuş, qətnamə qanuni qüvvəyə minmiş və icra olunaraq tərəflərə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir.

13. Məhkəmə mövqeyini Ailə Məcəlləsinin 1.4, 32.1, 32.2.2, 33.1, 36.1, 36.3, 37.1-ci, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, hətta torpaq sahəsi ər-arvadın ümumi birgə mülkiyyəti kimi qiymətləndirilmədiyi halda belə, iddiaçı ümumi əmlakdan istifadə edilməklə əldə olunmuş yeni əmlakdakı payının dəyərinin kompensasiya qaydasında ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə torpaq sahəsinin cavabdehin şəxsi əmlakı olması nəticəsinə gəlsə də, bunun hansı sübutlarla təsdiqləndiyini göstərməmiş, əmlakın hansı vəsait hesabına əldə edilməsini müəyyənləşdirməmişdir. Iş materiallarında torpaq sahəsinin cavabdehin şəxsi vəsaiti hesabına alınmasını təsdiq edən maliyyə sənədləri mövcud deyil və məhkəmə tərəfindən də belə sübutlar tələb olunmamışdır. Bundan əlavə, məhkəmə tərəflər arasında faktiki ailə münasibətlərinin və birgə təsərrüfatın mövcud olmaması barədə nəticəyə gəlsə də, bu nəticə şahid ifadələri və digər mötəbər sübutlarla əsaslandırılmamışdır. Iddiaçının ailə büdcəsinə töhfəsi və əmlakın əldə edilməsində iştirakı da araşdırılmamışdır.

16. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: A.Imanov – məruzəçi, A.Isgəndərov, S.Səlimova).

18. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Iddiaçı (vəkil: X1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Şikayət belə əsaslandırılmışdır ki, Ali Məhkəmənin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunverciliyin tətbiqi təcrübəsi haqqında” ##.##.2024cü il tarixli qərarının 7.12-ci bəndində ifadə olunmuş yanaşma düzgün tətbiq edilməmişdir. Bu yanaşmaya görə, nikah münasibətlərinə xitam verildikdən sonra ər-arvaddan biri ümumi əmlak hesabına yeni əmlak əldə etdikdə, həmin əmlak birgə mülkiyyət sayılmasa da, digər tərəf ümumi əmlakdakı payının dəyərinin kompensasiya edilməsini tələb etmək hüququna malikdir.Bu səbəbdən məhkəmə torpaq sahəsinin əldə edilməsində ümumi vəsaitlərin iştirak edib-etmədiyini araşdırmalı, iddiaçının həmin əmlakın əldə edilməsinə töhfəsinə hüquqi qiymət verməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz ünvanlayaraq, təmin olunmamasını xahiş etmişdir.Etiraz iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

23. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

24. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

25. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsi nikah məhkəmə qaydasında pozulduqdan sonra cavabdeh tərəfindən əldə edildiyindən birgə nikah dövründə qazanılmış əmlak hesab edilə bilməz. Iddiaçı tərəflərin faktiki birgə yaşamasına istinad etsə də, əmlakın birgə vəsait hesabına alındığını təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin məhkəmə “formal boşanma” arqumentini əsassız saymış, nikahın qanuni qaydada pozulduğunu və bu barədə qətnamənin qanuni qüvvəyə mindiyini qeyd etmişdir.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar