Məhkəmə qərarları › İş №2(1-8)-1473/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1473/2026

08.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1473/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X13 ilə X3 arasında ##.##.2019-cu il tarixdə ** saylı akt qeydi ilə nikahları rəsmiləşdirilmişdir. Birgə onların ## ##### 2014-cü il təvəllüdlü X18 adlı uşaqları anadan olmuşdur;

3. Ölüm haqqında şəhadətnamələrin sürətinə əsasən X4 ## ###### 2018-ci il tarixdə ən ağır yanıq şoku, bütün bədənin 98-100% yanması nəticəsində, X18 isə ## ###### 2018-ci il tarixdə toksemiya nəticəsində vəfat etmişlər;

4. Bakı şəhəri Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh Istehsalat Birliyindən 60.000 (altmış min) manat məbləğində dəymiş mənəvi ziyan iddiaçı X9 xeyrinə tutulması qət edilmişdir;

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Xətai rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2021-ci il tarixli qətnaməsi mənəvi zərərə görə məbləğinin 60000 (altmış min) manat müəyyən edilməsi hissəsində dəyişdirilmiş, mənəvi zərərin məbləği 80000 (səksən min) manat müəyyən edilməsi qət edilmişdir;

6. Masallı Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən görünür ki, X3 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır;

7. Masallı Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış, hökm qanuni qüvvəyə minmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Istehsalat Birliyindən 80.000 manat məbləğində mənəvi zərərin, “Ekol” Vəkil Bürosu ilə bağladığı müqaviləyə əsasən ödədiyi 300 manatın və ödədiyi 330 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

9. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2003-cü ildə həmkəndlisi Günel Müseyibovla ailə qurmaqla evlənmişlər. Yaşadıqları birgə müddət ərzində 2 oğlan övladları dünyaya gəlmişdir. Rusiyada olduğu zaman ## ###### 2018-ci il tarixdə ona zəng edərək evdə qazdan partlayış olduğunu və evin partladığını demişdirlər. Bakıya qayıtdıqda onu qarşılayanlar qazdan evin partlamasını, onun 2 uşağının və qaynının bir uşağının yanaraq ağır vəziyyətdə olmasını demişdirlər. 2005 ci il təvəllüdlü oğlu Əli ## ###### 2018-ci il tarixdə, 2011-ci il təvəllüdlü oğlu Məhəmməd ## ###### 2018-ci il tarixdə, qaynı oğlu 2006cı il təvəllüdlü X1 isə ## ###### 2018-ci il tarixdə faciəvi surətdə vəfat etmişdirlər. Masallı rayonu, Sığıncaq kəndindəki onlara məxsus olan evin tikintisi 2015-ci ildə yekunlaşdırdıqdan sonra həyat yoldaşı və övladları ilə birlikdə həmin evə köçüb yaşamağa başlamışlar, lakin evin birinci mərtəbəsində təmir işləri davam etdirilmişdir. Yaşadıqları evə 2017-ci ilin aprel ayında qaz xətti çəkilmiş, ev kombi istilik sistem ilə təhciz edilmişdir. Istilik kombi sistemi ilə işlədiyi üçün evin mətbəxindən başqa heç bir otağında qaz sobası və qаz avadanlığı olmamışdır. Sığıncaq kəndinin ana qaz xətti yaşadıqları evin həyət qapısının qarşısından keçir. Qaz borusu qapının yanına qədər çöllə, qapının qarşısında isə yerin altı ilə çəkilmişdir. 2018-ci ilin sentyabr ayının sonlarından etibarən yaşadıqları evin həyət qapısının qarşısından və həyətdən kəskin qaz iyi gəlmiş, qaz borusundan sızıntının olduğunu hiss etmiş, lakin konkret olaraq sızıntının haradan olduğunu müəyyən edə bilməmişdir. Dəfələrlə oğlu Əli sızıntı olması barədə ## ###### 2018-ci il və ## ###### 2018-ci il tarixlərdə qaz qəza xidmətinin 104 xidmətinə zəng edərək məlumat vermiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Hadisədən 3-4 gün əvvəl yağışların yağması ilə əlaqədar həyət qapısının qarşısında gölməçələr yaranmış, yerin altında sızan qaza görə qapının qarşısında olan gölməçənin bir neçəsində su qaynadığını, yəni köpükləndiyini görmüşlər. ## ###### 2018-ci il tarixdə oğlu Əli yenə 104 xidmətinə zəng edərək həyət qapsının qarşısında qaz sızıntısının olması barədə təkrar məlumat vermiş, qəza xidmətinin əməkdaşı isə Əlidən valideynlərinin, atasının zəng etməsini istəmiş və texnikalarının olmadığını bildirmişdir. Əli isə iddiaçının Rusiya Federasiyasında olduğu üçün özünün zəng etdiyini demişdir. Həmin gün bir nəfər həyətə gəlmiş və sızma yerinə baxaraq, qazıntı işlərinin aparılması üçün texnika lazım olmasını və bu barədə idarəyə məlumat verəcəyini bildirmişdir. Həmin vaxt gələn şəxs uşaqlara və ya həyat yoldaşına evin havalandırılması, qapalı yerlərin açıq saxlanılması, elektrikdən və qazdan ehtiyatla istifadə etmələri barədə təlimatlandırmamış, o cümlədən evə qaz sızmasının olmasını yoxlamamışdır. Hadisənin baş verdiyi gün, yəni ## ###### 2018-ci il tarixdə qaynı Rauf Kərimov qaz idarəsinin əməkdaşlarına zəng edərək təkidlə onları evinin qarşısında olan qaz sızıntısının təmir etməyə çağırmış, lakin qaz qəza xidməti texnikaları olmadığı üçün həmin gün də gəlməmişlər. ## ###### 2018-ci il tarixdə, saat 19:30 radələrində həyat yoldaşı Məhəmməd və Əli ilə birlikdə evdə olduqları zaman qonşuluğunda yaşayan qaynı X16 Kərimov onlara gələrək Əlidən kitab istəmiş və birlikdə evdə oturub çay içmişlər. Məhəmməd, Əli və Sənan birlikdə oynamaq üçün evin birinci mərtəbəsində yerləşən giriş qapısından sağ tərəfdə yerləşən otağa getmişlər. Həmin otaqdan gündəlik istifadə edilməmişdir. Uşaqlar birinici mərtəbəyə düşəndən çox az müddət sonra çox güclü partlayış olmuşdur. Yoldaşı partlayışın təsirindən özünü itirmiş və qaçaqaça birinci mərtəbəyə düşmüşdür, aşağı düşəndə nə baş verdiyini anlamamışdır, lakin partlayışın baş verdiyi otaqda Məhəmmədin səsinin gəldiyini eşidib oraya tərəf gedəndə. Məhəmmədin partlayışın baş verdiyi otaqda oturuqlu vəziyyətdə “yandım” deyə ağladığını görmüşdür, Məhəmmədi qucağına götürüb çölə çıxmış və əynindəki paltarları çıxartmışdır. Sonra Əlinin qarşısında dayandığını görüb, ondan nə baş verdiyini soruşmuş, Əli isə ona Məhəmməd və Sənan ilə birlikdə otağa girib işığı yandıran kimi partlayış olduğunu demişdir. Əlinin bütün bədəni və əynindəki paltarları yanmış, partlayışın təsiri ilə pəncərədən çölə düşmüşdür. Sənan isə partlayışdan sonra yana-yana küçəyə qaçmış və partlayışın səsinə çölə çıxan qayınları Rauf və Namiq Sənanı söndürmüşlər. X5 avtomobili ilə uşaqların üçünü də Masallı RMX-na aparmış, xəstəxanada göstərilən ilk tibbi yardımdan sonra onların vəziyyətinin yaxşı olmadığı bildirilmiş və hər üç uşaq müalicənin davam etdirilməsi üçün elə həmin gecə Bakı şəhərində yerləşən * saylı xəstəxananın nəzdindəki yanıq xəstəxanasına aparılmışdır. Uşaqların yanıq xəsarətləri ciddi olduğundan göstərilən bütün tibbi yardımlara baxayaraq Əli Müseyibov ## ###### 2018-ci il tarixdə, Məhəmməd Müseyibov ## ###### 2018-ci il tarixdə, Sənan Kərimov isə ## ###### 2018-ci il tarixdə faciəvi surətdə ölmüşlər. Cavabdeh Istehsalat Birliyinin əməkdaşları X6 Istismarı Idarəsinin əməkdaşlarının onlara məxsus olan fərdi yaşayış evinin həyət qapısının qarşısından keçən yeraltı qaz kəmərində qaz sızma olması barədə, məlumat almasına baxmayaraq, vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibətləri nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək həmin qaz sızmasının qarşısını almaması səbəbindən ## ###### 2018-ci il tarixdə baş vermiş partlayış nəticəsində ehtiyatsızlıqdan 3 nəfərin, yəni X4, X18 və X1 ölümünə səbəb olan səhlənkarlıq etmişlər. Masallı Rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası CMnin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X2 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 1(050)- */**** nömrəli, ## ###### 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarı ilə məhkum X10 və müdafiəçisi X7 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə məhkəmənin hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə Cavabdeh X27 Qaz Istismarı Idarəsinin əməkdaşlarının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşlarının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində azyaşlı oğlanlarının və qaynı oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır.

10. Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Istehsalat Birliyindən dəymiş mənəvi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, ödənilmiş hüquqi yardım haqqının əvəzi olaraq 112,5 (yüz on iki manat əlli qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 180,34 (yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Əminə Abbasova).

11. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh Istehsalat Birliyinin əməkdaşlarının səhlənkarlığı, yəni işə laqeyd münasibətləri, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri nəticəsində iddiaçının uşaqlarının ölümü ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Dəyən zərər məhz cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Istehsalat Birliyinin əməkdaşlarının Cavabdeh Istehsalat Birliyinin fəaliyyəti ilə birbaşa əlaqəli olan əmək vəzifələrinin icrası zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğundan iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır.

12. Məhkəmə hesab etmişdir ki, göstərilən hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən olunduğundan, bu məhkəmə üçün məcburidir. Cavabdehin işçilərinin təqsiri üzündən yaxınının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, mənəvi zərərin həcmi 80.000 manat məbləğində deyil, iddiaçı ilə mərhumların qohumluq dərəcəsi, hadisədən 7 il müddətin keçməsi, iddiaçının keçiridiyi stres, narahatlıq, məyusluq, sarsıntı və sair kimi hallar nəzərə alınaraq 30.000 manat məbləğində müəyyən edilməlidir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097, 1099-cu maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına, Ali Məhkəmənin Plenumunun ## ###### 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı və cavabdeh iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər.

15. Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməsi tələb olunsa da məhkəmə heç bir əsaslandırma aparmadan iddianı qismən yəni 30.000 manat hissəsində təmin etməklə səhv nəticəyə gəlmiş işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə bir cox halları, xüsusilə də onun yeganə 2 oğlan övladının olmağını, başqa uşağının olmamasını, hadisənin faciəvi surətdə partlayışdan baş verməsini, uşaqların yanaraq, ağrı içində acı çəkərək ölmələrini düzgün qiymətləndirməmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, hadisənin üzərindən 7 il müddət keçmişdir. Məhkəmə səhlənkarlığa görə aparılan cinayət işi üzrə məhkəmələrin yekunlaşmasına diqqət yetirməmiş, hadisənin 7 il keçməsini uzun vaxt olaraq dəyərləndirmişdir. Cavabdehin işçilərinin təqsiri üzündən iddiaçının valideyin olaraq həm də toy, yas, bayram və el şənliklərində iştirakdan məhrum olduğundan mənəvi hüzuru pozulmuşdur. Göstərilənlərə əsasən qətnamənin- iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə qətnamə qəbul edən zamanı zərərvuran Cavabdeh IB işçilərinin təqsirinin ehtiyatsızlıqdan baş verdiyini nəzərə almamış, təqsirin qəsd və ehtiyyatsızlıq növləri arasında fərqi düzgün müəyyən edə bilməmiş və bu səbəbdən iddiaçıya ödəniləcək mənəvi zərər məbləğini ağlabatan və ədalətli müəyyən etməmişdir. “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 23-cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarına əsasən ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış 2. “Azərbaycan Respublikası MülkiMəcəlləsinin 23cümaddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarı. birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Iddiaçının ailə üzvü X11 öz 2 uşağınınölümü ilə əlaqədar mənəvi ziyan tələbi ilə ayrıca olaraq məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin *(***)-*****/**** saylı ##.##.2021-ci il tarixli qətnaməsinə əsasən 80.000 manat mənəvi təzminat almışdır. Xətai Rayon Məhkəməsi müvafiq işə baxarkən, iş üzrə iddiaçının arvadının mənəvi zərərə görə cavabdeh Cavabdeh IB-dən ayrıca olaraq 80.000 manat məbləğində təzminat almış olduğunu nəzərə almamışdır. Iddiaçının ailə üzvündən əlavə, iddiaçının qaynı X12 və qaynının arvadı X8 da həm öz övladının, həm də iddiaçının 2 övladının ölümü ilə əlaqədar ayrı-ayrılıqda cavabdeh Cavabdeh IB-dən mənəvi zərərin əvəzi qismində müvafiq olaraq 50.000 və 10.000 manat məbləğində təzminat almışlar. Eyni zamanda iddiaçı hadisə baş verən zamanı övladları ilə birgə onların yanında yaşamamış, baş vermiş bədbəxt hadisənin (partlayışın) şahidi olmamış və 2 övladının ölümü ilə əlaqədar aparılan cinayət işində zərərçəkmiş şəxslərin hüquqi varisi qismində tanınmamış, iştirak etməmişdir. Rayon məhkəməsi tərəfindən bu hallar da nəzərə alınmamışdır. Göstərilənlərə əsasən qətnamənin- iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməyərək Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Ikram Şirinov - sədrlik edən və məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).

18. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılan halları ilə mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın əməkdaşlarının təqsirli hərəkəti nəticəsində iddiaçının 2 oğlunun yanaraq ölməsi iddiaçının yüksək dərəcədə mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Cavabdeh tərəf də bunu mübahisələndirmir. Iddiaçının övladlarının ölməsində cavabdehin işçisinin təqsirli olması qanuni qüvvəsini almış məhkəmə hökmü ilə müəyyən edilmişdir.

19. Məhkəmə hesab etmişdir ki, 2 oğlunun ölümü nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı məbləğlə ölçülməsi, hər hansı pul vəsaiti ilə azaldılması və onların həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə cavabdehdən pul kompensasiyası tutulması vasitəsilə ilə o, müəyyən mənada, cüzi də olsa, təsəlli ala bilər.

20. Məhkəmə iddiaçının şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, hazırkı işin halları və mövcud məhkəmə təcrübəsi baxımından rayon məhkəməsinin müəyyən etdiyi kompensasiyanın məbləği ağlabatan olmuşdur və Məhkəmə onun artırılması üçün tutarlı əsaslar görmür.

21. Məhkəmə cavabdehin şikayətinin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçının övladlarının ölümü səbəbindən mənəvi sarsıntılar keçirməsi şəksiz olsa da, hadisənin bilavasitə cavabdehin əməkdaşlarının qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi zəruridir. Hazırkı halda mülki işin materialları ilə mübahisəsiz qaydada müəyyən edildiyi kimi, cavabdehin işçilərinin təqsirli hərəkətləri nəticəsində göstərilən hadisə baş vermiş, iddiaçının övladları həmin hadisə nəticəsində yanaraq ölmüşdür.

22. Digər tərəfdən Məhkəmə iddiaçının, eləcə də cavabdehin apellyasiya şikayətinin– mənəvi ziyanın məbləği ilə bağlı bildirdiklərinə münasibətdə qeyd etmişdir ki, ailədə baş vermiş faciə ilə bağlı hər bir ailə üzvünün bu itki ilə bağlı mənəvi sarsıntı keçirməsi əsası ilə ayrılıqda cavabdehə qarşı qeyd edilən iddialarla müraciət etməsi onların hüququ olsa da, bu halda sonuncunun maddi vəziyyətinin nəzərə alınması da diqqətdən qaçırılmamalıdır.

23. Məhkəmə hazırkı iddianın hüquqdan sui-istifadə olması ilə bağlı səsləndirilən fikrə münasibətdə aşağıdakıların qeyd olunmasını zəruri hesab etmişdir. Cavabdehin nümayəndəsi belə bir dəlil səsləndirərkən iddiaçının həyat yoldaşının, qaynının və qaynının həyat yoldaşının eyni tələblə məhkəməyə müraciət etmələrinin və müvafiq olaraq, onlara 80000 (səksən min) manat, 50000 (əlli min) manat, 10000 (on min) manat mənəzi zərərin ödənilməsini əsas gətirmişdir. Cavabdeh tərəfin istinad etdiyi həmin faktlar işin mübahisəsiz halları kimi müəyyən olunur. Bununla belə, bu faktların mövcudluğu öz-özlüyündə iddiaçınınatanın belə tələblə çıxış etməsi hüquqdan sui istifadə kimi dəyərləndirilə bilməz. Çünki atanın övladlarının qəfil, həm də yanaraq ölümü, həm də bunun kiminsə aşkar təqsirli əməli səbəbindən baş verməsinə görə dərin mənəvi sarsıntı keçirməsi mübahisə doğurmayan haldır. Buna görə də mərhumların ölümünə görə digər ailə üzvlərinin əvvəllər ayrı-ayrılıqda müvafiq tələblərlə çıxış etmələri, heç bir halda atanın bu hüquqdan istifadəsini istisna edə bilməz. Digər tərəfdən də göründüyü kimi, rayon məhkəməsi tərəfindən ödəniləcək mənəvi zərərin məbləği müəyyən olunarkən cavabdehin qeyd etdiyi həmin hallar nəzərə alınmamış, müəyyən olunmuş məbləğ bu işin xüsusi hallarına uyğun müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi cavabdehin “rayon məhkəməsi tərəfindən hadisədən uzun müddət, 7 (yeddi) il keçməsinin nəzərə alınmaması” dəlilinə münasibətdə qeyd etmişdir ki, iddiaçının vəkilinin bildirdiyi kimi, iddiaçının uşaqlarının faciəli şəkildə ölümünə səbəb olan və 2018-ci ildə baş vermiş hadisəylə bağlı cinayət əməlini törətmiş təqsirli şəxslərin barəsində çıxarılmış ittiham hökmü üzrə yekun məhkəmə qərarının alınması yalnız ##.##.2023-cü ildə başa çatmışdır, bundan dərhal sonra isə müvafiq iddialar verilmişdir. Vəkil həm də bildirmişdir ki, mənəvi zərərlə bağlı tələblər yalnız analoji işlərdə ittiham hökmü üzrə son qərarın çıxarılmasından sonra verilə bilir. Demək ki, cavabdehin hadisədən 7 (yeddi) il keçməsi barədə irəli sürdüyü dəlil əsaslı sayıla bilməz.

25. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə oxşar vəziyyətlərdə baş vermiş hadisədən müəyyən zamanın keçməsinin, heç də bütün hallarda itkiyə məruz qalmış iddiaçı ata və ya ananın iztirab və sarsıntısının “azalması və ya zəifləməsi”nə səbəb olmamasına dair mövqe əsaslı hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir və mənəvi zərərin baş verməsinə səbəb olmuş əməlin təhlükəlilik dərəcəsi, bunun nəticəsində iddiaçının iki uşağının faciəli şəkildə ölməsi səbəbindən onun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi ədalətli və ağlabatandır.

27. Eyni zamanda hazırkı dövrdə oturuşmuş məhkəmə praktikasına görə, həm də hazırkı qəbildən olan işlə oxşarlıq təşkil edən işlərdə, ailədə bir nəfərin vəfat etməsinə görə mənəvi zərərin məbləği 10.000-40.000, bir sıra işlərdə isə 60.000 manat olmaqla dəyişir. Bu baxımdan da Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə müəyyən olunmuş məbləğ ağlabatan və mütənasib olmaqla, həm də oxşar işlər üzrə məhkəmə təcrübəsinə də uyğun olmuşdur. Məhkəmə bir daha vurğulayır ki, hər bir konkret işin fərqli xüsusi halları ola bilər və bu hallar fərqli qənaətə gəlməyə əsas verə bilər.

28. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1099.1, 1115-ci, Insan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra– Avropa Məhkəməsi) “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il ## ### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2020-ci il tarixli Qərarına, “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № **, ## ###### 2025-ci il tarixli Qərarına, Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il ## ######## tarixli Qərarına, Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il ## #### tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr mənəvi zərərin məbləğini müəyyən edərkən hadisənin ehtiyatsızlıqdan baş verməsini, eyni hadisə ilə əlaqədar iddiaçının həyat yoldaşına 80.000 manat, qaynına 50.000 manat və qaynının həyat yoldaşına 10.000 manat məbləğində mənəvi təzminat ödənilməsini nəzərə almamış, nəticədə cavabdehin üzərinə təkrar və həddindən artıq maliyyə öhdəliyi qoymuşlar. Həmçinin iddiaçının hadisə zamanı övladları ilə birlikdə yaşamaması, partlayışın şahidi olmaması, cinayət işində zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmaması, uzun müddət Rusiya Federasiyasında yaşaması və övladlarının məzarlarını ziyarət etməməsi onun mənəvi bağlılığının zəif olduğunu göstərən hallar kimi qeyd edilmişdir. Bundan əlavə, iddiaçının qaynının övladının ölümü ilə bağlı mənəvi zərər tələbinin kifayət qədər əsaslandırılmadığı, həmin şəxslə xüsusi mənəvi bağlılığının sübuta yetirilmədiyi, məhkəmələrin isə 30.000 manat məbləğində müəyyən etdikləri mənəvi təzminatın hansı hissəsinin iddiaçının öz övladlarının, hansı hissəsinin isə qaynının övladının ölümü ilə əlaqədar olduğu əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

33. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

36. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

37. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Məhkəmə kollegiyası, qətnaməni cavabdeh tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Kassasiya şikayətindən görünür ki, cavabdeh təşkilat zərərin tutulmasını deyil, tutulmuş zərərin məbləğinə münasibətdə hüquq normalarının düzgün tətbiq edilmədiyini bildirir.

46. Kassatorun mövqeyinə görə, məhkəmələr mənəvi zərərin məbləğini müəyyən edərkən hadisənin ehtiyatsızlıqdan baş verməsini, eyni hadisə ilə əlaqədar iddiaçının həyat yoldaşına 80.000 manat, qaynına 50.000 manat və qaynının həyat yoldaşına 10.000 manat məbləğində mənəvi təzminat ödənilməsini nəzərə almamış, nəticədə cavabdehin üzərinə təkrar və həddindən artıq maliyyə öhdəliyi qoymuşlar. Cavabdeh şikayətində iddiaçının iki övladının ölümü ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi hissəsində qətnamənin dəyişdirilərək həmin zərərin məbləğinin 2.000 manat müəyyən edilməsi, qaynının uşağının ölümü ilə əlaqədar mənəvi zərərin ödənilməsi tələbinin isə təmin olunmamasını xahiş etmişdir.

47. Kassasiya məhkəməsi kasstorun dəlilləri ilə qismən razılaşaraq bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ## ###### 2025-ci il tarixli, ** nömrəli Qərarının 5.4-cü bəndinə əsasən, mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.

48. Həmin Qərarın 7.4-cü maddəsində göstərilir ki, təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır.

49. Hazırkı işdə nəzərə alınmalı olan xüsusi hal ondan ibarətdir ki, istinad olunan hadisə nəticəsində baş verən ölümlərlə bağlı iddiaçının arvadı X11 eyni cavabdehə qarşı bir dəfə mənəvi təzminat iddiası qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-*****/**** nömrəli, ##.##.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Istehsalat Birliyindən 80000 (səksən min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq Günel Müseyibova ödənilməsi qət edilmişdir.

50. Göründüyü kimi, iddiaçı ilə nikahda olan Günel Müseyibova 80000 manat mənəvi təzminat aldıqdan sonra Əbülfəz Müseyibov yenidən eyni cavabdehə qarşı eyni məbləğdə mənəvi təzminat tələbi irəli sürmüşdür.

51. Adları çəkilən fiziki şəxslərin ölən şəxslərlə yaxınlıq dərəcələri, birgə nikahda olmaları, əvvəl tutulmuş təzminatın məbləği, eyni təsərrüfata daxil olması və ümumilikdə ailənin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiyasına xidmət etməsi də nəzərə alındıqda, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilərək cavabdehdən tutulan mənəvi zərərin məbləği 5.000 (beş min) manat müəyyən edilməlidir.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilərək cavabdeh Cavabdeh Istehsalat Birliyindən iddiaçı İddiaçı xeyrinə tutulan mənəvi zərərin məbləği 5.000 (beş min) manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar