Məhkəmə qərarları › İş №2(1-8)-1619/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1619/2026

23.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1619/2026 23.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh5, cavabdeh1, Yevlax rayon * saylı Notariat Kontoru (Ofisi) və Mingəçevir şəhəri * saylı Dövlət Notariat Kontoruna (Ofisinə) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: əqdin etibarsızlığı, uydurma əqd Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. cavabdeh5 ilə İddiaçı arasında ##.##.1998-ci il tarixdə qeydiyyata alınmış nikah Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha ##.##.2023-cü il tarixdə xitam verilmişdir;

3. Mingəçevir şəhəri * saylı Dövlət Notariat Kontorunda ## #### 2015-ci il tarixdə təsdiq edilmiş 7E-**** reyestr nömrəli etibarnamənin məzmunundan görünür ki, X2 və cavabdeh5 həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişlər;

4. Mingəçevir şəhəri * saylı Dövlət Notariat Kontorunda ## ##### 2015-ci il tarixdə təsdiq edilmiş 7E-**** reyestr nömrəli ərizənin surətindən görünür ki, X2 etibarnamə ilə təmsil etmək səlahiyyəti olan X3 Nidayət Bəşir oğluna məxsus Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki **/** saylı binanın * saylı mənzilinin satılmasına razı olduğunu bildirmişdir;

5. cavabdeh5 ilə cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X1 arasında bağlanmış və Mingəçevir şəhəri * saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli ## ##### 2015-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, cavabdeh5 mülkiyyətində olan Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki **/** saylı binanın * saylı 3 otaqlı mənzili cavabdeh2 satılmışdır;

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ### 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri Heydər Əliyev prospektindəki **/** saylı binanın * saylı mənzili tam mülkiyyət hüququ ilə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;

7. Mingəçevir şəhəri * saylı Dövlət Notariat Kontorunda ## ###### 2015-ci il tarixdə təsdiq edilmiş 7E-02-12-** reyestr nömrəli ərizənin surətindən görünür ki, X2 əri cavabdeh5 məxsus Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin satılmasına, dəyişdirilməsinə və ya bağışlanmasına etiraz etmədiyini bildirmişdir;

8. Yevlax rayonu * saylı notariat kontorunda təsdiq edilmiş AN-İ ******* nömrəli, ## ##### 2015-ci il tarixli 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqaviləyə əsasən cavabdeh5 mülkiyyətində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi X1, 0,05 ha hissəsi isə cavabdeh2 satılmışdır;

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ##### 2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarışın surətindən görünür ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha həyətyanı torpaq sahəsini tam mülkiyyət hüququ ilə cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı məhkəməyə müraciət edərək, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,05 ha (ilkin olaraq 0,10 ha) həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış ## ##### 2015-ci il tarixli *Ə-** nömrəli daşınmaz əmlakın alğı satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh2 adına olan ## ##### 2015-ci il tarixli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış ## ##### 2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdəki qeydiyyatın ləğv edilərək həmin əmlaklar üzərində onun ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Iddia belə əsaslandırılmışdır ki, onunla cavabdeh cavabdeh5 arasında 1997-ci il noyabr ayında rəsmiləşdirilmiş nikahları ##.##.2023-cü il tarixində məhkəmə qaydasında pozulmuşdur. cavabdeh5 birgə nikah dövründə birgə vəsait hesabına bir çox əmlak əldə etmişdir. Lakin cavabdeh5 həmin əmlakları öz adına deyil, üçüncü şəxslərin adına rəsmiləşdirmişdir. Belə ki, adına əmlak rəsmiləşdirilmiş şəxslərdən biri də cavabdeh2dur. cavabdeh5 əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirməsindəki məqsədi birgə nikahın pozulması halında əmlak bölgüsünün qarşısını almaq və bununla da qanunun tələblərindən yayınmaq olmuşdur. cavabdeh5 1997-ci ildən Mingəçevirdə notarius kimi fəaliyyət göstərdiyindən onun verdiyi asanlıq və əlçatanlıqla rahat şəkildə əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirə bilmişdir. Məhz bu əmlakları kimin adına rəsmiləşdirildiyi və hərəkətliliyi barədə məlumat almaq məqsədilə cavabdeh1 ** saylı Yevlax Ərazi Idarəsinə və Ədliyyə Nazirliyinin Notariat və Qeydiyyat Baş Idarəsinə Tərəfimizdən sorğu ünvanlanmışdır. Həmin sorğular əsasında ** saylı Yevlax Ərazi Idarəsi ##.##.2024-cü il tarixli, 3-21-3-35/2-****/**** №-li cavab məktubu və Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş Idarəsi tərəfindən ##.##.2024-cü il tarixli, 3-16-5/2-14-****/**** №-li cavab məktubu ünvanlayaraq əmlakların kimin adına rəsmiləşdirildiyi və onların hərəkətliliyi barədə məlumat təqdim etmişdir. 1. Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi - ilkin olaraq (sahəsi 0.10 ha olmaqla) cavabdeh5 adına ##.##.2011-ci il tarixində 2011003546 № ilə qeydiyyata alınmışdır. Yevlax rayon * saylı notariat konturunda notariat ofisində ##.##.2015-ci ildə *Ə-** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin torpaq sahəsinin 0.05 ha hissəsi cavabdeh2 adına özgəninkiləşdirilmişdir. cavabdeh2 mülkiyyət hüququ ##.##.2015-ci il tarixində ********** nömrəsi ilə qeydiyyata alınmışdır. 2. ünvan 1 ünvanında yerləşən mənzil – Mingəçevir şəhər * saylı notariat ofisində ##.##.2015-ci il tarixində cavabdeh5 (satıcı) (etibarnamə üzrə nümayəndə X3) ilə cavabdeh2 (alıcı) (etibarnamə üzrə nümayəndə X1) arasında daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə həmin mənzil cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Həmçinin cavabdeh5 və cavabdeh2 tərəfindən və onun xeyrinə verilmiş etibarnamələr barədə məlumat əldə etmək məqsədilə Dövlət Notariat Arxivinə sorğu ünvanlanmış və həmin sorğuya uyğun olaraq ##.##.2024-cü il tarixli, 3-16-5/6-14-***/*/** №-li cavab məktubu və etibarnamələrin əks olunduğu elektron daşıyıcı bizə təqdim edilmişdir. Belə ki, ##.##.2024-cü il tarixli, 3-16-5/6-14-***/*/** №-li cavab məktubu və etibarnamələrin əks olunduğu elektron daşıyıcıda olan ##.##.2015-ci il tarixli, **** reyestr nömrəli etibarnamə cavabdeh2 tərəfindən X4 və X1 xeyrinə verilmişdir. Həmin etibarnamə ilə cavabdeh2 Bakı şəhərində yerləşən daşınmaz əmlakı istisna olmaqla, qalan əmlakının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq digər hərəkətləri etməyi X4 və X1 etibar etmişdir. Yəni cavabdeh2 həqiqətən ona məxsus olan, Bakı şəhərində yerləşən əmlak(lar)ını istisna etməklə, faktiki olaraq cavabdeh5 məxsus olan əmlaklara dair hüquqları onun ortaqlarına etibar etmişdir. Məhz bu etibarnamənin verilməsindəki məqsəd, faktiki olaraq cavabdeh5 məxsus əmlakları cavabdeh2 adına rəsmiləşdirmək və onları rahat idarə etmək olmuşdur. Belə ki, etibarnəmələrin siyahısına nəzər saldıqda görürük ki cavabdeh5 iddiaçı tərəfindən ##.##.2012-ci il tarixində *E-**** nömrəli etibarnamə verilmişdir. Xüsusilə vurğulamalıyıq ki, bu etibarnamə cavabdeh5 tərəfindən öz səlahiyyətlərini aşmaqla, ##.##.2012-ci il tarixində İddiaçı (Rzayeva) xəbərsiz hazırlamış və imzalamışdır. cavabdeh5 xüsusi notarius vəzifəsində çalışmasının verdiyi asanlıq və əlçatanlıqla iddiaçının xəbəri olmadan iddiaçının adından öz adına verilmiş bu saxta etibarnamə hazırlamışdır. Və həmin vaxt birgə nikah dövründə əldə edilən əmlakları iddiaçıdan xəbərsiz *E-**** nömrəli saxta etibarnamə ilə başqa şəxslərin adına rəsmiləşdirilməsini həyata keçirmişdir. Belə ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi və ünvan 1 ünvanında yerləşən mənzil birgə nikah dövründə əldə edildiyindən onlar barədə sərəncam verildiyi zaman müvafiq qaydada İddiaçı (Rzayeva) razılıq alınmalı idi. Lakin cavabdeh5 qeyd edilən etibarnamədən istifadə edərək, onu razılıq kimi istifadə etmiş və həmin əmlakları alğı-satqı müqaviləsi ilə cavabdeh2 adına özgəninkiləşdirmişdir. Bu əmlaklarla əlaqədar alğı-satqı müqavilələri bağlanarkən alıcı qismində cavabdeh2 şəxsən deyil, onun etibarnamə üzə nümayəndələri çıxış etmişdir. Dolayısı ilə yuxarıda qeyd etdiyimiz halları bu fakt ilə əlaqəli təhlil etdikdə cavabdeh2 həmin əmlaklarla əlaqədar heç bir marağının olmadığı açıqca görünməkdədir. Yəni Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha (ilkin olaraq 0.10 ha) həyətyanı təyinatlı torpaq sahəsi ilə əlaqədar bağlanmış ##.##.2015-ci il tarixli, *Ə-** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin və ünvan 1 ünvanında yerləşən mənzil ilə əlaqədar bağlanmış ##.##.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqavilələri uydurma əqdlər olmaqla sadəcə görünüş üçün bağlanmış əqdlərdir.

12. Cavabdeh cavabdeh2 etibarnamə üzrə nümayəndəsi nümayəndə2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı İddiaçı iddia tələbi əsassızdır. Belə ki, mənzilin və torpaq sahəsinin cavabdehə satılmasında digər cavabdeh cavabdeh5 arvadı iddiaçı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi olmuşdur. Alqı-satqı müqavilələri nəticəsində əmlaklar qanuni əsaslarla cavabdeh2 mülkiyyətinə keçmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.

13. Məhkəmə baxışı iclasında cavabdeh cavabdeh5 izahatında bildirmişdir ki, müqavilələrin etibarsızlığı üçün əsaslar mövcud deyildir. Əmlakların satılmasına iddiaçının yazılı və təsdiqlənmiş razılığı olmuşdur. Iddiaçı ilə nikahı 2023-cü ildə pozulduqdan sonra onun əsassız şikayətləri və iddiaları yaranmışdır. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.

14. Cavabdeh cavabdeh5 iddia müddətinin tətbiqi haqqında ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı İddiaçı iddiası iddia müddətini ötürülməsi səbəbindən təmin edilməməsini xahiş etmişdir.

15. Daşkəsən Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir (hakim Kənan Vəliyev).

16. Birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, X2 notarial qaydada təsdiqlənmiş ərizə təqdim etməklə torpaq sahəsinin satılmasına razı olduğunu bildirmişdir. Torpaq sahəsinin satılmasına razılıq isə iddiaçının buna etibarnamə əsasında səlahiyyət vermiş olduğu şəxs tərəfindən verilmişdir. Razılıq bildirən sənədlərin hər biri notarial qaydada təsdiq olunmuşdur.

17. Işin hallarından görünür ki, mübahisələndirilən müqavilələr üzrə öhdəliklər hər iki tərəfə münasibətdə tam icra olunmuş və hüquqi nəticə yaranmışdır. Həmin daşınmaz əmlaklar birgə nikah dövründə əldə edilmiş olduğundan bu əmlakların özgəninkiləşdirilməsinin gələcəkdə İddiaçı tərəfindən hüquqi yollarla ayrılma və ya bölünmə tələblərinin qarşısının alınması məqsədilə edilmiş olması ehtimalı o halda mümkün olardı ki, bu müqavilələr iddiaçının razılığı olmadan bağlanılmış olsun. Bir halda ki, əmlakların satılması iddiaçıdan gizlədilməmişdir, ona görə də əqdlərin bu əsaslara görə etibarsızlıq halı yaranmır.

18. Birinci instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf onu sübut etməlidir. Müqavilələr üzrə tərəflərin iradə ifadəsinin torpaq sahəsinin və mənzilin satılmasına deyil, başqa bir əqdin pərdələnmiş olmasına yönəlmiş olmasını və ya əqdlərin uydurma olmasını müəyyən edən, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş vəsatətlərdə iş üçün əhəmiyyətli ola biləcək mötəbər sübutların əldə olunması göstərilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, əmlakların satılmasına razılıq bildirən sənədlərin hər biri notarial qaydada təsdiq olunmuşdur. Iddiaçı tərəf notarial qaydada təsdiq olunmuş sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmiş olduğu təqdirdə bunların ekspertiza qaydasında müəyyən olunması üçün sərbəst xətt və imza nümunələrini məhkəməyə təqdim etməli olduğu halda, sübutetmə vəzifəsindən irəli gələrək iş üzrə keçirilən məhkəmə iclaslarında sübut əhəmiyyəti olan sərbəst xətt yazı və imza nümunələrinin əsillərini məhkəməyə təqdim etməmişdir.

19. Müqavilələrin etibarsızlığı tələbi iddia tələbinin digər hissələrinə münasibətdə əsas tələb hesab olunur. Yəni, sonrakı tələblərin həlli bu tələbdən asılıdır. Belə ki, müqavilələr etibarsız sayıldığı halda onlar əsasında verilmiş çıxarışlar ləğv olunmaqla əvvəlki vəziyyət bərpa oluna bilər. Belə vəziyyət yarandığı halda isə əmlakın bölünməsi üçün əsaslar yarana bilər. Qeyd olunanlar onu deməyə əsas verir ilkin tələbin əsassızlığı ondan asılı olan sonrakı tələblərin də əsassızlığına gətirib çıxarır. Odur ki, iddia tələbi bütünlüklə rədd edilməlidir.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.6, 390.1, 398.1, 324.1, 324.2, 324.4, 324.5, 340.1, 340.2-ci və Ailə Məcəlləsinin 33.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Iddiaçı apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, tərəflər arasındakı mübahisə İddiaçı razılığı və xəbəri olmadan keçmiş həyat yoldaşı cavabdeh5 tərəfindən onun adına rəsmiləşdirilmiş Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və ünvan 2 ünvanında yerləşən mənzilin uydurma əqd ilə başqa şəxslərin adına özgəninkiləşdirilməsidir. Daşkəsən Rayon Məhkəməsi e-2(030) ***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsində “O da nəzərə alınmalıdır ki, növündən asılı olmayaraq, əqdin etibarsızlığını iddia edən tərəf onu sübut etməlidir. Müqavilələr üzrə tərəflərin iradə ifadəsinin torpaq sahəsinin və mənzilin satılmasına deyil, başqa bir əqdin pərdələnmiş olmasına yönəlmiş olmasını və ya əqdlərin uydurma olmasını müəyyən edən, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir” deyə göstərilmişdir. Məhkəmənin bu mövqeyi heç bir mötəbər sübutla təsdiq edilmədiyindən əsassızdır. Belə ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsi və ünvan 4 ünvanında yerləşən mənzil ilkin olaraq birgə nikah dövründə cavabdeh5 adına rəsmiləşdirilmişdir. Daha sonra isə cavabdeh5 İddiaçı xəbərsiz başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Məhkəmə isə öz mövqeyini əsaslandırarkən İddiaçı adından verilmiş razılıq ərizələrinə istinad etmişdir. Xüsusilə qeyd edilməli məqamlar mövcuddur. Birincisi, bu ərizə İddiaçı tərəfindən deyil, cavabdeh5 qardaşı X3 tərəfindən imzalanmışdır. Bu ərizənin Müseyib Rzayev tərəfindən imzalanması ##.##.2012-ci il tarixli, *E**** nömrəli etibarnamə ilə mümkün olmuşdur. Lakin İddiaçı bu etibarnamədən ümumiyyətlə xəbəri olmamışdır. Məhz ##.##.2012-ci il tarixli, *E-**** nömrəli etibarnaməni cavabdeh5 xüsusi notarius vəzifəsində çalışmasının verdiyi asanlıq və əlçatanlıqla iddiaçının xəbəri olmadan iddiaçının adından hazırlamışdır. Daha sonra isə bu etibarnamədən istifadə edərək İddiaçı adından Rzayev Müseyibin xeyrinə ##.##.2015-ci il tarixli, 7E-**** №-li etibarnamə vermişdir. Beləliklə cavabdeh5 bu etibarnamələrdən sui-istifadə edərək öz adına olan əmlakları İddiaçı xəbərsiz “istədiyi” şəxslərin adına rəsmiləşdirmişdir. ##.##.2015-ci il tarixli, 7E-02-12-** №-li ərizədə Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin satılmasına İddiaçı razı olduğu göstərilmişdir. Eyni qaydada bu ərizənin də mövcudluğundan İddiaçı xəbəri olmamışdır. Buna baxmayaraq həmin ərizə İddiaçı adından, guya şəxsən özü tərəfindən imzalanmışdır. Sözügedən ərizələrdən və etibarnamələrdən İddiaçı xəbəri olmadığını, həmin sənədlərdəki sərbəst imza və yazı nümunələrin saxta olduğunu və bunun üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməli olduğunu bildirsələr və bu barədə vəsatət təqdim edilsə də, məhkəmə bu vəsatətə biganə qalmışdır. Bundan əlavə məhkəmə qətnamədə “Iddiaçı tərəf notarial qaydada təsdiq olunmuş sənədlərdəki imzaların ona məxsus olmadığını bildirmiş olduğu təqdirdə bunların ekspertiza qaydasında müəyyən olunması üçün sərbəst xətt və imza nümunələrini məhkəməyə təqdim etməli olduğu halda, sübutetmə vəzifəsindən irəli gələrək iş üzrə keçirilən məhkəmə iclaslarında sübut əhəmiyyəti olan sərbəst xətt yazı və imza nümunələrinin əsillərini məhkəməyə təqdim etməmişdir” deyə qeyd etmişdir. Məhkəmənin bu mövqeyi heç cür anlaşılan deyil. Məlumdur ki, sərbəst imza və yazı nümunələrinin şəxsə məxsus olub-olmadığını müəyyən etmək xüsusi bilik tələb edir və bu məqsədlə də ekspertiza təyin edilir, şəxsə məxsus sərbəst imza və yazı nümunələri də ekspertiza təyin edildikdən sonra məhkəməyə təqdim edilir. Lakin hazırki işdə məhkəmə tamamilə mənasız mövqe irəli sürmüş və sanki vəsatətin təmin edilməmə əsası kimi sərbəst xətt yazı və imza nümunələrinin əsillərini məhkəməyə təqdim etməmələrini göstərmişdir. Halbuki sərbəst imza və yazı nümunələri də ekspertiza təqdim edildikdən sonra məhkəməyə təqdim edilir. Məhkəmənin mövqeyinin əsasını təşkil edən sənədlərin mötəbərliyinin yoxlanılmasına dair vəsatətin bu cür səbəbdən rədd edilməsi elə məhkəmənin mövqeyinin də əsassızlığı deməkdir. Məhz bu cür əsasla vəsatətin rədd edilməsi məhkəmənin bu işin nəticəsində maraqlı olduğunu, işin obyektiv araşdırılmadığını göstərməkdədir. Məlumdur ki, məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Lakin hazırki iş üzrə məhkəmənin əsaslandığı yeganə sənədlərin mötəbərliyi ciddi şəkildə şübhə altındadır və bu da məhkəmənin mövqeyinin əsassızlığını göstərir. Digər tərəfdən məhkəmə əqdin etibarlı olubolmadığına qiymət verərkən işin digər hallarını da araşdırmağa borcludur. Məhz hazırki iş üzrə də bəzi hallara diqqət yetirmək lazımdır. Belə ki, hazırki iş üzrə tərəflər arasındakı münasibətlərə diqqət yetirmək lazımdır. Adlarına əmlak rəsmiləşdirilmiş şəxslər cavabdeh2 və X1r. IbrahimovYavər Əli oğlu cavabdeh5 xalası nəvəsidir. X1 isə cavabdeh5 qonşusu və qohumu və adına əmlak rəsmiləşdirdiyi digər şəxslərdən biridir. Göründüyü kimi bu şəxslər biri-biri ilə yaxın münasibətdədirlər. cavabdeh2 sözügedən əmlakların özgəninkiləşdirilməsi zamanı heç vaxt şəxsən iştirak etməmişdir. Belə ki, ##.##.2024-cü il tarixli, 3-16-5/6-14 ***/*/** №-li cavab məktubu və etibarnamələrin əks olunduğu elektron daşıyıcıda olan ##.##.2015-ci il tarixli, **** reyestr nömrəli etibarnamə cavabdeh2 tərəfindən X4 və X1 xeyrinə verilmişdir. Məhz bu etibarnamədən istifadə edilməklə, ##.##.2015-ci il tarixli, *Ə-** nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsində cavabdeh2 əvəzinə X5, ##.##.2015-ci il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğı-satqı müqaviləsində cavabdeh2 əvəzinə X1 iştirak etmişdir. Bir nüans da vurğulanmalıdır ki, X5 da cavabdeh5 sinif yoldaşı olmaqla onun bu əməllərinin yaxın iştirakçısıdır. Həmçinin ##.##.2015-ci il tarixli, **** reyestr nömrəli etibarnamənin məzmununa da xüsusi diqqət yetirmək lazımdır. Belə ki, həmin etibarnamə ilə cavabdeh2 Bakı şəhərində yerləşən daşınmaz əmlakı istisna olmaqla, qalan əmlakının harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq digər hərəkətləri etməyi X4 və X1 etibar etmişdir. Yəni cavabdeh2 həqiqətən ona məxsus olan, Bakı şəhərində yerləşən əmlak(lar)ını istisna etməklə, faktiki olaraq cavabdeh5 məxsus olan əmlaklara dair hüquqları onun ortaqlarına etibar etmişdir. Məhz bu etibarnamənin verilməsindəki məqsəd, faktiki olaraq cavabdeh5 məxsus əmlakları cavabdeh2 adına rəsmiləşdirmək və onları rahat idarə etmək olmuşdur. Beləliklə, qeyd edilmiş bu hallar ##.##.2015-ci il tarixli, *Ə-** nömrəli və ##.##.2015-ci il tarixli, 4Ə-*** №-li daşınmaz əmlakın alğı satqı müqavilələrinin etibarlılığına ciddi şübhə yaradır və uydurma əqd olduğunu göstərir. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Məhz hazırki iş üzrə bu cür müqavilələrin bağlanmasındakı yeganə məqsəd həmin əmlakların ər-arvad arasında bölünməsindən yayınmaq olmuşdur. Dolayısı ilə yuxarıda qeyd edilmiş halları bu fakt ilə əlaqəli təhlil etdikdə cavabdeh2 həmin əmlaklarla əlaqədar heç bir marağının olmadığı açıqca görünməkdədir. cavabdeh2 bu əmlaklarda marağının olmadığı məhkəmə proseslərində də açıq-aşkar görünməkdə idi. Belə ki, cavabdeh2 sözügedən məhkəmə proseslərinin heç birində şəxsən iştirak etməmişdir. Onun vəkili qismində həm cavabdeh5, həm də onunla əlbir olan şəxslərin vəkili olan, cavabdeh5 yaxın dostu nümayəndə2 çıxış etmişdir. Həmçinin 9 məhkəmə işi üzrə mübahisə predmeti qismində çıxış edən əmlakların özgəninkiləşdirilməsi qərardadla qadağan edilmişdir. Məlumdur ki, müvəqqəti təminat tədbirinə dair ərizə işin nəticəsinin uğurlu olacağı halda təmin edilir. Lakin hazırki iş üzrə məhkəmə əvvəlcə MTT ərizəsini təmin etsə də, sonda iddianı rədd etmişdir. Məhz bu hallar birinci instansiya məhkəməsində qeyd edilsə də, məhkəmə bu halların heç birini araşdırmamış, qiymət verməmiş, tamamilə formal əsaslardan çıxış edərək iddianı rədd etmişdir. Bundan əlavə məhkəmə prosesinin gedişində bir sıra prosessual pozuntulara yol verilmişdir. Belə ki, iş üzrə əlavə sübutların əldə edilməsi məqsədilə məhkəməyə müxtəlif vəsatətlər ünvanlanmışdır. Bu vəsatətlər cavabdehlərin maddi vəziyyəti, həyat şəraiti, dövlətə sığorta ödənişinin olub-olmaması, əmək müqaviləsinin olub-olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması, bank hesabları barədə məlumatların müxtəlif qurumlardan əldə edilməsi məqsədilə verilmişdir. Məhkəmə isə qətnaməsində “məhkəməyə təqdim edilmiş vəsatətlərdə iş üçün əhəmiyyətli ola biləcək mötəbər sübutların əldə olunması göstərilməmişdir” deyə qeyd etmişdir. Yəni məhkəmə vəsatətlərimizi həmin vəsatərlərdə mötəbər sübutların əldə edilməyinin göstərilmədiyi əsası ilə rədd etmişdir. Məhkəmə yenə də formal mülahizədən çıxış etmiş və işi araşdırmağa maraqlı olmadığını göstərmişdir.

23. Apellyasiya şikayətinə qarşı cavabdeh cavabdeh2 tərəfindən etiraz verilmişdir.

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 1-ci cildinin 168-ci vərəqində ## #### 2012-ci il tarixli AR-İ seriyalı, ****** nömrəli Etibarnamədə “Imza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması, 170-ci vərəqində X2 adından olan 7E-02-12** reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ## ###### 2015-ci il tarixli ərizədə “Imza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması – Səbizova (Rzayeva) Çinarə Ismət qızı tərəfindən icra olunmuşdur.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: Rəşad Mamedov - sədrlik edən və məruzəçi, Mustafa Mustafayev və Fikrət Mehtiyev).

26. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin “qeyd olunan müqavilələrin əslində görüntü yaratmaq üçün bağlanmaqla uydurma əqd olması” barədə dəlilinə münasibətdə qeyd etmişdir ki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Yevlax rayonu, Havarlı kəndində yerləşən 0.05 ha (ilkin olaraq 0.10 ha) həyətyanı təyinatlı torpaq sahəsinin, həmçinin ünvan 5 ünvanında yerləşən mənzilin alğı-satqısı barədə tərəflər arasında razılaşma olmuşdur. Mübahisələndirilən müqavilələr üzrə öhdəliklər hər iki tərəfə münasibətdə tam icra olunmuş və hüquqi nəticə yaranmışdır. Qeyd edilən müqavilələrin uydurma olması ilə bağlı, yaxud əqdlərin etibarsız hesab olunmasına əsas verən digər halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.

27. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, iddiaçının birgə nikah dövründə əldə edilmiş əmlakların satılmasına razılığı olmamış, həmin əmlakların özgəninkiləşdirilməsinə dair müqavilələr səlahiyyəti olmayan şəxslər tərəfindən bağlanılmışdır. Bu dəlilə münasibətdə qeyd edilmişdir ki, mübahisələndirilən əqdlər səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı əldə edilmiş sənədlərə nəzər saldıqda satış predmeti olan əmlakların həm alıcısını, həm də satıcısını təmsil edən şəxslərin adına hüquqi qüvvədə olmuş etibarnamələr verildiyi, o cümlədən mübahisələndirilən əmlaklar iddiaçı İddiaçı ilə əri cavabdeh5 birgə nikah dövründə əldə edildiyindən mübahisəli əmlakların özgəninkiləşdirilməsinə dair iddiaçının notariat qaydada təsdiq edilmiş razılıq ərizəsinin alındığı müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alğısatqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.

28. Apellyasiya şikayətində, eləcə də məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və vəkili iş materiallarında olan razılıq ərizəsinin iddiaçı tərəfindən imzalanmadığını bildirilsə də iş üzrə alınmış ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi ilə ## #### 2012-ci il tarixli AR-İ seriyalı, ****** nömrəli Etibarnamədə “Imza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması, X2 adından olan 7E-02-12** reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ## ###### 2015-ci il tarixli ərizədə “Imza” qrafasındakı imza və “XXXX” əlyazması iddiaçı tərəfindən icra olunması müəyyən edilmişdir.

29. Alğı-satqı müqavilələrinin etibarsızlığı barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı vəziyyətdə iddiaçı tərəfin formal mülahizələrinə görə alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi mübahisəsi gedən əmlakları qanuni əsaslarla əldə edən alıcının da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən alğı-satqı müqavilələri mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin iddiaçının iradəsinə zidd bağlanmış olması barədə hazırkı iddia tələbi əsassızdır.

31. Apellyasiya instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1, 337.1, 337.3, 3374, 339.22, 340.1, 359.1, 362.1, 362.2, 567-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

32. Iddiaçı (vəkil: nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

33. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə təyin edilmiş xətşünaslıq ekspertizası üzrə səthi araşdırma aparılaraq rəy verilmiş və məhkəmə də həmin rəyi əsas götürərək öz mövqeyini əsaslandırmağa çalışmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

36. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

37. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.

38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

39. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Baxılan işdə iddiaçı tələbində göstərdiyi əqdlərin uydurma olması əsası ilə etibarsız sayılmasını və və reyestrdəki qeydiyyatların ləğv edilərək həmin əşyalar üzərində özünün ½ hissədə mülkiyyət hüququnun tanınmasını tələb edir.

51. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

52. Göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.

53. Hazırkı işdə isə mübahisə olunan müqavilələr iddiaçının iştirakı olmadan, onda yanlış təsəvvür formalaşdırmaq məqsədi ilə deyil, məhz iddiaçının özünün notarial qaydada verdiyi razılıq və etibarnnamə əsasında bağlanmışdır.

54. Belə ki, iş üzrə alınmış ## ###### 2026-cı il tarixli */**** nömrəli ekspert rəyi ilə ## #### 2012-ci il tarixli AR-İ seriyalı, ****** nömrəli Etibarnamədə “Imza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması, X2 adından olan 7E-02-12** reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş ## ###### 2015-ci il tarixli ərizədə “Imza” qrafasındakı imza və “Rzayeva Çinarə” əlyazması Səbizova (Rzayeva) Çinarə Ismət qızı tərəfindən icra olunması müəyyən edilmişdir.

55. Kollegiya vurğulayır ki, bir şəxs özünün iştirak (hüquqi hərəkət) etdiyi əqdlərin məhz ona qarşı uydurma məqsədilə bağlandığını irəli sürə bilməz.

56. Bununla belə, şəxs öz iradəsini aldadılma nəticəsində ifadə etdiyini, yaxud başqa bir niyyətlə onun da iştirakı ilə uydurma bir əqd bağlandığını iddia edərsə, həmin halları sübuta yetirməyə borcludur.

57. Baxılan işdə mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, alğı-satqı müqavilələrinin etibarsızlığı barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, habelə iddiaçı tərəfindən də məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir.

58. Belə olan halda əqdlərin etibarsız sayılmaması və reyestr qeydlərində düzəliş aparılmaması barədə məhkəmələrin gəldikləri qənaət qanuni və əsaslı olmuşdur.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

60. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar