Məhkəmə qərarları › İş №2(1-8)-1669/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1669/2026

15.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1669/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “uşaqların doğum şəhadətnamələrində ana qrafasında cavabdehə aid olan qeydlərin ləğv edilməsi, uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: donorluq və embrionun köçürülməsi yolu ilə anadan olmuş uşağın anasının analığının mübahisələndirilməsi, doğum haqqında şəhadətnamələrdə ananın soyadının, adının, ata adının silinməsi, uşaqların anadan alınıb ataya verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Iddiaçı və Cavabdeh ## ###### 2014-cü il tarixdə nikaha daxil olmuşlar.

2. “Güven” Klinik tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasına əsasən Cavabdeh ## ### 2016-cı il tarixdə klinikaya “İ-li sonsuzluq” diaqnozu ilə daxil olmuşdur.

3. Gürcüstan Respublikasının Tbilisi şəhərində yerləşən “Agentlik” qismində “xxxx” MMC ilə “Potensial Valideyn” qismində Cavabdeh və Iddiaçı arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqaviləyə əsasən potensial valideynlərin embrionunun daşıması üçün donorun axtarışı və seçilməsi ilə bağlı potensial valideynə xidmətlər göstərilməsi, agentlik tərəfindən potensial valideynləri şirkətdə mövcud olan donorun məlumat bazası ilə tanış etməsi nəzərdə tutulmuşdur.

4. Gürcüstan Respublikasının Batumi şəhərində yerləşən “XXX” Klinikası ilə “Xəstə” qismində Cavabdeh və Iddiaçı arasında bağlanmış ## ###### 2018-ci il tarixli tibbi xidmət haqqında (in vitro mayalanma/embrion köçürülməsi proqramı) müqaviləsinə əsasən “Xəstə”nin sifariş verilməsi və “XXX”ın “Xəstə”yə tibbi xidmət göstərməsi nəzərdə tutulmuşdur.

5. ## ###### 2018-ci il tarixində “Potensial valideynlər” qismində Azərbaycan Respublikası vətəndaşları Iddiaçı və Cavabdeh ilə “Donor” qismində Gürcüstan Respublikasının vətəndaşları XXX (etibarnamə əsasında XXX çıxış edir), “Surroqat ana (SA)” qismində XXX arasında Yumurtahüceyrə donasiyası və surroqat ana xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır.

6. Razılıq Formasına (in vitro mayalanma/embrion köçürülməsi proqramı) əsasən Cavabdeh və Iddiaçı, fallopiya borularının fəaliyyət göstərməməsi və ya boruların olmaması, sperma patologiyası və ya müalicə üsulları ilə müalicəsi mümkün olmayan digər bu kimi xəstəliklərə görə uşaq sahibi ola bilməmişlər. Onlar yumurta hüceyrəsinin sperma ilə mayalanmasının orqanizmdən kənarda, laboratoriya şəraitində baş verdiyi in vitro mayalanma və embrion köçürmə metoduna əsasən müalicədən istifadə etmək qərarına gəlmişlər və bu razılıq formasını imzalamaqla onların “XXX”-da müalicə həkimlərin öz mülahizəsinə əsasən seçəcəyi bütün zəruri və/ və ya müvafiq proserdurlardan “XXX”ın müalicə üçün istifadə etməsinə razılıqları bildirmişlər.

7. Tərəflərin 3 övladları var: ## ###### 2018-ci il təvəllüdlü X1, ## #### 2020-ci il təvəllüdlü X2 və X3.

8. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikah pozulmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi və daha sonra Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından - donordan alınmış yumurtahüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladları – ## ###### 2018-ci il təvəllüdlü X1, ## #### 2020-ci il təvəllüdlü X3 və ## #### 2020-ci il təvəllüdlü X2 - doğum haqqında şəhadətnamələrində, müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulması (ləğv edilməsi), övladları – ## ###### 2018-ci il təvəllüdlü X1, ## #### 2020-ci il təvəllüdlü X3 və ## #### 2020-ci il təvəllüdlü X2 cavabdehdən alınaraq iddiaçıya təhvil verilmələri, vəkilin (nümayəndənin) göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş mediasiya xərcinin əvəzində 60 manat, ödənilmiş dövlət rüsumunun əvəzində 40 manat məbləğinin cavabdeh Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh ## ###### 2014-cü il tarixdə nikaha daxil olmuşlar. Ilk 5 il müddətində övladları olmamışdır. Həmin müddətdə cavabdehi Azərbaycanda, Israildə və Türkiyədə müxtəlif klinikalarda müalicə etdirmişdir. Həmin müalicələrə 77.000 ABŞ dolları vəsait xərcləmişdir. Müalicələr heç bir nəticə verməmişdir. Həkimlərin rəyi belə olmuşdur ki, cavabdehi müalicə etdirmək üçün mənası yoxdur, cavabdehin uşağı olmayacaq. 2018-ci ildə cavabdehlə qərara gəlmişlər ki, surroqat ana (embrionun implantasiyası) vasitəsilə uşaq sahibi olsunlar. Bir neçə dəfə Gürcüstan Respublikasına səfər etmişlər. Gürcüstan Respublikasında fəaliyyət göstərən “xxxx” MMC ilə aralarında müqavilə bağlanmış, surroqat ana seçilmiş, müvafiq sənədləşmələr aparılmış və ödənişlər edilmişdir. ## ###### 2018-ci il tarixdə ilk övladı XXX dünyaya gəlmiş, bundan sonra ## #### 2020-ci il tarixdə əkizlər – XXX və XXX dünyaya gəlmişlər. Ailə quranda o, yüksək əmək haqqı olan işdə işləyirdi. Bu səbəbdən ailənin bütün ehtiyaclarını həmişə artıqlaması ilə qarşılamışdır. Birgə yaşadıqları dövrdə hər il iki dəfə, yəni yay tətilində və yeni il bayramında ailəni müxtəlif xarici ölkələrə, məsələn Italiyaya, Türkiyəyə (Antalyaya, Bodruma, Istanbula), X12 (Dubaya), X8, Mədinə şəhərlərinə ümrə ziyarətinə aparmışdır. Cavabdehlə birgə nikahları dövründə bir neçə avtomobil və daşınmaz əmlaklar əldə etmişlər. Bütün xərclər yalnız iddiaçının qazancı ilə qarşılanmışdır. 2022-ci ilin aprel ayında iddiaçı işdən çıxmışdır. Işdən çıxdıqdan sonra evinə vəsait daxil olmamış, ailənin xərclərini ödəmək üçün ilk əvvəl Şüvəlan qəsəbəsindəki bağ evi, daha sonra “XXX” yaşayış kompleksində olan fərdi yaşayış evləri, “XXX” yaşayış kompleksində olan mənzilləri satışa çıxartmışlar. Əmlaklardan heç olmasa biri satılanadək ailənin xərclərini ödəmək üçün dostdan-tanışdan xeyli borc almışdır. Bir müddət keçəndən sonra cavabdehin ona münasibəti yavaş-yavaş dəyişməyə başlamışdır. Belə ki, cavabdeh yavaş-yavaş “biz neyləyəcəyik, sən nə vaxt iş tapacaqsan, uşaqlarımızı nə ilə böyüdəcəyik” və sair bu kimi ifadələrlə deyinməyə başlamışdır. Bu vəziyyət getdikcə mürəkkəbləşməyə, bunun nəticəsində münasibətlərini soyutmağa başlamışdır. Hər keçən gün cavabdeh daha da aqressiv olur, ona münasibəti daha da pisləşirdi. Bu vəziyyət daha da pisləşməsin deyə, cavabdehin özünün razılığı ilə onu həkim-nevropatoloqun qəbuluna aparmış, müayinədən sonra ona müalicə yazılmışdır. Həkim demişdir ki, cavabdehin əsəbləri çox gərgindir, depressiv vəziyyətdədir. Cavabdeh dərmanları bir neçə gün qəbul etmiş, lakin həmin dərmanların qəbulundan sonra cavabdeh daha da aqressiv vəziyyətə düşdüyündən dərmanların qəbulunu dayandırmışdır. 2022-ci ilin iyul ayında “XXX” yaşayış kompleksindəki mənzili satmış, borcların bir qismini qaytarmışdır. Satılan mənzil cavabdehin adına olduğundan, satış pulu da onun bank hesabına köçürülmüşdür. Pulu bankdan götürdükdən sonra cavabdeh pul olan çantanı küçənin ortasında iddiaçının əlindən zorla almışdır ki, “mən heç kimə borc-zad qaytarmıram”. Sonra da həmin pulu yenə də bədxərcliklə xərcləməyə başlamışdır. Işlədiyi dövrdə onlar bir ailə olaraq xaricə gəzməyə, dincəlməyə gedirdilər. Işdən çıxandan sonra isə cavabdeh “darıxıram” deyə, iddiaçını və körpə uşaqlarını, onun uşaqlarla birlikdə yaşadıqları ünvan 1 ünvanında yerləşən bağ evində qoyub dəfələrlə rəfiqələri ilə xarici ölkələrə gəzməyə getmişdir. Belə ki, ilk dəfə ## #### 2023-cü il tarixdə onu və uşaqları buraxıb Antalyaya getmiş, avqustun 4-ü qayıtmışdır. Həmin ilin dekabr ayının 30-da bayram axşamı yenə də onu və uşaqlarını buraxıb, rəfiqəsi ilə Tailanda getmiş, 2024-cü ilin yanvar ayının 15-i qayıtmışdır. Qayıdandan sonra da, yəni yanvar ayının 16-da onu və uşaqlarını bağda qoyub gedib Içəri şəhərdə qardaşıgildə yanvar ayının sonuna qədər qalmışdır. Yanvar ayının sonları iddiaçı “XXX” yaşayış kompleksində olan ** nömrəli mənzilin onda olan açarlarını cavabdehə verib demişdir ki, “bağa gəlmirsən, heç olmasa camaatı narahat etmə, get öz mənzilimizdə qal”. O, da açarları alıb həmin mənzilə getmiş və orada Türkiyədən gələn bacısı ilə fevral ayının sonuna qədər yaşamışdır. Bütün bu müddət ərzində, Tailanda olduğu müddətdə, “XXX” yaşayış kompleksindəki mənzildə yaşadığı müddətdə uşaqlarını bir dəfə də görməyə gəlməmiş, onlarla görüşməmiş, heç onlarla maraqlanmamışdır. ** nömrəli mənzilin satışından əldə edilmiş pulun hamısı cavabdehdə idi, iddiaçı da işləmirdi. Fevral ayının sonunda onun etirazına baxmayaraq plastik əməliyyat olunmuş, bundan sonra vəziyyəti pisləşmiş, xəstəxanadan iddiaçıya zəng vurmuşdur ki, “gəl məni apar”. O da gedib, cavabdehi bağa gətirmişdir. Bağda bir müddət qalandan sonra yaxşılaşmış, mart ayının 19-u isə yenə də onu və uşaqları bağda qoyub, “XXX” yaşayış kompleksindəki ** nömrəli mənzilə köçmüşdür. Iyun ayının 3-nə qədər “XXX” yaşayış kompleksindəki mənzildə yaşamışdır. Həmin müddətdə 3 dəfə bağa gəlmişdir. Iyun ayının 3cü cavabdeh gəlib uşaqları götürüb getmişdir. Uşaqları nə vaxt görə biləcəyini soruşanda, cavabdeh cavab vermişdir ki, uşaqları ona göstərməyəcəkdir, onların yaşadıqları əraziyə də yaxınlaşmasın. Mediasiyada barışıq sazişi bağladıqlarını, uşaqlarla görüşü orada razılaşdırdıqlarını onun yadına salanda isə demişdir ki, o, barışıq sazişini ləğv etdirəcək, uşaqları da ona göstərməyəcək. Onlar razılığa gəlmişlər ki, bağ cavabdehdə qalacaq, uşaqlar onunla qalacaq, cavabdeh də çıxıb gedəcək xaricə. Hansı ölkəyə gedəcəyini deməmişdir, lakin iddiaçı belə başa düşmüşdür ki, anası və bacısı Türkiyədə yaşadıqlarından Türkiyəyə onların yanına getmək istəyir. Sonra fikrindən daşınmış, dedi ki, uşaqların birini anasına, birini bacısına verəcək, birini də özü saxlayacaqdır. Rəfiqələrindən biri Danımarkada yaşayır, Danimarka vətəndaşıdır. ## #### 2024-cü il tarixdə iddiaçı həmin rəfiqəsi, onun oğlu və başqa şəxslərlə birlikdə onun yaşadığı Şüvəlan qəsəbəsindəki bağ evinə gecə vaxtı hücum çəkmiş, heç bir səbəb olmadan hay-küy salmış, ona və yaşlı anasına xəsarət də yetirmişdir. Bu faktla bağlı cavabdehin və onların qarşılıqlı şikayətləri əsasında Xəzər RPI-də araşdırma da aparılmışdır. Cavabdeh nikahın pozulmasından əvvəl ona demişdir ki, uşaqların hər biri üçün 35000 ABŞ dolları verərsə, uşaqları ona verəcək. Bunu da belə izah etmişdir ki, uşaqların hər birinə görə çəkilmiş 35000 ABŞ dolları məbləğində xərci guya, o, öz vəsaitindən xərcləmişdir. Lakin uşaqların hər birinə görə çəkilmiş 35000 ABŞ dolları məbləğində xərci də iddiaçı ödəmişdir. Bəzən də xarici ölkəyə köçəcəyini, uşaqların birini anasına, birini bacısına verəcəyini, birini də özünə götürəcəyini demişdir. Cavabdehin bu və bunun kimi bir ananın edə bilməyəcəyi, düşünə bilməyəcəyi hərəkətləri, fikirləri həmişə iddiaçını cavabdehin uşaqları ilə bioloji bağının olub-olmaması üzərində düşünməyə vadar etmişdir. Olub ki, uşaq yediyi yeməyi qusandan sonra cavabdeh uşağa qusduğunu zorla yedirtmişdir. Son zamanlar iddiaçıda qəti olaraq əminlik yaranmışdır ki, həkimlərin rəyinə görə heç zaman uşağı ola bilməyəcək cavabdehin surroqat ana vasitəsilə dünyaya gəlmiş övladları ilə hər hansı bioloji bağlılığı olmamalıdır, ola da bilməz. Bu səbəbdən, cavabdeh onun övladları ilə bu qədər soyuq davranmışdır. Cavabdehin maddi baxımdan hər şeyin ideal səviyyədə olduğu zaman iddiaçı ilə çox yaxşı davranması, xarakterində analıq hissi deyə bir nemətin baş hərfinin belə olmadığı birinin necə böyük həvəslə uşaq sahibi olmaq istəməsi, o, işini itirdikdən, daha evə yaxşı qazanc gətirən, bahalı daşınar-daşınmaz əmlaklar, tez-tez bahalı qızıl-zinət əşyaları alan biri olmadıqdan sonra isə uşaqlara olduqca laqeyd, biganə olan, uşaqların körpə olmalarına, buna görə də yatdıqları otaqda yalnız yatmaqdan qorxduqlarına görə onlarla bir otaqda yatmayan, uşaqlar qorxmasınlar deyə onun onların otağında yatmasına belə etiraz edən cavabdehin nəyə görə uşaq sahibi olmaq, hətta buna, surroqat ana vasitəsilə olsa belə, nail olmaq istəməsi iddiaçıya son zamanlar çox düşündürmüşdür. Sonunda çıxardığı nəticə isə belə olmuşdur. Necə ki, dosttanış iddiaçıya “uşağı olmayan birini niyə saxlayırsan, boşa, uşağı olan birini al, oğul-uşaq sahibi ol” deyə məsləhət verirdilər, çox güman ki, eyni şeyi, lakin başqa tərzdə, yəni “uşağın olmasa səni boşayar, bu rifah, daş-qaş, qazanc, əmlaklar da əldən çıxar, çalış uşağın olsun” deyə məsləhət verənləri olub. Çünki, o, işini, qazancını itirəndən sonra ona və uşaqlara qarşı bu qədər soyuq davranışın səbəbini başqa cür izah edə bilməmişdir. Birgə nikah dövründə onun tərəfindən qazanılmış, lakin çox təəssüf ki, onun cavabdehin keçirdiyi, bağışladığı, aldığı əmlakları, onların bəzilərinin satışından əldə etdiyi xüsusilə külli miqdarda pul vəsaitlərini, azyaşlı uşaqlardan bir sipər kimi istifadə edərək, özündə saxlamaq, hamısının onun qazancı ilə alınmasına baxmayaraq, qanunun tələbinə görə onun payına düşən yarısını belə ona verməkdən yayınmaq üçün ## #### 2020-ci il tarixdə əkizlər - XXX və XXX dünyaya gəldikləri tarixdə cavabdeh, uşaqların doğulduğu Gürcüstan Respublikasında yox, Azərbaycanda olmuşdur. Surroqat anadan doğulsalar belə, bir ana, onun düşüncəsinə görə övladları dünyaya gələrkən onların yanında olmalı, onların dünyaya gəlmələrini səbirsizliklə gözləməli, səhhətləri ilə yaxından maraqlanmalı, həyəcan keçirməli, narahat olmalıdır. Iddiaçı cavabdehdə bu hisslərin olduğunu, uşaqlar dünyaya gələrkən cavabdehin belə bir narahatçılıq keçirdiyinin şahidi olmamışdır. Cavabdehlə ## ####### 2023-cü il tarixdə Bakı * saylı Mediasiya təşkilatında bağladığı barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nikahdan dünyaya gəlmiş övladları X1, X3 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə onun birgə nikahdan dünyaya gəlmiş övladları X1, X3 və X2 üçün cavabdehə alimenti işlədiyi zaman ödəməsi razılaşdırılmışdır. Iddiaçı cavabdehin, o cümlədən uşaqlarla soyuq rəftar etdiyini, cavabdehdə analıq hisslərinin olmadığını, cavabdehin onun övladlarını bir ana kimi sevmədiyini, digər tərəfdən cavabdehin uzun sürən müalicələrdən sonra ana olmayacağına dair həkimlərin bildirdikləri rəyi nəzərə alıb surroqat anaya implantasiya edilmiş qadın embrionunun əslində cavabdehə məxsus olmadığına dair onda əsaslı şübhələr yarandıqdan sonra başqa bir mülki iş üzrə cavabdehlə ## ####### 2023-cü il tarixdə Bakı * saylı Mediasiya təşkilatında bağladıqları Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilib (qüvvədən düşmüş hesab edilib) uşaqların cavabdehdən alınaraq ona verilməsi və sair iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Həmin mülki iş üzrə cavabdehin uşaqların bioloji anası olmadığına dair əsaslı şübhələrinin olduğunu yazılı vəsatətlə məhkəmənin nəzərinə çatdırıb cavabdehin uşaqların bioloji anaları olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-genetik ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə cavabdeh məhkəmə-genetik ekspertizasının təyin edilməsinə qəti etiraz etmişdir. Cavabdehin, onun uşaqların bioloji anaları olub-olmadığının müəyyən edilməsi məqsədilə məhkəmə-genetik ekspertizasının təyin edilməsinə qəti etiraz etməsi iddiaçıda cavabdehin uşaqlarının əsl (bioloji) anaları olmadığına olan şübhələrini daha da artırmış oldu. Bu səbəbdən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məsələnin mediasiya vasitəsilə həlli də mümkün olmamışdır.

11. Cavabdehin nümayəndəsi, vəkil vəkil2 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının özünün məhkəməyə təqdim etdiyi sənədlər iddia ərizəsində göstərilənləri təkzib edir. Belə ki, ilkin olaraq iddiaçı 2016-cı ildə cavabdehə “İ-li sonsuzluq” diaqnozu qoyulduğundan və heç vaxt uşaq dünyaya gətirə bilməməsindən məlumatlı olmuşdur. Eyni zamanda tərəflər arasında həm donorla bağlı, həm də surroqat ana ilə bağlı müqavilələr bağlanılmış, tərəflər surroqat ana və donorlar barəsindəki məlumatlarla tanış edilmiş, müqavilənin 3-cü maddəsinin şərtində donor və surroqatın müayinəsi, mayalanmış embrionun və donordan götürülmüş spermanın, donor dərmanının dondurulması kimi əməliyyatlara 5300 ABŞ dolları xərc çəkilməsi barədə müddəa vardır, müqavilənin 4-cü maddəsi imperativ həmin xərcin çəkilmədiyi təqdirdə müqavilənin pozulacağı qeyd olunur. Başqa sözlə iddiaçı donor nümunəsindən istifadə edildiyini bilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehin nümayəndəsi iddianın rədd edilməsini xahiş etmişdir.

12. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə-bioloji ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X4 ## ###### 2025-ci il tarixli məktubuna əsasən ## #### 2025-ci il tarixdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində Iddiaçı şöbəyə gəlmiş, Cavabdeh isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.

13. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər qarşılıqlı razılığı əsasında surroqat ana vasitəsi ilə uşaq sahib olmaq istədikləri üçün Gürcüstan Respublikasına səfər edərək həmin respublikada fəaliyyət göstərən “xxxx” MMC ilə müqavilə bağlanmış, surroqat ana seçilərək müvafiq sənədləşmə aparılmış, tərəflər qarşılıqlı razılığa gəlmişlər ki, zərurət yarandığı halda mayalanma üçün yumurtahüceyrələr donordan götürülə bilər. Eyni zamanda həmin müqavilə şərtinə uyğun In Vito, IVF, ICSI prosedurlarından əvvəl donor və surroqatın müayinəsi, mayalanmış embrionların dondurulması, spermanın, donor dərmanının dondurulması üçün 5300 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Bütün bu hallar iddiaçının donor nümunəsindən istifadə edilməsi barədə məlumatlı olmasını təsdiq edir.

15. Məhkəmə tərəflərin müqavilədə embrion implantasiya vasitəsi ilə uşaq dünyaya gətirilməsi üçün donor yumurtahüceyrələrindən istifadə edilməsinə dair şərtin mövcudluğu vəziyyətində müqaviləni imzaladıqlarını, bununla da iddiaçının cavabdehin dünyaya gələcək uşaqların genetik anası olmayacağına dair ehtimalların ola biləcəyi barədə əvvəlcədən məlumatlı olmasını nəzərə alaraq iddiaçının analıq barədə mübahisəyə dair gətirdiyi dəlilləri əsaslı hesab etməmişdir.

16. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdehə 2016-cı ildən “İ-li sonsuzluq” diaqnozu qoyulmasından iddiaçı məlumatlı olmuş, onun uşaq dünyaya gətirilməsinin mümkünsüz olması iddiaçıya əvvəlcədən bəlli olmuşdur.

17. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehlə birgə nikahda olduqları dövrdə başqa qadından - donordan alınmış yumurta hüceyrələrin və bioloji atanın (onun) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradılması nəticəsində surroqat anadan dünyaya gəlmiş övladlarının doğum haqqında şəhadətnamələrində müvafiq olaraq, ana qrafalarında cavabdehin adının (adın, soyadın, ata adının) və müvafiq olaraq, cavabdehə aid olan bütün digər qeydlərin pozulması (ləğv edilməsi) hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir.

18. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının yuxarıda göstərilən tələbi təmin edilmədiyindən, iddia tələbi övladları - X1, X3 və X2 cavabdeh Cavabdeh alınaraq ona təhvil verilməsi hissəsində də təmin edilməməlidir.

19. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələb əsassız hesab olunmalı və təmin edilməməlidir.

20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 46, 53-cü, Mülki Məcəllənin 5, 6, 14, 390-cı maddələrinə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışınski) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər nikahda olduqları dövrdə qarşılıqlı razılıq əsasında süni mayalanma və embrionun implantasiyası üsulundan istifadə etməklə surroqat ana vasitəsilə övlad sahibi olmuş, bu məqsədlə müvafiq müqavilələr bağlamış və tibbi prosedurlar həyata keçirmişlər. Müqavilə şərtlərindən görünür ki, donor yumurta huüceyrələrindən istifadə ehtimalı əvvəlcədən tərəflər tərəfindən qəbul edilmiş və iddiaçı bu hal barədə məlumatlı olmuşdur.

24. Məhkəmə qeyd etmişdir ki, iddiaçının cavabdehin uşaqların genetik anası olmaması ilə bağlı arqumentləri hüquqi baxımdan həlledici əhəmiyyət kəsb etmir. Çünki iddiaçı bu ehtimalı əvvəlcədən bilə-bilə müvafiq müqavilə münasibətlərinə daxil olmuş və nəticədə yaranmış hüquqi vəziyyəti könüllü şəkildə qəbul etmişdir. Bu baxımdan, sonradan həmin hüquqi nəticələrin mübahisələndirilməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit olunmuş vicdanlı davranış prinsipinə ziddir.

25. Bundan əlavə, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın müvafiq müddəalarına uyğun olaraq, surroqat ana vasitəsilə doğulan uşaqların valideynləri kimi məhz razılıq vermiş ər-arvadın qeyd edilməsi qanuni və əsaslıdır. Bu səbəbdən doğum haqqında şəhadətnamələrdə cavabdehin ana kimi göstərilməsi hüquqa uyğundur və onun ləğvi üçün qanuni əsas mövcud deyildir. Eyni zamanda, əsas iddia tələbi təmin edilmədiyindən törəmə xarakter daşıyan digər tələblər – uşaqların iddiaçıya verilməsi və digər nəticələr barədə iddialar da hüquqi əsasdan məhrum olmuşdur.

26. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Ailə Məcəlləsinin 46-cı maddəsinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

27. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 43, 44, 46, 49, 51, 58, 60, 63-cü, “Uşaq hüquqları haqqında” Qanunun 5, 17, 18-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 217, 254-cü maddələrinin tələbləri pozulmuşdur.

29. Belə ki, mülki iş üzrə aşağı instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş hallarla sübut olunmuşdur ki, cavabdeh Cavabdeh azyaşlılar – X1, X3 və X2 ilə hər hansı bioloji bağı olmayan, onlara tamamilə yad olan bir şəxsdir. Lakin azyaşlıların doğum haqqında şəhadətnamələrinin müvafiq olaraq “Ana” qrafalarında cavabdeh Cavabdeh adı, soyadı yazıldığından, sonuncu hazırda yalnız həmin qeyd əsasında azyaşlıların anası hesab olunur. Uşaqların dünyaya gəldikləri tarixlərdə iddiaçı ilə cavabdeh öz aralarında nikahda olmuşlar, lakin cavabdeh uşaqları doğan ana deyildir. Yəni, cavabdeh uşaqları özü doğmadığından Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə uşaqların mənşəyinin müəyyən edilməsi baxımından uşaqların anaları deyildir və bu təkzibolunmaz faktdır. Uşaqlar, öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin (iddiaçı ilə cavabdehin) həmin metodlar nəticəsində surroqat anadan doğulmuş uşaqları da olmadıqlarından, cavabdeh Ailə Məcəlləsinin 46.4-cü maddəsinin tələbi baxımından da uşaqların anası hesab olunmur, olunmamalıdır. Iddiaçı bu halı surroqat anaya implantasiya edilmiş qadın embrionunun cavabdehə deyil, başqa bir qadına – donor qadına məxsus olması aşkar olunduğu ilə əsaslandırır. Ailə Məcəlləsinin istinad edilən 46.4 və 46.5-ci maddələrində hüquq normaları öz aralarında nikahda olan valideynlərin embrionlarının deyil, donor olan başqa qadının və ya kişinin embrionlarının surroqat anaya implantasiyası metodu nəticəsində uşaqların olmasını nəzərdə tutmadığından həmin maddələrin hazırkı mübahisəyə tətbiqi də tələb edir ki, iddia tələbi tam həcmdə təmin edilsin. Aşağı instansiya məhkəmələri həmin maddələri tamamilə yanlış olaraq iddianın təmin edilməməsinin əsasları kimi tətbiq edərək qanunsuz və əsassız olaraq hesab etmişlər ki, iddia təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi mübahisəyə, işdə toplanmış sübutlara, müəyyən edilmiş hallara olduqca səthi yanaşaraq hesab etmişdir ki, “tərəflər nikahda olduqları dövrdə qarşılıqlı razılıq əsasında süni mayalanma və embrionun implantasiyası üsulundan istifadə etməklə surroqat ana vasitəsilə övlad sahibi olmuş, bu məqsədlə müvafiq müqavilələr bağlamış və tibbi prosedurlar həyata keçirmişlər. Müqavilə şərtlərindən göründüyü kimi, donor yumurta hüceyrələrindən istifadə ehtimalı əvvəlcədən tərəflər tərəfindən qəbul edilmiş və iddiaçı bu hal barədə məlumatlı olmuşdur”. Lakin iddiaçı qeyd etmişdir ki, donorun seçilməsində, hətta bununla bağlı müqavilənin bağlanmasında o, Gürcüstan Respublikasında olmadığından iştirak etməmişdir və bu səbəbdən də donora ehtiyac olmasından, buna görə də donorun axtarılması və seçilməsinə dair bağlanmış ## ###### 2018-ci il tarixli müqavilənin bağlanmasından məlumatlı olmamışdır. Eyni zamanda, cavabdeh tərəf, hazırkı iş üzrə birinci instansiya məhkəməsində, məhkəmənin ## ####### 2025-ci il tarixli hazırlıq iclasında məhkəməyə “Yumurta hüceyrə donasiyası və surroqat ana xidmətlərinin göstərilməsi haqqında” ## ###### 2018-ci il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində bağlanmış müqavilə və Iddiaçı tərəfindən Cavabdeh ## ###### 2018-ci il tarixdə 1 ay müddətinə verilmiş etibarnamə təqdim etmişdir. Həmin müqavilədən görünmüşdür ki, potensial valideynlər olan Iddiaçı və Cavabdeh potensial ananın (Cavabdeh) sağlamlıq səbəblərinə görə təbii yol ilə hamilə qala bilməməsi səbəbindən donordan alınacaq yumurta hüceyrələr və bioloji atanın (Iddiaçı) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaratmaq niyyətindədirlər. Iddiaçı, birinci instansiya məhkəməsində, məhkəmə iclasında bildirmişdir ki, o, belə bir müqavilə bağlamamış, belə bir müqaviləyə imza etməmişdir, surroqat ananın uşaqlığına köçürülmüş yumurta hüceyrələrin cavabdehə məxsus olduğunu zənn etmişdir. Çünki, cavabdeh ona surroqat ananın uşaqlığına köçürülmüş yumurta hüceyrələrin ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaradacaq embrionların cavabdehə məxsus deyil, başqa bir qadına məxsus olduğunu heç vaxt deməmişdir. Digər tərəfdən, iddiaçı ilə cavabdeh arasında 2024-cü ilin əvvəllərindən başlayaraq olan müxtəlif mülki mübahisələrə başqa-başqa məhkəmələrdə baxıldığı bütün bu müddət ərzində də cavabdeh heç yerdə və heç bir məhkəmə iclasında bildirməmişdir ki, uşaqlar onun deyil, donor qadından alınmış yumurta hüceyrələrin və bioloji atanın (Iddiaçı) spermatozoidləri ilə ekstrakorporal (bədənxarici) mayalanma vasitəsilə embrionların surroqat ananın uşaqlığına köçürülməsi yolu ilə hamiləlik yaranmış, hamiləlik nəticəsində dünyaya gəlmişlər. Əksinə, buna qədər cavabdeh uşaqların bioloji analarının özü olduğunu, hətta uşaqlar dünyaya gələnədək ana bətnində dəfələrlə uşağının tələf olduğunu bildirmişdir. Iddiaçı bildirmişdir ki, onun cavabdehə ## ###### 2018-ci il tarixdə 1 ay müddətinə verdiyi etibarnamə əsasında isə, etibarnamənin verildiyi tarixdən 8-9 ay əvvəl “bağlanmış” ## ###### 2018-ci il tarixli müqavilənin iddiaçının adından imzalanması mümkün deyildir. Qeyd edilənlər, həm də apellyasiya şikayətinin dəlillərindən biri olmuşdur. Lakin həmin dəlillərinə, apellyasiya instansiyası məhkəməsi, “apellyasiya şikayətinin dəlilləri isə həmin nəticəni təkzib edən əsaslı hüquqi arqumentlərdən ibarət deyildir” kimi səthi yanaşmaqla qeyri-obyektiv qiymət verərək, əslində həmin dəlilləri, bununla bağlı işdə olan sübutları görməzdən gəlmişdir. Iddiaçı tərəfindən məhkəmə kollegiyasının nəzərinə çatdırılmışdır ki, müqavilənin yalnız birinci səhifəsinin kserosurəti birinci instansiyası məhkəməsində cavabdeh tərəfindən məhkəməyə təqdim edildikdən sonra iddiaçı belə bir müqavilənin mövcudluğundan xəbər tutmuş və iddiaçı tərəf həmin müqavilənin tam nüsxəsini, onda olan imzaların kimə/kimlərə məxsus olmasını müəyyən etmək üçün, təqdim edilməsini tələb etmişdir. Lakin, bunun üçün cavabdeh tərəfə birinci instansiya məhkəməsi tərəfindən əlavə vaxt verilməsinə, məhkəmə hazırlıq iclasının məhz bu məqsədlə təxirə salınmasına baxmayaraq, cavabdeh tərəf həmin müqavilənin tam nüsxəsini (səhifələrini) nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Iddiaçı hesab etmişdir ki, onun azyaşlı övladlarının da hazırda onların yeganə valideyni olduğundan onun qayğısından istifadə etmək, onun tərəfindən tərbiyə olunmaq, onun isə bir valideyn olaraq öz uşaqlarının hüquqlarını və qanuni mənafelərini müdafiə etmək, onları tərbiyə etmək, onların oxuyacaqları orta təhsil müəssisəsini və onların təhsil formasını seçmək, bu sahədə digər şəxslərlə, o cümlədən cavabdehlə müqayisədə üstün olan bu hüquqlarından istifadə etmək hüququ var. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın müvafiq müddəalarına uyğun olaraq, surroqat ana vasitəsilə doğulan uşaqların valideynləri kimi məhz razılıq vermiş ər-arvadın qeyd edilməsi qanuni və əsaslıdır. Bu səbəbdən doğum haqqında şəhadətnamələrdə cavabdehin ana kimi göstərilməsi hüquqa uyğundur və onun ləğvi üçün qanuni əsas mövcud deyildir”. Apellyasiya instansiyasının bu qənaəti yarımçıq, işdə olan sübutlarla tərs mütənasib olduğundan qanuni və əsaslı hesab edilə bilməz, çünki mübahisə surroqat ana vasitəsilə uşaq sahibi olmuş valideynlərin bununla bağlı verdikləri razılıqla bağlı deyil, surroqat anaya implantasiya edilmiş qadın embrionunun cavabdehə deyil, başqa qadına - donora məxsus olması və bundan iddiaçının (atanın) məlumatının olmaması, buna razılıq verməməsi, bununla bağlı iddiasının adının keçdiyi, tərəflər arasında “bağlanmış”, müqavilədə iddiaçının imzasının olmaması, başqa sözlə iddiaçının belə bir müqaviləni bağlamaması, həmin müqavilənin digər tərəflərinin iddiaçının xəbəri, məlumatı, razılığı, imzası olmadan belə bir müqaviləni “bağlamış” olmaları və bununla da iddiaçının surroqat anaya implantasiya edilmiş qadın embrionunun donor qadından götürülməsinə razılıq verməmiş olması ilə bağlıdır. Bundan başqa, iddiaçı hazırkı mülki işə apellyasiya instansiyası məhkəməsində baxılarkən, müvafiq sübutları təqdim edərək məhkəmə kollegiyasının nəzərinə çatdırmışdır ki, hazırda Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “Potensial valideynlər” - iddiaçı Iddiaçı, cavabdeh Cavabdeh, “Donor” - XXX, “Surroqat ana” - XXX arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair *(*-***)-***/**** nömrəli mülki işə baxılır. Lakin MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə məhkəmə kollegiyası hazırkı mülki iş üzrə icraatı “Potensial valideynlər” - iddiaçı Iddiaçı, cavabdeh Cavabdeh, “Donor” - XXX, “Surroqat ana” - XXX arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqavilənin mübahisələndirildiyi sözügedən başqa - *(*-***)-***/**** nömrəli mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırmalı olduğu halda, həmin maddənin tələblərini pozaraq icraatı dayandırmamışdır.

30. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

31. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Kassasiya baxışının hədləri:

32. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

33. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

34. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.4-cü maddəsinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. 46.5-ci maddəsinə əsasən öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə ətraflı araşdırma aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilməklə yekun nəticəyə gəlinmişdir (bax bənd 23-26). Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

38. Kassasiya şikayətinin dəlilləri ilə bağlı bir daha da qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 46.4 və 46.5-ci maddələrinə əsasən öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar. Öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər.

39. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər (o cümlədən) uşaqların valideynləri kimi doğum haqqında şəhadətnamədə yazılarkən Ailə Məcəlləsinin qeyd olunan müddəalarının tələblərinə riayət olunmuşdur.

40. Həmçinin, apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin uşaqların genetik anası olmaması ehtimalını əvvəlcədən bilmiş və nəticədə yaranmış hüquqi vəziyyəti könüllü şəkildə qəbul etmişdir.

41. Bu baxımdan, iddiaçı tərəfindən həmin hüquqi nəticələrin mübahisələndirilməsi vicdanlı davranış prinsipinə zidd olmaqla, ilk olaraq uşaqların qanuni mənafelərinin pozulmasına səbəb ola bilər.

42. Iş üzrə icraatın dayandırılmalı olması barədə iddiaçının dəlilinə münasibət bildirərək, məhkəmə kollegiyası onu da əsassız hesab edir. Bu səbəbdən ki, hazırkı iddia cavabdehin uşaqlara münasibətdə analığının mübahisələndirilməsi ilə bağlıdır. Hazırda cavabdehin uşaqların anası olması həm dövlət tərəfindən, həm də iddiaçı tərəfindən tanınmışdır. Iddiaçının Gürcüstanda bağlanmış ## ###### 2018-ci il tarixli müqavilənin etibarlılığını mübahisələndirməsi uşaqların valideynlərinə münasibətdə mövcud hüquqi vəziyyəti dəyişmir.

43. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar