Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-2008/2026 10.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı (üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) iddiasına dair iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, müəyyən etdi: Üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyrimümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Iş materiallarından müəyyən edilir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, qanunvericiliklə müəyyən olunmuş məbləğdən az miqdarda rüsum ödənilmişdir. Çünki “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu qanunun müvafiq olaraq 8.1 və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Bu baxımdan iş materialları öyrənildikdə görünür ki, iddia ərizəsində 63.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, üçüncü şəxs kassasiya şikayəti vermək üçün 139.5 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, cəmi 135 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Həmçinin, apellyasiya instansiya məhkəməsi üçüncü şəxsin kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi ##.##.2026-cı il tarixli qərardaddan cavabdeh və ##.##.2026-cı il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətlərinə baxılması Ali Məhkəməyə göndərməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-****/**** nömrəli qətnaməsindən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlər edilməsi üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-2008/2026
Ali Məhkəmə Qərardad — İş №2(1-8)-2008/2026
10.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver