Məhkəmə qərarları › İş №2(1-8)-324/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-324/2026

15.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-324/2026 15.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: uşağın xəstəliyi ilə bağlı əlavə xərclər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Tərəflər ## ##### 2014-cü ildə nikaha daxil olmuşlar, onların bu nikahdan ## #### 2015-ci il təvəllüdlü Günel və ## ###### 2019-cu il təvəllüdlü Əli adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahın pozulmuş, uşaqlar ananın himayəsinə verilmiş, habelə hazırki iş üzrə cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və Əli Mirzəyevin 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində alimentin, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində alimentin, cəmi 380 manat alimentin Çinarə Mirzəyevanın xeyrinə alimentin tutulması qət edilmişdir;

3. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, cavabdeh Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 235 manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 manat alimentin tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir;

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində indeksasiya olunması qərara alınmışdır;

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tibbisosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X1 müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmiş, onda uşaq autizmi, kanner sindromu diaqnozu müəyyən edilmişdir;

6. “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli arayışına əsasən ##.##.2019-cu il təvəllüdlü X1 ##.##.2025-ci il tarixdə “xxxx” MMC-də konsultasiya olunub, ##.##.2025-ci il tarixdən etibarən duyu bütünləmə mütəxəssisi və psixoloq yanında terapiya keçməyə başlayıb. X1 hazırda terapiyalara gəlməyə davam edir;

7. “Theory of mind” Psixoloji Mərkəzin ##.##.2025-ci il tarixli arayışına əsasən Əli Mirzəyev - 6 yaş autizm spektr pozuntusu (ağır dərəcəli) diaqnozundan əziyyət çəkir. Hazırda mərkəzdə psixoloji və loqopedik dəstək məqsədilə mütəmadi olaraq seanslara cəlb olunmuşdur. Uşaq 2025-ci ilin yanvar ayından etibarən mərkəzdə qeydiyyatdadır və həftədə 3 dəfə fərdi şəkildə psixoloq və loqoped seanslarında iştirak edir. Əlinin mərkəzdə aldığı xidmətlərə görə aylıq 600 manat məbləğində ödəniş edilir. X3 emosional, davranış və nitq inkişafında müvafiq dəstəyi təmin etmək və onun ümumi inkişafını dəstəkləməkdir. Müalicə proqramı uşaq üçün fərdi şəkildə hazırlanmış və davamlı monitorinq ilə həyata keçirilir;

8. ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən xəstə X1 görə “Loqos” Psixoloji və X4 kassasına 100 manat məbləğində ödəniş edilmişdir;

9. ##.##.2025-ci il tarixli ödəniş qəbzinə əsasən xəstə X1 görə “Loqos” Psixoloji və X4 kassasına 125 manat məbləğində ödəniş edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. Iddiaçı iddia ərizəsi ilə, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr ilə məhkəməyə müraciət edərək, cavabdehdən ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək müalicə və müayinəsi məqsədilə məbləğin artırılaraq hər ay 1400 manat pul tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə ## ##### 2014-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu nikahdan iki uşaqları olmuşdur: ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli qətnaməsi ilə cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış və ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat və X1 3 yaşına çatanadək ona qulluğa görə 20 manat məbləğində sabit pul məbləğində aliment, həmçinin əlavə xərc kimi hər uşağa görə 20 manat olmaqla, 40 manat məbləğində aliment, cəmi 380 manat aliment onun xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər bir uşağa görə 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və uşaqların müalicə və müayinələri məqsədilə hər ay hər uşağa görə əlavə olaraq 100 (yüz) manat aliment tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə ##.##.2015-ci il təvəllüdlü X2 və ##.##.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sabit pul məbləği şəklində tutulması müəyyən edilən hər uşaq üçün 235 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunması qərara alınmışdır. Hazırda uşaqlar iki dərsə gedir, hər dərs 25 manat, iki dərs 50 manat təşkil edir, 20 manat isə taksi ilə dərsə gedib-gələsidir, ümumilikdə hər gün 70 manat məbləğində xərci çıxır. Aylıq isə 1400 manat miqdarında təşkil edir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək iddia tələbini qəbul etmədiyini, uşağın həqiqətən xəstə olduğunu və mütəmadi olaraq müalicə və müayinə olunduğunu bildiyini, lakin onun əlavə xərcləri qarşılamaq üçün maddi imkanının olmadığını bildirmiş və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi əsasında cavabdeh Cavabdeh ##.##.2019-cu il təvəllüdlü X1 müayinə və müalicə xərcləri üçün tutulan 100 manat əlavə xərcin məbləğinin artırılaraq hər ay 700 manat məbləğində müəyyən edilməsi, ##.##.2019cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək müayinə və müalicə xərcləri üçün cavabdeh Cavabdeh hər ay 700 manat pul vəsaitinin bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh 104 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir (hakim Rəna Qafarova).

14. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ##.##.2019-cu il təvəllüdlü X1 problem mövcud olması və onun daimi olaraq müayinə və müalicəsinə aylıq 600 manat və əlavə olaraq müəyyən məbləğlərdə iddiaçı tərəfindən vəsait sərf edilməsi işin mübahisəsiz halıdır. Odur ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir. Məhkəmə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələrinin olduğunu, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsinin hər iki valideyninin də əsas vəzifələri olduğunu nəzərə alaraq, 1400 manatın deyil, həmin məbləğin ½ hissəsinin, yəni 700 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını məqsədə müvafiq hesab etmişdir.

15. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə, Ailə Məcəlləsinin 56.1, 81.1, 81.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4, 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Ailə Məcəlləsinin 81-ci maddəsi qətnamədə qeyd olunsa da, faktiki olaraq həmin maddənin tələbləri pozulmuş, cavabdehi ağır maddi duruma məruz qoymuşdur. O, məhkəmə iclasında izahat verərək bildirmişdir ki, əvvəlki qətnamələr qəbul edilərkən onun iş yeri var idi, lakin hal-hazırda işsizdir, iddiaçının hazırki tələbi üzrə əlavə xərcləri qarşılamaq üçün maddi imkanı yoxdur. Onun işsiz olduğu barədə elektron sistemdə də məlumat öz əksini tapır. Bu barədə e-sosialdan aldığı arayışı şikayətinə əlavə edir. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasının 3-cümaddəsinin 1-ci hissəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Səbail Rayon Məhkəməsinin qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə Konvensiyanın qeyd olunan maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, o, maddi vəziyyətinə uyğun olaraq həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş əlavə xərclərdə könüllü şəkildə iştirak etmişdir, lakin Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən 700 manat nə onun maddi vəziyyətinə, nə də ki qanuni qüvvədə olan məhkəmə qətnamələri ilə müəyyən edilmiş ölkə üzrə yaşayış minimumunun 3 qat artıq məbləğdə təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə nəzərə almamışdır ki, autizm spektr pozuntusu (ağır dərəcəli) xəstəliyi dövlətin nəzartindədir. Yəni, bu xəstəlik dövlət hesabına pulsuz müalicə olunur və hətta bu xəstəliyə görə pensiya təyin olunur. Iddiaçı da pensiya təyin olunması ilə bağlı müraciət etmişdir və pensiya da alır. Təyin edilmiş yaşayış minimumu nəzərə alınmaqla 492 manat aliment ödədiyi halda, əlavə olaraq aliment məbləğindən də daha artıq əlavə xərcin tutulmasının hansı meyarla müəyyən olunması məlum deyil. Məhkəmə onun həmin məbləği ödəyə bilməyəcəyini açıq-aydın gördüyü halda, məhkəmənin gəldiyi qənaət hər bir halda onun məsuliyyətə cəlb olunmağına xidmət edir. Bu isə açıq qərəzin olmasının bariz nümunəsidir. Qeyd edir ki, yuxarıda göstərilən məbləğ onun büdcəsinə uyğun deyil. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(009)- ****/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi çıxarıldıqda o işləyirdi. Indi isə işləmir. Onun işsiz olmağı sistemdə açıq-aydın görünür. Məhkəmə isə buna heç bir əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən yalnız iddiaçının izahatını əsas götürmüş, cavabdehin izahatını nəzərə almamış, gəldiyi nəticə işin hallarına uyğun gəlmir və qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə təqdim olunmuş subutlara deyil, özünün mülahizəsinə uyğun qərar qəbul etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, ata evində yaşayır, özünün şəxsi heç nəyi yoxdur, qızıllarına qədər övladlarının sağlığına görə satmışdır. Cavabdeh uşağını müalicə üçün xaricə aparılmasına razılıq vermədi, 8 ay onu məhkəmələrdə süründürdü. Uşağın əlilliyinə görə 200 manat məbləğində məvacib alır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin##.##.2024-cü il tarixli, 2(009)- ****/**** nömrəli qətnaməsi əsasında cavabdeh Cavabdeh ##.##.2019-cu il təvəllüdlü X1 müayinə və müalicə xərcləri üçün tutulan 100 manat əlavə xərcin məbləği artırılaraq hər ay 600 manat məbləğində müəyyən edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilməsi qət edilmişdir (hakimlər Məhəmməd Rüstəmli - sədrlik edən və məruzəçi, Fərrux Qasımov və Günay Axundova).

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində uşağın müalicəsi ilə bağlı iddiaçıya müavinət təyin olunduğunu bildirsə də, Elektron Məhkəmə Informasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən iddiaçının hər hansı əmək haqqı, sosial yardım, pensiya və müavinət alması müəyyən olunmamışdır. Bununla belə, iddiaçı məhkəmə iclasında uşağın əlilliyi ilə bağlı ona hər ay 200 manat məbləğində məvacib ödənildiyini etiraf etmişdir. Uşağın müalicəsi ilə bağlı əlavə xərcləri qarşılamaq hər iki valideynin mənəvi borcu olmaqla, valideynin heç bir yerdə işləməməsi, gəlirinin az olması, yaxud hər hansı digər əsaslar onları bu xərcləri ödəmək vəzifəsindən azad etmir. Bu baxımdan hazırki halda cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq hər ay tutulan məbləğin artırılmaması uşağın mənafeyinə zidd olmaqla, onun üstün maraqlarının təminatı baxımından yolverilməzdir.

21. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, uşaq ağır xəstə və ömürlük əlil olduğundan onun daimi olaraq qayğı və qulluğa ehtiyacı var, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi vəzifəsi də iddiaçının üzərinə düşür. Odur ki, iddiaçıya Dövlət tərəfindən ödənilən az məbləğdə məvacib qeyd olunanların bir qisminin kompensasiyası kimi nəzərə alına bilər. Həmçinin nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan seanslarda iştirak etmək üçün ödənilən məbləğ uşağın nəqliyyat, müalicə ilə bağlı dərman xərclərini ehtiva etmir və bu xərclərin çəkilməsi də iddiaçının üzərinə düşür. Cavabdeh tərəfindən ödənilən minimum dolanacaq xərci məbləğində aliment isə uşağın qidalanmasına, geyiminə və digər bu kimi zəruri ehtiyaclarına sərf olunacaq məbləğdir.

22. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 81.1, 81.2, 81.3-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.3-cü maddələrinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətində işin faktiki halları göstərilməklə Ailə Məcəlləsinin 56, 75, 81.1, 81.2, Uşaq hüquqları haqqında Konvensiyanın 18, 19, 23, 24, 27, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 35, 36, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 6, 8, 18, 20, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun 7, “Tibbi sığorta” haqqında Qanunun 15- 2, Mülki Prosessual Məcəlləsinin 4, 9, 77.1, 88, 217, Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Qərarı, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2015-ci il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş, yalnız Ailə Məcəlləsinin 81-ci maddəsinə istinad etmiş, lakin onu da düzgün təfsir etməmişdir. Iş materiallarında olan sübutlar tam və hər tərəfli araşdırılmamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

26. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (agır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərə cəlb oluna bilər.

27. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ail əvə ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, uşağın xəstəliyi ilə əlaqədar əlavə xərclərdə iddianın təmin edilmiş həcmində atanın iştirak etməsi uşağın mənafeyi üçün zəruridir.

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

38. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

40. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar