Məhkəmə qərarları › İş №2(1-8)-476/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-476/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-476/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə və cavabdeh2 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərər tələbi, sübutetmə vəzifəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinə və cavabdeh2 MMC-yə qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı X1 (bundan sonra – “iddiaçı”) xeyrinə pul tutulmuşdur. Məhkəmə qətnaməsinin icra olunmaması, həmçinin 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə müvafiq orqan tərəfindən obyektiv araşdırma aparılmaması ilə bağlı narazı qalmış iddiaçı Avropa Insan Hüquqları Məhkəməsinə şikayət hazırlamış və ##.##.2023-cü il tarixdə Abşeron rayon Poçt Filialının * saylı poçt şöbəsinə təqdim etmişdir.

2. cavabdeh2 MMC tərəfindən iddiaçıdan qəbul edilmiş RR*********AZ nömrəli poçt göndərişi təyinatı üzrə Fransa dövlətinə göndərilmiş, ##.##.2024-cü il tarixdə təyinat ölkəsində qəbul edilmiş, ##.##.2024-cü il tarixdə Fransadan Sloveniyaya, ##.##.2024-cü il tarixdə isə Sloveniyadan Niderlanda göndərilmiş, ##.##.2024-cü il tarixdə isə zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə Azərbaycana geri qaytarılmışdır.

3. Hazırda iddiaçı cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi və cavabdeh2 MMC tərəfindən onun Avropa Insan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılmasının təmin edilməməsi nəticəsində ona dəymiş mənəvi zərərin ödənilməsini xahiş edir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərə görə 50.000 manat, iddia ərizəsi verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumu olmaqla, cəmi 50.240 manat məbləğində pulun cavabdehlər Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi və cavabdeh2 MMC-dən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi işin faktiki hallarına istinadla belə əsaslandırılmışdır ki, cavabdehlər tərəfindən onun Avropa Insan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılması təmin edilmədiyinə görə şikayətə baxılmamış, şikayət baxılmadan cavabdehlər tərəfindən geri qaytarılmış və nəticədə onun hüquqları kobud şəkildə pozulmuşdur. Nəticədə o, mənəvi iztirablar keçirməklə onda dərin psixoloji stress yaranmışdır. Bu hadisələrin nəticəsində o, əsəb gərginliyindən və yuxusuzluqdan əziyyət çəkir, tibbi və psixoloji müalicəyə ehtiyacı vardır. Cavabdehlərin qanunsuz hərəkətləri, yəni onun Avropa Insan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətin həmin məhkəməyə çatdırılmasının təmin edilməməsi onun psixoloji sıxıntılar keçirməyinə, iztirab çəkməyinə və mənəvi sarsıntı keçirməyinə səbəb olmuşdur. Bunun nəticəsində ona mənəvi zərər vurulmuşdur. O, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərəri 50.000 manat məbləğində qiymətləndirmişdir.

6. Məhkəmə iclasında izahatı alınmış cavabdeh cavabdeh2 MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, cavabdeh2 MMC-nin poçt göndərişinin ünvana çatmamasında heç bir günahı yoxdur. Xidməti araşdırmaya başlamış və göndərişin nə üçün geri qaytarılması yoxlamışdır. Poçt göndərişi ##.##.2024-cü il tarixdə Fransadan Sloveniyaya, ##.##.2024-cü il tarixdə isə Sloveniyayadan Niderlanda göndərilmişdir. ##.##.2024-cü il tarixdə isə Azərbaycana geri qaytarılmışdır. Sözügedən məktubun hansı səbəbdən geri qaytarılmasına aydınlıq gətirilərkən məlum olmuşdur ki, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılmışdır. Digər tərəfdən isə “Poçt haqqında” Qanunun 17.4.3-cü maddəsi birbaşa göstərir ki, poçt göndərişinin itirilməsi və ya gecikdirilməsi hallarında poçt rabitəsi operatoru əldə olunmamış gəlirə, dolayı ziyana və mənəvi zərərə görə məsuliyyət daşımır. Cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyinin və cavabdeh2 MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, cavabdeh2 MMC müstəqil hüquqi şəxsdir, onlara heç bir tabeçiliyə yoxdur, müstəqil holdinqin tərkibindədir. Ona görə də onlara qarşı qaldırılan iddianın təmin olunmamasını xahiş etmişdir.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli 2(009)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Ş.Abdullayev).

9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh2 MMC müstəqil hüquqi şəxs olduğundan və poçt göndərişlərinin həyata keçirilməsinə məsul olduğundan, hazırkı tələb üzrə Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz.

10. Məhkəmə daha sonra qeyd etmişdir ki, cavabdeh2 MMC qanunun tələblərinə riayət edərək poçt göndərişini təyinatı üzrə göndərsə və göndərilən ölkə həmin göndərişi qəbul etsə də, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə geri qaytarılmışdır. Yəni poçt göndərişinin geri qayıtma səbəbi cavabdeh2 MMC-nin əməkdaşlarının etdikləri hərəkətlə bağlı olmamışdır. Həmçinin poçt göndərişlərinin ünvana çatmaması və itməsi ilə bağlı cavabdeh2 MMC mənəvi məsuliyyət daşımır.

11. Məhkəmə öz hüquqi mövqeyini “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 17.4.3-cü maddəsinə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ##.##.2016-cı il tarixli, **** nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 6.10, 6.21, 12.1, 12.2-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Poçt rabitəsi Xidmətlərinin Göstərilməsi” Qaydalarının 6.21-ci bəndində göstərilmişdir ki, “Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir.” Lakin ünvanın dəqiqləşdirilməsi və ünvanın qaydalara uyğun qeyd edilməsi eyni anlayış deyildir. Ünvanın dəqiqləşdirilməsinin nə demək olduğunu müəyyən etmək üçün həmin qaydaların 1.4.6.-cı bəndində nəzər saldıqda, məlum olur ki, poçt ünvanı poçt göndərişinin üzərində xüsusi olaraq nəzərdə tutulmuş yerdə göstərilən göndərici və alıcının ünvanı. Göndərişin üzərində göndərici və alıcının poçt ünvanları, habelə ad və soyadlarının göstərilməsi poçt göndərişinin əsas əlamətidir. Göründüyü kimi 6.21-ci bənddə ünvanın dəqiqləşdirilməsi qeyd edilmiş, ünvan isə alıcının ünvanıın doğru olub-olmaması ilə bağlıdır, onun qeyd edilməsi qaydası ilə bağlı deyildir. Bundan başqa, qaydaların adından da göründüyü kimi, qaydalarda “poçt xidmətinin göstərilməsi şərtləri” göstərilmişdir, lakin buna baxmayaraq, qaydalara uyğun olmayan göndəriş təhvil alınmış, poçt xidmətinin göstərilməsi üçün ödəniş alınmış, bununla belə göndəriş təyinatı üzrə göndərilməmişdir. Nəticədə göndərici ödənişi verdiyi üçün göndərişin qəbul edildiyini düşünmüş, ünvanına çatmasını gözləmiş, göndəriş isə ödəniş alındığı təqdirdə ünvana çatdırılmamış, belə olan halda məsuliyyət göndəricidə deyil, poçt rabitəsi operatorundadır. Belə ki, qaydalara uyğun olmayan göndərişi icraata qəbul etmiş, ünvana çatdırılması üçün ödəniş almışdır. “Poçt rabitəsi Xidmətlərinin Göstərilməsi” Qaydalarının 7.4, 7.5-ci bəndlərində deyilir ki, “Ünvan tərəfində rəsmiləşdirmə üçün nəzərdə tutulandan kənar yazı və işarələr olan, həmçinin qablaşdırılması səliqəsiz olan və lazımi qaydalara cavab verməyən poçt göndərişləri göndərilmə üçün qəbul olunmur və göndəriciyə qaytarılır. Poçt qutularından çıxarılmış bu cür göndərişlər, habelə dəyəri ödənilməmiş və ya qismən ödənilmiş poçt göndərişləri ilk mərhələdən geri ünvana qaytarılır. Bu göndərişlərə əlavə olunmuş arayışda qaytarılmanın səbəbi göstərilir və arayış poçt işçisinin imzası və təqvim ştempeli ilə təsdiqlənir. Göndəricinin ünvanı olmadıqda bu göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilməklə müvəqqəti olaraq poçt rabitəsi operatorunda saxlanılır... ünvanlanma qaydası bu qaydalarla müəyyən olunmuş tələblərə cavab verməyən poçt göndərişləri göndərilmə üçün qəbul edilmir.” Göründüyü kimi, qaydalara riayət edilmə göndəricinin öhdəliyi olması, həmin qaydalara riayət etməyən göndərişi qəbul etməmək də poçt rabitəsinin öhdəliyidir. Buna baxmayaraq, poçt rabitəsi qaydalara uyğun olmayan göndərişi qəbul etmişdi, nəticədə isə ilkin mərhələdə daha qısa zamanda qaydalara uyğunlaşma mükün olduğu halda, uzun müddət sonra məktub daxili deyil, xarici poçt rabitəsi tərəfindən qaytarılmışdır (halbuki xidmətin göstərilməsi üçün ödəniş alınmışdır).

14. Cavabdeh cavabdeh2 MMC apellyasiya şikayətinə qarşı etiraz ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – X.Mərdanova (məruzəsi), V.Sadıqov və R.Səmədov).

16. Birinci instansiya məhkəməsinin hüquqi əsaslandırması və gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd etmişdir ki, poçt operatorunun funksiyası göndərişin üzərindəki məlumatların ünvan, göndərici, alıcı və digər rekvizitlərin forma üzrə düzgün yerlərə və tələb olunan qaydada yazılıb yazılmamasını yoxlamaqdan ibarətdir, operatorun öhdəliyinə həmin məlumatların düzgünlüyünü, dəqiqliyini və real ünvan uyğunluğunu müəyyən etmək daxil deyil. Ünvanın tam, dəqiq və qaydalara uyğun şəkildə göstərilməsi birbaşa göndəricinin məsuliyyətidir. Iş materiallarından da görünür ki, iddiaçı poçt zərfində konkret ünvan, alıcını və digər rekvizitləri Azərbaycan dilində göstərmişdir ki, bu operator tərəfindən də uyğun olmayan üzərində tələblərə uyğun olmayan yazılar və işarələr olan göndərişin qəbul edilməməsi kimi qiymətləndirilə bilməz.

17. Poçt rabitəsi xidmətlərinin göstərilməsi qaydalarına əsasən müəyyən edilmişdir ki, ünvanlanma tələblərinə əməl etmək göndəricinin öhdəliyidir, operatorun öhdəliyi isə yalnız məlumatların forma üzrə düzgün yerlərdə və texniki tələblərə uyğun qeyd olunmasını yoxlamaqdan ibarətdir. Buna görə də iddiaçının təqdim etdiyi kimi göndərişin operator tərəfindən qaydalara zidd qəbul edilməsi iddiası əsassızdır, çünki göndəriş təqdim edilərkən forma tələbləri çərçivəsində düzgün doldurulmuş və bu səbəbdən operator tərəfindən qəbul edilərək göndərilmiş, sonradan xarici poçt operatoru tərəfindən qaytarılması və ya hər hansı bir uyğunsuzluq göndəricinin məsuliyyət dairəsinə daxildir.

18. Göründüyü kimi cavabdeh2 MMC poçt göndərişini təyinatı üzrə göndərsə də və göndərilən ölkə həmin göndərişi qəbul etsə də, zərfin üzərində alıcının ünvanı Azərbaycan dilində yazılması səbəbi ilə geri qaytarılmışdır. Yəni poçt göndərişinin geri qayıtma səbəbi cavabdeh2 MMC-nin əməkdaşlarının etdikləri hərəkətlə bağlı olmamışdır. Həmçinin poçt göndərişlərinin ünvana çatmaması və itməsi ilə bağlı cavabdeh2 MMC mənəvi məsuliyyət daşımır.

19. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ##.##.2016-cı il tarixli, **** nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 6, 12-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli * №-li qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətlərinin dəlilləri

20. Iddiaçı (vəkil vəkil2 oğlu) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamədə “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na istinad olunmuş və bildirilmişdir ki, Qaydalara əməl etmək yalnız iddiaçının (xidmət istifadəçisinin) vəzifəsi olmuş, cavabdehin Qaydalarla bağlı heç bir vəzifəsi olmamışdır. Halbuki həmin Qaydaların 1.1-ci bəndində müəyyən edilmişdir ki, Qaydalar poçt rabitəsi xidmətlərinin göstərilməsi şərtlərini müəyyən edir, həmçinin poçt rabitəsi operatorları və poçt rabitəsi xidmətləri istifadəçiləri arasında qarşılıqlı münasibətləri tənzimləyir.

b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Etiraz onunla əsaslandırılmışdır ki, poçt xidmətinin göstərilməsi Nazirliyin (sahə üzrə tənzimləmə və nəzarət funksiyasını həyata keçirən) səlahiyyətlərinə aid deyil. Bu baxımdan şəxsin iddia tələbinin Nazirliyə qarşı irəli sürülə bilənliyi ilə bağlı subyektiv hüququ mövcud deyildir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 21.1. Qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər..

25. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

26. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır..

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ##.##.2016-cı il tarixli, **** nömrəli Qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”

30. Maddə 6.10. Beynəlxalq poçt göndərişinin üzərində alıcının adı, soyadı və onun poçt ünvanı latın hərfləri və ərəb rəqəmləri ilə yazılır. Alıcının ünvanı dəqiq və tam olmalıdır. Poçt ünvanı təyinat ölkəsinin dilində yazıldıqda, onun altında yaşayış məntəqəsinin və təyinat ölkəsinin adı Azərbaycan dilində (baş hərflərlə) təkrar olunur.

31. Maddə 6.21. Alıcı və göndəricinin poçt ünvanının dəqiqləşdirilməsi poçt rabitəsi operatorunun öhdəliyinə daxil deyildir.

32. Maddə 12.1. Poçt rabitəsi xidmətlərinin göstərilməsi üzrə öhdəliklər icra olunmadıqda və ya qismən icra olunduqda poçt rabitəsi xidmətlərinin istifadəçisi məhkəmədə iddia irəli sürülənədək poçt rabitəsi operatoruna qarşı pretenziya vermək (o cümlədən dəymiş zərərin ödənilməsi tələbi ilə) hüququna malikdir.

33. Maddə 12.2. Daxili poçt göndərişlərinin çatdırılmaması, vaxtında çatdırılmaması, zədələnməsi və itirilməsi, habelə pul köçürmələrinin ödənilməməsi və vaxtında ödənilməməsi ilə bağlı şikayətlər poçt göndərişinin, pul köçürməsinin qəbul günündən sonrakı altı ay müddətində irəli sürülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).

43. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).

44. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.

45. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmişdir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

47. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar