Məhkəmə qərarları › İş №2(1-8)-531/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-531/2026

09.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-531/2026 09.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki işi üzrə QƏRARİ (Açar sözlər: alimentin azaldılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Şəfiyev Ispəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin məbləğinin azaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər ##.##.2015-ci il tarixdə rəsmi qaydada nikaha daxil olmuşlar və birgə nikahlarından ##.##.2015-ci il təvəllüdlü X2 dünyaya gəlmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-*****/**** saylı, ##.##.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə ##.##.2015-ci il tarixdən başlayaraq ## ####### 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərin 1/4 hissəsi miqdarında və 3 yaşı tamam olanadək hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş ##.##.2015ci il təvəllüdlü X2 anasının yanında qalması qət edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, oğlu X2 üçün onun aylıq əmək haqqının və başqa gəlirlərinin 1/8-i hissəsində aylıq pul məbləği aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilərək onunla əsaslandırmışdır ki, tərəflər cəmi 3 ay faktiki nigah münasibətində olmuşlar. Nikahları pozulduqdan sonra cavabdehin 2-ci uşağı doğulmuş, sonrasında növbəti iki dəfə də ailə münasibəti qurmuşdur, hazırda 4 uşağı var. Iddiaçı hazırda təxminən aylıq 2000-4000 manat aralığında aliment ödəyir. Cavabdeh özü isə sosial şəbəkələrdə tort satışı ilə məşğuldur.

6. Məhkəmə iclaslarında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, heç bir yerdə işləmir. Illərdir ki, qara ciyərin 3-cü dərəcəli şişindən əziyyət çəkir. Əvvəlki nikahlarından 3 övladı vardır və həmin uşaqlar da onun himayəsindədir. Hal-hazırda da bir yerdə yaşayırlar. Həmçinin övladının xəstəliyi ilə əlaqədar müalicə xərclərinə ehtiyacı olur.

7. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim - V.Şirəliyeva) iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2015-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə təyin edilmiş alimentin məbləği azaldılaraq ## ####### 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün İddiaçı cavabdeh Cavabdeh xeyrinə hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/6 (altıda bir) hissəsi miqdarında aliment tutulması qət edilmişdir (hakim Vəfa Şirəliyeva).

8. Məhkəmə öz mövqeyini əsaslandırarkən hesab etmişdir ki, alimentin məbləğinin kifayət qədər yüksək olması və aliment alan tərəfin başqa nikahdan uşaqlarının olması, alınmış alimentin təkcə saxlanması üçün aliment ödənilən uşağa deyil, habelə digər uşaqların da saxlanması üçün sərf edilməsi ehtimalını artırır. Eyni zamanda tərəflərin təqdim etdikləri sübutlar, habelə məhkəmə iclasında verdiyi izahatlar əsasında, saxlanması üçün aliment ödənilən uşağın dövlət hesabına orta təhsil müəssisəsində təhsil aldığı, hər hansı əlavə məşğələlərdə iştirak etməməsi, yüksək məbləğdə xərc tələb edəcək ağır xəstəliyinin olmaması müəyyən edilmiş, hər hansı xəstəliyinin müalicəsinə görə yüksək məbləğdə pul vəsaitinin xərcləndiyini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 78.2, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5, 13, 19-cu maddələrinə, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarına, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarının 8.13, 8.14-cü bəndlərinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 362-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən işin faktiki hallarını müəyyən etməmişdir. Məhkəmə birtərəfli mövqe göstərmiş, iddiaçının hüquqlarını qorumuş, cavabdehin göstərdiyi sübutların heç birinə qiymət verməmişdir. Məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir.

12. Cavabdeh məhkəmə kollegiyasının iclasında verdiyi izahatında bildirmişdir ki, onun aldığı aliment məbləği dəyişkən olur. Belə ki, bir ay 800, növbəti ay 1500, 1800, 2500 və sair aralığında dəyişir. Digər övladları üçün də aliment alır. Ömərin aylıq xərcləri yalnız qida və geyim xərcləri deyil. Onun müalicəsinə də müntəzəm olaraq aylıq pul xərcləyir. Bundan başqa onun gələcək ehtiyacları üçün aliment məbləğindən əlavə pul yığımı edir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsi qətnaməsi ləğv olunmuş, iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakimlər-X3 (sədrlik edən və məruzəçi), X4 və X5).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiyası qeyd etmişdir ki, ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutmanın son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır.

15. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya iddiaçının gətirdiyi arqumentlərlə və bunun əsasında birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edib ki, əvvəla eyni qəbildən olan oxşar işlərə baxılarkən, əgər iş üzrə iddiaçının digər uşaqlar üçün də aliment ödədiyi müəyyən edilərsə, qanunvericiliyin qoruduğu məqsədlərə müvafiq olaraq, məhkəmə alimentin məbləğini təyin edərkən aliment almaq hüququ olan bütün uşaqların sayını nəzərə almalıdır. Baxılan iş üzrə isə iddiaçının başqa uşaq üçün aliment ödəməsi və bununla bağlı hər hansı qanuni qüvvədə olan qətnamə mövcud deyildir.

16. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi alimentin həcmini azaldarkən yuxarıda qeyd olunanları nəzərə almamaqla Ailə Məcəlləsinin 76.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Halbuki, baxılan işdə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği aliment almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla müəyyən edilə bilərdi.

17. Başqa sözlə, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının tələbi üzrə aliment tutarkən (alimenti azaldarkən) cavabdehin himayəsində olan uşaqların sayını deyil, iddiaçının özünün saxlamalı olduğu uşaqların sayını və buna müvafiq olaraq alimentin təyin olunmasına dair qanunvericiliyin tələblərini nəzərə almalıdır.

18. Bu zaman aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. Ona görə də iddiaçının qazancının (başqa gəlirlərinin) yarısı həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşdürülməsi imkanları müzakirə edilməlidir.

19. Bu baxımdan kollegiya hesab edib ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

20. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edib ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə, onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir.

21. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment onun əmək haqqına yönəldilməklə əmək haqqının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən aliment tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür.

22. Kollegiya iddia ərizəsində qeyd edilən dəlillərlə bağlı əlavə olaraq qeyd edib ki, əgər iddiaçı tərəf ödədiyi alimentin, doğrudan da, təkcə öz uşağı üçün deyil, onun çoxluğundan istifadə edilərək digər məsrəflərə sərf olunmasından narahatdırsa, bu halda onun Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulmuş hüquqdan istifadə etməsi istisna olunmur. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.

23. Düzdür, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır.

24. Məhkəmə kollegiyası izah edib ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan, aliment məbləğinin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbi, qətnamə ilə tutulan alimentin bir hissəsinin uşağın mənafeləri baxımından bank hesabına köçürülməsi təmin etmək imkanıdır (hüququdur). Bu hüququn məhkəmə vasitəsi ilə reallaşdırılması üsulu isə mahiyyət etibarilə təyin olunmuş alimentin tutulması barədə məhkəmə qərarının icrası qaydalarının təsiri altına düşür.

25. Məhkəmə kollegiyası onu da qeyd edib Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə ## ###### 2023cü il tarixli **/**** nömrəli Qərarı).

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.1, 76.2, 78.1, 78.2 və 112.1-cü, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu, Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunun 1-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217. 4, 372.2, 372.6, 372.7, 384.0.2 və 402.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

27. Qətnamədən iddiaçı (vəkil Vəkil Dədəbəy oğlu) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsinin tam ləğv edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilikdə valideynin aylıq gəlirindən, qazancından tutulan 4/1-i məbləğində aylıq aliment məbləğinin məhkəmə tərəfindən dəyişdirilə bilmə əsasları göstərilmişdir. Tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla aliment azaldıla və artırıla bilər. Iddiaçı ağır xəstə olan anasının ehtiyaclarını təmin etməli, eyni zamanda hər ay kredit əsasında mənzil tikintisinə orta hesabla aylıq 1300 manat məbləğində pul ödəməlidir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 55.2, 76-cı, Mülki Prosessual Məcəllənin 2.1 və 220.4-cü maddələrinə istinadla əsaslandırılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz ərizəsi məhkəmənin elektron idarəetmə sisteminə daxil olmuşdur. Ərizədə kassasiya şikayətinin rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

31. Maddə 17. Ailə, uşaqlar və dövlət ... II. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

32. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.

33. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

34. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.

35. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

36. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

37. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

38. Maddə 112.1. Alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

39. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217. 4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

46. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

53. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

54. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

55. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar