Məhkəmə qərarları › İş №2(1-8)-568/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-568/2026

30.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-568/2026 30.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, paylı mülkiyyətçilər arasında mübahisə, mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Iddiaçı və cavabdeh bacı qardaşdırlar.

2. Iddiaçının köçürülmək istədiyi Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzili hər birinin 1/2 hissələrdə payı olmaqla tərəflərin paylı mülkiyyətindədir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzili tərəflərin paylı mülkiyyətindədir. Əmlakın yarı payı iddiaçıya məxsus olsa da, cavabdehin süni maneələrinə görə iddiaçının həmin evdə yaşamaq imkanı yoxdur. Bu səbəbdən iddiaçı kirayədə yaşamaq məcburiyyətində qalmışdır.

5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsi (hakim Ilkin Rüstəmli) ilə iddia tələbinin təmin edilərək İddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzilinə köçürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzili 1/2 hissələrdə İddiaçı ilə Cavabdeh paylı mülkiyyətindədir. Lakin cavabdeh iddiaçının həmin mənzilə köçüb orada yaşamasına maneçiliklər törədir ki, iddiaçı da bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Iddiaçı İddiaçı onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin ** saylı mənzilinin 1/2 hissəsinin mülkiyyətçisi (mənzilin paylı mülkiyyətçisi) hesab edildiyindən, onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçının mübahisəli evdən yaşamaq hüququ təmin edilməli, onun həmin mənzil üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələr qanunsuz hesab edilməli və o, həmin mənzilə köçürülməlidir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.5, 213.1, 215.2, 215.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə bildirişi ona çatmadığı halda işi kifayət qədər hazırlanmış hesab etməklə ##.##.2025-ci il tarixə məhkəmə baxışına təyin etmişlər. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilmiş , Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsi qət edilmişdir. Iddiaçı İddiaçı köçürülməsini tələb etdiyi mənzil məhz onun iddiası əsasında satılması üçün hərraca çıxarılmışdır. Məhkəmə məhz bu iddia ilə bağlı iş üzrə yekun qərarın qəbul edilməsini dayandırmalı olduğu halda bunu etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsinə əsasən, məhkəmə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraatı dayandırmalıdır. Bu tələb imperativ norma olsa da məhkəmə 1 hazırlıq, 1 baxış iclası ilə, onun hüquqlarını məhdudlaşdırmaqla qətnaməni qəbul etmişdir. Başqa məhkəmənin qətnaməsi üzrə mübahisəli mənzilin satılması, digəri üzrə isə həmin mənzilə köçürülmə barədə qətnamə qəbul olunmuşdur. Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə ilk olaraq qapalı hərracın kecirilməsi nəzərdə tutulmuşdur. Həmin mənzil onun tərəfindən alınacağı təqdirdə köçürülmə qətnaməsi ilə İddiaçı digər hüquqları ilə bağlı onun mülkiyyət hüquqları pozulacaqdır. Məhkəmə İddiaçı mülkiyyət hüquqları ilə bağlı Mülki Məcəllənin 152.5, 213.1, 215.2, 215.4-cü maddələrinə istinad etsə də, məhz istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinin tələblərini pozaraq məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı olduğu halda cavabdeh olaraq onun həmin iddiaya münasibət bildirməyinə ağlabatan müddət təyin etmədiyindən maddi normanı ona münasibətdə nəzərə almadan qeyri-obyektiv qətnamə qəbul etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi), Ikram Şirinov və Namiq Cəfərov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ######## 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.

12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

13. Məhkəmə tərkibi vurğulamışdır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. Işin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etmişdir. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir. Əvvəla, iddiaçı köçmək istədiyi mənzilin paylı mülkiyyətçisidir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin e- *(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsinin qət edilməsi də iddianın əsassız, şikayətin isə əsaslı olması demək deyil. Əvvəla ona görə ki, həmin qətnamə qanuni qüvvəsini almayıb və icra olunmayıb. O qətnamənin icra olunacağı təqdirdə yeni mülki hüquq münasibəti yaranmış olacaq və o zaman hazırkı mübahisənin əhəmiyyəti qalmaya və nəticəsi aradan qalxa bilər. Deməli mənzilin hərracda satılmasınadək iddiaçının öz mülkiyyətində olan mənzilə köçüb yaşamasını ona heç bir halda qadağan etmək olmaz.

15. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin işin və qətnamənin mövcudluğu hazırkı iş üzrə icraatın dayandırılması üçün də əsas ola bilməz. Çünki iddiaçı mülkiyyətçisi olduğu mənzilə köçmək istəyir. Cavabdehin şikayətinin məzmunu ilə də təsdiq olunur ki, o, buna mane olur. Bu cür vəziyyətdə məhkəmə nəyə əsaslanıb iddiaçını həmin mənzilə köçürməyə bilərdi yaxud hazırkı işin icraatını dayandıra bilərdi ki, cavabdeh də bu vəziyyətdən “razı” qalsın. Göründüyü kimi, bu qənaət ritorik sual kimi səslənsə də, cavabdehin bu cür dəlillərdən istifadə edərkən qeyd olunanlara dair cavab arqumenti də olmalı idi, ancaq olmayıb.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 43-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 213.1, 215.2, 215.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 5.1, 5.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisəli mənzilin hərracdan satılması yolu ilə ümumi paylı mülkiyyət hüququna xitam verilməsi qət olunan Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldığı təqdirdə hazırki iddianın təmin edilməsi mümkünsüz görünür. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçı həmin mənzil üzərindəki sərəncam hüququnu reallaşdırdığı təqdirdə mənzilə köçürülmə tələbi üzrə hər hansı qeyd şərt olmadan mənzilə köcürülmə üzrə iddianın təmin edilməsi qeyrimüəyyənliyə yol açır. Gələcəkdə mənzilin hərracdan satılması tələbi üzrə qətnamə icra olunacağı təqdirdə, İddiaçı mənzilə köçürülmə tələbi üzrə qətnamənin icrasının nəticəsi qeyrimüəyyən qalacaqdır. Halbuki, məhkəmə qətnaməsi müəyyənliyə cavab verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hazırda İddiaçı həmin mənzilin hərracdan satılmasına dair iddia qaldırmış və iddiası təmin olunmuşdur. Belə olduğu təqdirdə iddiaçının hazırki iddiasının nəyə hesablandığını müəyyən etmək mümkün deyildir.

19. Azərbaycan Respublikası MPM-nin 261.0.2.-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kassator qeyd etmişdir ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almadığından məhkəməyə icraatın dayandırılması barədə vəsatət vermişdir. Kassasiya şikayətində həmçinin Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina etməli olduğu halda bunu etməmişdir. İddiaçı eyni əsasla ümumi paylı mülkiyyət hüququna xitam verilməsini tələb etdiyi mənzilə köcürülmə tələbinə dair iddia qaldırmış, məhkəmələr isə iddianın yolverilməzliyinə münasibət bildirməmişlər.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın.

23. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

24. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

25. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

26. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.

32. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

33. Iddiaçının paylı mülkiyyətində olan mənzilə köçürülməsi barədə tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 215.2-ci maddəsinə əsasən əsaslı hesab edilmişdir.

34. Kollegiya apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar