Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-635/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: barışıq sazişin etibarsız hesab edilməsi, alimentin azaldılması, hüququn tətbiqində səhv) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı barışıq sazişinin “qismən etibarsız hesab edilməsi və alimentin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh ## ######## 2003-cü ildə nikaha daxil olmuş, bu nikahdan onların ##.##.2007-ci il təvəllüdlü X1 və ##.##.2009-cu il təvəllüdlü X2 adlı iki uşaqları var.
2. Tərəflərin nikahı Yasamal Rayon Məhkəməsinin # ##### 2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
3. Tərəflər # #### 2024-cü il tarixdə mediasiyada Barışıq Sazişi bağlamış, Sazişdə uşaqların ananın – Cavabdeh himayəsində qalması, aliment öhdəlikləri və gələcəkdə uşaqların təhsili ilə bağlı xərclərin ödənilməsi barədə razılığa gəlinmişdir. Sazişin həmin şərtinə görə, İddiaçı X1 və X2 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment ödəməyi öz üzərinə götürür. İddiaçı birgə nikahdan olan uşaqların Cavabdeh himayəsində qalmasına etirazı yoxdur. Tərəflərin bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq.
4. Bakı şəhəri Səbail rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsinə əsasən, Cavabdeh Zülfüqar qızı ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində ##.##.2024-cü il tarixdə bağlanmış barış sazişinin aşağı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: “X1 və X2 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment İddiaçı ödəməyi öz üzərinə götürür. İddiaçı birgə nikahdan olan uşaqları X1 və X2 Cavabdeh himayəsində qalmasına etirazı yoxdur”
5. İddiaçı ikinci dəfə ## ###### 2025-ci il tarixdə ailə qurmuşdur.
6. X1 Texnologiyaları Universitetinə (Özbəkistan) qəbul olmuşdur, təhsil haqqı 4300 ABŞ dolları təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra “cavabdeh”) ilə bağlanmış ##.##.2024-cü il tarixli MŞB/**/****-***** nömrəli Barışıq Sazişinin qismən, birgə nikahdan olan uşaqları - ##.##.2007ci il təvəllüdlü X1 və ##.##.2009-cu il təvəllüdlü X2 23 yaşlarına çatanadək iddiaçı tərəfindən aylıq gəlirinin 50% miqdarında aliment ödənilməsi barədə hissəsinin bağlandığı andan etibarsız hesab edilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən ##.##.2009-cu il təvəllüdlü X2 üçün uşaq yetkinlik yaşına çatana qədər iddiaçıdan aylıq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi belə əsaslandırılmışdır ki, hazırda iddiaçının ailə və maddi vəziyyəti dəyişmişdir. Belə ki, iddiaçı ## ###### 2025-ci il tarixdə X5 ilə yeni ailə həyatı qurmuşdur. İddiaçının yeni ailə başçısı kimi təbii ki, xərcləri də artmış, o cümlədən, iddiaçı ailənin yaşadığı kirayə mənzil üçün icarə haqqı ödəməyə başlamışdır. Tərəflər arasında ##.##.2024-cü il tarixdə bağlanmış MŞB/**/****-***** nömrəli Barışıq Sazişində isə uşaqlar 23 yaşına çatanadək iddiaçı tərəfindən aylıq gəlirlərinin 50% miqdarında uşaqlara aliment ödənilməsi qeyd edilmişdir. Hesab edir ki, Ailə Məcəlləsinin 38.6, 40.6cı maddələri analogiya üzrə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixdə MŞB/**/****-***** nömrəli Barışıq Sazişinin uşaqların 23 yaşına çatanadək iddiaçı tərəfindən aylıq gəlirlərinin 50% miqdarında aliment ödənilməsi hissəsini əhəmiyyətsiz edir.
9. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili Nümayəndə əlavə olaraq göstərmişdir ki, iddiaçı ailə həyatı qurmuş, kirayədə yaşayır, 1500 manat kirayə haqqı ödəyir, uşağın təhsili ilə bağlı əvvəl razılıq vermiş, lakin uşaq bir ildən sonra xarici ölkədə universitetə daxil olmuş, lakin həmin Universitetin diplomunun Azərbaycanda tanınması barədə məlumat yoxdur.
10. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi və vəkili vəkil2 iddiaya etiraz edərək bildirmişdir ki, barışıq sazişinin şərtinin etibarsızlığı ilə bağlı heç bir hüquqi əsas mövcud deyil. Sazişin ləğvi ilə bağlı tələb irəli sürülsəydi, məntiqli olardı, onun da heç bir hüquqi əsası olmayacaqdı. Tərəf özü könüllü surətdə aliment ödənilməsi ilə bağlı razılığını barışıq sazişində ifadə etmişdir. Tərəflərin uşağı – Murad artıq Özbəkistanda 4300 ABŞ dolları təhsil haqqı olan Amerika Texnologiyaları Universitetinin tələbəsidir. Alimentin məbləğinin azaldılması barədə tələb də əsassızdır. Yeni ailə həyatı qursa da, iddiaçı və onun yeni həyat yoldaşı da işləyir, buna görə də həmin tələb də əsaslı deyil.
11. Bakı şəhər Səbail Rayon Məhkəməsinin e-2(009)-1444/2025nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, iddiaçı ilə cavabdeh arasında Bakı Şəhəri ** saylı Mediasiya Təşkilatı tərəfindən keçirilmiş mediasiya prosesi zamanı bağlanılmış ##.##.2024-cü il tarixli “Barışıq sazişinin” alimenti tutulması hissəsini nəzərdə tutan 2-ci bəndi etibarsız hesab edilmiş, ##.##.2009-cu il təvəllüdlü Fatimənin yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıdan hər ay onun qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq cavabdehə ödənilməsi, bu qaydada alimentin qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması qət edilmişdir. (hakim Şahin Abdullayev)
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, valideynin uşaqları barəsində yetkinlik yaşına çatdıqdan sonra aliment öhdəliyi yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşaqları barəsində yarana bilər, bu halda aliment tutulması ilə bağlı yalnız 18 yaşına çatmış şəxs özü müraciət edə bilər, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladın təhsillə bağlı xərclərini qarşılamaq könüllü surətdə valideyn tərəfindən həyata keçirilə bilər, valideyndən 18 yaşından sonra təhsillə bağlı vəsait tələb olunması əsassızdır.
13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında bağlanmış “Barışıq sazişindən” göründüyü kimi uşaqların anası olan cavabdeh uşaqları barəsində 18 yaşından sonra 23 yaşınadək olan dövr üçün alimentin tutulmasına dair iddiaçı ilə “Saziş” bağlamışdır. Faktiki olaraq ana yetkinlik yaşına çatdıqdan sonra uşaqların əvəzindən belə bir tələblə çıxış etmişdir.
14. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli qərarına istinadən göstərmişdir ki, yetkinlik yaşına çatdıqdan sonra alimentlə bağlı tələbi yalnız həmin şəxs irəli sürə bilər. Buna görə də barışıq sazişi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün barışıq sazişinin alimentin ödənilməsi barədə hissəsi bağlandığı vaxtdan etibarsız hesab edilməlidir.
15. Birinci instansiya məhkəməsi iddia tələbinin yetkinlik yaşına çatmamış Fatimə adlı uşağın saxlanılması üçün həmin uşağın yetkinlik yaşına çatana qədər iddiaçıdan aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment tutulması hissəsi barədə iddia tələbinin də əsaslı olması qənaətinə gələrək göstərmişdir ki, Murad adlı uşaq artıq yetkinlik yaşına çatmış, digər uşaq – Fatimə isə yetkinlik yaşına çatmamışdır.
16. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, ailə qanunvericiliyində isə yetkinlik yaşına çatmış uşaqların valideynindən aliment almaq hüququnun hüquqi əsasları nəzərdə tutulur. Eyni zamanda valideynlər arasında alimentlə bağlı mediasiya təşkilatında barışıq sazişi bağlanılsa da, alimentin ödənilməsi barədə barışıq sazişinin hissəsi etibarsız hesab edildiyindən, yetkinlik yaşına çatmayan övladı barəsində iddiaçı aliment öhdəliyi daşıdığından, həm kifayət qədər böyük məbləğdə əmək haqqı aldığından, iddia tələbi həmin övladı barəsində qanunda nəzərdə tutulan həddə alimentin müəyyən edilməsi barədə hissədə də əsaslıdır.
17. Buna görə də, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıdan cavabdehin xeyrinə yalnız Fatiməyə görə aliment tutula bilər. Ailə Məcəlləsinin tələbinə görə isə bir uşağa görə aliment, alimenti ödəmək vəzifəsini daşıyan iddiaçıdan, iddiaçının aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında tutulmalıdır.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 75.1, 76.1.1, 80, Mülki Məcəlləsinin 337.1, 337.3, 337.4-cü maddələri, “Uşaq hüquqları haqqında” Qanunun 5 və 13-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsasladırılmışdır ki, iddiaçının yeni ailə həyatı qurması və kirayə haqqı ödəməsi onu valideyn kimi aliment, uşaqların təhsil xərclərinin ödənilməsi öhdəliyinin icrasından azad etmir. Buna münasibətdə qeyd edilməlidir ki, iddiaçı hazırda gəlirlərinin dəyişməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı və cavabdeh öz iradə ifadəsi çərçivəsində razılığa gələrək barışıq sazişi imzalamış, alimentin məbləğinin uşaqlar 23 yaşına çatana qədər iddiaçının gəlirinin 50%-i olmasını razılaşdırmışlar. Həmin saziş də daha sonra məhkəmə tərəfindən təsdiq edilmişdir. İddiaçı yeni ailə həyatı qursa da, iddiaçı və onun yeni həyat yoldaşı da işləyir, buna görə də onun barışıq sazişinin etibarsız hesab edilməsi və alimentin azaldılması tələbi qanunsuz və əsassızdır. Lakin birinci instansiya məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iddianın təmin edilməsi hissəsində qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov)
22. Apellyasiya instansiyası məhkəməsi “Barışıq sazişinin” 2-ci bəndinin etibarsız hesab edilməsi tələbinə qiymət verərək bildirmişdir ki, Mülki Məcəllənin tələblərinə görə, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər (maddə 881.1.). Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur (maddə 881.2.).
23. Apellyasiya instansiyası məhkəməsi onu da diqqətə çatdırmışdır ki, barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Qanunun 1.0.7-ci və “İcra haqqında” Qanunun 20.1.2-ci maddələrində də nəzərdə tutulmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının birgə qəbul etdikləri “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ##.##.2024-cü il qərardadda qeyd edilmişdir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə; maddə 1.1.). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə; maddə 6.1.2.) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə; maddələr 6.1.5. və 390.), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlər baxımından hesab etmişdir ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir.
27. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Barışıq sazişinin iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlillərin məhkəmə qərardadından verilən şikayət çərçivəsində araşdırılması da hüquqi baxımdan mümkün deyil. Çünki şikayət icraatı ancaq məhkəmə aktına qarşı istifadə oluna bilən prosessual yoldur.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir.
29. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz
30. İş üzrə tərəflər arasında bağlanmış “Barışıq sazişindən” göründüyü kimi uşaqların anası olan cavabdeh uşaqları barəsində 18 yaşından sonra 23 yaşınadək olan dövr üçün alimentin tutulmasına dair sazişi bağlamışdır. Faktiki olaraq ana yetkinlik yaşına çatdıqdan sonra uşaqların əvəzindən belə bir tələblə çıxış etmişdir.
31. Apellyasiya instansiyası məhkəməsi iddianın yetkinlik yaşına çatmamış Fatimə adlı uşağın saxlanılması üçün həmin uşağın yetkinlik yaşına çatana qədər iddiaçıdan aylıq gəlirinin 1/4 hissəsi miqdarında aliment tutulması hissəsində birinci instansiya məhkəməsini gəldiy nəticə ilə razılaşdığını göstərmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1.1, 6.1.2, 6.1.5, 337.1, 337.3, 337.4, 390, 881.1, 881.2-ci, Ailə Məcəlləsinin 80.1-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 13, 75.1, 76.1.1-ci, maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. Cavabdeh (vəkil vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə, belə əsaslandırılmışdır ki, məhkəmə yanlış olaraq belə nəticəyə gəlmişdir ki, valideynin yetkinlik yaşına çatmış övladına dair aliment öhdəliyi yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxslərə münasibətdə mümkündür. Halbuki, tərəflər arasında bağlanmış barışıq sazişi məhz Ailə Məcəlləsinin 75.2-ci maddəsinə uyğun olaraq, valideynlərin uşaqlarını saxlamağın forma və qaydasını müstəqil müəyyən etmək hüququndan irəli gəlmişdir. Qanun valideynlərə minimum həddi müəyyən edir, lakin daha geniş və uşağın mənafeyinə uyğun öhdəliklərin könüllü götürülməsini qadağan etmir. Bu mənada, 23 yaşına qədər aliment ödənilməsi barədə razılaşma qanuna zidd deyil, əksinə, uşaqların sosial və təhsil ehtiyaclarının təmininə yönəlmiş qanunauyğun razılaşmadır. Hazırkı işdə mübahisə yetkinlik yaşına çatmış övladın məhkəməyə müraciət edib aliment tələb etməsi ilə bağlı deyil. Mübahisə tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış və məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişindən irəli gələn öhdəliyin sonradan etibarsız hesab edilməsi ilə bağlıdır. Başqa sözlə, burada söhbət “valideyndən məcburi tələb” məsələsindən deyil, iddiaçının öz iradəsi ilə üzərinə götürdüyü və hüquqi qüvvəyə minmiş könüllü öhdəliyin hüquqi nəticələrindən gedir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Maddə 94.1. Aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. Maddə 94.2. Aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 95.1. Aliment ödənilməsi barədə sazişin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki hüquqi əqdlərin bağlanması, icrası, dəyişdirilməsi, pozulması və etibarsız sayılması barədə normaları tətbiq olunur. Maddə 95.2. Aliment ödənilməsi barədə saziş tərəflərin qarşılıqlı razılığı əsasında istənilən vaxt dəyişdirilə və pozula bilər. Bu halda sazişin dəyişdirilməsi və pozulması bu Məcəllənin 94.2-ci maddəsində nəzərdə tutulan eyni formada həyata keçirilir. Maddə 95.4. Tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və tətbiq etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab etmir.
40. İşin müəyyən edilmiş hallarına görə iddiaçı ilə cavabdeh arasında mediasiya prosesində # #### 2024-cü il tarixdə Barışıq Sazişi bağlamış, Sazişin 2-ci bəndinə görə iddiaçı övladları olan X1 və X2 23 yaşları tamam olanadək hər ay aylıq gəlirlərinin 50 faizi miqdarında aliment ödəmək öhdəliyini öz üzərinə götürmüşdür.
41. Hazırda iddiaçı həmin bəndin etibarsız hesab edilməsini xahiş etmiş, tələbinin də əsası kimi ailə və maddi vəziyyətinin dəyişməsinə – ## ###### 2025-ci il tarixdə yeni nikaha daxil olmasına, yeni ailə başçısı kimi xərclərinin artmasına (o cümlədən, yaşadığı kirayə mənzilin kirayə haqqını ödəməsi) istinad etmişdir.
42. Məhkəmələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2015-ci il tarixli qərarına istinadən hesab etmişlər ki, “Barışıq sazişi”ndə uşaqların anası olan cavabdeh uşaqları barəsində 18 yaşından sonra 23 yaşınadək olan dövr üçün alimentin tutulmasına dair iddiaçı ilə saziş bağlamaqla faktiki olaraq yetkinlik yaşına çatdıqdan sonra uşaqların əvəzindən belə bir tələblə çıxış etmişdir, halbuki yetkinlik yaşına çatdıqdan sonra alimentlə bağlı tələbi yalnız həmin şəxslər özləri irəli sürə bilər. Buna görə də barışıq sazişi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığı üçün barışıq sazişinin alimentin ödənilməsi barədə hissəsi bağlandığı vaxtdan etibarsız hesab edilməlidir.
43. Məhkəmə kollegiyası qeyd edilən əsasla barışıq sazişinin alimentə dair hissəsinin etibarsızlığı ilə bağlı gəlinən bu nəticəni qanunvericilik normalarına uyğun hesab etmir.
44. Ailə Məcəlləsinin 80.1-ci maddəsi valideynlərin əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borclu olmasını müəyyən edir və Konstutusiya Məhkəməsinin istinad edilən qərarı da yetkinlik yaşına çatdıqdan sonra alimentlə bağlı tələbləri yalnız həmin şəxslərin irəli sürə bilməsini müəyyən edir.
45. Ailə Məcəlləsinin 80.1-ci maddəsi və bu maddənin şərhi ilə bağlı Konstutusiya Məhkəməsinin şərhi hazırki işin hallarına şamil edilən bilməz.
46. Belə ki, həmin norma müəyyən kateqoriya şəxslərin valideynlərindən məhkəmə qaydasında aliment tutulmasını tələb etmək hüququnu ehtiva edir. Bu kateqoriyaya aid olan şəxslər əmək qabiliyyətsiz olsalar da, mülki hüquq qabiliyyətli hesab edilirlər, bu səbəbdən onların özlərinin məhkəmədə müvafiq iddianı qaldırmalı olmaları Konstitusiya Məhkəməsinin şərhində öz əksini tapıb.
47. Hazırki işdə isə aliment öhdəliyini iddiaçı sazişlə öz üzərinə götürüb. Həmin saziş bağlanarkən xeyrinə aliment tutulmalı olan uşaqlar yetkinlik yaşına çatmamışdı. Onlardan biri – Murad adlı uşaq artıq yetkinlik yaşına çatıb.
48. Nəzərə alınmalıdır ki, yetkinlik yaşıma çatmayan uşaqların mənafeyini onların qanuni nümayəndələri olan valideynləri həyata keçirirlər. Buna görə də uşaqların yetkinlik yaşına çatmadığı dövrdə onların yetkinlik yaşına çatandan sonrakı dövrü də əhatə edən müqavilə bağlamaqda uşaqlarla birlikdə yaşayan cavabdeh (ana) səlahiyyətli olmuşdur. Saziş bağlanarkən uşaqlar ananın himayəsində olmuşlar.
49. Bu baxımdan, məhkəmələr Ailə Məcəlləsinin 80 və 81-ci maddələrini, həmin maddələrin şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini hazırki işin hallarına düzgün tətbiq etməmişlər.
50. Üstəlik, nəzərə alınmalıdır ki, sazişin alimentə dair hissəsi uşaqların xeyrinə olan öhdəlikdir.
51. Mülki Məcllənin 387.3-cü maddəsinə görə öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
52. Mülki Məcəllənin 403.1 və 403.2-ci maddələrinə görə isə üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər.
53. Göründüyü kimi, qanunvericilik öhdəlik tərəflərinin üzərinə yalnız üçüncü şəxsə vəzifələr yaratmaq imkanını tanımır. Lakin onlar öz razılaşmasında üçüncü şəxslər üçün hüquqlar yaradan, üçüncü şəxslərin xeyrinə müqavilə bağlaya bilərlər. Belə müqavilələrin icrasını kreditorla yanaşı, hətta üçüncü şəxs özü də tələb edə bilər.
54. Hazırkı işdə də sazişin alimentə dair hissəsi üçüncü şəxslərin xeyrinə bağlanmış müqavilədir, bu bənd üçüncü şəxslər üçün hər hansı öhədilk yox, hüquqlar yaradır.
55. Qeyd edilənlərdən göründüyü kimi, barışıq sazişində uşaqların yetkinlik yaşına çatandan sonrakı dövr üçün də aliment ödənilməsi öhdəliyinin müəyyən edilməsi qanunvericliyin tələbinə görə mümkündür. Buna görə də sazişin həmin bəndi (şərti) qanunazidd sayıla bilməz.
56. Belə olan halda, məhkəmələrin üçüncü şəxslərin xeyrinə müqavilə bağlanmasının mümkünlüyünü nəzərdə tutan mülki qanunvericiliyin normalarının nəzərə almadan, Ailə Məcəlləsinin hazırki işə tətbiq edilməli olmayan normalarına əsasən sazişin alimentə dair hissəsinin qanunun tələblərinə cavab verməməsi barədə gəldiyi nəticə əsassız olmuşdur.
57. Mülki Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
58. İşə baxan məhkəmlər tərəfindən istinad edilən hallar qanunla müəyyənləşdirlən şərtlərin pozulması nəticəsinə gəlmək üçün əsas deyil, eyni zamanda məhkəmlər əqdin qanuni şərtlərini pozan başqa halları da müəyyən etməyiblər.
59. Ailə Məcəlləsinin 95.4-cü maddəsinə görə tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir.
60. İstinad edilən normaya uyğun olaraq analoji işlərdə müvafiq şərtlərin mövcudluğu halında müqavilə tərəfinin sazişlə müəyyən edilmiş vəziyyəti dəyişmək və ya ona son qoymaq üçün hüquqi mexanizm vardır.
61. Bundan əlavə, məhkəmələr sazişin alimentə dair hissəsini etibarsız saysalar da, xeyrinə saziş bağlanmış və işə baxılarkən artıq yetkinlik yaşına çatmış şəxsi işə cəlb etməmiş, həmin şəxsin hüquqlarına toxunan qətnamə qəbul etməklə, həm də Mülki Prosessual Məcəllənin 418.4.6-cı maddəsinin tələblərini pozmuşlar. Çünki qeyd edildiyi kimi, xeyrinə saziş bağlanmış şəxs onun icrasını tələb etmək hüququna malik olduğu üçün belə bir sazişin etibarsız sayılması onun hüquq və mənafeyinə birbaşa toxunur. Buna baxmayaraq, həmin şəxs işə cəlb edilməli olduğu halda, cəlb edilməmişdir.
62. Bu baxımdan, yuxarıda şərh edilən hallar hüquqi məsələ olduğu üçün məhkəmə kollegiyası işi apellyasiya baxışına göndərmədən apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməklə iddianın təmin edilməməli olması qənaətinə gəlir.
63. Beləliklə, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia təmin edilməməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 418 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.