Məhkəmə qərarları › İş №2(1-8)-782/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-782/2026

13.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-782/2026 13.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (hazırda– Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Hüquqi Şəxs) qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: tələbin qanuni əsası, ədalətli məhkəmə araşdırması hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MN seriyalı ******* saylı, ##.##.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,0594 ha torpaq sahəsi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur.

3. üçüncü şəxs1 «xxxx» Açıq Səhmdar Cəmiyyətinə dair üçüncü şəxs1 ##.##.2004-cü il tarixli, *** saylı və ##.##.2005-ci il tarixli, *** saylı sərəncamları ilə ayrılmış ərazinin dəqiqləşdirilməsi haqqında” ** saylı ##.##.2015-ci il tarixli sərəncamından görünür ki, həmin sərəncamla: - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli, 17/4457 12 dərkənarını və “xxxx” ASC-nin ##.##.2014-cü il tarixli, QH-**-*/*-***** saylı məktubunu nəzərə alaraq, üçüncü şəxs1 Başçısının ##.##.2004-cü il tarixli *** saylı və ##.##.2005-ci il tarixli, *** saylı sərəncamları ilə Səbail rayonu, Badamdar qəsəbəsinin cənub-qərb hissəsində su anbarlarının tikintisi üçün ayrılmış torpaq sahəsinin ölçüləri dəqiqləşdirilərək, 4,2287 ha müəyyən edilməsi; - 1.1. «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ayrılmış ərazisində yerləşən vətəndaşların (siyahı əlavə olunur) torpaq sahələrinin kompensasiya məqsədilə həmin Cəmiyyət tərəfindən geri qaytarılmış ərazidə (eyni ölçüdə) yerləşdirilməsini təmin etməsi və bununla bağlı xərclərin həmin Cəmiyyətin vəsaiti hesabına həyata keçirilməsi; - 1.2. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən həmin vətəndaşların torpaq sahəsi üzərində istifadə hüquqlarına dair verilmiş sənədlərdə müvafiq dəyişikliklər edilməsinin xahiş olunması qərara alınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri 219000 manat, həmin torpaq sahəsinin üzərində hörülmüş hasarın inşasına xərclənmiş 18000 manat və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43800 manat, cəmi 280800 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.0594 ha torpaq sahəsi “xxxx” Açıq Səhmdar Cəmiyyətinə dövlət ehtiyacları üçün su anbarının tikintisi üçün istifadəsinə verilmiş torpaq sahəsinə düşmüş, sonuncu tərəfindən ona məxsus torpaq sahəsində su anbarı inşa edilməsinə baxmayaraq ona qanunla nəzərdə tutulmuş qaydada kompensasiya verilməmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək rədd edilməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, «xxxx» ASC kompensasiya ödəmək imkanlarına və səlahiyyətinə malik deyil. Bakı Şəhər Icra Hakmiyyəti tərəfindən bu məsələlər həll edilməli və hər hansı şəxsin iddiasından azad torpaq sahəsi cavabdehə ayrılmalı idi. Bundan əlavə cavabdehə torpaq sahəsi 2004 və 2005-ci illərdə ayrılmış, iddiaçının isə torpaq sahəsi üzərində mülkiyyət hüquqları 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim: Təhminə Xəlilova).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus torpaq sahəsinin “xxxx” ASC-yə dövlət ehtiyacları üçün ayrılımış torpaq sahəsinə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin kompensasiyası olaraq eyni ərazidə yerləşən eyni ölçüdə torpağın verilməsi, köçürülmə xərclərinin “xxxx” ASC tərəfindən ödənilməsi, habelə yeni ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xərclərin də cavabdeh tərəfindən ödənilməsi barədə üçüncü şəxs1 ** saylı ##.##.2015-ci il tarixli sərəncamı vardır. Həmin sərəncamın icrasının mümkün olmaması barədə sübutlar məhkəməyə təqdim edilməmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

11. Cavabdehin nümayəndəsi apellyasiya baxışı iclasında şikayətin dəlillərinə etiraz edərək rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin məzmununa uyğun izahat vermişdir.

12. “X1” LTD (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətinin iş üzrə ##.##.2025-ci il tarixli, MB**/**** saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanda yerləşən 0,0594 ha torpaq sahəsinin 2004-2005-ci illərdə (iddiaçıya ayrıldığı zaman) bazar dəyəri 21.000 manat, 2007-ci il tarixə (iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı zaman) isə bazar dəyəri 74.600 manat təşkil edir.

13. “X1” LTD (“xxxx”) MMC-nin iş üzrə verdiyi ##.##.2025-ci il tarixli, MB**/**** saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin sahəsinin hazırkı (rəy verilən tarixə olan) bazar dəyəri 207.000 manat təşkil edir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qətnaməsi qismən, yəni iddiaçı İddiaçı məxsus torpaq sahəsinə görə 219.000 manat məbləğində kompensasiyanın tutulması tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi qismən təmin edilərək iddiaçıya məxsus torpaq sahəsinə görə kompensasiya qismində 207.000 (iki yüz yeddi min) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin iddiaçıya aid edilməsi, 1.000 (min) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin iddiaçıya aid edilməsi, qalan 200 (iki yüz) manat hissəsinin isə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun cavabdehdən tutulması, 100 (yüz) manatın isə iddiaçıdan tutularaq “X1” LTD (“xxxx”) Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər: Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Azad Imanov).

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tədqiq olunmuş sübutlarla iddiaçıya məxsus torpaq sahəsinin ASC-yə dövlət ehtiyacları üçün ayrılımış torpaq sahəsinə düşməsi, iddiaçıya məxsus torpaq sahəsinin kompensasiyası olaraq eyni ərazidə yerləşən eyni ölçüdə torpağın verilməsi, köçürülmə xərclərinin ASC tərəfindən ödənilməsi, habelə yeni ayrılmış torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xərclərin də ASC tərəfindən ödənilməsi barədə Bakı ŞIH-nin ** saylı ##.##.2015-ci il tarixli sərəncamı vardır.

16. Məhkəmə kollegiyası hesab etmişdir ki, Rayon Məhkəməsinin bu nəticəsi düzgün deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bakı ŞIH tərəfindən qəbul edilmiş sərəncamın icrasının mümkün olmamasını sübut etmək iddiaçının vəzifəsi deyil. Alınan torpaq sahəsinin əvəzinə sərəncamda göstərilən öhdəliklərin icra edilməməsini nəzərə alan iddiaçı cavabdehdən kompensasiya tələb etməkdə haqlıdır.

17. Iddiaçıdan alınan torpaq sahəsinin bazar dəyərinin 207.000 manat olmasını nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar 207.000 manat kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddia tələbləri sübuta yetmədiyi üçün əsassız hesab edilməlidir.

18. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 157.9, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1, 1.1.1, 1.1.6, 3.1.1, 7.1, 7.2, 54.1, 83, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil: vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi və kassasiya şikayətinin verilməsi üçün ödənilmiş 285.40 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs1 başçısının “xxxx” ASCyə müəyyən torpaq sahəsinin ayrılmasına dair sərəncam verməsi öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarının pozulması demək deyildir. Əvvəlcə gərək bu sərəncamın iddiaçının hüquqlarına toxunduğu sübut olunsun, yəni sərəncam iddiaçının hüquqlarının ləğvinə, aradan qalxmasına yönəlmiş olsun. Halbuki, sərəncamda buna dair bir cümlə belə yoxdur.

21. Icra hakimiyyətinin torpaq sahəsinin ayrılmasına dair sərəncamı iddiaçının hüquqlarını pozmuş olsaydı belə, buna görə məsuliyyət “xxxx” ASC-nin üzərinə qoyula bilməz, çünki hər kəs yalnız öz hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyət daşıya bilər. Məhkəmə ümumiyyətlə aydınlıq gətirməmişdir ki, Cəmiyyətin hansı hərəkəti (hərəkətsizliyi) iddiaçının hüquqlarını pozmuşdur.

22. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində hüquqlarının pozulmasını qeyd etsə də, ilk növbədə bu pozuntunun aradan qaldırılması imkanını müəyyən etməli idi. Çünki iddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacı üçün alınmasından söhbət belə gedə bilməz. Buna görə də məhkəmə torpaq sahəsinə görə yalnız o halda kompensasiya müəyyən edə bilərdi ki, torpaq sahəsi ilə bağlı hüquqların pozulmasının aradan qaldırılması imkanı, yəni torpaq sahəsinin iddiaçıya qaytarılması və ya əvəzləşdirilməsi imkanı mövcud olmasın.

23. Qanunvericilikdə torpağın əvəzi kimi kompensasiya kimi yalnız pulun verilməsi nəzərdə tutulmamışdır. Torpağın əvəzi kimi kompensasiyanın məqsədi ilə əmlak verilə bilər, torpaq sahəsi əvəzləşdirilə bilər və s. vasitələrdən istifadə oluna bilər. Torpağın əvəzləşdirilməsi ilə bağlı üçüncü şəxs1 başçısının ##.##.2015-ci il tarixli ** saylı sərəncamına (yeni cizgi) məhkəmə ümumiyyətlə heç bir hüquqi münasibət bildirməmişdir.

24. “X2 LTD” tərəfindən müəyyən edilmiş 207.000 (iki yüz yeddi min) manat məbləğ, nə torpağın likvid dəyərinə, nə də real bazar qiymətlərinə uyğun deyildir və həddən artıq şişirdilmiş rəqəmdir.

25. Bu baxımdan iddiaçının mülkiyyət hüququna müdaxilə olunmamış və torpaq sahəsi üzərində qanunla müəyyən olunan hüquqlarına xələl gətirilməmiş, ona qarşı mülkiyyət hüquq pozuntusu törədilməmişdir. Bu baxımdan iddiaçı qanuni əsaslar ilə mülkiyyətində qalmış torpaq sahəsinin əvəzinə görə “xxxx” ASC-dən kompensasiya tələb etməkdə haqlı deyildir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 60, hissə 1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Insan Hüquqlarının və X3 X4:

28. Maddə 6, hissə. 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

44. Məlum olduğu kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr mübahisənin düzgün həlli üçün iddiaçının pozulmuş hüququnun nədən ibarət olmasını, irəli sürülən tələbin mahiyyətini və məqsədini aydınlaşdırmalıdır. Məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

45. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələbini yuxarıda göstərilən qaydada araşdırmamış, istinad etdiyi qanunvericilik normaları ilə hazırkı işin faktiki halları arasındakı uyğunluğu əsaslandırmamışdır.

46. Belə ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsinin bazar dəyəri kimi 219000 manatın, həmin sahədə hörülmüş hasarın inşasına xərclənmiş 18000 manatın və həmin sahənin satınalma qiymətinə 20 faiz əlavə haqq kimi 43800 manatın, cəmi 280800 manat pulun cavabdehdən öz xeyrinə tutulmasını tələb etmişdir. Başqa sözlə, iddiaçı cavabdeh təşkilatın onun qarşısında göstərilən vəsaiti ödəmək öhdəliyi daşıdığını iddia edir.

47. Cavabdeh isə tələbin təmin olunmasına etiraz edərək iddiaçı qarşısında öhdəliyinin olmadığını bildirir.

48. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (§ 32-33).

49. Apellyasiya məhkəməsi iş üzrə tərəflər arasında müqavilə bağlanmasını, yəni müqavilədən irəli gələn öhdəliyin olmasını müəyyən etməmişdir. Həmin məhkəmə iddianı təmin edərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) əsaslanmış və qeyd etmişdir ki, dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi ilə əlaqədar 207.000 manat kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

50. Məlum olduğu kimi, alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınmasıdır (Qanun, maddə 1.1.1).

51. Qanun Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydalarını, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyir.

52. Lakin baxılan işdə iddiaçıya məxsus olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına dair qeyd olunan Qanuna müvafiq qaydada hüquqi prosedur aparılması və bu çərçivədə iddiaçıya 207.000 manat kompensasiya ödənilməli olduğu əsaslandırılmamışdır. Belə olan halda apellyasiya məhkəməsinin həmin qanunvericiliyə istinadən iddianı təmin etməsi qanuni və əsaslı sayıla bilməz.

53. Cavabdehin digər hüquqi əsaslarla iddiaçı qarşısında icra edilməmiş öhdəliyinin olub-olmaması isə apellyasiya məhkəməsinin qətnaməsindən ümumiyyətlə aydın olmur.

54. Işdən görünür ki, sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ ##.##.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və hazırda mülkiyyətindədir.

55. Işdəki ekspertiza rəyində torpaq sahəsinin üçüncü şəxs1 ** saylı, ##.##.2015-ci il tarixli Sərəncamı əsasında tərtib edilmiş yeni ayrıc aktı ilə cavabdeh “xxxx” ASC-nin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir.

56. Cavabdeh isə bildirir ki, üçüncü şəxs1 başçısının “xxxx” ASC-yə müəyyən torpaq sahəsinin ayrılmasına dair sərəncam verməsi öz-özlüyündə iddiaçının mülkiyyət hüquqlarının pozulması demək deyil. Əvvəlcə gərək bu sərəncamın iddiaçının hüquqlarına toxunduğu sübut olunsun, yəni sərəncam iddiaçının hüquqlarının ləğvinə, aradan qalxmasına yönəlmiş olsun. Həmin torpaq sahəsi su anbarının və onun mühafizə zonasının ərazisində yerləşmir.

57. Belə olan halda, üçüncü şəxs1 müvafiq sərəncamının mübahisəli hüquq münasibəti ilə bağlı iddiaçıya münasibətdə meydana gətirdiyi hüquqi vəziyyət, sərəncamın icrası edilibedilməməsi, iddiaçının torpaq sahəsinin su anbarının və onun mühafizə zonasının ərazisində yerləşib-yerləşmədiyi, həmin sahəyə hazırda kimin sahiblik etdiyi, iddiaçının öz torpağı üzərində faktiki hakimiyyət qurması və ondan sərbəst istifadə etməsinə manelərin mövcud olub-olmaması, əgər varsa, buna görə cavabdeh təşkilatın öhdəliyinin nədən ibarət olması və hansı qanuni əsasdan irəli gəlməsi, habelə əhəmiyyət kəsb edən digər hallar araşdırılmaqla mübahisənin qanunvericiliyə uyğun şəkildə həllinə dair əsaslandırılmış qərar qəbul edilməlidir.

58. Işə mahiyyəti üzrə baxan məhkəmə göstərilən xüsusatların araşdırılmasını təmin etməmiş, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və aidiyyəti qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 34-39).

59. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

60. Məhkəmə kollegiyası vurğulayır ki, mübahisəyə yuxarıda göstərilən şəkildə hüquqi qiymət vermədən, aidiyyəti maddi hüquq normalarını yoxlamadan, sadəcə bəzi mübahisəli faktiki halları və qanunvericilik normalarını sadalayaraq iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.

61. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, Insan Hüquqlarının və X3 X4 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 27-28).

62. Qeyd olunanlara əsasən kassasiya kollegiyası bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

63. Təkrar apellyasiya baxışında tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar