Məhkəmə qərarları › İş №2(1-8)-884/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-884/2026

26.05.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-884/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağışlamaqdan imtina,sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Iddiaçı cavabdehin babasıdır;

3. 2021-ci ildə iddiaçı mülkiyyətində olan iki evi (bundan sonra – mübahisəli evlər) cavabdehə bağışlamışdır;

4. Iş materiallarına əlavə edilmiş 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdehin bibisinin cavabdehin anası və özü ilə iddiaçıya məxsus evin cavabdehə bağışlanma ilə adına keçirilməsindən imtina edildiyi səbəbindən aralarında yaranmış münaqişə zamanı döyülməsi faktı öz təsdiqini tapmadığından, o cümlədən cavabdehin bibisi ərizə ilə müraciət edərək heç bir şikayət və tələbinin olmadığını bildirdiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı məhkəməyə müraciət edərək, mübahisəli evlərin cavabdehə bağışlanmasına dair müqavilənin ləğv edilməsini xahiş etmişdir.

6. Iddia belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçının mərhum oğlunun övladıdır. Oğlu 2004-cü ildə vəfat etmişdir. Nəvəsi oğlunun yadigarı olduğundan onu özü böyütmüş, mübahisəli mənzili ona bağışlamaq qərarına gəlmişdir. Düşünmüşdür ki, özü və arvadı qocalmışdır, nəvəsi onlara qayğı göstərəcək. Lakin, evini nəvəsinə bağışladıqdan sonra onun və anasının onlara münasibəti tamamilə dəyişmiş, nəvəsi daim onu və arvadı Faziləni daim təhqir etmiş, hətta o, evdə olmayanda arvadını evdən qovacağı ilə hədələmişdir. O, bu hərəkətlərdən əsəbləşərək infarkt keçirmişdir. Iddiaçı və arvadı onların kobud hərəkətlərinə dözə bilmirlər. Iddiaçı hətta bağışlamanın ləğvi barədə cavabdehə təklif göndərdikdə də onun üstünə gələrək nalayiq söyüşlərlə söyüb təhqir etdiyinə görə DIN-in 102 xidmətinə müraciət etmişlər. Bununla bağlı polis şöbəsində araşdırma aparılsa da, sonradan cinayət işinin başlanması rədd edilmişdir. Hesab edir ki, cavabdeh onun etibarından sui-istifadə etmişdir.

7. Cavabdeh etiraz ünvanlayaraq məzmununda bildirmişdir ki, daim babası ilə mehriban münasibətləri olmuşdur. 2023-cü ildən sonra – bibisi Səadət Bakıdan rayona gələndən sonra babasını ona və anasına qarşı öyrədərək hazırkı iddianı qaldırmışdır. Halbuki o heç vaxt baba və nənəsini təhqir etməmiş, babasının etibarından sui-istifadə etməmişdir. Iddia tələbini qəbul etmir.

8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim H.Məhəmmədi).

9. Məhkəmə mövqeyini Mülki Məcəllənin 673, Mülki Prosessual Məcəllənin isə 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək belə əsaslandırmışdır ki, iddiaçı və ya onun yaxın qohumu barəsində cavabdehin ailə hüququ münasibətlərinə uyğun olaraq üzərində qoyulmuş vəzifələri kobudcasına pozulması halına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətinin dəlili belə olmuşdur ki, iddiaçı cavabdehə bağışlamadan imtina etməsi barədə bildiriş göndərdiksən sonra onlar asında münaqişə olmuş və bunun videogörüntüsü məhkəməyə təqdim olunmuşdur. Lakin işə baxan məhkəmə bu fakta sübut kimi düzgün qiymət verməmişdir.

12. Iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat vermişdir

13. Cavabdeh izahatında bildirmişdir ki, bütün münaqişələr bibisi ərindən boşanıb onların yanına köçəndən sonra baş verib. Bibisi iddiaçıya demişdir ki, nə ölümə gəl, nə də ölünə gələcəm. Babam bundan sonra özünü pis hiss etdi və onu xəstəxanaya apardıq. Babasınən bacısının dəfnində bilmişdir ki, babası onu məhkəməyə verib. Babasından səbəbini soruşduqda, o demişdir ki, mənimlə işin olmasın. Babasıya söhbət edərkən bibisi onları videoya çəkdiyi üçün bibisi ilə dalaşmışdır, babası ilə yox.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər: R. Mamedov - sədrlik edən və məruzəçi, M.Mustafayev və A.Isgəndərova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Məhkəmə kollegiyası aşağı məhkəmənin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, bağışlamaqdan imtinaya əsas olan halları sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Hazırda isə iddiaçı tərəfin təqdim etdiyi dəlillərlə bağışlama müqaviləsindən imtina üçün əsaslar aşkarlanmamışdır.

16. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi audio-video yazı tədqiq edilərək aydın olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında hər hansı münaqişə mövcud olmamış, cavabdeh tərəfindən iddiaçıya qarşı ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin pozulmasına, o cümlədən hörmətsiz davranışa yol verilməmişdir. Əksinə, iddiaçı özü video yazıda cavabdeh tərəfindən ona qarşı hər hansı hörmətsizliyin edilmədiyini açıq şəkildə ifadə etmiş, həmçinin mübahisə predmeti olan daşınmaz əmlakların cavabdehə məxsus olduğunu bildirmişdir..

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

17. Iddiaçı (vəkil: vəkil1) kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi yalnız videogörüntüyə istinad edərək tərəflər arasında münaqişənin olmadığını qəbul etmiş, lakin həmin görüntülərdə cavabdehin qeyri-etik, təhqiramiz və ailə münasibətlərindən irəli gələn vəzifələrə zidd davranışlarına hüquqi qiymət verməmişdir. Videolar cavabdehin iddiaçıya qarşı hörmət və qayğı öhdəliklərini yerinə yetirmədiyini açıq göstərir ki, bu da Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulan kobud pozuntu hesab edilməlidir. Bununla yanaşı, məhkəmə sübutları birtərəfli qiymətləndirərək iddiaçının yaşı, səhhətinin ağırlaşması, baxımsız vəziyyətə düşməsi və xəstəxanaya yerləşdirilməsi kimi mühüm halları nəzərə almamışdır. Cavabdehin təhqiramiz davranışlarının iddiaçının fiziki və psixoloji vəziyyətinə mənfi təsiri araşdırılmamış, həmçinin videogörüntülərdə iddiaçının qızına qarşı işlədilən nalayiq ifadələrə də hüquqi qiymət verilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

21. Maddə 673.1.2. Hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi işin hallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, cavabdehin iddiaçı və ya onun yaxın qohumu barəsində ailə hüququ münasibətlərinə uyğun olaraq üzərində qoyulmuş vəzifələri kobudcasına pozulması halına dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda, Mülki Məcəllənin 673.1.2-ci maddəsindəki əsas iddiaçı tərəfindən sübuta yetirilmədiyi üçün iddianın təmin edilməməsi qanuni və əsaslı olmuşdur.

31. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

32. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

34. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar