Məhkəmə qərarları › İş №2(1-8)-928/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-928/2026

11.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-928/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı İmran oğlunun cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): pul tələbi; sübutetmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), X2 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı İddiaçı İmran oğlunun cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Vaz 21074” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (bundan sonra – mübahisəli avtomobil) ##.##.2022-ci ildən X3 mülkiyyətindədir, tərəflər həmin nəqliyyat vasitəsindən etibarnamə əsasında istifadə etmişlər. Mübahisəli avtomobil ##.##.2024 tarixində mülkiyyətçi tərəfindən etibarnamə ilə Cavabdeh (bundan sonra – cavabdeh), ##.##.2024 tarixdə isə cavabdeh tərəfindən etibarnamə əsasında İddiaçı İmran oğluna (bundan sonra – iddiaçı) satılmış, avtomobil iddiaçının istfadəsində olduğu müddətdə qəza baş vermiş, ##.##.2025-ci il tarixdə isə etibarnamə əsasında iddiaçı tərəfindən X1. Sonuncu avtomobili öz adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmək istədikdə avtomobilə texniki baxış keçirilən zaman avtomobilin arxa ban nömrəsinin qaynaq olunması aşkar edilmişdir. Avtomobili sənədləşdirə bilmədiyi üçün onu iddiaçıya qaytarmış, ##.##.2025ci il tarixdə sonuncuya verilmiş etibarnaməyə xitam verilmişdir.

2. Hazırda avtomobil iddiaçının istifadəsindədir.

3. DİN Baş İstintaq və Təhqiqat İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, mübahisəli avtomobilin arxa ban nömrəsinə müdaxilə edilməklə avtomobilin arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılmışdır. Avtomobilin arxa ban nömrəsi ətrafında qaynaq işləri aparılması zərurəti əvvəlcədən BDYPİ-nə bildirilməmiş və bu fakt sənədləşdirilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehdən 6180 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 82 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbini işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli avtomobili ona 5800 manata satmışdır. Həmin pulu hissə-hissə (4000 manat və 1800 manat) olmaqla cavabdehin "LEO bank" kart hesabına keçirmişdir, avtomobili aldıqdan sonra nömrəsinin dəyişilməsinə 50 manat, qabaq faranın dəyişilməsinə 150 manat, resorun dəyişilməsinə 30 manat, əyləc bəndinin dəyişilməsinə 80 manat, mühərrik yağı filtrinin dəyişilməsinə 50 manat (ümumilikdə 360 manat) xərcləri çıxmışdır. Cavabdeh onu aldatmış və avtomobildə edilmiş bu qanunsuz dəyişikliklər barədə ona əvvəlcədən məlumat verməmişdir. O, cavabdeh bu barədə məlumat verərək pulunu geri qaytarmasını tələb etsə də, qəti şəkildə buna etiraz etmişdir. Onun bu qanunsuz hərəkəti barədə Xətai rayon 30-cu Polis Bölməsinə şikayət etsə də, şikayətin mülki xarakterli olması və bu səbəbdən də məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir.

6. Məhkəmə iclasında iddiaçı ilkin izahat verərək bildirmişdir ki, maşını 5800 manata alıb, qəzalı çıxdığı üçün cavabdehə deyib ki, maşını qaytarır. Maşını cavabdehdən etibarnamə ilə alıb, indi ondadır, lakin sürülmür. Maşını öz adına keçirdə bilmir, maşında qaynaq işləri olduğundan bunu edə bilmir. Cavabdeh ona deməmişdir ki maşında qaynaq işləri var. Sonradan maşını başqasına satmış, satdığı şəxs də bu vəziyyətə görə maşını ona geri qaytarmışdır. Maşını alandan sonra vurmuşdur. Cavabdeh maşını ona sənədləri qaydasında olmadan satmışdır. Maşını alanda gedib yoxlatdırmış, lakin polisə gedib göstərməmişdir. Maşını 1 ay sürmüş, 300 manat xərc çəkmişdir.

7. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ona təcili pul lazım olduğundan maşını 5800 manata satmışdır. Maşını satandan sonra iddiaçı maşını vurmuş, hətta ondan təmir etməyə kömək istəmişdir. O, maşını satanda iddiaçının dostuna məlumat vermişdir ki, maşında bəzi detallar dəyişib. Avtomobil elə vuruğu olduğuna görə 5800 manata satılıb, bu gün həmin maşının dəyəri 9-10 min manatdır. O, maşını 1 ay 1 gün sürüb, sonra iddiaçıya satmışdır. Avtomobilin satışı barədə danışıqlar zamanı o, kifayət qədər şəffaf davranmış və iddiaçıya avtomobil barədə onda olan bütün məlumatları, o cümlədən dəyişən hissələr və təmirlə bağlı məlumatları izah etmiş, hətta ondan maşını ətraflı yoxlatdırmasını xahiş etmişdir, bununla belə iddiaçının atası Mirzəyev İmran 2 ay sonra ona davamlı zəng edərək pulu geri qaytarmağını və avtomobili geri götürməyini tələb etmişdir. Hətta yenə zəng edib maşının qəzalı vəziyyətdə olmasını və 2000 AZN gətirməyini istəmişlər. O, avtomobili Ş.Rəhimovdan almış və qısa müddət sonra iddiaçıya satmışdır, avtomobilin BAN nömrəsinə müdaxilə olunduğuna dair onun xəbəri olmamışdır və həmin şəraitdə bunu bilməyi və ya xüsusi yoxlanış olmadan bunu aşkar etməyi mümkün deyil. Əlavə olaraq BAN nömrəsinə müdaxilə barədə eşidən kimi avtomobilin əvvəlki sahibi Ş.Rəhimova zəng etmişdir, Ş.Rəhimov əvvəlcə məsələdən xəbərsiz olduğunu demiş, lakin daha sonra məsələni araşdırdığını və avtomobilin onun mülkiyyətinə keçməzdən öncə Maştağa qəsəbəsində qəzaya düşdüyünü bildirmişdir. O, iddiaçıya Ş.Rəhimovla əlaqə saxlamağını və məsələni onunla müzakirə etməyi təklif etmişdir, lakin iddiaçının atası İmran Mirzəyev yenə də ondan pul istəməyə davam etmişdir.

8. Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)- ****/**** nömrəli iş üzrə # #### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Şəhriyar Əliyev).

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dair iddiaçıya verilmiş etibarnamə və səlahiyyətlər hazırda ləğv edilməməklə iddiaçının öz ixtiyarındadır, cavabdehin həmin avtomobilə görə məsuliyyətinə əsas verən hallar müəyyən deyil, həmçinin iddiaçı özü tərəfindən məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığı, bundan sonra onu qəbul etdiyini, avtomobilin onda olarkən qəza baş verməsini etiraf edir ki, bu hallar da iddia tələbinin təmin edilməsini mümkünsüz edir. Həmçinin, avtomobilin iddiaçının istifadəsində qalması ilə bərabər, ona görə ödənilmiş pulun geri tələb edilməsi əsassız varlanmaya gətirib çıxaran haldır. Belə olan halda iddia tələbi təmin edilə bilməz.

10. Məhkəmə mövqeyini Mülki Məcəllənin 386.1, 387.3, 1091, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat:

11. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Belə ki, hakim cavabdehin iddiaçıdan 5800 manat pul alması faktını qətnamədə qeyd etsə də, iş üçün əhəmiyyəti olan bu halı sübut kimi qəbul etməmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2025-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova).

14. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia tələbini rədd etmə əsası cavabdehin iddiaçıdan 5800 manat pul almasının sübut edilməsi ilə əlaqəli deyil, cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən halların müəyyən olunmaması ilə bağlıdır, iddiaçı özü tərəfindən məhkəmə iclasında verdiyi izahatında nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığını, bundan sonra onu qəbul etdiyini, avtomobilin onda olarkən qəza baş verdiyi kimi halları etiraf etmişdir.

15. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 386.1, 387.3, 1091-ci, MPM-in 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı (vəkil İsmayılova Günay Abid qızı) kassasiya şikayətində qətnamənin qətnaməsi ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətininin dəlillərinə görə, iddiaçının mülkiyyət hüququ pozulub. Çünki o, aldığı avtomobili ban nömrəsində olan problemə görə özəlləşdirə və istifadə edə bilmir. Bu hal məhkəmədə cavabdehin verdiyi izahatda da öz təsqdini tapıb.

18. Məhkəmə Mülki Məcəllənin 442-ci maddəsini tətbiq etməli olduğu halda etməyib. Cavabdeh özü də təsdiq edib ki, ban nömrəsinə müdaxilə edilib. Cavabdeh bundan məlumatsız olduğunu desə də, bu hal cavabdeh tərəfindən sübuta yetirilməyib. Cavabdehin 1 ay ərzində maşını alıb satması onu göstərir ki, o maşını adına rəsmiləşdirə bilməyəcəyini bildiyi üçün bu avtomobili başqa şəxsə satmışdır. Çünki inandırıcı deyil ki, bir ay ərzində maşın alınsın, daha sonra borc üçün satılsın. Bu hallar işin obyektiv həlli üçün məhkəmə zamanı araşdırılmalı idi. Məhkəmə isə bu bu iş üzrə mülkiyyətçini üçüncü şəxs qismində dəvət edib dindirməli olduğu və işi obyektiv araşdırmalı olduğu halda bunu etməyib. Faktiki cavabdeh öz öhdəliyini pozub və iddiaçıya qüsurlu avtomobil satıb.

19. Alıcı pulu ödəyib, ancaq satıcı ona qüsurlu avtomobil verib və bu barədə iddiaçıya əvvəlcədən məlumat verməyib. Cavabdeh qeyd edilən avtomobili iddiaçıya etibarnamə əsasında satmış, lakin, iddiaçı avtomobili o z mu lkiyyətinə kec irə bilməmis dir. Belə olan iddiaçı nə edə bilər sualına məhkəmədə cavab tapılmayıb. Faktiki olaraq iddiaçı pulunu geri tələb edir və əsaslı olan iddiası təmin edilməyib. Məhkəmə Mülki Məcəllənin 567, 568.1, 573.1ci maddələrini tətbiq etməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə tərəfindən MPM 14.1-ci maddəsinin tələbləri pozulmuş, iş hərtərəfli və tam şəkildə araşdırılmamış, faktiki hallar aydınlaşdırılmamaqla işə formal baxılmışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 22.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 23.Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. 24.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 26.Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 27.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 28.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 31.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 32.Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 33.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 34.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri 35.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 36.Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi 37.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmələr cavabdehin hazırkı mübahisə üzrə məsuliyyətinə əsas verən halların müəyyən olunmamasına və iddiaçının özünün nəqliyyat vasitəsini qəbul etməmişdən əvvəl yoxladığı, bundan sonra onu qəbul etdiyi, avtomobilin onda olarkən qəza baş verdiyi kimi halları etiraf etməsinə istinad edərək iddianı rədd etmişlər. 39.Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı əldə etdiyi avtomobili adına rəsmiləşdirə bilmədiyi üçün mülkiyyət hüquqları pozulmaqdadır, apellyasiya instansiyası məhkəməsi mübahisəyə alqı-satqı münasibətlərini tənzimləyən Mülki Məcəllənin 442, 567, 568.1, 573.1-ci maddələrini tətbiq etməməkdə səhvə yol vermişdir. Cavabdehin qüsurdan məlumatsız olduğunu sübut etməməsi və 1 ay ərzində avtomobili ona satması faktı onun malın qüsurundan xəbərinin olmasını təsdiqləyir. Lakin məhkəmə mübahisəli hallara MPM-in 14.1-ci maddəsi baxımından düzgün qiymət verməmişdir. 40.Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək və məhkəmələrin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, Mülki Məcəllənin 650-ci maddəsinin tələblərinə görə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə isə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. 41.Hazırkı mübahisə üzrə iddiaçı mübahisəli avtomobilə etibarnamə əsasında sahiblənmiş, tərəflər arasında avtomobilə dair qanunla nəzərdə tutulmuş qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Qeyd edilməlidir ki, avtomobilin alqı-satqısı barədə yazılı müqavilə bağlanmadıqda və yalnız sahiblik, istifadə və sərəncam hüquqlarını nəzərdə tutan etibarnamə olduqda, bu münasibət alqı-satqı müqaviləsi kimi qiymətləndirilmir və bu zaman alqı-satqı müqaviləsinə xas olan qüsurlu icra ilə bağlı hüquqi müdafiə tədbirləri tətbiq edilə bilməz. Belə müqavilə yoxdursa, tərəflər arasında alqı-satqı münasibətləri yaranmır.

42. Odur ki, məhkəmələr hazırkı mübahisənin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarına istinad etməkdə haqlı olmuşlar. Cavabdehin iddiaçının hesabına əsassız varlanması, başqa sözlə, qanundan irəli gələn öhdəliyinin mövcudluğu ilə bağlı sübutetmə yükü iddiaçının üzərində olmuş (§ 30), lakin bu hal öz təsdiqini tanmadığından əsaslı olaraq iddia təmin edilməmişdir. 43.Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi və faktiki əsaslara söykənmiş, kassasiya şikayətinin dəlilləri isə əsasən işin faktiki təkrar qiymətləndirilməsinə yönəlmişdir ki, bu da Mülki Prosessual Məcəllənin 407.2-ci maddəsinin tələblərinə ziddir. 44.Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 45.Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar