Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1021/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh sığorta şirkəti Üçüncü şəxslər: “xxxx” ASC və İpoteka və X2 İddia tələbi: icbari sığorta məbləğinin ödənilməsi Açar sözlər: sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Kassator İddiaçı, vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları “Cavabdeh Sığorta” ASC və İddiaçı arasında xx.xx.2018-ci il tarixdə “İpoteka götürən şəxslər şəxslər üçün həyat sığortası müqaviləsi” bağlanmış, həmin müqavilə ilə sığortalıya (iddiaçıya) İİİ dərəcəli əlilliyin müddətsiz təyin edilməsinə səbəb olan bədbəxt hadisə və xəstəliyə görə sığorta təminatı verilmiş, sığorta müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2037-ci il tarixədək, sığorta məbləği 2349,45 manat, sığorta hadisəsi üzrə faydalanan şəxs isə müvəkkil bank və “xxxx” ASC müəyyənləşdirilmişdir. İddiaçı “ÖS görmə sinirinin atrofiyası, vis OD=0,8 k/etmir, vis OS-işıq duyğusu, OS monokulyar korluq, OU-zəif dərəcəli hipermetropiya, şəkərli diabet İİ tip, veget o nevroz” diaqnozu ilə xx.xx.2018-ci il tarixdə üçüncü qrup əlillik təyin olunmuş, onun həmin hala istinadən sığorta ödənişinin verilməsi barədə “Cavabdeh Sığorta” ASC-yə etdiyi müraciətə müsbət cavab verilmədiyindən məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı “Cavabdeh Sığorta” ASC-yə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 14.2.3.3-cü maddəsinə əsasən icbari sığorta ödənişi məbləğinin 40 faizi məbləğinin, yəni 8854,60 manatın (2018-ci il tarixə olan məbləğ 21 386 manat 48 qəpik / 40 % = 8554 manat 60 qəpik), xx.xx.2018-ci il t arixdən başlayaraq ödəniş ediləcək tarixə qədər hər gecikdirilən gün üçün icbari sığorta ödənişi məbləğinin 0,1 % məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6242/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.F.Cəfərov) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi-hüquq normaları düzgün tətbiq edilməmiş, işin faktiki hallarına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4150/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bundan əvvəlki mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad edərək, həmin qətnamə ilə iddiaçıda görmə sinirinin atrofibiyası xəstəliyi xx.xx.2014-cü ildən başladığının, iddiaçının X1 adına Milli Oftalmologiya Mərkəzinə təkrarən xx.xx.2015-ci il tarixdə müraciət etməklə xx.xx.2015-ci il tarixdə stasionara qəbul olunduğunun, sığorta şəhadətnaməsi imzalanarkən isə xəstəliyi barədə məlumat vermədiyinin, beləliklə də sığortaçıya sonradan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişindən imtina üçün qanuni əsas olmasının müəyyən edildiyini göstərmişdir. Bu baxımdan apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsinin qanuni olub-olmadığının əlavə olaraq araşdırılmasına ümumiyyətlə lüzum yoxdur - çünki bu məsələyə qanuni qüvvədə olan qətnamə əsasında aydınlıq gətirilmişdir; məhkəmə aktı ilə müəyyən edilən hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, apellyatorun irəli sürdüyü arqumentlərin təkrarən araşdırılması mümkün deyildir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiya sı məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, digər şəxslər isə yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun ol mamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Mülki işə tətbiq edi lən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 935.1.8 və 935.1.10-cu maddələrinə əsasən, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi, habelə icbari sığorta qanunvericiliyində və ya sığo rta qaydalarında nəzərdə tutulmuş digər hallarda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. “Həyat Sığortası Qaydaları”nın 14.1.6-cı bəndinə əsasən də, baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığortaçının sığorta ödənişinin verilməsindən imtina üçün əsaslardan biridir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri cavabdehin apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə məzmunca eynilik təşkil edir ki, həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1021/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-1021/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver