Məhkəmə qərarları › İş №2(102)-1163/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1163/2022

13.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1163/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1766/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(009)-1740/2019 nömrəli qətnaməsi ilə X4 ilə İddiaçı arasın da 22 oktyabr 2004-cü il tarixdə bağlanılmış və 224 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 14 avqust 2005-ci il təvəllüdlü X2 və 22 mart 2009-cu il təvəllüdlü X5 anaları X1 yanında qalması müəyyən edilmiş və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 15 may 2019-cu il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, ümumilikdə iki uşaq üçün 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin hər ay alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir.

2. İddiaçı bildirir ki, ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, dalan 2, ö/t 35P ünvanında yerləşən fərdi yaşayış evini 48.000 manata satmış, bu vəsaitin yarısı olan 24.000 manatı payı kimi cavabdehə vermiş, əlavə olaraq öz payına düşən puldan 19.000 manat pulun alimen tdən çıxılması üçün cavabdehə təqdim etmişdir.

3. İddiaçı bildirir ki, buna baxmayaraq cavabdeh ondan aliment tələb etməyə davam etdiyi üçün aşağıdakı iddianı qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, 19000 (on doqquz min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddia ərizəsinə əlavə edilmiş 05 sentyabr 2020-ci il tarixli ilkin müqavilədən göründüyü kimi o, özünə məxsus olan yaşayış evini 40.000 manata digər bir şəxsə satmışdır. Əslində isə həmin vaxt 40.000 manat depozitə qoyulan pul olmuş və o, həmin evə görə 8.000 manat da əlavə pul almışdır. Beləliklə o, həmin evi 48.000 (qırx səkkiz min) manata satmışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, rəsmi müqavilədə evin satış qiyməti 40.000 manat göstərildiyindən o, istəsəydi cavabdehə həmin evdən 24.000 manat deyil, 20.000 manat pay verərdi. Bununla belə o, cavabdehə qarşı ədalətli və humanist yanaşaraq ona evdən payına görə 24.000 manat pul vermişdir. Əlavə də olaraq öz payına düşən puldan 19.000 manat pul da vermişdir ki, cavabdeh həmin məbləği uşaqların alimentindən çıxsın. Uşaqların alimentinə görə həmin puldan da əvvəl 2.715 manat cavabdehə pul vermişdir. Lakin cavabdeh hal-hazırda ondan alimenti tələb edir. Əgər nəzərə alınsa ki, 320 manat alimenti o, cavabdehə 15 may 2019-cu il tarixdən verməli idi və bu günki günədək cavabdeh ə 21.715 manat aliment vermişdir, cavabdeh ondan təxminən 68 aydan sonra, yəni 2025-ci ilin fevral ayında aliment tələb edə bilərdi. Ona görə də o, cavabdehdən 19.000 manat pulu tələb edir. Qanunvericiliyin normalarından da göründüyü kimi onun cavabdehə 19.000 manatı verməsi ilə bağlı əqd etibarsızdır və cavabdeh həmin pulu ona qaytarmalıdır.

6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

7. Ucar Rayon Məhkəməsinin (hakim H.Xəlilov) 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehə uşaqların saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş alimentə görə 19000 manat məbləğində pul verməsini, aliment lə bağlı öz aralarına razılaşma olduğunu göstərsə də, bunu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir, tərəflər arasında bu barədə öhdəliyin yaranması məhkəmə iclasında müəyyən edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) 12 oktyabr 2021-ci il tarixli, 2(107)-1766/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Ucar Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(063)-259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin də lilləri

11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında razılaşma bir il üçün olmasa da, məhkəmə ən azından iddiaçının göstərdiyi 1 il üçün razılaşmanı etibarsız hesab edərək, heç olmasa alimentin bir illik dəyərinin hesablanıb, iddiaçıya qaytarılmasını qət etməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə

386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iş tirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 1091.1 və 1091.2. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Kollegiya bildirir ki, sözügedən 19.000 manat pul vəsaitinin məhz aliment tələbindən imtina edilməsi müqabilində cavabdehə verildiyini sübut etmək yükü iddiaçıya aid olduğu halda, bu halı təsdiqləyən mötəbər sübutlar təqdim olunmadığı üçün işə mahiyyəti üzrə baxan məhkəmələr cavabdehin həmin vəsaiti qaytarmaq öhdəliyini müəyyən etməm işlər.

22. Apellyasiya məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını araşdıraraq qeyd etmişdir ki, iddiaçı 19.000 manat pulu birdəfəlik aliment öhdəliyi ilə əlaqələndirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı əlavə 19000 manatı uşaqlarının mənafeyini düşünərək, məhz valideynlik hüququnu həyata keçirmək məqsədilə vermişdir. Cavabdehin iddiaçı qarşısında iddia ərizəsində göstərilən öhdəliyi, yəni alimentdən tamamilə imtina edəcəyi barədə öhdəlik götürməsi müəyyən edilməmişdir.

23. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəl inmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

25. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

26. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1766/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar