Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-12/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna (üçüncü şəxs qismində "xxxx" Mənzil-Tikinti Kooperativi, X10 cəlb olunmaqla) qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: MPM-in tələblərinə zidd olaraq icraata qəbul olunmuş kassasiya şikayəti üzrə işin kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Abşeron Rayon Mas azır Bələdiyyəsinin cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna, üçüncü şəxs "xxxx" MTK-ya, üçüncü şəxs X3 hüquqi varisi X9 qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-357/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. Abşeron rayonu, Masazır Bələdiyyəsinin 27 iyul 2007-ci il tarixli qərarı ilə bələdiyyənin ərazisində yararlı sahədən sahibkarlıq məqsədi ilə 1,5 ha torpaq sahəsinin X4 icarəyə verilməsi qərara alınmışdır.
2. X5 ilə icarəçi X6 arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 1,50 ha torpaq sah əsinin sahibkarlıq məqsədilə 99 il müddətinə icarəyə verilməsi barədə 27 iyul 2007-ci il tarixli, 27 nömrəli icarə müqaviləsi bağlanmışdır.
3. Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.50 ha torpaq sahəsi üzərində X3 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
4. X6 25 dekabr 2008-ci il tarixli, 3M4-596 saylı alğı-satqı müqaviləsi bağlayaraq, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınmış Abşeron rayonu, Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinə icarə hüquqlarını 30000 manata alıcı "xxxx" MTK-ya satmışdır.
5. Həmin alğı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Masazır Bələdiyyəsinə məxsus 0.50 ha torpaq sahəsi üzərində "xxxx" Mənzil-Tikinti Kooperativinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmişdir.
6. X6 xx.xx.2010-cu ildə vəfat etmişdir. 7. "xxxx" Mənzil-Tikinti Kooperativi Masazır bələdiyyəsinə ünvanlanan 19 sentyabr 2022-ci il tarixli ərizədə MTK-nın uzun müddət torpaq sahəsindən təyinatı üzrə istifadə etmədiyi, MTK-nın razılığı əsasında hazırda həmin torpaq sahəsindən "xxxx" ASC-nin istifadə etdiyi, bələdiyyə ilə MTK arasında bağlanmış 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə m üqaviləsinə, bununla əlaqədar yaranmış bütün nəticələrə xitam verilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsinə etiraz edilmədiyi bildirilmişdir. Həmin ərizə "xxxx" MTK-nın möhürü ilə, habelə Bakı şəhəri 17 saylı notariat ofisində təsdiqlənmişdir.
8. Masazır Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə bələdiyyənin "xxxx" MTK ilə bağlanmış 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə xitam verilmiş, 3M4-596 saylı alğı-satqı müqaviləsinin, MH seriyalı 00270033 nömrəli çıxarışın ləğv edilməsi üçün qərarın surətinin 2 saylı Abşeron notariat kontoruna və DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilməsi qərar alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Abşeron rayon Masazır Bələdiyyəsi cavabdeh Xırdalan şəhər 2 saylı Notariat Kontoruna, üçüncü şəxs "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008ci il tarixli reyestrlə təsdiq edilmiş icarə hüququnun alğı-satqı müqaviləsinin və bundan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsinin Xırdalan şəhər 2 saylı notariat kontoruna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi yuxarıda qeyd olunan işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, icarəçi icarəyə götürülmüş torpaq sahəsinə görə müqavilədə göstərilən icarə haqqını hər il bələdiyyə büdcəsinə ödəməli idi. Lakin uzun müddətdir ki, MTK müqavilədən irəli gələn öhdəliyi pozmuş, torpaqdan isti fadəyə görə 10000 manat icarə haqqı borcu yaranmışdır. Cavabdehə yazılı xəbərdarlıq edilsə də, 10000 manat icarə haqqını bələdiyyə büdcəsinə ödənilməsini təmin etməmişdir. Bələdiyyənin ümumi iclasının 25 avqust 2020-ci il tarixli, 12/2 saylı qərarı ilə "xxxx" MTK ilə bağlanmış 27 iyul 2007-ci il tarixli 27 saylı icarə müqaviləsinə xitam verilmiş, eyni zamanda 3M-4-596 saylı icarə hüququnun alğı-satqı müqaviləsinin və 26 dekabr 2008-ci il tarixli çıxarışın (Seriya MH 00270033 saylı; reyestr nömrəsi: **********16; qeydiyyat nömrəsi: **********) ləğv edilməsi məqsədilə bələdiyyə qərarının surəti 2 saylı X14 Kontoruna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmişdir. Onların 30 sentyabr 2020-ci il tarixli məktubundan bəlli olur ki, qeyd edilən müqav ilənin ləğvi barəsində notarial qaydada təsdiq edilmiş sənəd təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılacaqdır. Məsələ ilə bağlı 2 saylı Notarial Kontoruna müraciət olunsa da, notariat kontoru 3M-4-596 saylı icarə hüququnun alğı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildiyi təqdirdə baxılması göstərilmişdir.
11. Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alğı-satqı müqaviləsinin və bundan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi qət edilmişdir.
12. Qiyabi qətnamə xx.xx.2021-ci il tarixdə ic raya yönəldilmişdir.
13. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli ərizə ilə Abşeron Rayon Məhkəməsininə müraciət edərək, məhkəmənin 2(012)-2290/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qiyabi qətnaməsinin icrası ilə əlaqədar olaraq icarə hüququnun alğı-satqı müqaviləsinin bundan irəli gələn bütün nəticələrinin ləğvi nəticəsində icarə hüququnun yenidən mərhum X4 qaytarılmasına və ya Masazır Bələdiyyəsinin mülkiyyətinə qaytarılmasına münasibət bildirilməsini xahiş etmişdir.
14. X3 vərəsəsi X7 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ona verilməsini xahiş etmişdir. Ərizəyə mərhum X2 qalan mirasa dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əlavə olunmuşdur. Şəhadətnamədə miras əmlak kimi DƏDRX Abşeron Ərazi İdarəsi tərəfi ndən verilmiş ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Abşeron rayonun Masazır kəndində yerləşən 0,9968 ha torpaq sahəsinə icarə hüququ göstərilmişdir.
15. X1 xx.xx.2021-ci il tarixdə qiyabi qətnamənin surətini almış və X3 hüquqi varisi kimi qiyabi qətnamənin ləğv edilməsini, işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizədə qətnamənin mahiyyəti üzrə qanuniliyi barədə hər hansı dəlil irəli sürülməmiş, yalnız hüquqi varis kimi hüquqları pozulmaqla iş barədə məlumatlandırılmadan, işə cəlb olunmadan baxıldığına görə qətnamənin ləğvi tələb edilmişdir.
16. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 ərizəsi təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qiyabi qətnaməsi ləğv edilərək icraat təzələnmişdir.
17. İddiaçı Masazır Bələdiyyəsinin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 saylı, 25 dekabr 2008ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
18. X10 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
19. Abşeron Rayon Məhkəməsinin 2(012)-2290/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın təmin edilməsi, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alğı-satqı müqaviləsinin ləğv ed ilməsi qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, icarə müqaviləsindən irəli gələn öhdəliklər yerinə yetirilmədiyindən, 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli icarə hüququnun alğı-satqı müqaviləsinin bağlanmasına əsas olmuş 27 iyul 2007-ci il tarixli, 27 saylı icarə müqaviləsinə bələdiyyə tərəfindən xitam verildiyindən, 2 saylı Notariat Kontorunda bağlanmış 3M-4-596 nömrə ilə reyestrdə qeydə alınmış, 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alğı-satqı müqaviləsi də ləğv edilməlidir.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1, 709, 719, 421.1, 421.2-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 4, 6, 7, 8-ci bəndləri, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 19.1 və 19.4-cü, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 1.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Üçüncü şəxs "xxxx" MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 109.13-cü maddəsinə əsasən "xxxx" MTK-nın icarə haqqı borcu olmadığı halda Masazır Bələdiyyəsi əsassız olaraq 25 dekabr 2008-ci il tarixli, 3M-4-596 saylı icarə hü ququnun alğı-satqı müqaviləsinin ləğv edilməsi barədə məhkəməyə müraciət etmiş, məhkəmə isə məhkəmə bildirişlərinin "xxxx" MTK-ya çatmadığı və MTK-nın məhkəmə iclasında iştirakı olmadığı halda, borcun olub-olmamasını dəqiqləşdirmədən, Masazır Bələdiyyəsinin MTK-nın təsərrüfat fəaliyyətinə müdaxilə etməsinə əsas verən qətnamə qəbul etməklə, MTK-nın və təsisçilərin hüquqlarını pozmuşdur. MTK ilə X6 arasında 25 dekabr 2008-ci il tarixli “torpaq sahəsinin icarə hüququnun satılmasına dair” alğı-satqı müqaviləsinin 1-ci bəndinə əsasən satıcı özünün icarəsində olan Masazır kəndində yerləşən 0,50 ha torpaq sahəsinin icarə hüquqlarını 30.000 manata alıcı "xxxx" MTK-ya satmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən 26 dekabr 2008-ci il tarixli çıxarışda həmin torpaq sahəsi xx.xx.2007-ci ildən başla yaraq 99 il müddətinə "xxxx" MTK-nın xeyrinə yüklü edilmişdir. Yəni, həmin torpaq sahəsi, icarə hüququna görə alıcı MTK tərəfindən 30.000 manat ödənilib, 99 il müddətinə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün əldə edilmiş əmlak olmuşdur. Bundan başqa, hazırkı mübahisə ilə əlaqədar iddiaçının subyektiv hüququ pozulmadığı halda, onun iddiasının təmin edilməsi, əsassız olmuşdur. Belə ki, "xxxx" MTK Masazır Bələdiyyəsinə vaxtaşırı olaraq icarə haqqını ödəmişdir. Bələdiyyənin iddia ərizəsində göstərdiyi 10.000 manat icarə haqqı isə xx.xx.2020-ci il tarixdə hər dəfə 5000 manat olmaqla 2 dəfəyə ödənilmişdir. Yəni, iddia verilən müddətə MTK-nın icarə haqqı borcu olmamışdır. Məhkəmə işin faktiki hallarını tam araşdırmamış, təqdim edilmiş sübutlara hüquqi qiymət verməmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməmişdir.
24. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-357/2024, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Lalə Rəhimli (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(012)-2290/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Masazır Bələdiyyəsi 25 dekabr 2008-ci il tarixli müqavilənin tərəfi olmadığından həmin müqavilənin ləğvini tələb etmək hüququna malik olmadığından iddia tələbi təmin edilə bilməz.
26. Apellyasiya instansiyas ı məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 389.1, 421.1, 421.2, 421.3, 706.1, 712.1.1, 567-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217, 384 və 385-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. Üçüncü şəxsin hüquqi varisi X10 (Vəkil2) kassasiya şikayəti verərək, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-357/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və Abşeron Rayon Məhkəməsinin 2(012)2290/2021 nömrəli, 27 dekabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK icarəyə götürdüyü to rpaq sahəsini həmin dövrdən ümumiyyətlə təyinatı üzrə istifadə etməmişdir. Apellyasiya məhkəməsi Masazır bələdiyyəsinin 25 avqust 2020-ci il tarixli, 12/02 saylı qərarına da münasibət bildirməmiş və qiymətləndirməmişdir. Bundan başqa, icarədə olan ərazi başqa vətəndaşlar tərəfindən zəbt edilmiş və qanunsuz tikililər inşa edilmişdir. Lakin məhkəmə iddiaçının iddia tələbində göstərdiyi bu tələbə və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsində göstərdiyi bu pozuntuya fikir bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
2. Mülki məhkəmə icraatının vəzifələri 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icra atının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Maddə
4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə
5. Məhkəmədə mülki işə başlama 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə
50. Tərəflər 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər Maddə
402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.... Maddə
403. Kassasiya şikayəti ilə müraciət etmək hüququ 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi gö stərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə;... 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır. 408.5. Bu Məcəllənin 408.1.1-408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Maddə
409. İşin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində k assasiya instansiyası məhkəməsinə göndərilir. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.... Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Kasasiya instansiyası məhkəməsi mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyul 2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)357/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxsin hüquqi varisi X13 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
32. Məhkəmə kollegiyası ilk növbədə kassasiya icraatı üzrə prosessual hüquq normalarına, xüsusilə də kassasiya icraatının mümkünlüyü şərtlərinə riayət olunmasını araşdırmağı zəruri sayır.
33. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
34. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
35. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etm ək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.
37. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, işlərin bütün məhkəmə instansiyalarında maddi və prosessual qanunvericiliyin normalarına riayət edilməklə həll olunması mahiyyət üzrə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və ədalətliliyinin hüquqi əsasını təşkil etməklə onların şübhə altına alınmasını istisna edir (Konstitusiya Məhkəməsi Plenumunun A.Yəhyazadənin şikayəti üzrə 16 iyul 2013-cü il tarixli Qərarı).
38. Nəzərə alınmalıdır ki, kassasiya icraatının başlanması üçün qanunla dəqiq prosessual əsaslar müəyyən olunmuşdur. Buna görə də kassasiya şikayəti daxil olduqda, şikayətin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual əsasların olması müəyyən edilməlidir.
39. Bununla bağlı ilk növbədə qeyd olunnmalıdır ki, mülki proses ümumi yurisdiksiyalı məhkəmələrdə həyata keçirilən, şəxslərin hüquqlarının qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiəsinə yönəlmiş hərəkətlərin məcmusudur. Mülki məhkəmə icraatında mülki prosesin hər bir iştirakçısının prosessual hərəkəti onun prosessual hüquq və vəzifələrinin həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilir.
40. MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27 avqust tarixli Qərarı).
41. Yuxarıda qeyd olunan MPM-nin mülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci və 4.1-ci maddələrinin təhlilindən göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlarından bəhs olunur.
42. Mülki Prosessual Mə cəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur. Mülki prosessual qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir.
43. Mülki prosesdə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərdən biri də, apelyasiya instansiyası məhkəmələrinin aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsidir.
44. MPM-nin 403-cü maddəsinə əsasən, bir qayda olaraq, apelyasiya instansiyası məhkəməsinin aktlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər kassasiya şikayət vermək hüququna malikdir.
45. Lakin bu şəxslər hər bir halda deyil, apelyasiya instansiyası məhkəməsinin aktı ilə onların tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Bu qayda, MPM-in 2ci maddəsində nəzərdə tutulan mülki məhkəmə icraatının vəzifələrindən (şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunması), habelə 4-cü maddəsində müəyyən olunan məhkəməyə müraciət etmə hüququnun mahiyyətindən (qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək) irəli gəlir.
46. MPM-in 2, 4 və 403-cü maddələri baxımından işin prosessual hallarına nəzər salındıqda görünür ki, X10 prosesdə üçüncü şəxs X3 hüquqi varisi kimi iştirak etmişdir. Lakin onun şikayəti əsasında kassasiya icraatının mümkünlüyünü müəyyən etmək üçün, onun prosessual statusunun dəqiqləşdirilməsinə zərurət vardır.
47. Belə ki, qanunda üçüncü şəxslərin 2 formada prosessual statusu müəyyən olunmuşdur:
1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üşüncü şəxslər (MPM-in 55-ci maddəsi);
2. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər (MPM-in 57-ci maddəsi).
48. Üçüncü şəxslərin hər iki növünə aid olan ümumi əlamət ondan ibarətdir ki, baxılan işin nəticəsinin bu və ya digər dərəcədə onların hüququna toxunması ehtimalı oldu ğuna görə, onlar işin həllində hüquqi marağa malikdirlər və öz maraqlarına uyğun hərəkət edirlər. Bu marağın xarakter və məzmunundan (mümkün məhkəmə qərarı ilə yaranması ehtimal edilən hüququ nəticədən) asılı olaraq, üçüncü şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər (MPM-in 55.1-ci maddəsi). Bu halda həmin üçüncü şəxsin prosessual statusu da “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs” kimi müəyyən olunur və onun MPM-in 4.3 - 4.6-cı maddələrində müəyyən edilmiş qaydalara əməl olunması vəzifəsi istisna olmaqla, iddiaçının bütün hüquqlarından istifadə etmək hüququ və onun bütün vəzifələrini daşımaq vəzifəsi yaranır.
49. Baxılan işdə X10 tərəflərə qarşı iddia vermədiy inə görə birmənalı olaraq onun prosessual statusu “mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs” kimi müəyyən edilə bilməz.
50. Buna görə də F.Salahov, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində tanınır. Lakin nəzərə alınmalıdır ki, MPM-in 57.1-ci maddəsinə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər.
51. İşə baxmış məhkəmələr F.Salahovun iddiaçı və ya cavabdeh tərəfdə üçüncü şəxs olduğunu müəyyən etməyiblər. Lakin işin hallarından görünür ki, F.Salahov cavabdeh tərəfdə üçüncü şəxs kimi çıxış etmişdir. Belə ki, F.Salahov iddianın təmin olunması barədə qiyabi qətnamədən şikayət vermişdir. Bu hal ona dəlalət edir ki, o, qiyab i qətnamə ilə (icarə hüququnun alğı-satqısı barədə müqavilənin ləğvi səbəbindən) yaranmış hüquqi nəticəni özünün mənafeyinə zidd hesab etmiş, alğı-satqı müqaviləsinin qüvvədə qalmasını arzu etmişdir. Bundan başqa, qiyabi qətnamə ləğv edilib iş üzrə icraat təzələndikdən sonra F.Salahov məhkəmə iclasında verdiyi izahatlarında da iddianın rədd olunmasını xahiş etmişdir.
52. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir.
53. MPM-in 403.1-ci maddəsinə görə üçüncü şəxs apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən o halda kassasiya şikayəti verə bilər ki, onun tələbi təmin edilməmiş olsun. Bu baxımdan F.Salahovun apelyasiya instansiyası məhkəməsinin 2(105)-357/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yoxdur.
54. Bundan başqa, ümumiyyətlə X3 25 dekabr 2008-ci il tarixli alğı-satqı müqaviləsi ilə 0,50 ha torpaq sahəsinə icarə hüquqlarını icarəyəverənin razılığı ilə "xxxx" MTK-ya satması, onun icarəyəverənlə həmin andan sonrakı münasibətlərdən kənarlaşmasına səbəb olur. Başqa sözlə icarə hüququnun satılması, 27 iyul 2007-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş 1,50 ha torpaq sahəsinin, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə (**********16 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə) qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmiş 0,50 ha hissəsinə münasibətdə X3 bütün hüquq və vəzifələrinə xitam verilməsi kimi hüquqi nəticə törədir.
55. Çünki “Torpaq bazarı haqqında” Qanunun 14-cü maddəsinə görə torpaq sahəsi üzərində istifadə v ə icarə hüquqları başqasına alqı-satqı, nizamnamə (pay) fonduna verilmə, girov qoyulma dəyişmə, bağışlanma və vərəsəlik qaydalarında keçə bilər.
56. Torpaq Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinin ikinci bəndinə görə torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir.
57. Göründüyü kimi icarə hüququnun alğı-satqı müqaviləsindən sonra əvvəlki icarəçinin hüquq və vəzifələrinə xitam verilir, icarə münasibətlərində əvvəlki icarəçinin yerini hüququn alıcısı olan yeni icarəçi tutur və bundan sonrakı münasibətlər yeni icarəçi ilə mülkiyyətçi (baxılan işdə MTK və Masazır Bələdiyyəsi) arasında davam edir. Bundan sonra yeni icarəçinin icarə haqqını ödəməməsi və ya başqa səbəblərdən müqavilənin ləğv edilməsi, heç bir halda əvvəlki icarəçinin hüquqlarına təsir etmir, icarə borcunun əvvəlki icarəçidən tutulması kimi hüququ nəticəyə səbəb olmur.
58. Bundan başqa, X6 xx.xx.2010-cu ildə vəfat etmişdir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
59. Bu baxımdan Fariz Salahov mübahisəli torpaq sahəsinə hüququn (daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınaraq, MH seriyalı ******* saylı çıxarışla rəsmiləşdirilmiş icarə hüququnun) atası vəfat edən günə mirasın kütləsinə daxil olmasına dair sübut təqdim etməmişdir.
60. Əksinə, X3 vərəsəsi X7 xx.xx.2021-ci il tarixdə qiyabi qətnamənin surətinin verilməsi barədə ərizəsinə əlavə etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamədə Yəhiyəbala Salahovdan qalmış miras əmlak kimi DƏDRX Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Abşeron rayonun Masazır kəndində yerləşən 0,9968 ha torpaq sahəsinə icarə hüququ göstərilmişdir (§ 14).
61. Göründüyü kimi üçüncü şəxs F.Salahovun apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququ olmamışdır. Lakin kassasiya şikayəti səhvən icraata qəbul edilmişdir.
62. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir (MPM-in 404-1.2-ci maddəsi).
63. Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək, işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (MPM-in 417.1.7-ci maddəsi).
64. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-2729/2024 nömrəli qərardadı ləğv edilsin. İş kassasiya bax ışından çıxarılsın və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 3 aprel tarixli 2(105)-357/2024 nömrəli qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.