Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1552/2019 15.03.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 15 mart 2019-cu il İŞ № 2(102)-1552/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı, vəkili Vəkil1 və Cavabdeh vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-9995/2018 saylı qətnaməsindən İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 iyu n 2018-ci il tarixli, 2(007)2613/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim F.X.Mirzəyev) İddiaçı Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın bərabər paylar üzrə birgə mülkiyyətə qaytarılması və mənzilə köçürülmə” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-9995/2018 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Qurbanov sədrlik edən, məruzəçi, E.Q.Nəbiyev və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı və v əkili Vəkil1 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehə və üçüncü şəxsə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi, daşınmaz əmlakın bərabər paylar üzrə birgə mülkiyyətə qaytarılması və mənzilə köçürülmə” barədə iddia qaldıraraq, onunla cavavdeh arasında ünvan 1 ünvanda yerləşən, 1 otaqlı, ümumi sahəsi 34,5 kv.metr, yaşayış sahəsi 17 kv.metr olan 124-cü mənzilə dair notarial qaydada bağlanmış 05 mart 2018-ci il tarixli bağışlama müqaviləsinin ləğv edilməsi, bir tərəfli restitusiya tətbiq edilərək həmin mənzilin bərabər paylarla onun və cavabdehin birgə mülkiyyətinə qaytarılması və onun həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları q əbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. Cavabdeh vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razıl aşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb h esab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçının mülkiyyətində olan mənzili qanuni əsaslarla cavabdehə bağışlamasına, bağışlama müqaviləsi üzrə cavabdehin üzərinə ailə hüquq münasibətlərinə uyğun olaraq hər hansı vəzifənin qoyulmamasına, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəy ə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1, 673.1.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 26 iyul 2014-cü il tarixli “hüquq ların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən, 1 otaqlı, ümumi sahəsi 34,5 kv.metr, yaşayış sahəsi 17 kv.metr olan 124-cü mənzili iddiaçının mülkiyyətində olmuş, sonuncu 05 mart 2018-ci il tarixli notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən mənzili cavabdehə bağışlamışdır. Hazırda iddiaçı iddia edir ki, onunla cavabdeh arasında bağışlama müqaviləsi bağlandıqdan sonra cavabdehin ona qarşı münasibəti kəskin dəyişmiş, onunla olan ailə münasibətləri tamamilə kəsilmiş, cavabdeh nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda mülki iş həmin məhkəmənin icraatındadır. O, mübahisə predmeti olan mənzili arvadı olduğu üçün cavabdehə bağışlamışdır. Əgər o, bilsəydi ki, mübahisə predmeti olan mənzili bağışladıqdan sonra cav abdeh ondan boşanacaq və onu həmin mənzilə buraxmayacaq, təbii ki, o, həmin mənzili cavabdehə bağışlamazdı. Cavabdeh mübahisə predmeti olan yaşayış sahəsinin açarını dəyişmiş və onu həmin yaşayış sahəsinə buraxmayaraq bildirir ki, həmin mənzil onun xüsusi mülkiyyətidir. O, mübahisə predmeti olan yaşayış sahəsini cavabdehə bağışlayarkən cavabdehin ona qarşı münasibətinin bu qədər dəyişəcəyini, bağışlamadan sonra həmin yaşayış sahəsindən məhrum olacağını və ondan boşanacağını düşünmürdü. Həmçinin iddiaçı facebook sosial şəbəkəsində “xx” adlı profildən statusun və həmin statusun altından yazılmış şərhləri əks etdirən fotoşəkilləri məhkəməyə təqdim edərək, bildirir ki, cavabdeh facebook sosial şəbəkəsi vasitəsilə başqa şəxslərlə münasibətdədir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, o, m ənzilin bağışlamasından əvvəl iddiaçıya ondan boşanacağı barədə bildirmişdir. Bu halı bilə-bilə iddiaçı mənzili ona bağışlamışdır. Facebook profilindən olan fotoşəkillərlə bağlı iddiaçının bildirdikləri isə yalandır. Belə ki, iddiaçının təqdim etdiyi fotoşəkillərdə olan şəxslərdən biri onun tələbə yoldaşı, digəri isə keçmiş iş yoldaşı olmuşdur. Hal-hazırda da onların dost münasibətləri var və davam edir. Şəxsi münasibətlər mövcud deyil. Tələbə yoldaşı hətta oğlunun toy mərasimində də iştirak etmişdir. Bunu təsdiq edən fotoşəkillər də vardır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətini araşdırıb müəyyən etmişdir ki, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsindən və tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin məzmunundan görünür ki, iddiaçı mübahisəli mənzili cavabdehə bağışlayarkən sonuncunun üzərinə ailə hüquq münasibətlərindən irəli gələn hər hansı vəzifə qoyulmamış, eləcə də bağışlama müqaviləsinin bağlanmasından ötən müddət ərzində cavabdeh tərəfindən iddiaçıya və onun yaxın qohumlarına qarşı hər hansı kobud hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddənin mənasına görə bağışlama müqaviləsi üçün xarakterik cəhət onun əvəzsiz olmasıdır və bu zaman vadaredici səbəblər, bağışlamanın motivləri müqavilənin özü üçün əhəmiyyət kəsb etmir. Bağışlama müqaviləsi o, halda şərtlə bağlanmış sayıla bilər ki, belə bir şərt müqavilədə nəzərdə tutulmuş olsun. Belə şərtin nəzərdə tutulmadığı müqavilə hədiyyə alan üçün hədiyyə verən qarşısında hər hansı vəzifə yaratmır, çünki bu halda bağışlama müqaviləsi özünün birtərəfli xarakterini itirər. Əqdin şərtlə bağlanması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 328-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə göstərilir ki, əqdin şərtlə bağlanmış əqd kimi tanınması üçün onun iştirakçıları arasında bağlanmış müqavilədə həmin şərtlərin qeyd olunması zəruridir. Həmin hal mühüm əhəmiyyət kəsb edir, qanunun mənasına görə tərəflər üçün belə əqd üzrə hüquqi nəticələr yalnız həmin şərtlərin yerinə yetirildiyi hallarda yarana bilər. Həmin Məcəllənin 328-ci maddəsində nəzərdə tutulan şərtlər tərəflər arasında bağlanmış bağışlama müqaviləsinin bağlanması halında mövcud olmamışdır. İddiaçının mübahisələndirdiyi bağışlama müqaviləsində sözügedən mənzilin bağışlanmasından doğan hüquqi nəticələrin baş verməsinə səbəb olan şərtlər öz əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları, o cümlədən işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi hüquq normalarının tələblərini əsas tutub, həmin mənzilə d air bağışlama müqaviləsi üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alıb, haqlı olaraq qeyd etmişdir ki, həmin müqavilə Mülki Məcəllənin 666.1-ci maddəsində nəzərdə tutulan qaydalara tam əməl edilməklə bağlanmışdır və öz mahiyyətinə görə həmin müqavilə əvəzsiz əqddir və həmin əqd üzrə hədiyyə alan cavabdeh üçün hüquqi nəticələr hədiyyəni qəbul etdiyi andan artıq yaranmışdır. Eyni zamanda mənzilə dair bağışlama müqaviləsi hər hansı şərtlə, o cümlədən cavabdehin iddiaçı ilə aralarında olan nikahı pozmayacağı, ailə münasibətlərini davam etdirəcəyi və sair ilə şərtləndirilməmişdir və ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alan cavabdehin üzərinə hər hansı vəzifə qoyulmamışdır. Eyni zama nda həmin bağışlama müqaviləsi üzrə cavabdeh iddiaçının iddia etdiyi və kassasiya şikayətində göstərdiyi kimi üzərinə hər hansı öhdəlik götürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.1.3-cü maddələrinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişd ikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda ləğv edə və onun icrasından imtina edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı da özündə ehtiva edir. Həmin maddəyə görə hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağış lama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, sözügedən bağışlama müqaviləsinə əsasən iddiaçı öz əmlakının bir hissəsini, yəni mübahisəli mənzili cavabdehə bağışlamaqla sonuncunu zənginləşdirməsi, həm də bu cür bağışlamanın cavabdeh tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməsi, eləcə də bağışlama müqaviləsinin cavabdehin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılması, eyni zamanda tərəflərin bağışlama müqaviləsi üzrə hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hər hansı hallardan asılı etməmələri, bağışlama müqaviləsinin ləğv edilməsi üçün qanuni əsasların olmaması, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış həqiqi halları və işə əlavə edilmiş sübutlarla tam təsdiq edildiyindən, apellyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmış və sadalanan maddi hüquq normalarının tələbləri hazırkı mülki mübahisəyə düzgün tətbiq edilmişdir. İddiaçı kassasiya şikayətində mənzilə dair bağışlama müqaviləsi bağlandıqdan dərhal sonra cavabdehin ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri onun barəsində kobudcasına pozmasını və beləliklə də bağışlamadan imtina edilməsi üçün əsasların əmələ gəlməsini göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPMnin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməl idir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş qeyd olunan faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı və vəkili Vəkil1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli, 2(103)-9995/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1552/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1552/2019
15.03.2019 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver