Məhkəmə qərarları › İş №2(102)-1562/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1562/2021

19.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1562/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün alimentin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçının vəkili X9 oğlunun, Cavabdeh və vəkili xxxnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfində n ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı və Cavabdeh 24 noyabr 2012-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 28 yanvar 2014-cü il tarixdə X6, 09 oktyabr 2015-ci il tarixdə X4 və 21 fevral 2017-ci il tarixdə X5 adlı övladları anadan olmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək atalarının himayəsində saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin bir gə nikahlarından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinə əsasən, tərəflər arasındakı nikah pozulmuş, uşaqların atalarının yanında saxlanmaları qərara alınmışdır. Həmin qətnamədən cavabdeh yuxarı instansiya məhkəmələrinə şikayətlər verdiyindən qətnamə qanuni qüvvəyə minməsə də, uşaqlar faktiki olaraq 09 oktyabr 2018-ci il tarixdən atalarının himayəsindədirlər. Həmin tarixdən cavabdeh uşaqları ilə maraqlanmamış, onların inkişaflarına maddi-mənəvi dəstək göstərməkdən bilərəkdən yayınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli, 2(001)7791/2019 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımov) iddia qismən təmin edilərək, 28 yanvar 2014-cü il tarixdə doğulmuş X3, 09 oktyabr 2015-ci il tarixdə doğulmuş X1 və 21 fevral 2017-ci il tarixdə doğulmuş X2 18 yaşa çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 80 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının başlanğıcının 03 oktyabr 2019-cu il tarixdən hesablanması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsini yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, onların normal, yəni, qida rasionlarına uyğun qidalanmaları, fiziki cəhətdən inkişafları, təhsilləri ilə bağlı xərcləri, alimentin cavabdehin qazancından müəyyən hissə kimi tutulmasını n mümkün olmaması ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsi ilə (hakim T.S.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər E.C.Kazımovdan və İ.S.Şirinovdan ibarət tərkibdə) hər iki apellyasiya şikayə ti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi uşaqların minimum yaşayış tələbatının təmin olunmasının zəruriliyini nəzərə alaraq, haqlı olaraq iddianı, tərəflərin birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa hər ay 80 manat sabit pul məbləğində alimentin alınaraq, İddiaçı xeyrinə ödənilməsini vacib hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, 80 manat sabit pul məbləğində alimentin tutulması uşaqların hüquq və mənafelərinin qorunması və əsas məqsəd olması baxımından məqsədə və qanuna müvafiqdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuşdur. Belə ki, məhkəmə yaşayış minimumundan aşağı məbləğdə aliment müəyyən etməklə, həm uşaqların hüquqlarını pozmuş, həm də cinsi ayrı-seçkiliyə yol vermişdir. Həmçinin Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya bax ışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən yetkinlik yaşına çatmayan uşaqların atalarının himayəsində saxlanılmasını dair qətnamədən şikayətlər verilmiş və apellyasiya instansiyası məhkəməsi həmin işin nəticəsini gözləmədən əsassız olaraq ondan alimentin tutulmasını qət etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə yazılı etirazlar daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının vəkili X9 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinə isə etiraz edərək rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh və vəkili xxx kassasiya şikayətlərinin dəlillərini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinə etiraz edərək, rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktla ra istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisləndirdiklərindən, hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkiş af etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saz iş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasə n sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqları n valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş mini mum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə et diyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsini n qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab edir. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Qanunvericiliyin yuxarıd a sadalanan müddəaları isə alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatı səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, həmin məbləğin tam ödənilməsi vəzifəsinin əlavə sübutlar olmadan valideynlərin birinin üzərinə qoyulması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası, cavabdehin gəlirləri barədə sübutların təqdim edilməməsini nəzərə alaraq, alimentin hər uşaq üçün 80 manat məbləğində müəyyən edilməsini hazırki mübahisənin halları baxımından ədalətli və ağlabatan hesa b edir. Odur ki, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, alimentin məbləği müəyyən edilərkən qanunvericiliyin yuxarıda qeyd olunan maddi hüquq normalarına riayət olunmuş və hər hansı ayrı-seçkiliyə yol verilməmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin nikahlarının pozulması və uşaqların valideynlərindən hansının yanında qalması ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə minməsə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda yetkinlik yaşına çatmayan uşaqlar faktiki olaraq iddiaçı ilə qalır və onun himayəsindədir. Odur ki, iddiaçının hazırki iddianı irəli sürməyə subyektiv hüququ olmuş və məhkəmələr əsaslı olaraq cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasını q ət etmişlər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, uşaqların valideynlərdən hansının himayəsində saxlanılması ilə bağlı fərqli məhkəmə aktı qəbul edildiyi halda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq alimentin tutulması məsələsinə yenidən baxıla bilər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, işə baxılarkən gəlinən nəticənin uşaqların üstün mənafeyinə uyğun olduğu kifayət qədər əsaslandırılmış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şika yətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 06 fevral 2020-ci il tarixli, 2(103)-2100/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar