Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1573/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2075/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X2 doğulmuşdur.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladı X2 ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, döngə 4, ev 13-ə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, ailə kimi birgə yaşadıqları 2020-2022-ci illərdə cavabdehlə münasibətlərində gərginlik yaranmış, faktiki olaraq ayrılmışlar. Abşeron Rayon Məh kəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuş, övladı Nərgiz Mövlazadənin yetkinlik yaşına çatanadək saxlanılması üçün onun xeyrinə aliment tutulması qət edilmişdir. Birlikdə Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, döngə 4, ev 13-də yaşamışlar və qızı ilə həmin ünvanda hal-hazırda qeydiyyatdadırlar. Hal-hazırda yetkinlik yaşına çatmamış övladı ilə birlikdə Bərdə şəhərində müvəqqəti kirayə yaşayırlar. O, yaşadığı kirayə mənzilin kirayə haqlarını vaxtlı-vaxtında ödəyə bilmir, cavabdeh isə onları Abşeron rayonu Masazır kəndindəki evə buraxmır.
5. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı Bərdə rayonunda anadan olmuş, doğulduğu vaxtdan 27 avqust 2020-ci il tarixinə qədər Bərdə şəhəri, X5 küçəsi, ev 8 ünvanında qeydiyyatda olmuş və bu günə qədər faktiki olaraq h əmin ünvanda yaşayır. 27 avqust 2020-ci il tarixdə Bərdə Asan Xidmət Mərkəzində onun razılığı əsasında Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, döngə 4, ev 13 ünvanına qeydiyyata düşmüşdür. Lakin qeydiyyat yeri dəyişməsinə baxmayaraq, ünvan 4 ünvanında faktiki olaraq yaşamağa davam etmişdir. İddiaçı 2008-ci il tarixdən Bərdə şəhəri akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin İngilis dili müəllimi vəzifəsində çalışır. Eyni zamanda, Bərdə rayonunda fəaliyyət göstərən məcburi köçkünlər üçün nəzərdə tutulan Ağdam rayon Təhsil şöbəsinin orta ümumtəhsil məktəblərinin birində ingilis dili müəllimi vəzifəsində çalışmışdır. İddiaçı ilə birgə nikahları dövründə hər hansı daşınmaz əmlak alınmamışdır. Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, döngə 4, ev 13 ünvanında yerləşə n fərdi yaşayış evinin torpaq sahəsi 2008-ci ildə alınmış, 2011-ci ildə tikilmiş və həmin ildə adına çıxarış alınmışdır. İddiaçı Bərdədə, valideynlərinin yanında yaşamaq istədiyi üçün o da iş yerini dəyişərək yaxın əraziyə, Yevlax rayonuna təyinat almışdır. İddiaçı qeyd etmişdir ki, o guya kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkir. Təqdim etdiyi sənəddə kirayə məbləği 50 manat göstərilir. İddiaçı ünvan 6 ünvanında ata evində yaşayır və onun maddi durumu qənaətbəxşdir. O, eyni zamanda repetitorluq ilə məşğuldur və hər il 50-dən çox şagirdə ödənişli əsaslarla ingilis dili fənni üzrə hazırlıq keçir. Ümumiyyətlə, Bərdə şəhərində doğulan, orada yaşayan və işləyən bir şəxsin ailə münasibətində olduğu müddətdə yaşamaqdan imtina etdiyi fərdi yaşayış evinə köçürülməsini tələb etməsi məqsədlidir və onun mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırmaq məqsədi daşıyır.
6. Abşeron Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, e-2(012)-2557/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia rədd edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında ailə münasiblərinə xitam verildiyindən, iddiaçının yaşayış evində yaşayış sahəsindən istifadə hüququ qalmamışdır. Qanunvericilik iddiaçı tərəfin keçmiş ailə üzvləri ilə birlikdə yaşadığı mənzilə istifadə hüququnu tanımır. Lakin istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. İş materiallarından göründüyü kimi iddiaçının daimi yaşayış yeri Bərdə şəhəri olmuş, həmin şəhərdə yaşamış, işləmiş və hazırda da orada işləyir. Müəyyən müddətə, yəni bir-iki il müddətinə iddiaçının mübahisəli evdə istifadə hüququnun saxlanması onun mənzillə bağlı ehtiyacının təmin edilməsi kimi qiymətləndirilə bilməz, bu hal əsassız olaraq mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxara bilər.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5 və 157.4-cü, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələ rinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli qərarındakı hüquqi mövqelərə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, övladının təhsili ilə əlaqədar Bakı şəhərində yaşamaq məcburiyyətindədir. Cavabdeh isə onları evə buraxmır. Hüquqları kobud surətdə pozulmuş, Cavabdeh yaşadığı, Abşeron rayonu, Masazır kəndi, X6 küçəsi, döngə 4-də yerləşən 13 saylı evə, yəni birgə nikah dövründə gəlin köçdüyü fərdi yaşayış evinə övladı ilə birlikdə köçürülməyinə ehtiyac ı vardır.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2075/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsin qətnaməsinin ləğv edilməsi hallarına dair dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 152.1, 152.3, 152.4 və 152.5-ci, Mənzil Məcəlləsinin 30.1-30.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4 və 384.0.1-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
20. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barə sində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mənzil Məcəlləsi
21. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzv ünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hallar apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz apaşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə hüquqi dəyərləndirmə aparılmasına zərurət görmür.
34. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2075/2022 nömrəli iş üzrə 30 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.