Məhkəmə qərarları › İş №2(102)-1590/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-1590/2022

10.03.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1590/2022 10.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqavilələrinin ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2100/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin hall arı: Xaçmaz rayonunun Susayqışlaq kəndində yerləşən 0,91 ha, 0,605 ha və 1,0 ha ölçüdə torpaq sahələri 12 mart 2016-cı il tarixli 0828305, ******* və ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasən ümumi birgə mülkiyyət hüququ əsasında Şahbazov Eyvaz Hacıqulu oğlu, X2, X1, İddiaçı, X4 və X3 məxsus olmuşdur. Qusar rayon notariat kontorunda təsdiq edilmiş 08 avqust 2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən (üç müqavilə) göstərilən torpaq sahələri mülkiyyətçiləri tərəfindən Cavabdeh satılmışdır. 14 sentyabr 2020-ci il tarixdə Cavabdeh adına həmin torpaq sahələrinə mülkiyyət hüququnu bildirən Dövlət Reyestrindən Çıxarışlar verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək mübahisəli torpaq sahələrini Cavabdeh xahişi ilə sonradan ona qaytarılacağı şərti ilə satmasını, lakin torpaq sahələrinə görə ona hər hansı məbləğdə pulun ödənilməməsini əsas göstərməklə həmin alqı-satqı müqavilələrinin və onların əsasında verilmiş çıxarışların ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-452/2021 nömrəli, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim: İ.A.Məmmədov) iddia təmin edilərək göstərilən alqı-satqı müqavilələri və onların əsasında verilmiş Reyestrdən Çıxarışlar ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh apellyasiya şikayəti verərək mübahisəli torpaq sahələrinin iddiaçının qardaşının onlara olan borcunun əvəzi kimi verilməsini, alqı-satqı müqavilələrinin qanunun tələblərinə uyğun bağlanmaqla notariatda təsdiq olunmasını və onların ləğv edilməsi üçün qanuni əsasların olmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2100/2021 nömrəli, 16 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(027)-452/2021 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1 Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 148.2 Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 421.1 Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2 Tər əflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin v ə etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə görə kas sasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya qətnamənin qanuniliyini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasın da təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İşdən görünür ki, mübahisəli torpaq sahəl ərinə dair alqı-satqı müqavilələri bilavasitə tərəflərin iştirakı ilə bağlanmış və tərəflər müqaviləni imzalamaqla onun etibarlı olmasını təsdiq etmişlər. Bundan başqa, müqavilələr notariatda təsdiq edilmiş, onun hüquqi nəticələri tərəflərə izah olunmuşdur. Eləcə də cavabdehin aldığı torpaq sahələri üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisəli torpaq sahələrinə dair sonradan ona qaytarılacağı şərti ilə alqı-satqı müqavilələri bağlamasını və həmin torpaq sahələrinin dəyərinin cavabdeh tərəfindən ona ödənilməməsini iddia etsə də, məhkəməyə bunu təsdiq edə biləcək heç bir sübut təqdim etməmişdir. Alqı-satqı müqavilələri hər hansı kənar bir şərtlə bağlanmamışdır. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, alqı-satqı müqavilələri tərəflərin birgə razılığı əsasında bağlanmış, bu zaman müqavilənin ləğv edilməsi üçün əsas verə biləcək heç bir pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozu ntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (421.2) Cavabdeh tərəfindən müqavilələrin ləğv edilməsi üçün əsas verə biləcək hər hansı bir əhəmiyyətli pozuntuya yol verilməsi müəyyən olunmadığından apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması barədə nəticəyə gəlmişdir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRAR A ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2100/2021 nömrəli iş üzrə 16 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar