Məhkəmə qərarları › İş №2(102)-1687/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1687/2020

22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1687/2020 22.05.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Arif oğlunun cavabdeh X5 Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli X5 saylı qətnaməsindən cavabdeh X5 Şirkəti və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, on a aid hərbi qulluqçularının dövlət icbari sığortası üzrə sığorta ödənişinin X5 Şirkətindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı iddia ərizəsinə dəyişiklik edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 1-ci qrup əlil kimi düşən sığorta məbləği olan 8.800 manat vəsaitin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, 21 avqust 2017-ci il tarixdə poçt vasitəsi ilə rəsmi qaydada X5 Şirkəti tərəfindən 16 avqust 2017-ci il tarixli 07-07-526 saylı ərizəyə cavab qəbul etmişdir. Həmin ərizədə göstərilmişdir ki, sabiq hərbi qulluqçu olan onun 1-ci qrup əlilik dərəcəsi alması ilə əlaqədar ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişin in verilməsi barədə Dövlət Sığorta Şirkətinə göndərdiyi sənədlərə baxılıb bildirilmişdir ki, “hərbi qulluqçuların dövlət icbari şəxsi sığorta haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsi yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən buraxıldığı gündən 3 (üç) il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Bununla belə X5 Şirkətinin sədrinin birinci müavini A.Hacıyev həmin cavabda göstərmişdir ki, o, 19 iyul 2004-cü il tarixdə hərbi xidmətdən təxris olunmuş və bu hadisədən 13 ildən artıq müddət keçdikdən sonra 28 iyul 2017-ci il tarixdə 1-ci qrup əlillik almışdır. Buna əsasən həmin məktubda ona sığorta ödənişinin verilməsinin qeyri mümkün sayılması göstərilmişd ir. 11 avqust 2017-ci il tarixdə o, səlahiyyətli nümayəndəsi ilə birlikdə X5 Şirkətinə ərizə ilə müraciət etmişdir. Həmin ərizədə o, X5 Şirkətindən ona sığorta haqqının ödənilməsini xahiş etmişdir. Beləliklə, o, 13.01.2003-cü il tarixdən 19.07.2004-cü il tarixinədək N saylı N nömrəli hərbi hissədə baş leytenant vəzifəsində qulluq etmişdir. 2004-cü il tarixdə hərbi xidmət dövründəyaranmış xəstəliklə əlaqədar hərbi xidmət qulluğundan təxris olunmuşdur. Buna dair sübut 2007-ci il tarixli Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Komissiyasının 417 saylı qərarıdır. Beləliklə hərbi qulluq dövründə yaranmış xəstəliyin nəticəsində o, əlillik qrupu almışdır. Həmin xəstəliyi proqress etdiyi üçün hal-hazırda o, 1-ci qrup əlil olmuşdur və həmin vaxtdan hal-hazıradək heç bir sığort a haqqını almamışdır. 16 avqust 2017-ci il tarixli 0707-526 saylı X5 Şirkəti tərəfindən verilmiş cavabda göstərilmişdir ki, o, 13 il müddət keçdikdən sonra sığortanın alınması ilə əlaqədar müraciət etmiş və bu səbəbdən ona sığorta ödənişinin düşməməsini qeyd etmişdir. Lakin qeyd etdiyi kimi, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunan xidmətdən buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Onun əlilik qrupu isə rəsmi hərbi qulluğundan təxris olunandan 3 il ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının rəsmi rəyinə əsasən qoyulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 30 may 2019-cu il tarixli, X5 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X5 Şirkətindən 6.600 (altı min altı yüz) manat məbləğində sığorta ödənişinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov və Şərafət Məmmədova) 06 noyabr 2019-cu il tarixli X5 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 may 2019-cu il tarixli, X5 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edi lmişdir. Cavabdeh X5 Şirkəti və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06.11.2019-cu il tarixli X5 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş 27 iyun 2017-ci il tarixli arayışa əsasən İddiaçı 2-ci qrup əlillik təyin edilmişdir. İddiaçı təyin edilən 2-ci qrup əlillik hərbi xidmətdən tərxis olunandan 13 il sonra verilmişdir. Əlillyinə səbəb olmuş hadisə xidmət edərkən (xidmət dövründə) baş vermiş hər hansı bir hadisə (xəsarət) və ya haldır (xəstəlikdir). Hadisənin sığorta hadisəsi hesab olunması üçün əlilliyin 3 il müddətində təyin olunması şərti qanunverici tərəfindən təsadüfən müəyyən edilməmişdir. Belə ki, hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın ( travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Qanunda 3 il müddət keçdikdən sonra təyin olunan əlillik halına (riskinə) sığorta təminatı verilməmişdir. Əlilliyin 3 il müddətində təyin olunması şərti imperativ normadır və baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması üçün bu müddətin gözlənilməsi zəruridir. İddiaçı Akif oğluna əlillik istefaya buraxıldığı gündən 3 il müddətində deyil, 13 il sonra təyin edildiyi üçün sığorta ödənişinin verilməsi qanuna uyğun deyildir. Prosessual məsələlər: Cavabdehin vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki: İddiaçı 24.08.2008-ci il tarixdə verilmiş 049463 nömrəli vəsiqənin surətinə əsasən (əslinə məhkəmə baxışı zamanı baxış keçirilmişdir), İddiaçı 2-ci qrup əlildir (səbəbi - hərbi xidmət). Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22.10.2007ci il tarixli 417 nömrəli qərarının notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri Nərimanov rayonu RHK tərəfindən 2003-cü ildə hərbi xidmətə çağırılmış, İddiaçı hərbi xidmət keçərkən aldığı və 18.08.2004-cü ildən 20.09.2004-cü ilə kimi Bakı şəhəri 5 nömrəli klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Tez-tez qanaxmaya meyli olan 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi. Xroniki qastroduodenit. Simptomatik dəmir defisitli anemiya. Qabarıq asteno-nevrotik vəziyyət” (Nərimanov RHK-nın 27.04.2007-ci il tarixli 3/991 nömrəli göndərişi və 23.04.2007-ci il tarixli 774 nömrəli arayışı, 5 nömrəli klinik xəstəxanasından verilmiş 20.09.2007-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş 04.08.2007-ci il tarixli 345 nömrəli arayışı, hərbi biletdən çıxarışlar, MN MHHK-nın ekspertiza bölməsinin həkim-terapevtinin 19.10.2007-ci il tarixli rəyi ilə təsdiq edilir), “Xəstəlik hərbi xidmət dövründə alınmışdır”. X5 Şirkətinin 16 avqust 2017-ci il tarixli 07-07-526 nömrəli məktubunun surətinə əsasən müraciətə cavab olaraq bildirilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən xidmət vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən 3 il müddətində əlillik təyin olunduqda, o sığorta məbləğini almaq hüququna malikdir. Sənədlə rdən göründüyü kimi, İddiaçı 19 iyul 2004-cü ildə hərbi xidmətdən tərxis olunmuş və bu hadisədən 13 ildən artıq müddət keçdikdən sonra, yəni 28 iyul 2017-ci ildə İ qrup əlillik dərəcəsi almışdır. Ona görə də İddiaçı 1-ci qrup əlillik dərəcəsi alması ilə əlaqədar Qanunda nəzərdə tutulmuş sığorta verilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə olunan şəxs barədə 29.12.2015-ci il tarixli məlumatın surətinə əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: Onikibarmaq bağırsağın xorası. Kəskin, qanaxma ilə, həzm funksiyasının pozulması. Qan itirmə nəticəsində yaranan ikincili dəmir defisitli anemiya. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin müayinə olunan şəxs barədə məlumatın surətinə əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar birinci dərəcəli əlillik təyin edilmişdir. TSEK-in diaqnozu: Xroniki böyrək xəstəliyi V mərhələ. Xroniki qlomerulonefrit hipertonik forma. Donor böyrək sağ qılça nahiyəsində sağ böyrəyin qohum allotransplantasiya əməliyyatından sonrakı vəziyyət (27.06.2017). Braytanemiyası. Onikibarmaq bağırsağın xorası. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıda hərbi xidmət dövründə xəstəlik yaranmış və nəticədə ikinci qrup əlil olmuşdur. Daha sonra isə iddiaçıya hərbi xidmət dövründə yaranmış xəstə liklə əlaqədar birinci qrup əllik təyin edilmişdir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar X5 Şirkətinə müraciət etmiş, lakin sığorta ödənişi verilməmişdir. İddiaçıya ilkin olaraq ikinci qrup əlillik məhz hərbi xidmət dövründə yaranmış xəstəliklə əlaqədar təyin edilmişdir, ona səbəbi hərbi xidmət göstərilməklə 2-ci qrup əlil olması barədə 24.08.2008-ci il tarixdə 049463 nömrəli vəsiqə də verilmişdir. Ona görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina edilməsi əsassızdır. Apellyasiya instansiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xidmət zamanı alması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. “Hər bi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinin məqsədlərinə görə, sığorta hadisəsinin mövcud olması üçün sığorta olunan məhz hərbi xidməti ilə əlaqədar aldığı xəstəlik/xəsarət nəticəsində əlil olmalı və onun əlilliyi ilə xidməti vəzifələrini yerinə yetirməsi arasında birbaşa səbəbli əlaqə mövcud olmalıdır. Baxılan iş üzrə isə iddiaçının məhz ona əlillik verilməsinə əsas olmuş xəstəliyi hərbi xidmət dövründə aldığı müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respubli kasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər; - 27-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. «Hərbi qulluqç uların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinin tələbinə görə sığorta edilən hərbi qulluqçulara Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, milli təhlükəsizlik orqanlarının şəxsi heyəti, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər aid edilirlər. - 3-cü maddəsinin tələbinə görə hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır; - 4-cü maddəsinə əsasən bu qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir; - 5-ci maddəsinin “ç” bəndinin mənasına görə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travm a, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar 3 il müddətində sığorta olunana əlillik təyin olunduqda bu, sığorta hadisəsi hesab edilir və onlara sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İ qrup əlilliyə görə — 80 faizi nisbətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-c ü il tarixli qərarında qeyd olunmuşdur ki, “Şəxsin hərbi qulluqda olma, hərbi xidmət zamanı həlak olma (ölmə), itkin düşmə, xəsarət və əlillik qrupu alma, həmçinin yararsız kimi tərxis olunma tarixləri sığorta hadisəsinin baş vermə faktını inkar etmir və bu, sığorta ödənişinin ödənilməsindən imtina üçün müstəqil əsas ola bilməz. Əks təqdirdə, bu hal hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslər arasında sadəcə tarixə əsaslanmaqla ağlabatan olmayan differensasiyanın aparılmasına səbəb olar. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının mümkün məhdudlaşdırılmasına dair konstitusiya məqsədlərilə uyğunlaşmır və konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozur.” “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun birinci maddəsinin üçüncü bəndinə əsasən heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsinin birinci hissəsinə əsasən dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilin də hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik müddət xəstəliyin məhz hərbi xidmət zamanı alması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi faktının təsdiq edilməsi üçün müəyyən edilmiş müddətdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı hərbi xidmətdən 19.07.2004-cü il tarixdə tərxis edildikdən qısa müddət sonra, 18.08.2004-cü ildən 20.09.2004-cü ilə kimi Bakı şəhəri 5 nömrəli klinik xəstəxanasında müayinə və müalicə olunmuş, Nərimanov RHK-nın 27.04.2007-ci il tarixli 3/991 nömrəli göndərişi və 23.04.2007-ci il tarixli 774 nömrəli arayışı, 5 nömrəli klinik xəstəxanasından verilmiş 20.09.2007-ci il tarixli çıxarış epikrizi, N nömrəli hərbi hissədən verilmiş 04.08.2007-ci il tarixli 345 nömrəli arayışı, hərbi biletdən çıxarışlar nəzərə alınmaqla, MN MHHK-nın ekspertiza bölməsinin həkim-terapevtinin 19.10.2007-ci il tarixli rəyi ilə şəhadətləndirilmiş göstərilən xəstəliyin hərbi xidmət dövründə alınan xəstəlik olduğu müəyyən edilmişdir. Həmin qərar əsasında da ona 2-ci qrup əlillik təyin edilmişdir. Göründüyü kimi, iddiaçının xəstəliyinin hərbi xidmət zamanı alması və məhz bunun nəticəsində əlillik dərəcəsinin verilməsi hərbi xidmətdən tərxis olunduğu vaxtdan 3 il müddətində aşkar edilmişdir. Buna görə də, cavabdehin iddiaçıya hərbi xidmətdən tərxis edildikdən 13 il sonra əlilliyin təyin edilməsi və buna görə də, ona “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta məbləğinin verilməsindən imtinanın əsaslı olması barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edərək iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə dəlilləri əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini r əhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2019-cu il tarixli X5 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar