Məhkəmə qərarları › İş №2(102)-1697/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1697/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1697/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7908/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited şirkəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı2 xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı1 məxsus “Lexus RX 200 T” markalı avtomo bili etibarnamə əsasında idarə edərkən onun arxasınca hərəkət edən Cavabdeh2 idarə etdiyi “DAF” markalı avtomobillə İddiaçı1 məxsus avtomobili arxadan vurmuş, nəticədə sonuncuya məxsus avtomobil yolun kənarında quraşdırılmış dəmir təhlükəsizlik xəttinə dəyməklə əzilmişdir. Qəza nəticəsində İddiaçı1 avtomobilinin əzilməsi ilə əlaqədar maddi ziyan dəymişdir. Qəzanı törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin sentyabr ayında İddiaçı1 və İddiaçı2 cavabdehlər “2 K Hedef” Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited şirkətinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qəza nəticəsində avtomobilin əzilməsi ilə əlaqədar onlara 62.418 manat məbləğində maddi, 50.000 manat məbləğində mənəvi ziyanın dəyməsini əsas göstərməklə dəymiş maddi və mənəvi ziyanın, vəkilə ödənilmiş 110 manatın və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehlərdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-152/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: R.H.Xəzri) iddia qismən təmin edilərək cavabdehlərdən İddiaçı1 xeyrinə maddi ziyana görə 57.418 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited şirkətinin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin şirkət ə aid hissədə ləğv edilərək iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7908/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti üzrə apellyasiya qeyri- mümkün hesab edilərək iş Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri Cavabdeh şirkətin nümayəndəsi qərardaddan kassasiya şikayəti verərək cavabdehin nümayəndəsi olması barədə etibarnamənin əslini məhkəməyə təqdim etməsini və həmin sənədin əslinin hazırda işdə olmamasına görə məsuliyyət daşımamasını və s. əsas göstərməklə qəra rdadın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 vəkili şikayətlə razılaşmayaraq təmin olunmamasını, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 68.3. İşdə iştirak edən şəxslərin tapşırığı ilə vəkalət əsasında vəkil məhkəm ə aktlarından şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qətnamədən verilmiş apellyasiya şikayəti cavabdeh şirkətin nümayəndəsi Vəkil tərəfindən imzalansa da, həmin səlahiyyətin nümayəndəyə verilməsinə dair etibarnamənin əsli məhkəməyə təqdim olunmamış, işdə olan etibarnamənin kserosurətindən görünür ki, həmin etibarnamə Türkiyə Respublikasında verilmiş, lakin Azərbaycanda həmin sənəd qanunla müəyyən olunmuş qaydada leqallaşdırılmamışdır. Göstərilən vəziyyətdə apellyasiyanın qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası MPM-nin 89.3, 68.3, 73.1 və 74.2-ci maddələrinin tələblərinə uyğun olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ra zılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 Dövlətlərarası Nəqliyyat və Marketinq Ticarət Limited şirkətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7908/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar