Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1852/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)1090/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisinə dair 40 nömrəli xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən MTK-nın ünvan 1 ünvanında inşa etdiyi 2 bloklu 12 mərtəbəli yaşayış binasının birinci giriş Xİ mərtəbəsində 2 otaqlı 49 nömrəli sahəsi 75,58 kv.m. olan mənzili təmir edilərək İddiaçı təhvil verilməsini, sonuncu isə öz növbəsində ona məxsus Ə.Ağayev küçəsi 23 saylı ünvanda ümumi sahəsi 368,8 kv.m. olan 3 nömrəli mənzili Cavabdeh MTK-ya təhvil verməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 5.2-ci bəndindən görünür ki, müqavilədə göstərilən mənzil tam təmirli təhvil verilənədək vətəndaşa hər ay 5000 manat olmaqla kirayə haqqı ödəniləcəyinə tərəflər razılaşmış lar. 2. "xxxx" MTK və İddiaçı arasında bağlanmış çoxmənzilli yaşayış binasında yerləşən qeyri-yaşayış sahəsinə dair 03 nömrəli 10 mart 2018-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK ünvan 2 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının giriş İ mərtəbəsində ümumi sahəsi 380,0 kv.m. olan qeyri-yaşayış sahəsini təmir edərək İddiaçı təhvil verməsini, İddiaçı öz növbəsində ona məxsus ünvan 3 ünvanda ümumi sahəsi 368,8 kv.m. olan 3 nömrəli mənzili "xxxx" MTK-ya təhvil verməyi öz öhdəsinə götürmüşdür.
3. Mənzil 2019-cu ilin fevral ayında İddiaçı təhvil verilmiş, mülkiyyət hüququ 08 iyun 2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə mə hkəməyə müraciət edərək, cavabdehdən ödənilməyən mənzilin kirayə haqqına görə 21600 manat məbləğində pulun, iddiaçıya təhvil verdiyi mənzili parket döşəmə ilə təmir etmədiyinə görə 10000 manat məbləğində zərərin, cəmi 31600 manat pulun, habelə ödədiyi 185 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia belə əsaslandırılmışdır ki, tərəflər razılaşmışlar ki, mənzili iddiaçıya parket döşəmə ilə təhvil verəcəklər. Lakin, cavabdeh sözünə əməl etməmiş və ona həmin mənzili laminat döşəmə ilə təhvil vermişdir. Halbuki, iddiaçının MTK-ya təhvil verdiyi ünvan 4 ünvanda ümumi sahəsi 368,8 kv.m. olan 3 saylı mənzil parket döşəməli olmuşdur. Hazırda mənzildə laminat döşəməni söküb parket döşəmə ilə əvəz olunması üçün 10000 manat məbləğində xərc çəkmək lazımdır. Bundan başqa cavabdehlə aralarında bağlanmış həmin müqavilənin 5.2-ci bəndində qeyd olunur ki, cavabdeh tərəfindən müqavilədə göstərilən mənzili tam təhvil verilənədək o, hər ay 5000 manat olmaqla kirayə haqqı (arenda pulu) ödəniləcəkdir. Lakin cavabdeh həmin müqavilənin 5.2-ci bəndinin tələblərini də pozmuşdur. Belə ki, cavabdeh ona 30 aya görə hər ay 5000 manat kirayə haqqını ödəməmişdir. Beləliklə, cavabdeh 30 ay kirayə haqqına görə ona 150000 manat pul ödəməlidir. Hazırda cavabdehdən 150000 manat pulu hələ tələb etmir, iddiaçı cavabdehdən hər ayı 600 manat olmaqla 2017-2019-cu illər üzrə mənzilin 21600 manat kirayə haqını və 10000 manat parketin pulunu istəyir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(008)-5332/ 2023 nömrəli qətnaməsi ilə (hakim N.A.Cəfərli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, qeyd edilən mənzil 12 ay ərzində iddiaçıya tam təhvil verilmişdir. İddiaçı hansı səbəbdən kirayə haqqını 12 deyil, 30 ay hesablanmaqla təhvil verilməsini izah edə bilmədiyindən kirayə haqqı mənzil cavabdehə təhvil verildiyi tarixədək hesablanmalı, bundan sonra iddia tələbinin əsaslığına hüquqi qiymət verilməlidir.
8. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdeh tərəfindən 12 ay ərzində iddiaçıya 23500 manat kirayə haqqı ödənmiş olduğundan və ödənilən kirayə haqqının iddiaçının tələb etdiyi puldan yəni aylıq 600 manat hesablanmaqla 12 ay ərzində ödənilməli puldan (600 manat*12 ay=7200 manat), habelə iddiaçının tələb etdiyi kimi 30 ay (30 ay*600 manat=18000 manat) hesa blansa belə, çox olduğundan iddia tələbi bu hissədə təmin edilməməlidir.
9. Bundan başqa, 17 yanvar 2018-ci il tarixli müqavilədən cavabdehin mənzilin döşəməsini parket material vasitəsi ilə təmir etdirilməsinə dair öhdəlik olmadığından iddia tələbi bu hissədə də təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 385.2 448.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(1 03)-1090/2024 nömrəli qətnaməsi ilə (hakim A.Ə.İsgəndərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.N.Sadıqovdan və M.Ə.Rüstəmlidən ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(008)-5332/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə razılaşan apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır.
14. İş materiallarından görünür ki, cavabdeh MTK xx.xx.2018-ci il tarixli müqavilə üzrə ilk 4 ay 5000 manat olmaqla cəmi 20000 manat, daha sonra isə 7 aylıq 600 manat olmaqla, cəmi 3500 manat məbləğində aylıq kirayə haqqını iddiaçıya ödəmiş, iddiaçı isə akta imza edərək həmin pul məbləğlərini qəbul etmişdir. İddiaçı həmin aktları mübahisələndirsə də, aktların mötəbərliyini şübhə altına alan sübutları məhkəməyə təqdim etməmişdir.
15. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədə cavabdeh mənzilin döşəməsinə parket materialı vurulacağına dair öhdəlik götürməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)-1090/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mül ki Məcəllənin 163.1, 163.2, 164, 165-ci, Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi işi araşdırmamışdır. Mənzilə görə iddiaçıya cəmi 11 aya 600 manatdan 6600 manat pul ödənilmiş, qalan kirayə haqqı verilməmişlər. Cavabdeh tərəfindən məhkəməyə verilən aktlar saxtadır, aktlarda olan imzalar iddiaçıya məxsus deyil. Həmçinin mənzil iddiaçıya 12 aydan sonra təhvil verilməmişdir. Apellyasiya məhkəməsi işə obyektiv baxmamış, ədalətsiz qərar qəbul etmiş, iddiaçının iş üzrə ekspertizanın keçirilməsi barədə vəsatətinə baxmamış, sənədlərin sorğu edilərək reyestr xidmətindən götürülməsi məsələsini həll etməmişdir.
18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı ic raat qaydasında baxılmışdır.
19. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
20. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlüklə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərk ən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutl arla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və y a dəyişdirilməsi üçün əsas yoxdur.
24. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
25. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddianın rədd olunmasının əsası kimi cavabdehin iddiaçıya icra olunmamış öhdəliyinin qalmasına dair sübutların təqdim edilməməsi olmuşdur.
26. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətd ə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
27. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində tərəflərin izahatlarını və təqdim olunman sübutları əlaqəli şəkildə qiymətləndirmiş və yekun nəticəyə gəlmişdir. Bu zaman sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarının pozuntusuna yol verməsi kassasiya araşdırılması zamanı müəyyən olunmamışdır.
28. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işi n faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 yanvar 2024-cü il tarixli, 2(103)-1090/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.