Məhkəmə qərarları › İş №2(102)-1855/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1855/2023

30.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1855/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) 30.05.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, (məruzəçi) Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Azneft” İB-yə qarşı mənəvi zərər tələbinə dair mülki iş üzrə Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-718/2022 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli, 1(003)187/2019 saylı hökmü ilə X1 onun səhlənkarlığı nəticəsində X4 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.

2. İddiaçı X4 həyat yoldaşıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh “Azneft” İB-nə (bundan sonra – cavabdeh) qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 600000 manat mənəvi zərərin tutulmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 31 4.2- ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Əliqismət Nağıyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Əliqismət Nağıyev Cavabdeh H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin rəisi vəzifəsində işləməklə, vəzifə təlimatına uyğun olaraq işə vicdansız və laqeyd münasibəti və öz xidməti vəzifələrini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində 02 sentyabr 2018-ci il tarixdə H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin Buzovna sahəsinin 2-ci mədəninin 1368 say lı quyusunda yaranmış qəzanın, yəni qazma kəmərinin pərçimlənməsinin aradan qaldırılması üçün istismar kəmərinin 1984 metrlik sıxılmış hissəsinin düzləndirici alət vasitəsi ilə genişləndirmə əməliyyatını aparan H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsinin quyuların əsaslı və yeraltı təmiri sahəsinin quyularının əsaslı və yeraltı təmiri üzrə böyük ustası X4 təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət keçmədiyinə görə Əsəd Əliyev yaranmış qəzanın aradan qaldırılması üçün tal kanatına artıq yük vermiş və bu məqsədlə kənarda yerləşdirilmiş hidravlik çəki indikatoruna baxmaq üçün yaxınlaşaraq tal kanatın ölü ucunun yaxınlığında dayanmış, həmin vaxt sıçrayışla düzləndirici quyunun sıxılmış hissəsindən azad olunmuş və boşalma nəticəsində kanatın ölü ucu Əsəd Əliyevin boyun nahiyəsi nə ilişərək qaldırıb yerə çırparaq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malik və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəli olan kəskin qanitirmə ilə müşaiyət olunan boyunun yumşaq toxumalarının, əzələlərin, arteriya və venalarının əzilib-cırılması, qırtlağın cırılıb ayrılması, boyun fəqərələrinin qəlpəli,yerdəyişən sınıqları, onurğa beyinin zədələnməsi və İİ-İİİ boyun fəqərəsinin bağ aparatının qırılması və ayrılması fonunda boyunun ön-sağ və sol yan səthinin dərin əzilmiş-cırılmış yarası, sağlamlığın uzun müddət pozulmasına səbəb olmaqla sağlamlığa az ağır dərəcəli zərərvurma əlamətlərinə malik və ölümlə səbəbli əlaqəli olan döş sümüyü dəstəsinin qapalı, az yerdəyişən sınığı, sol İİİ, İV, V, Vİ, Vİİ və sağ V, Vİ, Vİİ, Vİİİ qabırğaların ortakörp ücük xətt üzrə qapalı az yerdəyişən sınıqları, sol dirsək sümüyünün açıq, qəlpəli sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül dərəcəli zərərvurma əlamətlərinə malik təpə nahiyəsinin, döş qəfəsinin və sol saidin əzilmiş yaraları, boyunun sağ yan səthinin qançırı və döş qəfəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.

5. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək, təmin olunmamasını xahiş etmiş və eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən keçirilmiş mənəvi iztirabın nədən ibarət olması və nədə ifadə olunması əsaslandırılmamışdır. Bundan başqa həyat yoldaşının vəfatı ilə əlaqədar iddiaçıya müvafiq ödənişlər edilmişdir.

6. Bakı şəhəri Səbai l Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(009)-1904/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin edilmiş, “Azneft” İB-dən mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 5000 manat məbləğində pul tutulmalıdır.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsi) 14.2.6, 1099.1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il, “Azərbaycan Respublikası Mülki Məcəlləsini n 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarları və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 77.1 və 82.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır.

11. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia nın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı keçirdiyi mənəvi iztirabın nədən ibarət olması, həyat yoldaşını itirməsi nəticəsində yaşama sevincindəki azalma və mənəvi huzursuzluğu ilə bağlı hər hansı əsaslandırma ortaya qoymamışdır. İddiaçının mərhumla rəsmi nikahda olması onlar arasındakı bağlılığın, mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etmir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin va etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli olduğu halda birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, yalnız iddiaçının mərhumla rəsmi nikahda olmasına görə, məhkəmə iddia tələbinin qismən təmin olunması barədə nəticəyə gəlmişdir.

13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-718/2023 nömrəli mülki iş üzrə 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi tutulan zərərin məbləği hissədə dəyişdirilərək cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin ə vəzi kimi 30.000 (otuz min) manat məbləğində pulun tutulması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, cavabdehin işçisinin təqsirli hərəkətləri nəticəsində iddiaçının ərinin həlak olması iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsini labüd etmişdir. Belə ki, həmin hadisə nəticəsində iddiaçının 28 illik həyat yoldaşını itirməsi iddiaçının şüurunda həqiqətən də çox ağır mənfi psixoloji reaksiyaya səbəb olması qaçılmazdır.

15. Birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyən edərkən iddiaçının keçirdiyi mənəvi iztirabların ağırlığını, zərərin baş vermə səbəbi olmuş hadisənin ağırlığını, yəni ölümlə nəticələnməsini, cavabdehin hüquqi ş əxs olmasını kifayət qədər nəzərə almamışdır ki, bu da zərərin miqdarının az müəyyən edilməsinə gətirib çıxarmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin iddiaçının mərhumla rəsmi nikahda olması onlar arasındakı bağlılığın, mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etməməsi dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçının mərhum əri ilə soyuq ailə münasibətlərinin olmasına dair sübutlar iş materiallarında mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayəti və ona əlavə ilə müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişd ir.

18. Kassasiya şikayəti və ona əlavə belə əsaslandırılmışdır ki, məhkəmənin sırf rəsmi nikahda olma faktına istinad edərək iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni qanuni və ədalətli hesab etmək olmaz. Belə ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində mərhumla iddiaçının ailə münasibətlərinin mehriban və etibarlı olmamasını sübut etmək üçün şahidlərin dindirilməsi ilə bağlı verdikləri vəsatətlər təmin edilməmişdir. İddiaçı tərəfindən mərhum həyat yoldaşının vəfat etməsi ilə bağlı keçirdiyi mənəvi iztirabın nədən ibarət olması, həyat yoldaşını itirməsi nəticəsində yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğu ilə bağlı hər hansı əsaslandırma ortaya qoymamışdır. İddiaçının mərhumla rəsmi nikahda olması onlar arasındakı bağlılığın, mərhumun vəfat ı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etmir. Apellyasiya instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, cavabdehin apellyasiya şikayətinin iddiaçının mərhumla rəsmi nikahda olması, onlar arasındakı bağlılığın, mərhumun vəfatı ilə əlaqədar ondakı yaşama sevincinin itirilməsini özü-özlüyündə ifadə etməməsi dəlillərinə münasibətdə isə kollegiya qeyd etmişdir ki, iddiaçının mərhum əri ilə soyuq ailə münasibətlərinin olmasına dair sübutlar iş materiallarında mövcud deyildir. Halbuki, cavabdeh tərəfindən bu halı sübut etmək üçün məhkəmə iclasında şahidlərin dindirilməsi ilə bağlı verilən vəsatət təmin edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən də mərhumun ölümü nəticəsində keçirdiyi mənəvi psixoloji sarsıntının nədən ibarət o lması və nədə ifadə olunması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hesab edirlər ki, məhkəmə tərəfindən mənəvi zərərə görə tutulmalı olmalı kompensasiya məbləğinə münasibətdə zərərin ehtiyatsızlıqdan törədilmiş əməl nəticəsində yaranması, cavabdeh tərəfindən mərhumun vəfatı və dəfni ilə əlaqədar xərclərin, eləcə də mərhumun vəfatı ilə əlaqədar sığorta ödənişinin onun varislərinə ödənildiyi nəzərə alınmamışdır. İcbari sığorta işəgötürənin əməyin mühafizəsi qaydalarının ehtiyatsızlıq üzündən pozulması nəticəsində vurduğu ziyanı da özündə ehtiva edir. “Azneft” İB tərəfindən mərhum İcbari Sığorta olunaraq sığorta məbləği olan 13155.84 (on üç min yüz əlli beş manat səksən dörd qəpik) varislərinə tam ödənilmişdir. Bundan başqa, mərhumun vəfatı ilə əlaqədar ailə üzvlərinə ümumi likdə 5000 (beş min) manatdan yuxarı pul verilmişdir. b) Kassasiya qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz iddianın dəlilləri və işin müəyyən edilmiş hallarından ibarət olmaqla tərtib edilmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

20. Maddə

14. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşd ur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır.

21. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarı

22. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kə sb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarı

23. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarı

24. Bənd

2. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanı n anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

25. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. MPM

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi ha lları sübut etməlidir.

28. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki ha llarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

35. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya inst ansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “Azneft” İB tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Bakı Məhkəməsi Mülki kollegiyasının 2(103)-718/2022 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar