Məhkəmə qərarları › İş №2(102)-2187/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2187/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2187/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aliment tələbi) 06.05.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdeh Ağaəli oğlunun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8173/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Atalığın müəyyən olunması haqqında şəhadətnamə ilə müəyyən olunur ki, 15.12.2010-cu il təvəllüdlü X5 atası “Cavabdeh Ağaəli oğlu”dur. Doğum haqqında şəhadətnamənin surəti ilə müəyyən olunur ki, 15.02.2010-cu il təvəllüdlü X5 “Valideynləri” qrafasında atası “Cavabdeh Ağaəli oğlu”, anası isə “İddiaçı”dır. Cavabdeh hər ay 1722,81 manat məbləğində yaşa görə əmək pensiyası, X7 görə 80.00 (səksən) manat məbləğində ömürlük Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı –15.12.2010-cu il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində 1000 manat alimentin X2 tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci ildə Naxçıvan MR, Şərur rayonunda xx.xx.1970-ci il tarixində doğulmuş AR X3 Xidmətində çalışan Cavabdeh Ağaəli oğlu ilə tanış olmuş və onunla uzun müddət sevgi münasibətlərində olduqdan sonra, 2009cu ilin sonlarında ailə qurmaq məqsədi ilə qoşulub qaçmışdır. Ər-arvad kimi bir yerdə yaşamağa başladıqdan sonra iddiaçı onun evli olduğundan şübhələnmiş və cavabdeh hələ iddiaçı ilə tanış olmamışdan əvvəl evli olduğunu və 2 oğul övladına sahib olduğunu boynuna almışdır. 15 dekabr 2010-cu il tarixdə X9 dünyaya gəlmişdir. Sonradan Cavabdeh Azərbaycanda dələduzluq üstə axtarışda olduğunu söyləyərək, Rusiya Federasiyasına getdiyini bildirib, bir müddət sonra iddiaçını və uşağını yanına aparacağına söz verərək aradan çıxmışdır. İddi açı ilk müddətlərdə onunla telefon əlaqəsinə çıxsa da, sonradan cavabdehin telefonlarına zəng çatmamışdır. 10 il keçəndən sonra Cavabdeh Azərbaycana qayıtmışdır və iddiaçı axtarışlarının səyi nəticəsində onu tapmışdır. Bu günki gündə o öz uşağına sahib çıxmır, ona atalıq qayğısı göstərmir, onun necə və hansı şəraitdə böyüdüyündən xəbəri yoxdur, sonuncu dəfə uşağı 6 aylıq olanda görüb. Cavabdeh 10 il ərzində özünü subay kimi qələmə verərək iddiaçını, aldadıb, onun həyatını puç etdiyi azmış kimi, oğlunun da atasız böyüməsi onun sağlamlığına fiziki və psixoloji təsir etmişdir. İddiaçının oğlunun gözündə problem var, bir dəfə əməliyyat olunub, və yenidən əməliyyat olunması üçün külli miqdarda pul vəsaiti lazımdır. İddiaçı Cavabdeh qoşulub qaçandan kirayələrdə yaşayır, qalacaq yeri yoxdur, on un aylıq gəliri yoxdur, iddiaçıya və oğluna qohum-əqrəba baxır, iddiaçı istəmir ki, onun uşağı digər uşaqlardan geri qalsın, iddiaçının hər ay liseyin sürücü servisinə 100 manat xərci çıxır, uşaq təhsilindən geri qalmasın deyə iddiaçı ona müəllim tutmuşdur. Bütün bu məsrəflərə İddiaçı gücü çatmır. Cavabdeh uşağa maddi yardım göstərmək istəmir, iddiaçı uşağa maddi yardım istəyəndə ona hədə-qorxu gəlir, iddiaçını həbs etdirəcəyini, qohumlarının başına oyun açacağını bildirir, şantaj edir. Dövlət tərəfindən təyin olunan sabit aliment olan 170 manatla uşağın aylıq tələbatını ödəmək çətin olacaq, məhkəmə tərəfindən aliment yüksək kəsilərsə, iddiaçı oğlunun gələcəkdə kirayələrdə yaşamaması üçün şərait yaradardı. İddiaçının nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 dekabr 2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 1000 manat alimentin tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020-cu il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş № 2(011)4459/2020) iddia qismən təmin edilərək, 15 dekabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 14 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay 170 (yüz yetmiş) manat məbləğində sabit pul şəkilində aliment tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh Ağaəli oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə hazırda iddiaçının yanında saxlandığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentybar 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, həmin qətnaməyə əsasən 15 dekabr 2010-cu il tarixli X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 14 avqust 2020-ci il tarixdən başlayaraq, hər ay 170 manat məbləğində sabit pul şəkilində İddiaçı ödənilməli olan alimentin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə uyğun olaraq artırılmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Məmmədova sədrliyi və məruzəsi ilə, hakimlər E.Mehdiyev və X.Sarıyevdən ibarət tərkibdə, iş № 2(103)-8173/2020) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(011)4459/2020 nömrəli qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş, 15 dekabr 2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 450 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan, yetkinlik yaşına çatmamış uşaq isə hazırda iddiaçının yanında saxlandığından, uşağın sa xlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eyni zamanda cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, qətnamə tutulan alimentin məbləği hissəsində dəyişdirilərək uşaq yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 450 (dörd yüz əlli) manat məbləğində aliment tutulmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X8) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki K ollegiyasının 19 noyabr 2020-ci il tarixli 2(103)-8173/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırlımışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuşdur. Belə ki, məhkəmə onun pensiyaçı olmasını, öhdəsində digər ailə üzvlərinin olmasını nəzərə almamış, eyni zamanda məhkəmə qətnamə çıxararkən onun maddi və ailə vəziyyətini nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Vəkil izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallar ının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermiş, tələbi qətnamənin tam ləğv olunmasından ibarət olsa da dəlilləri iddianın təmin olunmuş hissəsinə yönəlmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə yoxlanır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən m əhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığı nı məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə i clasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh oğlu kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürərək, qətnamə çıxararkən onun digər ailəsinin olmasını, pensiyaçı olmasının və maddi vəziyyətinin nəzərə alınmadığını qeyd etmişdir. Cavabdehin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin aylıq qazancının məbləğini və atalığı müəyyən edilmiş uşaq qarşısında cavabdehin vəzifələrinin olmasını nəzərə alaraq müəyyən etdiyi aliment məbləği ağlabatan və uşağın mənafeyinə uyğundur. Cavabdeh tərəfin dəlilləri heç bir halda uşağını artan tələbatının təmin edilməsi və cavabdehin həmin uşaq qarşısında mövcud olan öhdəliyinin icrasından azad edilməsinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiya sı məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8173/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar