Məhkəmə qərarları › İş №2(102)-2370/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2370/2019

03.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2370/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.11.2018-ci il tarixli 2(103)12358/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.A.Bağırova, iş № 2(009)-1307/2018) İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair i ddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.K.Xəlilov, X.A.Cəmilova və İ.Ə.Kərimli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Səbail rayon məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 21 iyul 2017-ci il tarixdə Almaniya Federativ Respublikasının Nyumberq şəhərində səfərdə olarkən qəfildən baş vermiş qanaxma nəticəsində Hallervize klinikasında əməliyyat olunmuş və bununla əlaqədar müayinə və əməliyyata görə 2455,67 avro məbləğində pul vəsaiti ödəmişdir. 2018-ci ilin yanvar ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həmin hadisənin 06 iyun 2017-ci il tarixdə Cavabdeh Sığorta şirkəti ilə bağlanmış müqavilənin11 iyul 2017-ci i l tarixdən 10 iyul 2018-ci il tarixədək qüvvədə olduğu dövrdə baş verməsini, lakin buna baxmayaraq şirkətin sığorta ödənişini həyata keçirməkdən imtina etməsini əsas göstərməklə müayinəyə (500 avro) və əməliyyata görə (1955,67 avro) ödədiyi 2.455,67 avronun və həmin məbləğin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar ona dəymiş mənəvi zərərin əvəzi 2000 avronun, cəmi 4.455,67 avronun sığorta şirkətindən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olun masına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə kollegiyası tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, hazırkı iş üzrə mübahisə doğuran məsələ iddiaçıya sığorta ödənişinin verilməsi üçün hüquqi əsasların olub-olmaması ilə bağlıdır. İddiaçı hesab edir ki, xarici ölkədə səfərdə olarkən əvvəllər ona məlum olmayan xəstəlikdən qəflətən baş vermiş qanaxma nəticəsində huşunu itirmiş və bununla əlaqədar müayinə və əməliyyat olunduğundan həmin işlərin görülməsi üçün çəkdiyi xərclər onunla cavabdeh arasında bağlanmış səfər sığortası müqaviləsinə əsasən ona ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçının tədricən inkişaf edən xroniki xəstəlikdən əməliyyat olunmaqla onun qəfil yaranmış xəstəliklər sırasına daxil olmamasını əsas göstərməklə iddianı qanunsuz saymışdır. Apellyasiya məhkəməsinə görə sığorta ödənişi səfərdə olarkən qəflətən baş vermiş xəstəliyə və başqa bədbəxt hadisəyə görə ödənilir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə sığorta şəhadətnaməsinin tələbinə, tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla sığorta münasibətlərini tənzimləyən qanunun tələblərinə istinad olunmadan çıxarıldığından qətnamə qanuni sayıla bilməz. İş materiallarından görünür ki, tərəflər arasında səfər sığortası müqaviləsi bağlanmış və iddiaçıya sığorta şəhadətnaməsi verilməklə şəhadətnamədə sığorta risklərinin dairəsi müəyyən olunmuşdur. Sığorta şəhadətnaməsində sığorta riski kimi qəfil xəstəlik və ya bədbəxt hadisə müəyyən olunmuşdur. Hazırkı mübahisəyə baxılması ilə əlaqədar Azərbaycan Respubl ikası Səhiyyə Nazirliyi Məhkəmə - Tibbi Ekspertiza və X2-Təcrübi və Tədris Birliyinin ekspertləri tərəfindən verilmiş 08 may 2018-ci il tarixli rəydən görünür ki, iddiaçı “submukoz mioma” xəstəliyindən əziyyət çəkməklə həmin xəstəlik xroniki gedişli olub tədricən inkişaf edən xəstəlikdir. İnkişaf mərhələsindən asılı olaraq müxtəlif simptomatik əlamətlərlə, o cümlədən qəfil qanaxma ilə özünü büruzə verə bilər. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini əsassız hesab edərkən ekspertlərin həmin rəyinə istinad etmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddia məhz həmin rəy əsas götürülməklə rədd olunmuşdur. İddiaçının izahatından məlum olur ki, o, “submukoz mioma” xəstəliyinə tutulmasından xəbərsiz olmuş və səfərdə olarkən qəflətən baş vermiş qanaxma nəticəsində huşunu itirmiş və əməli yyat olunmuşdur. Həmin xəstəliyin xroniki hal daşıması ekspert rəyi ilə müəyyən olunsa da, sığorta şəhadətnaməsində xroniki xəstəliyin verdiyi fəsadlara görə sığorta ödənişinin verilməməsi nəzərdə tutulmamışdır. Xəstəlik xroniki olsa belə qanaxma gözlənilmədən-qəflətən baş verməklə iddiaçının sağlamlığı və həyatı üçün qəfil təhlükə törətmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi işin həmin halını nəzərə almamış, sığorta şəhadətnaməsində müəyyən olunmuş qəfil xəstəliyin baş verməməsi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinə görə hər hansı bir xəstəlik məhz səfərdə olarkən qəflətən baş verməmişsə sığorta ödənişi verilə bilməz. Belə vəziyyətdə xroniki xəstəliyin mövcudluğunun baş vermiş hadisənin qəfilliyini istisna etməsi barədə məhkəmənin qənaəti ağlabatan say ıla bilməz. Belə olduqda şəhadətnamədə sığorta risklərinin dairəsi daha dəqiq göstərilməli və sığortalı nədən sığortalanmasını aydın dərk etməli idi. Sığorta şəhadətnaməsindəki qeyri-müəyyənliyin və qeyri-dəqiqliyin nə dərəcədə iddianı rədd edilməsi üçün əsas verməsinə məhkəmə tərəfindən qiymət verilməli idi. İşdən göründüyü kimi məhkəmə tərəfindən iddia rədd olunarkən yalnız sığorta şəhadətnaməsində dəqiq ifadə olunmamış və mahiyyəti tam açılmamıç “qəfil xəstəlik” hadisəsinə istinad olunmuş, bu zaman mübahisəni tənzimləyən maddi hüquq normalarına istinad olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 26 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar