Məhkəmə qərarları › İş №2(102)-2383/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2383/2021

03.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2383/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 Cavabdeh xxxxxxxxğluna qarşı iddia tələbinə iş üzrə QƏRARİ Açar sözlər: yetkinlik yaşına çatmış övladdan aliment tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçı X1 və onun vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6405/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları X3 (bundan sonra- iddiaçı) Cavabdeh xxxxxxxxx oğlunun (bundan sonra – cavabdeh) atasıdır. İddiaçı xx.xx.1952-ci il təvəllüdlü olmaqla pensiyaçıdır, 230 manat pensiya alır və özünə məxsus olan mənzildə tək yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay 190 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1978-ci il tarixdə X6 qızı ilə ailə həyatı qurmuş, həyat yoldaşı 2003-cü ildə vəfat etmişdir. Cavabdehi o və həyat yoldaşı 1985-ci ilin dekabr ayında övladlığa götürmüşlər. Gənc olan zaman oğlunun təhsilinə və tərbiyəsinə şəxsən özü nəzarət etmiş, ona yaxşı təhsil verilməsinə nail olmuşdur. 37 il ümumi əmək stajı vardır. Bütün qazancını daim ailəsinə sərf etmişdir. Oğlunu həm təhsillə, həm də işlə təmin etmişdir. Ona ailə həyatının qurulmasında maddi və mənəvi dəstək olmuşdur. Hazırda həm oğlu, həm gəlini işləyir. Oğlu ali təhsilli idman müəllimi, gəlini isə musiqi müəlliməsidir. Aldığı təqaüd ona kifayət etmir. Oğlu isə ona maddi və mənəvi yardım göstərmir və bundan imtina edir. Əksinə ondan müxtəlif bəhanələrlə pul tələb edir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddianı qəbul etmədiyini, Banka borcu olduğunu, evinin olmadığını, arvadı və azyaşlı uşağı ilə birlikdə yaşadığını qeyd etmişdir. Bakı Şə həri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1615/2020 nömrəli iş üzrə 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) iddia təmin olunmamışdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının maddi yardıma ehtiyacı olması faktı məhkəmə araşdırması zamanı sübuta yetirilməmişdir. İddiaçı, həmçinin özünün saxlanmasını tələb etdiyi övladının maddi vəziyyəti ilə bağlı da hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi əsassızdır və təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 82-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 76.1, 76.2, 77, 88-ci maddələrinə istinadla əsasland ırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6405/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, qanunvericiliyə əsasən, bu kateqoriya işlərə baxılarkən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladların maddi vəziyyəti, ailə vəziyyəti və diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Hazırkı işdə cavabdehin maddi vəziyy ətinin iddiaçıya aliment ödənilməsi üçün yetərli olması müəyyən olunmamışdır. İddiaçı isə hər ay 230 manat pensiya alır. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən isə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə … pensiyaçılar üçün 157 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübuta yetirə bilməmişdir. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 82-ci, MPM-nin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunm asını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını araşdırmamış, təqdim etdiyi sənədlərə diqqət yetirməmiş, verdiyi izahatı nəzərə almamış və onun maddi vəziyyətini çətinliyə salan qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılm asını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiy ası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və ( və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Ailə Məcəlləsi Maddə 82 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin hə cmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bunun nədən ibarət olması ilə bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Apellyasiya şikayətinin dəlilləri ilə eyni olan həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdi r. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6405/2020 nömrəli iş üzrə 08 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar