Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2399/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: alimentin tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 01.06.2010-cu il tarixdə nikaha girmişlər. Bu nikahdan 06.04.2011-ci il təvəllüdlü x və 12.11.2012-ci il təvəllüdlü xadlı uşaqları doğulmuşdur.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 20.12.2018-ci il tarixli, X saylı qətnaməsi ilə tərəflərin nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmışdır. Həmin qətnamə ilə aliment tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 06.04.2011-ci il təvəllüdlü X2 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, həmin mülki işə baxılarkən cavabdehin xahişi ilə aliment tələbi irəli sürməmişdir. Belə ki, cavabdeh müvafiq məhkəmə qətnaməsi olmadan da uşaqlara maddi yardım edəcəyinə söz vermişdi. Lakin aradan uzun zaman keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözə əməl etməmiş, uşaqlara hər hansı bir yardım göstərməmişdir. Odur ki, cavabdehdən məcburi aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalmışdır. Məlumat üçün bildirir ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur və aliment ödəmə qabiliyyətlidir.
5. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etməmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) 18 mart 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 06.04.201 1-ci il təvəllüdlü X2 və 12.11.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 fevral 2020-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə qətnamə qəbul edərkən Ailə Məcəllənin 75-ci və 78-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) 07 sentyabr 2020-ci il tarixli, 2(103)-6071/20 nömrəli qətnaməsi ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2032/2020 saylı, 18 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən s axlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya nikahları məhkəmə qaydasında ləğv edilmədən öncə övladlarının aliment pulunu birdəfəlik ödəmişdir. Belə kı, 08.10.2018-ci il tarixdə Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu X3 iştirakı ilə İddiaçı övladlarının aliment pulunu birdəfəlik ödəmişdir. İddiaçı da notarial qaydada təsdiq edilmiş ərizədə ondan və valideynlərindən aliment tələb etməyəcəyini bildirmişdir. Birdəfəlik alimenti ona görə iddiaçıya ödəmişdir ki, gələcəkdə ona qarşı tələbi olmasın. İddiaçının ona qarşı bu iddiası qərəzlidir və niyyəti onun ikinci ailəsinə xələl gətirməkdir. O, 08 may 2019-cu il tarixdə İddiaçı Əliyar qızı ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Lakın 2018-ci ildən qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışlar. Onların birgə münasibətindən bir övladları- 27 mart 2018-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Hal-hazırda da övladları X və Xn ilə görüşür. Onlar ilə olan münasibəti çox yaxşıdır. Bunu iddiaçı özü də çox yaxşı bilir. Övladlarına aliment pulunu bırdəfəlik ödəməsinə baxmayaraq, onların digər tələbatlarını da ödəyir (geyim, yemək, içmək və digər məktəb xərcləri). Bunları qeyd etm əkdə məqsədi iddiaçının ona qarşı etdiyi bu haqsız addımdır. Övladlarına birdəfəlik alimenti ödəmək üçün evini satmış, hazırda işsizdir, heç bir yerdən gəliri yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, qarşı tərəf yalan məlumatlar verir və sadəcə alimentin ödəməsindən yayınmağa çalışır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, i şə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
14. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
15. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. Maddə 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
17. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir his səsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
18. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviy yəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olun ubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 24. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). 25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170 manat müəyyən edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi onun alimenti ödəməyə imkanı çatmadığı onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu ol duğu əvvəlki nikahından doğulmuş uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
28. Uşağa qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
29. Bundan başqa, cavabdeh alimenti birdəfəyə ödəməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Təqdim etdiyi ərizənin məzmunu isə nəinki alimentin birdəfəyə ödənilməsini təsdiq edir, əksinə iddiaçının apellyasiya baxışında göstərdiklərinin inandırıcı və ağlabatan olduğunu bilavasitə təsdiq edir. Çünki, uşaqlara aliment tələb edilməsindən imtina edilməsinə şəxs məcbur edilə bilməz.
30. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellya siya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
31. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
32. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instan siyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 07 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.