Məhkəmə qərarları › İş №2(102)-2691/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2691/2019

30.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci tarixli, 2(001)6305/2018 saylı qətnaməsi ilə (hakim F.Qasımov) iddia tələbi təmin edilərək, 28980 manat sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ndən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12615/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: E.Həsənov, X.Mərdanova və F.Babayev) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci tarixli, 2(001)-6305/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12615/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı2008-ci ildən 2014-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizli k Nazirliyində və Dövlət Təhlükəsizlik Xidmətində hərbi xidmətdə olmuş, 2014-cü ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən 2-ci qrup əlil kimi ehtiyata buraxılmışdır. MTN-də həqiqi hərbi xidmət dövründə dəfələrlə MTN-in poliklinikasında, DTX-nın Hərbi Hospitalında müalicə edilmiş, səhhətindəki problemlərlə əlaqədar DTX-nın Kadrlar Baş İdarəsinin göndərişinə əsasən DTX HTB Mərkəzi hərbihəkim komissiyası tərəfindən ona 25.06.2014-cü il tarixdə 534 saylı xəstəlik şəhadətnaməsi verilmişdir. Bunun əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 19.09.2014-cü il tarixdə 2-ci qrup əlil kimi qeydiyyata alınmış və bunu təsdiq edən arayış almışdır. Həmin arayışı 2014-cü ilin sentyabr ayında Şirkətə təqdim etmiş, 2-ci qrup əlil olması nəzərə alınaraq “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunla nəzərdə tutulmuş müddəalar əsas götürülərək hərbi qulluqçu kimi ona 6600 manat sığorta pulu ödənilmişdir. DTX-da hərbi xidmət keçdiyinə görə Şirkətə müraciət edərək sığorta ödənişinin “Kəşfıyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən hesablanaraq ödənilməsini istəmiş, lakin Şirkət bu müraciətə müsbət cavab verməmişdir. Halbuki həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilmiş, DTX-nın Maliyyə İdarəsi tərəfindən verilmiş arayışa görə isə onun son 5 illik pul təmi natı 58.766 manat olmuşdur. “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona bu məbləğin 60 faizi miqdarında, yəni 35.580 manat sığorta ödənişi verilməli olduğunu bildirmiş, buna görə də ödənilməmiş qalan 28.980 manat sığorta ödənişinin Şirkətdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)12615/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçıməhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı Azərbaycan Respubl ikası Dövlət Sığorta Kommersiya Şirkətinə (Şirkət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2008-ci ildən 2014-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində (MTN) və Dövlət Təhlükəsizlik Xidmətində (DTX) hərbi xidmətdə olduğunu, 2014-cü ilin iyun ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən 2-ci qrup əlil kimi ehtiyata buraxıldığını, MTN-də həqiqi hərbi xidmət dövründə dəfələrlə MTN-in poliklinikasında, DTX-nın Hərbi Hospitalında müalicə edildiyini, səhhətindəki problemlərlə əlaqədar DTX-nın Kadrlar Baş İdarəsinin göndərişinə əsasən DTX HTB Mərkəzi hərbihəkim komissiyası tərəfındən ona 25.06.2014-cü il tarixdə 534 saylı xəstəlik şəhadətnaməsi verildiyini, bunun əsasında Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfındən 19.09.2014-cü il tarixdə 2-ci qrup əlil kimi qeydiyyata alındığını və bunu təsdiq edən arayış aldığını, həmin arayışı 2014-cü ilin sentyabr ayında Şirkətə təqdim etdiyini, 2-ci qrup əlil olması nəzərə alınaraq “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunla nəzərdə tutulmuş müddəalar əsas götürülərək hərbi qulluqçu kimi ona 6600 manat sığorta pulu ödənildiyini, DTX-da hərbi xidmət keçdiyinə görə Şirkətə müraciət edərək sığorta ödənişinin “Kəşfıyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna əsasən hesablanaraq ödənilməsini istədiyini, lakin Şirkətin bu müraciətə müsbət cavab vermədiyini, halbuki həmin Qanunun 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edildiyini, DTX-nın Maliyyə İdarəsi tərəfındən verilmiş arayışa görə isə onun son 5 illik pul təminatının 58 766 manat olduğunu, “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən ona bu məbləğin 60 faizi miqdarında, yəni 35 580 manat sığorta ödənişi verilməli olduğunu bildirmiş, buna görə də ödənilməmiş qalan 28 980 manat sığorta ödənişinin Şirkətdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2018-ci tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2018-ci il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qət naməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən iddiaçı, 2008-ci ildən 2014-cü ilə qədər Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində (MTN) hərbi xidmətdə olmuş, MTN-nin Kadrlar Baş İdarəsinin göndərişinə əsasən MTN HTBİ Mərkəzi hərbi-həkim komissiyası tərəfındən ona 25.06.2014-cü il tarixdə 534 saylı xəstəlik şəhadətnaməsi verilmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar 2-ci qrup əlil kimi ehtiyata buraxılmış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfındən 19.09.2014-cü il tarixdə 2-ci qrup əlil kimi qeydiyyata alınmış və 2-ci qrup əlil olması nəzərə alınaraq “Hərbi qulluqçuların dövlət icbari sığortası haqqında” qanunla nəzərdə tutulmuş müddəalar əsas götürülərək cavabdeh Şirkət tərəfindən ona 6600 manat sığorta pulu ödənilmişdir. Tərəflər arasında mübahisə, iddiaçının, ona sığorta ödənişinin verilməsi zamanı “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla yanaşı, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun müddəalarının da nəzərə alınmalı olduğunu irəli sürməklə cavabdeh Şirkətdən daha artıq sığorta ödənişi tələb etməsi, Şirkətin isə Dövlət Təhlükəsizliyi Xidməti və Şirkət arasında bağlanmış müqaviləyə görə DTX-nın hərbi qulluqçularının icbari sığortasının yalnız “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunla tənzimləndiyini bildirməklə bundan imtina etməsi nəticəsində yaranmış, birinci instansiya məhkəməsi də iddiaçının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi hərbi qulluqçu statusuna malik olmaqla yanaşı, tutduğu vəzifənin hərbi əkskəşfiyyat fəaliyyətindən ibarət və onun statusunun digər hərbi qulluqçulardan fərqli olaraq əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusundan ibarət olduğunu vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Hazırki işin mübahisəsiz hallarından biri ondan ibarətdir ki, iş üzrə iddiaçı müvafiq qanunvericiliyə əsasən hərbi qulluqçu statusu ilə yanaşı, əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin hərbi qulluqçusu statusunu da daşıyır. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 4-cü maddəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin “ç” bəndinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığorta olunana əlillik təyin olunduqda sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişi bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin İİ qrup əlilliyə görə — 60 faizi nisbətində verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Res publikası Qanunun 20.2-ci maddəsinə görə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının pul təminatı (təminat xərcliyi) vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, üstəlik verilən pul təminatının digər növlərindən, kompensasiyalardan və müavinətlərdən ibarətdir. Həmin Qanunun 20.11-ci maddəsinə görə, kəşfıyyat və əks-kəşfıyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun qeyd edilən normasının tələblərini və iddiaçının statusunu (əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçusu olması) nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki halda "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanun sahə normativ hüquqi aktı hesab olunmalı və iş üzrə tərəflər arasındakı münasibətlərə tətbiq edilməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddiaçının müvafiq qanunvericiliyə əsasən hərbi qulluqçu statusu ilə yanaşı, əks-kəşfiyyat fəaliyyətinin subyektlərinin hərbi qulluqçusu statusunu da daşıması ilə bağlı qənaəti ilə, habelə bu baxımıdan iddiaçıya sığorta ödənişinin məhz "Kəşfiyyat və əks-k əşfiyyat fəaliyyəti haqqında" Qanunla nəzərdə tutulmuş həddə ödənilməli olması ilə bağlı yuxarıda qeyd edilən qənaəti ilə razılaşsa da, hazırki halda sığorta etdirən qismində çıxış edən müvafiq icra hakimiyyəti orqanının əməkdaşı olmuş iddiaçını sığortaçı olan cavabdeh Şirkətlə məhz “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş siğorta ödənişi həddində sığortalamamasınının iddiaçının hazırki tələb üzrə cavabdehdən sığorta ödənişini tələb etmək hüququnun qarşısını almaması ilə bağlı gəldiyi qənaətlə razılaşmır. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haq qında Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir; 3-cü maddəsinə əsasən hərbi qulluqçuların sığortaçısı dövlət sığorta orqanıdır. Sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan bu Qanunun 6-cı maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanları ilə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz; 4-cü maddəsinə əsasən sığorta haqqı, sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir; 6-cı maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası müvafiq icra hakimiyyəti orqanları (sığortalılar) üçün bu məqsədlə hər il dövlət büdcəsində nəzərdə tut ulmuş vəsait hesabına aparılır. Sığortalılar hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını təmin etmək üçün onlara bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitdən tələb olunan sığorta haqlarının məbləğini hər il rüblər üzrə sığortaçıya ödəyirlər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən ayrı-ayrı icbari sığorta növlərinə aid digər qanunlarda fərqli müddəaların nəzərdə tutulduğu hallar istisna olmaqla, bu Qanunun Ümumi bölməsi icbari sığorta növləri üzrə münasibətlərdə tətbiq edilməli olan əsas prinsipləri və müddəaları müəyyən edir; 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olun anlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 907.1-ci maddəsinə əsasən icbari sığorta qanunları ilə üzərinə icbari qaydada sığorta etdirmək vəzifəsi qoyulan şəxs müvafiq icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçını sərbəst seçmək hüququndan istifadə etməklə müvafiq icbari sığorta müqaviləsini bağlamağa borcludur; 907.2-ci maddəsinə əsasən icbari sığorta növünü aparmağa icazəsi olan sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi, icbari sığortalar üzrə sığorta hadisəsi hesab edilən hallar, ödənilməli olan sığorta haqqı, sığorta ödənişinin həddi və hətta sığortaçı belə qanunl a müəyyən edilsə də, icbari sığortalanmanın həyata keçirilməsi üçün imperativ olaraq sığorta etdirən müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı arasında icbari sığorta müqaviləsinin bağlanması və qanunla müəyyən edilmiş sığorta ödənişinə uyğun müvafiq sığorta haqqının ödənilməsi tələb olunur. İcbari sığorta müqaviləsinin bağlanmaması və yaxud qanunla müəyyən edilmiş şəkildə bağlanmaması isə qanunvericiliklə apellyasiya instansiya məhkəməsinin müəyyən etdiyi kimi sığortaçının deyil, sığorta etdirənin məsuliyyətinə aid məsələlərə aid edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 897.2-ci maddəsinə əsasən xeyrinə icbari sığorta müqaviləsi bağlanmalı olan şəxs sığortalanmadığını bildikdə onu sığorta etdirmək vəzifəsi olan şəxsdən sığorta etdirilməsini məhkəmə qaydasında t ələb etmək hüququna malikdir; 897.3-cü maddəsinə əsasən icbari sığorta qanunları ilə icbari sığorta etdirmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirmədikdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır. Göründüyü kimi, iddiaçının əməkdaşı olduğu müvafiq icra hakimiyyəti orqanı ilə sığortaçı olan cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinin iddiaçıya münasibətdə məhz “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanuna uyğun şəkildə bağlanıb-bağlanmamasını, habelə ödənilmiş sığorta haqqının da istinad edilən qanunda müəyyən edilmiş sığorta ödənişinə münasibətdə ödənilib-ödənilmədiyini müəyyən etmədən iddia tələbində əks olunmuş məbləğdə sığorta ödənişinin cavabdehdən tutulması qanunvericiliyin istinad edilən tələbləri baxımından yolverilməzdir. Belə ki, icbari sığorta müqaviləsinin sığortaçının təqsiri olmadan müvafiq qaydada bağlanmaması, habelə sığorta haqqının da müvafiq həddə ödənilməməsi Mülki Məcəllənin 897.3-cü maddəsi baxımından sığortaçının sığortaolunan qarşısında məsuliyyətini istisna edir. Apellyasiya instansiyası məhkəməsi isə həmin halları araşdırmadan iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasına dair qətnamə qəbul etmişdir. Odur ki, kas sasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” Dövlət Sığorta Kommersiya Şirkətinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12615/2018 saylı, 29 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar