Məhkəmə qərarları › İş №2(102)-2716/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2716/2022

06.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2716/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən çıxarma, paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə istifadə hüququnun bərpa edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6547/2020 nömrəli, 04 sentyabr 2020-ci il t arixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi paylı mülkiyyətdə olan fərdi yaşayış evinin (bundan sonra – mübahisəli ev) 1/3 hissəsi daşınmaz əmlakın dövlət reyestrində 29 yanvar 2015-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır.

2. Mübahisəli evin qalan 2/3 hissəsinin 9 kv.m yaşayış, 9,2 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh1, 17,4 kv.m yaşayış, 2,6 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh2, qalan hissəsi isə X1 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya m əhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli evin ona məxsus olan 1/3 hissəsindən Cavabdeh3 və Cavabdeh4 çıxarılması və mənzilin boşaldılaraq iddiaçının həmin evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan ev cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən zəbt olunduğundan, iddiaçı, evinə köçüb yaşaya bilmir. Göstərilənlərə əsasən cavabdehlər mübahisəli sahədən (evin ona məxsus 1/3 hissəsindən) çıxarılmalı, sahə boşaldılaraq iddiaçı həmin sahəyə köçürülməlidir.

5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisə li evdə 1975-ci il tarixdən yaşayır. Yaşayış sahəsi əvvəllər Salmanova Tahirəyə məxsus olmuşdur. Salmanova Tahirə özünə başqa ünvanda ev alması ilə əlaqədar həmin yaşayış sahəsindən köçmüş, həmin ünvandan köçərkən onun valideyinləri ilə Salmanova Tahirə arasında əldə olunmuş razılığa əsasən o, həmin hissəyə köçmüşdür. Valideynləri tərəfindən həmin yaşayış sahəsinin dəyəri olaraq 6000 manat məbləğində pul Salmanova Tahirəyə ödənilmiş, lakin bu barədə hər hansı bir sənədləşdirilmə işləri aparılmamışdır. İddiaçını tanımır, lakin onun həyat yoldaşı Rafiq adlı şəxs onlara gələrək evin boşaldılmasını tələb etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, o, mübahisəli evə 2000-ci ilin iyul ayında Cavabdeh3 ilə rəsmi nikaha daxil olaraq cehiz əşyal arı ilə köçmüş və hal-hazıradək orada yaşayır.

7. Məhkəmə iclasında Cavabdeh1 iddianın həll olunmasını məhkəmənin mülahizəsinə verərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nə ona, nə Cavabdeh2, nə də X2 məxsus paylarda yaşamırlar. O 2003-ci il tarixdə ona məxsus payı almış və ora köçmüş, və həmin tarixdən Əzimovların həmin ünvanda yaşadıqlarının şahidi olmuşdur.

8. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 nə ona, nə Cavabdeh1, nə də X2 məxsus paylarda yaşamırlar. O 2000-ci il tarixdə ona məxsus payı almış və ora köçmüş və həmin tarixdən Əzimovların həmin ünvanda yaşadıqlarının şahidi olmuşdur.

9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004) -995/2020 saylı, 11 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 mübahisəli evin 1/3 hissəsindən çıxarılması, iddiaçının həmin hissəyə köçürülməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı mülkiyyətinin cavabdehlərin qanunsuz sahibliyindən geri tələb olunmasına dair iddia ilə məhkəməyə müraciət etdiyindən, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir.

11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.2, 228.1, 228.2ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya in stansiyası məhkəməsindəki icraat

12. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, Cavabdeh3 və Cavabdeh4 mübahisəli evdə qeydiyyatda olmaqla və yaşamaqla evə istifadə hüquqları vardır.

14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6547/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətna mə qəbul edilməklə, iddia rədd edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmamış, iddiaçı öz payının fiziki bölgüsünü tələb etməmişdir. İş materiallarında yaşayış sahəsinin naturada bölgüsü ilə bağlı digər payçıların razılıq ərizələri və payların naturada ayrılması ilə bağlı təsdiq edilmiş bölgü-sxem mövcud deyil. İddiaçıya məxsus payın fiziki olaraq hansı hissədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehlərin məhz iddiaçıya məxsus hissədə yaşamaları da öz təsdiqini tapmır. Yaşayış sahəsinin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququ olsa da, cavabdehlərin çıxarılması və iddiaçının köçürülməsi tələb olunan hissənin naturada nədən ibarət olduğunu müəyyən etmədən tələb təmin oluna bilməz. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti MPM-in 77.1-cı maddəsinə istinad edilərək onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin heç bir mülkiyyət hüququ olmadığına və hər hansısa bir paylarının olmasının sübut olunmadığına baxmayaraq, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmadığından iddianı rədd etmişdir. Məhkəmə cavabdehlərin heç bir pay hüququ olmamasına əhəmiyyət verməmişdir. İddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

17. Həmçinin məhkəmə iddianı rədd edərkən hansı səbəbdən iddiaçının xüsusi mülkiyyətində olan yaşayış sahəsinə köçürülməsini təmin etmədiyini, onun öz mülkiyyəti üzərində sahiblik, sərəncam, istifadə hüququnu məhdudlaşdırdığını düzgün əsaslandırmamış və cavabdehin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsini məhdudlaşdıran qanun normalarını göstərmədən iddianı həmin hissədə rədd etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənil ən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

21. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

22. Maddə 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.

23. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

24. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsin in onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.

25. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə o nları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya ins tansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində apellyasi ya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

39. İlk növbədə nəzərə alınmalıdır ki, baxılan iş üzrə mübahisəli əmlakın paylı mülkiyyətçilərindən biri X3r. Lakin işə baxmış birinci və apellyasiya instansiyası məhkəməsi həmin şəxsin də mülkiyyətçisi olduğu əmlakdan mülkiyyətçilərin və üçüncü şəxslərin istifadəsi ilə bağlı mübahisəyə baxarkən mülkiyyətçini işdə iştirak etməyə cəlb etməmişlər.

40. Halbuki MPM-in 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətna mə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Məcəllənin 167.1.4-cü maddəsi məhkəmənin üzərinə işin məhkəmə baxışına hazırlanması mərhələsində üçüncü şəxslərin işə daxil olması məsələsini tərəflərlə müzakirə etmək vəzifəsi qoyur.

41. MPM-in 14.1-ci maddəsinə əsasən bu cür cəlb etmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqi baxımından əhəmiyyətə malikdirsə, onda məhkəmə qəbul ediləcək qətnamənin hüquq və vəzifələrinə təsir edə biləcək şəxsləri iş üzrə üçüncü şəxs kimi cəlb etməlidir.

42. Bununla yanaşı, apellyasiya instansiyası məhkəmə si iddianın rədd olunmasını onunla əsaslandırmışdır ki, yaşayış sahəsinin paylara müvafiq naturada bölgüsü aparılmamış, iddiaçı öz payının fiziki bölgüsünü tələb etməmişdir. İddiaçıya məxsus payın fiziki olaraq hansı hissədən ibarət olduğunu müəyyən etmək mümkün olmadığı üçün cavabdehlərin məhz iddiaçıya məxsus hissədə yaşamaları da öz təsdiqini tapmır. Yaşayış sahəsinin 1/3 hissəsinə iddiaçının mülkiyyət hüququ olsa da, cavabdehlərin çıxarılması və iddiaçının köçürülməsi tələb olunan hissənin naturada nədən ibarət olduğunu müəyyən etmədən tələb təmin oluna bilməz.

43. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə, bütün mülkiyyətçilərin xeyrinə əmlakı tələb edə bilər.

44. M ülki Məcəllənin 215.1-ci maddəsinə müvafiq olaraq isə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

45. Məcəllənin 215.3-cü maddəsinə əsasən paylı mülkiyyətçilər ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında öz aralarında razılığa gələ bilərlər. Onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti və əşyaya d əymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti.

46. Mülki Məcəllənin 215.4-cü maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarını tanıyır və yalnız əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığını tələb edir, həm də bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar.

47. Yuxarıda istinad olunan mülki qanunvericilik normalarının tələblərinə əsasən paylı mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı həm şifahi, həm yazılı razılığa gələ bilərlər, yaxud bu qayda məhkəmə tərəfindən mü əyyən edilə bilər. Əgər paylı mülkiyyətçilər arasında ümumi əmlakdan faktiki istifadə ilə bağlı şifahi razılıq varsa paylı mülkiyyətçi onun faktiki istifadəsində olan hissəyə Mülki Məcəllənin 152.5-ci maddəsində müəyyənləşdirilmiş hədlərdə sərbəst surətdə sahib olmaq, ondan istifadə edə etmək, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, öz əmlakını özgəsinin qanunsuz sahibliyindən tələb etmək hüquqları vardır.

48. Baxılan iş üzrə iddia tələbinin bir hissəsi paylı mülkiyyətçi olan iddiaçının özünün mübahisəli evə köçürülməsi ilə bağlı olmuşdur. Mülkiyyətçilər arasında payların və ya əşyadan istifadə qaydasının müəyyən edilməməsi qeyd olunan tələbin rədd olunması üçün əsas ola bilməz.

49. Əvvəla qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə görə, paylı mülkiyyətin mülki yyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Göründüyü kimi, ümumi mülkiyyətdə olan əşyadan payın naturada ayrılması mülkiyyətçinin qanunda nəzərdə tutulmuş hüququdur və heç kəs öz hüququndan istifadəyə məcbur edilə bilməz. Nəzərə alınmalıdır ki, payın naturada ayrılması həmin hissənin öz təyinatına uyğun, müstəqil (ayrıca) əşya vəziyyətinə gəlməsinin mümkün olduğu halda mümkündür. Ayrılma baş tutduğu andan payçı ümumi mülkiyyət birliyindən çıxmış olur və müstəqil daşınmaz əşya üzərində onun fərdi mülkiyyət hüququ yaranır. Belə olan halda, ümumi mülkiyyətçilər arasında bir hüquqi ixtilafdan söhbət gedə bilməz.

50. Digər tə rəfdən bu cür yanaşma mülkiyyətçinin əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə edə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4-cü maddələrində təsbit olunmuş təminatın pozulması ilə nəticələnməsinə səbəb olar. Eyni yanaşmadan çıxış edərək xüsusilə qeyd etmək lazımdır ki, payların müəyyən edilməməsi və ya istifadə qaydası ilə bağlı razılığın olmaması paylı mülkiyyətçinin əşyanın məhz ona məxsus paya köçürülməsi tələbindən də imtina etmək üçün əsas deyil. Belə olan halda məhkəmə iddianı qismən təmin etməklə iddiaçının ümumi əmlaka köçürülməsi barədə məsələni tərəflərlə müzakirə etməlidir.

51. Baxılan işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli evin 1/3 hissəsi iddiaçının, qalan 2/3 hissəsinin 9 kv.m yaşayış, 9,2 kv.m köməkçi sahədən ibarət 1 otağı Ca vabdeh1, 17,4 kv.m yaşayış, 2,6 kv.m köməkçi sahədən ibarət 1 otağı Cavabdeh2, qalan hissəsi isə X1 mülkiyyətindədir.

52. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaya etiraz etməyərək (onun həll olunmasını məhkəmənin mülahizəsinə buraxaraq) izahatlarında göstərmişlər ki, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 onlara, nə də X2 məxsus paylarda yaşamırlar.

53. Lakin apellyasiya instansiyası məhkəməsi işin mübahisəsiz hallarına və tərəflərin izahatlarına tətbiq edilməli olan hüquq normaları baxımından qiymət vermədən, habelə işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün prosessual qanunvericiliyin məhkəməyə verdiyi imkanlardan istifadə etmədən iddianı rədd etmişdir.

54. Halbuki mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zə ruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri).

55. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 77.1, 88-ci maddələri).

56. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməs i qanunvericiliyin çəkişmə prinsipinə riayət etməklə yol verdiyi məhkəmənin fəallığı imkanlarından istifadə etməmiş, ekspertiza təyin edərək, mütəxəssis cəlb edərək və (və ya) mübahisəli evi yerində müəyyən edərək iş üçün əhəmiyyətli halları müəyyən etməmişdir.

57. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

58. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid b ütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

59. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir.

60. Yuxarıda göstərilə nlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6547/2020 nömrəli iş üzrə 04 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar